THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Misir: hərbi çevrilişə Qərb niyə susur?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11779
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 avqust 2013 – Newtimes.az

Misirdə "ərəb baharının” dalğası üzərində, ölkədə keçirilən ilk demokratik seçkilər vasitəsi ilə hakimiyyətə gəlmiş "müsəlman qardaşları”nın təmsil etdiyi hökumət hərbçilər tərəfindən devrildi. Hökumətin başçısı, "müsəlman qardaşlar”ın lideri Məhəmməd Mursi zorla vəzifəsindən uzaqlaşdırılaraq, həbs edildi. Dövlət televiziyası hərbçilər tərəfindən zəbt edildi, "müsəlman qardaşlar”ın təmsil etdiyi "İhvan” hərəkatının fəalları arasında kütləvi həbslər başlandı və bu proses bu gün də davam edir. Son məlumatlara görə siyasi motivlərlə həbs olunanların sayı 300-lə 500 arasındadır. "İhvan”a yaxın olan televiziya kanallarının və mətbuat orqanlarının yayımları tamamilə dayandırıldı. Hazırda fəaliyyət göstərən media orqanları hərbi çevrilişə bəraət qazandırmaq və Mursi hökumətini gözdən salmaqla məşğuldurlar.

Hərbi çevrilişdən öncə müxalifəti təmsil edən müxtəlif siyasi qüvvələr Qahirənin "Təhrir” meydanında fasiləsiz aksiyalar keçirərək, Mursinin hakimiyyətdən getməsini tələb edirdilər.İzdihamlı nümayişlərə qatılanların önəmli bir qismini revanşistləradlandırmaq olar, belə ki, onların əksəriyyəti Misirin eks-prezidenti Hüsnü Mübarək rejiminin onlar üçün təmin etdiyi imtiyazlardan və maliyyə qaynaqlarından yararlanan təbəqələrdir.Onlar yaranmış fürsətdən istifadə edərək, yeni hakimiyyət dönəmində itirilmə təhlükəsi altında olan mövqelərini qoruyub saxlamaq ümidindədir.

Aksiyalara qatılanların digər mühüm kəsimini Hüsnü Mübarək rejiminin devrilməsində həlledici rol oynadığını düşünən liberal və dünyəvi dünyagörüşünün daşıyıcıları təşkil edirdi. Bu kəsim "ərəb baharının” dalğaları üzərində hakimiyyətə gəlmiş Mursi hökumətini bu hərəkatın ruhuna xəyanət etməkdə günahlandıraraq,liberal-demokratik dəyərlərin sıxışdırıldığını iddia edir. Liberal-dünyəvilər  içərisində Misir əhalisinin azlıqda qalankəsimi olan xristian koptlar əhəmiyyətli yer tutur. Liberallar Mübarək rejimi devrildikdən sonra keçirilmiş seçkilərdə "müsəlman qardaşları” ilə müqayisədə xeyli az səs toplasalar da, hakimiyyətə gəlmək iddiasından daşınmamış əsas siyasi qüvvələrdən biri olaraq qalır.

Müxalifətin yeni iqtidara qarşı irəli sürdüyü ittihamlar sırasında ölkədə iqtisadi durumun bərbad vəziyyətdə olması, işsizlik, hökumətin dəstəyi ilə xalqı soyan sərmayədarların acgözlüyü, korrupsiyanın bir problem olaraq qalması, hüquq-mühafizə sistemində artıq xroniki şəkil almış problemlərin həll edilməməsi və s. önəmli yer tutur. Misirin uzun illərdən bəri ABŞ və İsrailə münasibətdə yürütdüyü təslimçilik siyasətinin doğurduğu nəticələr də ittihamların motivlərindən biridir. Mursi hökumətinə qarşı yönəlmiş bu ittihamların, demək olar ki, hamısı əvvəlki rejimlər dönəmində uzun illər boyu yığılıb qalmış problemlərdən qaynaqlanır. Artıq xroniki hal almış bu qədər problemlərin indiki hökumətin cəmi 1 illik hakimiyyəti ərzində həll olunmamasını ona qarşı ittiham kimi irəli sürmək, ən azından, reallıq hissini itirmək deməkdir. Əslində isə müxalifət hökumətin bu qısa bir zaman ərzində problemləri çözə bilməyəcəyini yaxşı bildiyinə görə onların həll olunmasını tələb edir və bununla da hökuməti çıxilmaz duruma salmağı hədəfləyirdi.

