THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Postindustrial cəmiyyət Qərb mədəniyyətinin mənəviyyatsızlaşmasının qarşısını almaq iqtidarındadırmı?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10781
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 avqust 2013 – Newtimes.az

Postindustrial erada mütəxəssis-peşəkar Yeni Dövrün hakimi-mütləq şəxsiyyətinin varisidir

Yeni Dövrün başlıca intensiyasını, yəni varlığı hakimi-mütləq şəxsiyyətin sərt diktaturasına tabe etdirmək niyyətini postindustrial cəmiyyət son həddə çatdırdı. Həmin şəxsiyyət buna hər şeyi əhatə edən məcburetmə sistemini, yəni metodu təsis etməklə nail olmağa can atırdı. Metod isə, nəticə etibarilə, güclü bürokratik aparata malik industrial cəmiyyəti meydana gətirdi. Yeni Dövr təsisatlarının daxili tendensiyaları üzündən bu aparat tezliklə özünü təşkil və təkrar istehsal edən sərt iyerarxik sistemə çevrildi. Buna görə də fəal yaradıcı başlanğıc kimi şəxsiyyətə ehtiyac qalmadı. Bürokratiyanın sərt iyerarxiyası onun üzərində qələbə çaldı; hakimi-mütləq şəxsiyyət bürokratiyanın yaratdığı kütləvi cəmiyyət tərəfindən uduldu.

Lakin hakimi-mütləq şəxsiyyətin ruhu çox güclü imiş. O, postindustrial eranın əsaslı şəkildə dəyişmiş gerçəkliyində mütəxəssis-peşəkarın simasında yenidən meydana çıxdı. XX əsrin ikinci yarısından etibarən tamamilə yeni, informasiya texnologiyalarının meydana gəlməsi və bunun ardınca gələn avtomatlaşdırma dalğası informasiyanın əslində nəyə qadir olduğunu göstərdi. Yaranmış situasiyada informasiyanın istehsalçısı və sahibi kimi peşəkar həlledici fiqura çevrildi. Səriştəlilik, risklərə açıqlıq, təşəbbüskarlıq, mənəvi-etik mülahizələrə etinasızlıq – bütün bunlar postindustrial erada peşəkarın xarakteri üçün səciyyəvi olan bəzi başlıca cəhətlərdir.

Yeni Dövrün hakimi-mütləq şəxsiyyəti xristianlığın mütləq başlanğıcından ayrılmaq xətti götürsə də, ənənəvi xristian dəyərlərinə etinasızlıq yalnız Qərb cəmiyyətinin institusional səviyyəsində özünə möhkəm yer etdi. Öz üzərindən dəyər mülahizələrinin ağır yükünü atmış İndustrial dövrün təsisatları simasız qüvvələrin maraqlarının reallaşmasına xidmət edirdi. Lakin bəzi xristian mənşəli mənəvi dəyərlər fərdlərarası münasibətlərdə yaşamaqda idi. Yeni Dövrün ambisiyalı şəxsiyyəti mədəni dəyərlərin ifrat sekulyarlaşmasını qəti olaraq insanlararası münasibətlər səviyyəsinə çatdırmağa macal tapmadı.

Mənəvi amilə etinasızlıq mütəxəssisin mahiyyət xarakteristikasıdır

Hakimi-mütləq şəxsiyyətin çatdıra bilmədiyini onun postindustrial erada davamçısı olan mütəxəssis-peşəkar həyata keçirməyə başladı. Peşəkar üçün informasiyadan başqa müqəddəs heç bir şey yoxdur. Lakin qarşısında peşəkarın baş əydiyi informasiya sırf dünyəvi hadisədir. İndustrializmin dağılmaqda olan təsisatlarından təşəbbüsü öz əlinə keçirən peşəkar Qərb mədəniyyətinin iki əsr öncə başlamış mənəviyyatsızlaşmasını özünəməxsus ardıcıllıqla məntiqi sonuna çatdırır. Gözlənilməzliklər və sürprizlərlə dolu situasiyanın ağası olmaq üçün ona mümkün qədər aydınlıq gərəkdir. Bu işdə elmi əsaslandırılmış informasiya ona misilsiz xidmət göstərir. Mənəviyyat və buradan irəli gələn dəyər mülahizələri isə, əksinə, situasiyaya kölgə salır. Buna görə də o, informasiyanın dünyəvi çərçivələrinə uyuşmayan hər şeyə etinasız yanaşır.

