THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yəmən – beynəlxalq terrorizmin yeni məkanı?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11444
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 avqust 2013 – Newtimes.az

Misir və Suriyada baş verən hadisələr ön planda olsa da, Yaxın Şərqin digər ərəb ölkəsi Yəməndə gedən proseslər heç də az əhəmiyyət kəsb etmir. Beynəlxalq terrorizmin yeni məkanı hesab edilən Yəməndəki mövcud vəziyyət potensial etibarilə regiona və beynəlxalq təhlükəsizliyə daha ciddi təsirə malik ola bilər.

ABŞ Dövlət Departamenti 4 avqust 2013-cü il tarixində Yaxın Şərq və Şimali Afrikadakı 19 diplomatik missiyasının fəaliyyətini müvəqqəti dayandırıb, Yəməndəki amerikalıları ölkədən çıxarıb. Kanada, Fransa və Britaniya da bənzər təhlükəsizlik tədbirləri görüblər. Buna səbəb isə ABŞ xüsusi xidmət orqanlarının ələ keçirdiyi "Əl Qaidə'' terror təşkilatının rəhbəri Ayman Əl-Zavahirinin Yəməndə yerləşən "Ərəbistan yarımadasında Əl Qaidə'' təşkilatının başçısı Nazir Əl-Vuhayşi ilə telefon danışığı zamanı ona ölkədəki neft infrastrukturuna və xarici ölkələrin diplomatik nümayəndəliklərinə qarşı terror aktı həyata keçirməyi tapşırması olub. Bir sıra mənbələr Yəmən prezidenti Əbd Rəbbih Mənsur al-Hadinin ABŞ-a 2 avqust 2013-cü ildə səfəri zamanı da Vaşinqtona ABŞ-ın regiondakı diplomatik missiyalarına qarşı mümkün terror hücumu barədə məlumatlar ötürdüyünü xəbər verirlər. ABŞ-ın mümkün terror hücumuna qarşı belə tədbirlər görməsi təhlükənin nə dərəcədə böyük olduğunu göstərir.

Niyə Yəmən?

2009-cu ilin dekabrında Yəməndə təlim keçmiş nigeriyalı terrorçunun Amsterdam-Detroyt xətti ilə uçan təyyarəni partlatmaq cəhdi "Əl Qaidə'' terror təşkilatı üzərində qələbə qazanmağa yaxın olduğunu hesab edən ABŞ-ın diqqətini Yəmənə yönəldib. Bu Yəmənin terrorçuların yeni sığınacağına çevrildiyini göstərdi. Hazırda, ekspertlər Yəmənin "Əl Qaidə” terror şəbəkəsinin Əfqanıstan və Pakistandan sonrakı üçüncü əsas bazasına çevrildiyini hesab edirlər. ABŞ rəsmiləri isə AKAP-ın "Əl Qaidə''nin mərkəzi təşkilatından daha böyük təhlükəyə çevrildiyindənehtiyatlanırlar.

"Əl Qaidə”nin Yəmənlə mövcud bağları bu narahatlıqların əsassız olmadığını göstərir. Öz güclü dini-mühafizəkar baxışları ilə seçilən yəmənlilərhələ 80-ci illərdə Əfqanıstanda Sovet qoşunlarına qarşı vuruşub, sonradan isə geriyə qayıdıblar. "Əl Qaidə'' ABŞ hədəflərinə qarşı ilk terror hücumlarını da bu ölkədə həyata keçirib. 1992-ci ildə Ədən şəhərində amerikalı hərbçilərin yerləşdiyi mehmanxanaya, 1994-cü ildə isə amerikalı turistlərə qarşı terror aksiyası baş tutub. 2000-ci ildə ABŞ-ın Ədən limanındakı "Koul'' hərbi gəmisinə, iki il sonra isə Fransanın "Limburq'' tankerinə hücum edilib. Terror təşkilatının keçmiş lideri Usamə bina Ladenin ailəsi də Yəmənin Hadramauta bölgəsindəndir.

Terrorçuların Yəməndə güclü dayaqlar əldə etməsinin səbəbini ilk növbədə bu ölkədə mövcud olan vəziyyətdə axtarmaq lazımdır. Yəmən əhalisinin 55%-ni sünnilər, təxminən 45%-ni isə şiəliyə mənsub olan zeyditlər təşkil edirlər. Lakin Yəməndəki siyasi prosesləri müəyyənləşdirən əsas faktor təriqətlərarası yox, tayfalararası münasibətlərdir. 2011-ci ilin sonunda keçmiş prezident Əli Əkbər Salehinin hakimiyyətdən devrilməsi Qərb tərəfindən "Ərəb baharının parlaq nümunəsi'' kimi təsvir olunsa da, bu əslində Haşid tayfalar konfederasiyası daxilində hakimiyyət uğrunda gedən mübarizənin nəticəsi idi. Nəticə etibarilə, Yəməndə hər hansı mərkəzi hakimiyyətin ölkəni nəzarət altında saxlamaq imkanı ayrı-ayrı tayfaların bu hakimiyyətə dəstəyindən asılıdır.

Ölkənin şimalı və cənubunda baş qaldırmış separatçılıq da mərkəzi hakimiyyəti zəiflədən əsas amillərdən biridir. Yəmən dövləti 1990-cı ildə şimal və cənubda mövcud olmuş iki ölkənin birləşməsi nəticəsində yaranıb. Şimallıların ölkənin siyasi və iqtisadi həyatında hakim mövqeyi isə 1994-cü ildə cənubda separatçı hərəkatın baş qaldırması ilə nəticələnib. Ölkənin cənubunda yeni dövlətin yaradılmasını tələb edən hərəkat bu gün də mərkəzi hakimiyyətlə münaqişə vəziyyətindədir. Ekspertlər hələ 1994-cü ildə Salehi hakimiyyətinin baş qaldırmış üsyanın yatırılması üçün radikal islamçıların xidmətlərindən yararlandığını bildirir və bunu terrorçuların regiondakı mövqelərinin güclənməsinin əsas səbəblərindən biri hesab edirlər.