Bəs seçicilərin 50%-ə qədərinin səsini qazanmış bir siyasi qüvvəni hərbi çevrilişlə hakimiyyətdən salmaq nə üçün mümkün oldu?Məsələ burasındadır ki, "müsəlman qardaşlar” ideologiyasının strateji xətti ilə Misir ordusu generallarının firavan həyat tərzi bir araya sığmırdı. Buna görə də lap başlanğıcdan ordu içərisində Mursi hökumətinə qarşı barışmaz bir müxalifət vardı. Generallar indiki hökuməti özlərinə sərf edən bir rejimlə əvəz etmək üçün çoxdan fürsət gözləyirdi. Əvvəlki rejimdən qalma polis və məhkəmə də öz imtiyazlarını itirməkdən qorxduğuna görə Mursi hökumətinə düşmənçilik edirdi. Nəhayət, əski rejimin təbliğat maşını kimi formalaşmış media da yeni hökuməti gözdən salmaq fürsətini heç vaxt əldən qaçırmırdı. Hakimiyyətin orta və aşağı eşalonundaMübarək dövründəki mövqelərini hələ də qoruyub saxlamış məmurlar təxribatlar törədirdi – hərbi çevrilişdən bir neçə gün öncə yanacaqdoldurma stansiyalarında yaranmış uzun növbələr, elektrik enerjisinin, qaz və suyun verilməsində meydana çıxmış ciddi problemlər buna tutarlı misallar ola bilər. Maraqlıdır ki, hərbi çevrilişdən dərhal sonra bu problemlər aradan qalxdı.

Misirdə baş verən bu hadisələr silsiləsində diqqət çəkən ən önəmli məqamlardan biri Qərb siyasi dairələrinin, media qurumlarının və bir sıra nüfuzlu beynəlxalq təşkilatların hadisələrə münasibətidir. Hadisələrə qərəzsiz yanaşması ilə seçilən və obyektivlik meyarını qoruyub saxlamağa çalışan analitiklərin və media nümayəndələrinin vurğuladığı kimi, aparıcı Qərb dövlətlərinin, BMT və Avropa İttifaqı təmsilçilərinin ləngimələrlə verdikləri könülsüz  bəyanatlar baş verənlərin ciddiyyəti fonunda olduqca sönük görünür. Bunlar bəyanat xatirinə verilmiş bəyanat təəssüratı oyadır və daha çox hərbi çevriliş faktını ört-basdır etməyə hesablanmışdır. Təsadüfi deyil ki, Qərb siyasilərinin indiyədək verdikləri nadir bəyanatların heç birinin leksikonunda olaya münasibətdə "hərbi çevriliş” termini özünə yer almamışdır.

Tarixin ironiyası bundadır ki, bu gün Qərbin ərsəyə gətirdiyi demokratiya dəyərlərini özü qorumaq əvəzinə onlara,həmin Qərbin aşağıladığı Şərq – Misirdəki hərbi çevrilişi antidemokratik aksiya kimi qətiyyətlə pisləməklə Türkiyə və Afrika Birliyi sahib çıxır.Konstitusion hakimiyyətin hərbi müdaxilə vasitəsi ilə devrilməsi faktını, heç bir iküzlülük etmədən, pisləmək əvəzinə Qərb təmsilçiləriMisir xalqına hərbçilərin hakimiyyətə gətirdiyi müvəqqəti hökumətlə əməkdaşlıq etmək üçün öyüd-nəsihət verirlər. Görünür, bu adamlar unudur ki, Misir dünyanın ən qədim mədəniyyət beşiyidir. Buna görə də nəsihət vermək haqqı Qərb siyasilərinə deyil, məhz, Misir xalqına düşür.

Qərbin aparıcı media qurumları öz dəsti-xəttinə sadiq qalaraq, Türkiyədə məlum "Gezi parkı” olaylarına münasibətdə sərgilədiyi ikili standartları Misir hadisələrini işıqlandırarkən də nümayiş etdirməkdən çəkinmədi. Nüfuzlu televiziya kanalları (ilk növbədə CNN) hərbi çevriliş öncəsi müxalifətin Təhrir meydanında keçirdiyi izdihamlı nümayişlərdən bütün dünyaya, müntəzəm olaraq, geniş reportajlar yayımladı. Lakin həmin kanallar eyni həssasiyyəti çevrilişdən sonra göstərmədi. Sayları milyonlarla ölçülən Mursi tərəfdarlarının Qahirənin Adəviyə və digər meydanlarında hərbi çevrilişə qarşı keçirdikləri və bugünədək, davam edən etiraz aksiyalarına bu kanallar yerli televiziya ilə birgə göz yumurlar.