Yeni Dövrün başlıca məramı olan fəth edərək tabe etmək əzmi peşəkar üçün də dəyişməz olaraq qalır. Lakin postindustrial cəmiyyətdə peşəkarın istifadə etdiyi vasitə mahiyyətcə fərqlidir. Bu, artıq industrial eranın bürokratik təsisatları yox, bu institutları daxildən sarsıdan informasiyadır. E.Giddensin sözləri ilə desək, "biz modernitinin hüdudlarından kənara çıxmırıq, biz sadəcə onun radikallaşması dövrünü yaşayırıq''[i]. Modernin uzun müddət açılmamış qalan potensialı yalnız indi gəlişməyə başlayır. F.Bekonun Yeni Dövrün əvvəllərində söylədiyi bir həqiqət (''bilik gücdür'') öz təcəssümünü yalnız indi, postindustrial erada tapır. Özünün dünyada zəfərli addımlarını genişləndirmək üçün hakimi-mütləq şəxsiyyət varlığa səmərəli təsir üsuluna ehtiyac duyurdu. Beləliklə də Yeni Dövrün əsas dominantı – sərt fiksə edilmiş qaydalar sistemi olan metod meydana gəldi. Metodun sərt fiksə edilmiş strukturu Yeni Dövrün nisbətən ləng dəyişən gerçəkliyinə tam uyğun idi. Buna görə də yeni tarix bilik yox, metodun hakimliyi altında cərəyan etdi. M.Haydeggerin vaxtilə dediyi kimi, ən əhəmiyyətli olan ən sonda meydana çıxır. Modernin əhəmiyyətli hadisəsi olan bilik informasiya simasında yalnız indi özünün həqiqi mahiyyətini açıqlayır. Postindustrial era Bekonun ifadəsini "İnformasiya gücdür'' kimi yeni məzmunda həyata keçirir.

Bəzi müəlliflər kapitalizmin ən inkişaf etmiş ölkələrdə keçdiyi cəmiyyətin keyfiyyətcə yeni durumunu postdefisit cəmiyyət adlandırırlar. E.Giddens yazır ki, əsas istehlak predmetlərinin qıtlığı aradan qaxdıqda, bazar meyarları industrializm üçün səciyyəvi olan "özgələşmə vasitəsi yox, yalnız siqnal qurğuları kimi xidmət göstərə bilər''[ii]. Deməli, postkapitalizm cəmiyyətinə keçid "şəxsiyyətin müstəqilliyinə, rəngarəngliyinə və özünüifadəsinə daha geniş meydan açan, daha humanist cəmiyyətə keçid işarəsi olan postmaterialist dəyərlərinin bərqərar olması üçün geniş məkan açır''[iii]. Bu cür optimizmi postindustrial cəmiyyət konsepsiyalarının əksər nümayəndələri bölüşdürür. Bu mənada bu konsepsiyanın patriarxlarından biri olan Tofflerin əsərlərini[iv] xüsusi qeyd etmək istərdik.

Lakin bir sıra dəlillər bu optimizmin həqiqətən də ciddi əsaslarının olmasına şübhə yaradır. Postindustrial cəmiyyətdə taleyüklü qərarlar texnokratlar və digər yüksək dərəcəli mütəxəssislərdən ibarət elitanın böyük təsiri altında qəbul edilir. Bu elitanın sıralarına daxil olmaq şansına yalnız intellektual və peşə-texniki baxımdan çox istedadlı insanlar malikdir. Buna görə də əksəriyyət elitanın təyin etdiyi qaydalar üzrə yaşamalı olur. Bu qaydalar isə, təbii ki, ilk növbədə texnokratik elitanın öz rifahını nəzərdə tutur: Con K.Helbreyt yazır: "…korporasiya rəhbərliyi özünün əsas məqsədini (ənənəvi iqtisadi təlimlərə uyğun olaraq) mümkün qədər çox gəlir əldə etməkdə görür. Onun səhmdarlar tərəfindən hansısa nəzarət və ya məhdudiyyətlərdən azad olan nümayəndələri öz şəxsi gəlirlərini artırmağa çalışırlar''[v].

Milli gəlirin və maddi nemətlərin bölüşdürülməsi zamanı daha acınacaqlı mənzərə açılır – elitanın və əhalinin böyük hissəsinin gəlirlərindəki fərqlər olduqca böyükdür. C.Helbreyt ABŞ Federal ehtiyat sisteminin "New York Times'' qəzetində dərc edilən məlumatlarını misal gətirir. Bu məlumatlar özü haqqında artıq hər şeyi deyir: "…1989-cu ildə ölkənin milli sərvətinin 40%-i əhalinin 1%-ni təşkil edən ən zəngin ailələrə məxsus idi; ən zəngin amerikalıların məcmu payı 80% təşkil edirdi. 20% ən az təminatlı ABŞ vətəndaşlarının payına vergi ödənişindən sonra məcmu gəlirin 5,7% düşürdü… 1992-ci ilə yaxın məcmu gəlirin təxminən 18%-i yuxarı təbəqədəki 5% əhalinin sərəncamında olurdu və daha az təminatlı amerikalıların payının azalması fonunda son illər bu pay xeyli artdı''[vi].