Ölkənin şimalında isə Səudiyyə Ərəbistanı ilə sərhəddə 2004-cü ildən başlayaraq, zeyditlərinHuti tayfası hakimiyyətə qarşı üsyana qalxıb. 2010-cu ildə barışıq imzalansa da, müstəqillik tələbləri davam etməkdədir. Yəmən hakimiyyəti isə İranı üsyançılara maliyyə və silah yardımı göstərməkdə ittiham edir.

Yəmənin ərəb dünyasının ən kasıb ölkələrindən biri olması da terrorçuların əhalinin yoxsul təbəqəsi arasında dəstək qazanmasına imkan yaradır. İqtisadiyyatı acınacaqlı vəziyyətdə olan, neft resursları isə bitmək üzrə olan ölkədə yoxsulluq, işsizlik geniş yayılıb. Yəməndə əhalinin artım templəri də yüksək səviyyədədir. 25 milyon insanın yaşadığı ölkədə 20 ilə əhalinin sayının iki dəfə artacağı proqnozlaşdırılır.

Bütün bu faktorlar "Əl Qaidənin” xüsusilə Yəmənin cənubunda mühüm dayaqlar əldə etməsinə şərait yaradıb.

ABŞ-ın bu ölkədə terrorçulara qarşı mübarizəsi işə yaramır

Ərəbistan yarımadasının cənubunda yerləşən Yəmən mühüm geostrateji mövqeyə malikdir. Avropa və Amerika istiqamətində gündə 3.5 milyon barel neftin nəql olunduğu və Qırmızı dənizi Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazına Yəmən nəzarət edir. Bu ölkənin Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin bilavasitə yaxınlığında yerləşməsi də Yəməndə baş verən proseslərin digər ölkələrə təsir göstərmək imkanını artırır. "Əl Qaidə'' üçün isə Yəmən ilk növbədə yeni bazaların yaradılması, terrorçuların təlimi, onların Şimali Afrikadan Əfqanıstana və əks istiqamətdə yollanması üçün tranzit nöqtəsi kimi əhəmiyyət daşıyır.

Hazırda ABŞ-ın Yəməndəki terrorçulara qarşı mübarizədə istifadə etdiyi əsas vasitə Səudiyyə Ərəbistanı və Cibuti ərazisində yerləşən hərbi bazalardan havaya qalxan pilotsuz təyyarələrin endirdiyi raket zərbələridir. 2009-cu ildən indiyə kimi 75 belə zərbə endirilib ki, bu zərbələrdən ən azı 600 nəfərin öldüyü ehtimal edilir. Digər tərəfdən, ABŞ 2011-ci ilin noyabrından etibarən Yəmən hakimiyyətinə ordu quruculuğu və digər işlər üçün 600 milyon dollar yardım edib.

Mümkün terror xəbərdarlığı edildikdə də ABŞ hərbçiləri eyni vasitəyə əl atdılar. Yəmən hökuməti bir neçə terrorçunun öldürüldüyünü və mümkün terror aktının qarşısının alındığını bildirdi. Lakin bir çox ekspertlər ABŞ-ın Əfqanıstan və Pakistanda da tətbiq etdiyi bu taktikanın Yəməndə uğur qazanmayacağını, əksinə terrorizmə dəstəyi daha da artırdığını hesab edirlər. Belə ki, Yəməndəki "Əl Qaidə'' üzvləri başqa ölkələrdən gəlmələr yox, yəmənlilərdir. Öldürülən hər bir terrorçu da ilk növbədə terrorçu kimi yox, yerli tayfanın nümayəndəsi kimi qəbul olunur. Digər tərəfdən, raket zərbələri əksər hallarda dinc əhalinin də ölümü ilə nəticələnir. Bütün bunlar isə yerli tayfaların ciddi narazılığına, terrorçulara dəstək göstərməsinə və nəticədə onların sayının artmasına gətirib çıxarır.

ABŞ-ın Əfqanıstan və Pakistanda sıxışdırdığı terrorçular Yəmən kimi mərkəzi hakimiyyətlərin zəif olduğu ölkələrdə yenidən qruplaşırlar. "Ərəb baharı'' nəticəsində regionda yaranmış xaos və qüvvələr boşluğu da onların işinə yarayır. Suriyada baş verən proseslər də göstərir ki, hər hansı hakimiyyəti devirməkdə maraqlı olan ölkələr qısa müddətli maraqlarının reallaşması üçün ekstremistlərdən istifadə edirlər. Bu isə sonradan onların ölkə daxilində ciddi və qarşısıalınmaz faktora çevrilməsi ilə nəticələnir.

ABŞ-ın bir terror xəbərdarlığı səbəbindən 19 diplomatik nümayəndəliyinin fəaliyyətini müvəqqəti dayandırması Yəmən və bənzər ölkələrdəki terrorçuların ciddi təhlükəyə çevrildiyini göstərir. Terror aktının qarşısı alınsa da, ABŞ və onun müttəfiqləri növbəti terror hücumlarından sığortalanmayıblar. Qısa perspektivə hesablanmış addımlar uzun müddətli maraqları təmin etmir və bir sıra hallarda əks effekt verir. Görünən odur ki, ABŞ administrasiyasının "Əl Qaidə''nin məhv edilməsi və terror təhlükəsinin xeyli azalması ilə bağlı bəyanatlarında fərqli olaraq, yekun qələbə hələ ki, yaxın deyil.

Elmar Hüseynov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...