THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan Gömrük İttifaqında: veriləcək heç nə qalmadı

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10254
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 sentyabr 2013 – Newtimes.az

Ermənistan Prezidenti Serj Sərkisyan 3 sentyabr 2013-cü ildə Rusiyaya rəsmi səfər edib. Bu səfər gözlənilən səfər idi. Amma Rusiya Prezidenti Vladimir Putin Sərkisyanın səfərindən əvvəl Azərbaycana səfər edərək, iki ölkə arasındakı siyasi, iqtisadi, hərbi, təhlükəsizlik və mədəni əlaqələrin daha da genişləndirilməsi haqqında bir neçə müqavilə imzaladı. Erməni mətbuatı Putinin Azərbaycana səfərini və iki ölkə arasında imzalanmış müqavilələri Ermənistana təzyiq kimi dəyərələndirdi.

Sərkisyan 3 sentyabr səfəri zamanı ölkəsinin son bir neçə ildir tərəddüd içində qaldığı məsələlərə aydınlıq gətirdi və Rusiyanın tələbi ilə Gömrük İttifaqına üzv oldu. Ermənistan Rusiyanın liderliyi ilə qurulan Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv olmağa məcbur edilirkən, hələ cari ilin 24 iyul tarixində Ermənistan və Avropa İttifaqı arasında "Dərin və Hərtərəfli Azad Ticarət Zonası Haqqında” müqavilə mətni üzərində razılığa gəlmişdi. Ancaq Ermənistanın Gömrük İttifaqına üzv olması Vilnüs prosesindən kənarda qalması ilə nəticələndi. Cari ilin noyabr ayında Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə görüşündə Ermənistan bu müqaviləni imzalamalı idi.

Sərkisyan ümidsizcəsinə "Biz Avrasiya inteqrasiyası məsələləri barədə fikir bildirdik. Gömrük İttifaqına üzv olmağa qərar verdik və Avrasiya iqtisadi məkanının formalaşması prosesinə qatıldıq. Bu qərar Avropa strukturları ilə dialoqu inkar etmir. Bu illərdə Ermənistan Avropalı tərəfdaşları ilə ciddi institusionalislahatlar həyata keçirib. Biz bu islahatları davam etdirmək istəyirik”dedi[i].

Sərksiyanın bu qərarından dərhal sonra Avropa İttifaqından ciddi bəyanatlar səsləndirildi.Litvanın xarici işlər naziri Linas Linkyaviçyus AFP informasiya agentliyinə verdiyi müsahibəsində məsələyə "Ermənistanın Gömrük ittifaqına üzv olması onun "Dərin və HərtərəfliAzadTicarət Zonası Haqqında” müqaviləyə qoşulması şansınınqarşısını aldı. Biz hər hansı bir ölkənin seçiminə hörmətlə yanaşırıq. Ancaq onlar müxtəlif tarif tələbləri olan iki ayrı təşkilata üzv ola bilməzlər”kimi münasibət bildirdi[ii].

İsveçin xarici işlər naziri Karl Bildt twittersosial şəbəkəsindəkisəhifəsində məsələyə münasibət bildirərkən,fikirlərini "Deyəsən Ermənistan Aİ ilə "Dərin və HərtərəfliAzadTicarət Zonası Haqqında” müqavilə üzrə bağlarını qoparır və Rusiya ilə inteqrasiya olur. Ermənistanın Gömrük İttifaqına üzv olmaq və Avrasiya İqtisadi İttifaqında iştirak etmək haqqında qərarı bu ölkənin siyasətində 180 dərəcəlik dönüşdür” şəklində ifadə etmişdir[iii].

Qeyd edək ki, Ermənistanınxarici işlər nazirinin müavini Şavarş Köçəryan Sərkisyanın Rusiya səfərindən əvvəl məsələyə münasibət bildirərkən, "Avropa İttifaqı ilə sərbəst ticarət zonasına qoşularkən,suverenliyimizi itirmirik, sadəcə tariflər haqqında qərarlar alınacaq. Amma vahid gömrük ittifaqı sisteminə qoşularkən, biz bəzi hallarda suverenliyimizi itiririk. Rusiya, Qazaxıstan və Belarusun üzv olduğu Gömrük İttifaqına gəldikdə isə burda bəzi problemlər var və bu problemler açıq şəkildə ifadə edilib. Əsas məsələ odur ki, bizim bu dövlətlərlə ortaq sərhəddimiz yoxdur. Dövlətlərin ortaq sərhədləri olmadan vahid gömrük sisteminə qoşulması presedenti hələ ki, yoxdur” demişdir. Dövlət rəsmisinin bu cür  bəyanatından sonra Sərkisyanın Moskvada Gömrük İttifaqına üzv olmaq və Avrasiya itisadi məkanının formalaşdırılması prosesində iştirak etmək niyyətini ifadə etməsi Ermənistanın xarici siyasətində ciddi qırılma nöqtəsininbaş verdiyindənxəbər verir.

Rusiya onsuz da son 20 ildir Ermənistanın xarici ticarət dövriyyəsində birinci yerdədir. Ermənistanın Gömrük İttifaqına və Avrasiya İttifaqına üzv olması bu ölkənin xarici ticarətində Rusiyanın ağırlığını  daha da artıracaq və mövqeyini gücləndirəcəkdir. Bir başqa ifadəylə, yəni Ermənistanın Rusiyadan asılılığı daha artacaqdır.