Xalis sivilizasiya kimi postindustrial cəmiyyətlə mənəviyyatın çiçəklənməsinin uyuşmazlığı

Misli görünməmiş elmi-texniki tərəqqiyə və texnokratik ideologiyaya istinad edən postindustrial cəmiyyət xalis sivilizasiyadır. Buna görə də ondan yeni mənəviyyatın çiçəklənməsini gözləmək sadəlövhlük olardı. J.-F.Liotarın qeyd etdiyi kimi, "həyat normalarının yenidən təyin edilməsi məhsuldarlığın artırılması mənasında sistemin səriştəliliyinin təkmilləşdirilməsindən ibarətdir. Bu, xüsusilə də telematika texnologiyalarının tətbiqi zamanı gözə çarpır: texnokratlar bunlarda liberallaşdırma və interaksiyaları zənginləşdirmək vədlərini görür… lakin onları maraqlandıran effekt bundadır ki, buradan sistemdə onun nəticələrini yaxşılaşdıracaq yeni gərginliklər yaranır (kursivlər müəllifindir – Z.M.)''[vii]. Təsadüfi deyildir ki, müasir incəsənət artıq neçə onilliklərdir ki, həyatın qaranlıq guşələrində ilişib qalmışdır; o, həyatın pisliklərinin zülməti içərisində məqsədsiz və qərarsız halda vurnuxur. Kino və teleekranlardan tamaşaçıya həyatın dəhşətləri və pislikləri aravermədən hücum çəkir. İncəsənət bu gün nə isə pozitiv, işıqlı və xeyirxah bir şey təklif etmək iqtidarında deyil. Əksinə, sənət əsərinin dəyəri onun həyatın qaranlıq guşələrinin nə qədər dərinliklərinə vara bilməsi əsasında qiymətləndirilir. Bütün bunlar antik yunan və İntibah incəsənətinin xeyirin gücünə inam kimi işıqlı ideallarından necə də uzaqdır... Axı Zərdüştün zamanından və bir çox mənada onun sayəsində belə bir həqiqət hamılıqla tanınmışdı ki, işıq və xeyir insanın mənəvi inkişafının və insan birliyinin sağlamlığının həyat əhəmiyyətli resurslarıdır.

XIX əsrin sosial-siyasi və iqtisadi kataklizmləri sivilizasiyaya öyrədirdi ki, məcburetmə vasitələri ilə özünün imtiyazlı mövqelərini uzun müddət saxlaya bilməz. Tarixi situasiyanı stabilləşdirmək və bununla da özünün mədəniyyətdə dominant iştirakını qoruyub saxlamaq üçün o, mədəniyyətin köməyinə əl atmalı oldu. Mədəniyyətin bəzi fundamental dəyərlərini dirçəltməklə, o, onunla kompromisə getməli oldu. İstənilən cəmiyyətdə uzunmüdətli stabillik həmişə mədəniyyətlə sivilizasiya meylləri arasında davamlı balans hesabına əldə olunur. Lakin ənənəvi adlandırılan sənayeyəqədərki cəmiyyətlərdə kompromisin şərtlərini həmişə mədəniyyət diktə edir və sivilizasiya meyllərini nəzarətdə saxlayırdısa, indi, əksinə, sivilizasiya hökmran mövqelərini və mədəni dəyərləri şərh etmək hüququnu öz əlində saxlayır. Sivilizasiya dəyərləri, əvvəllər olduğu kimi, bu gün də özünün istədiyi kimi şərh edir. Buna görə də, nə qədər ki, idarəetmə sivilizasiyanın əllərindədir, sözün əsl mənasında humanist cəmiyyətin qərarlaşacağını güman etmək özünüaldatma olardı; sivilizasiyanın köhnə xəstəliklərinin daha güclü tutmaları istənilən an başlaya bilər. Bunun ən yeni nümunəsi planetin bu gün də mənşəyi aydın bəlli olmayan ən inkişaf etmiş (postindustrial) cəmiyyətlərini parçalayan, dərinləşməkdə olan maliyyə böhranı və onun ardınca gələn ümumiqtisadi böhrandır.

Artıq uzun müddətdir ki, davam edən dünya ümumiqtisadi böhranı müasir elmin mürəkkəb təşkil olunmuş cəmiyyət üzərində total nəzarət həyata keçirməyin mümkünsüzlüyü haqqında nəzəri müddəasını bir daha təsdiqlədi. Axı postindustrial cəmiyyətin ideoloqları buna ümid edirdilər.

Zakir Məmmədəliyev,

fəlsəfə elmləri doktoru, professor

Ədəbiyyat


[i] Гидденс Э. Последствия модернити // Новая постиндустриальная волна на Западе // http://iir-mp.narod.ru/books/inozemcev/index.html

[ii] Гидденс Э. Последствия модернити // Yenə orada.

[iii] Инглегарт Р. Модернизация и постмодернизация // Yenə orada.

[iv] См.: Тоффлер Э. Третья волна. М.: АСТ, 2010; Тоффлер О. Будущее труда // Новая технократическая волна на Западе. М.: 1989. s. 250-275.

[v] Гэлбрейт Дж. Справедливое общество// Новая постиндустриальная волна на Западе // http://iir-mp.narod.ru/books/inozemcev/index.html

[vi] Yenə orada.

[vii] Лиотар Ж.-Ф. Состояние постмодерна. Спб.: 1998. s. 152.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...