Bütün bu deyilənlərdən, birmənalı olaraq, çıxan nəticə budur ki, Qərb Misirdə hərbi çevrilişin törədilməsi və baş tutmasında maraqlıdır. Bu marağı şərtləndirən motivlərin qaynaqlarını araşdırmağa çalışaq. Onları bir-biri ilə bağlı olan iki əsas qrupa bölmək olar. Bunlardan birincisi, daha çox, mədəni-ideoloji yönəlişliyi ilə fərqlənir və Qərbdə artıq bir neçə əsrdir ki, hegemon olan ümumi dünyagörüşündən qaynaqlanır. Bu dünyagörüşünün təməlində Orta Çağda xristianlıqla inadlı mübarizədə möhkəmlənərək, ona qalib gəlmiş dünyəvilik prinsipi dayanır. Qərbin və xüsusən, onun avanqardı olan ABŞ-ın müasir çağda dini-islamçı rejimlərə qarşı, davamlı olaraq, müxalif mövqe sərgiləməsində Qərb insanının təhtəlşüuruna hopmuş bu prinsipin rolu az deyil. "Müsəlman qardaşlar” islamçı yönü ilə seçildiyinə görə bu ideologiyanındaşıyıcıları olan adamların Misirdə hakimiyyət başına gəlməsi, təbii ki, Qərb siyasilərinin ürəyincə ola bilməzdi. Digər tərəfdən, islam bütün təzyiqlərə və basqılara rəğmən canlı olan tükənməz güc mənbəyidir. Belə bir mənəvi potensialdan çoxdan məhrum olan Qərb ona özünün maddi-texniki gücünü qarşı qoysa da, bu, onu neytrallaşdırmaq üçün kifayət deyil.

Qərbin hərbi çevrilişə üstüörtülü dəstək verməsini şərtləndirən digər mühüm amil onun Yaxın Şərqdəki spesifik maraqları ilə bağlıdır. Camal Əbdül Nasir dövründən bəri ABŞınin Misirə münasibətdə izlədiyi siyasətin təhlili göstərir ki, Misirdə İsrailə qarşı loyallığı ilə seçilməyən hər hansı bir siyasi qüvvənin hakimiyyət başında qalması olduqca çətindir. Yaxın Şərq Qərb dövlətləri və ABŞ üçün strateji əhəmiyyət daşıyan bir regiondur və İsrail onların bu regionda maraqlarını təmin etmək üçün yaratdıqları forpostdur. Ənvər Sədat və Mübarək rejimlərinin İsrailə münasibətdə yeritdiklərimahiyyətcə təslimçi siyasət "müsəlman qardaşlar”ın həmişə tənqid hədəfi olmuşdur. Doğrudur, onların lideri Məhəmməd Mursi hakimiyyətə gəldikdən sonra mövcud siyasi konyunktura bu məsələni qabartmağa çox da imkan vermirdi. Lakinİsraildə və ABŞ-də gözəl anlayırdılar ki, bu hakimiyyət davam etdiyi sürədəəvvəlki rejimin İsrailə münasibətdə izlədiyi siyasətin haçansa ciddi düzəlişə məruz qalacağı qaçılmazdır.

P.S. Bu yazı hazır olandan bir neçə gün sonra yayımlanmış xəbər hamımızı sarsıtdı. Qahirənin 1 milyona qədər Mursi tərəfdarının toplandığı Adəviyə meydanında dəhşətli qətliam törədildi. Snayperlər və hərbi xuntanın dəstəklədiyi cinayətkar qruplar tərəfindən tamamilə demokratik və sivil qaydalar əsasında aksiyalar keçirən, hətta onlara yönəlik zorakılığa belə, bir dəfə də olsun, zorla cavab verməyən dinc nümayişçilər gülləboran edildi. 200 nəfər vəhşicəsinə öldürüldü, 5000 nəfərə qədər insan yaralandı. Nüfuzlu beynəlxalq təşkilatların və aparıcı Qərb dövlətlərinin reaksiyası əvvəlkindən də betər oldu: qətliam birmənalı şəkildə və qətiyyətlə pislənmədi, cinayətkar rejimə qarşı heç bir tədbir görülmədi. Əksinə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi KetrinEştonunqətliam sonrası Qahirədə verdiyi bəyanat dolayısı ilə hərbi çevrilişə haqq qazandıran bir tezisi ilə yadda qaldı: Mursi hökuməti xalqın tələblərinə qarşılıq verə bilmədi.

Zakir Məmmədəliyev,

fəlsəfə elmləri doktoru, professor

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...