Hesablamalara görə, 2015-ci ilə qədər Rusiya Gömrük İttifaqından 400 milyard, Belarus və Qazaxıstan isə 16 milyard dollar gəlir əldə edəcəkdir[iv]. Burada Rusiyanın gəlirininİttifaqa üzv olan dövlətlərin gəlirlərindən müqayisə edilməyəcək qədər çox olduğu müşahidə edilir. Zəif və böhran içərisində olan Ermənistan iqtisadiyyatının isə İttifaqa üzv olduqdan sonra nə qədər gəlir əldə edəcəyi məsələsinə aydınlıq gətirilməyib.

Sərkisyan səfər zamanı Rusiya ilə imzalanan hərbi-təhlükəsizlik müqavilələrini ön plana çıxarması, bu müqavilələrin Ermənistanın təhlükəsizliyini təmin etdiyini dönə-dönə vurğulaması "kilsəyə gedərək günah çıxarmağa” bənzəyir. Sanki Sərkisyan bununla ölkəsində məsələ ilə bağlı daxili ictimai rəyin müsbət formalaşmasına təsir etməyə çalışır.Belə hiss olunur ki, o, eyni zamanda Gömrük İttifaqına üzv olmasında Rusiyanın hərbi-təhlükəsizlik amilini istifadə edərək, təzyiq göstərdiyiniAvropa dövlətlərinə xatırlatmağa çalışır. Yəni bütün hallarda Sərkisyanın bu sətiraltı bəyanatları və "günah çıxartmaq” təşəbbüsü artıq heç bir işə yaramayacaqdır. Ermənistanın tamamilə Rusiyanın orbitinə girdiyini və hətta onunlabütünləşdiyini demək mümkündür.

Ermənistan mətbuatı bu məsələyə ciddi reaksiya göstərdi. Erməni mətbuatı bunu Ermənistanın Rusiyaya təslim olması kimi yox, işğal edilməsi kimi dəyərləndirir.

Erməni mətbuatı bundan sonra Ermənistanın Avropa İttifaqı ilə münasibətlərində ciddi gərginliyin baş verəcəyini, iqtisadi, siyasi sahələrdə Avropa İttifaqının maddi və maliyyə dəstəyinin olmayacağınıhesab edir.

Belə bir vəziyyətdə ABŞ da Ermənistana olan münasibətlərində bəzi məsələləri arxa plana çəkə bilər. Xüsusilə, Ermənistanın NATO ilə münasibətləri, bu ölkəyə edilən qarşılıqsız maliyyə yardımları, iqtisadi və siyasi islahatlara göstərilən maddi dəstək dayandırıla bilər.

Ermənistan üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni bir mərhələ başlayır. Amma bu yeni mərhələnin perspektivinin necə olacağı hökumətin özünə belə aydın deyil. Ermənistan "yumurtaların hamısının eyni səbətə yığmağa” məcbur oldu. Bu, Ermənistan rəhbərliyinin son 20 ildə həyata keçirdiyi yanlış xarici siyasət və təhlükəsizlik strategiyanın labüd nəticəsidir.

Azərbaycan torpaqlarını 20 ildən çoxdur işğal altında saxlayan, bundan heç bir iqtisadi və təhlükəsizlik dividenti əldə etməyən Ermənistan onsuz da çöküş mərhələsini yaşayan iqtisadiyyatını canlandırmaq əvəzinə silahlanmaya əhəmiyyət verdi. Azərbaycanın inkişaf edən iqtisadiyyati isə ona milyardlarla dollarlıq silah almağa imkan verir. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək, Ermənistan işğal etdiyi torpaqları geri qaytarmamaq üçün silahlanır. Burda incə bir psixoloji nüans var. Qondarma Dağlıq Qarabağ rejimi 20 ildən çoxdur Ermənistan büdcəsinin hesabına yaşayır və büdcəyə demək olar ki, heç nə qaytarmaq iqtiraında deyil. Qondarma Dağlıq Qarabağ rejimiüçün Ermənistan büdcəsindən ayrılan vəsait hər il təkrarlanan təbii fəlakətə bənzəyir. Bu fəlakətin nəticələri aradan qaldırırlmamış, yeni bir təbii fəlakət baş verir və Ermənistan büdcəsi artıq bunu qarşılamır.

Yəqin ki, bundan sonra Ermənistan rəsmiləri "daşınan su ilə dəyirman çarxının dönməyəcəyi” həqiqətini anlayıb, işğal altında saxladığı Azərbaycan torpaqlarını geri verərək, regionun iqtisadi və siyasi inteqrasiyasından yararlanmağa, 20 ildən çoxdur qarşılaşdığı iqtisadi problemləri həll etməyə, itirdiyi suverenliyi geri qaytarmağın vacibliyini dərk edə bilər.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Серж Саргсян: Решение Армении вступить в ТС - не отказ от диалога с европейскими структурами www.regnum.ru/news/fd-abroad/armenia/1702369.html, 03.09.2013

[ii] Решением вступить в ТС Армения заблокировала шансы на подписание DCFTA - МИД Литвы www.regnum.ru/news/fd-abroad/armenia/1702414.html, 04.09.2013

[iii] Армения, видимо, разрывает переговоры по DCFTA и интегрируется с Россией - глава МИД Швеции www.regnum.ru/news/fd-abroad/armenia/1702409.html, 03.09.2013

[iv] Армения-РФ: Все упирается в ОДКБ http://www.panarmenian.net/rus/details/169530/,4 сентября 2013

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...