THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqaz: yeni geosiyasi oyunlar və konfiqurasiyalar

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10260
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 iyul 2013 – Newtimes.az

Dünyanın böyük dövlətləri arasında geosiyasi mübarizə getdikcə yeni məzmun kəsb edir. Hələlik Yaxın Şərqdə bu, daha çox hiss edilir. Lakin hadisələrin gedişi göstərir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ətrafında da intensiv proseslər cərəyan edir. İndi analitik və ekspertlər yeni geosiyasi planların mövcudluğundan danışırlar. Bunu təsdiq edən bir neçə fakt artıq mövcuddur. Onların işığında regionun geosiyasi mənzərəsinə nəzər salmaq maraqlıdır.

Regional təhlükəsizliyin yeni şərtləri

Son zamanlar dünya KİV-i Cənubi Qafqazla əlaqəli həyəcan yaradan informasiyalar yayır. Bu regionda ''geosiyasi partlayışın baş verəcəyi'', bölgənin ''yeni kataklizmlər ərəfəsində olduğu'', ''Türkiyədəki çaxnaşmaların Cənubi Qafqazı silkələyəcəyi'' və s. kimi emosional yükü çox olan ifadələr işlədilir (bax: məs., Игорь Шевырев. Южный Кавказ готовится к взрыву // www.politobzor.net, 17 iyun 2013 və Араик Степанян. Южный Кавказ в преддверии новых катаклизмов // www.nk.org.ua, 24 iyun 2013).

Bunlar, əlbəttə ki, təsadüfi deyil. Yaxın Şərqdə geosiyasi gərginliyin getdikcə daha da yüksəlməsi, Avropada maliyyə böhranının davam etməsi, İran məsələsinin aktuallığını saxlaması və Cənubi Qafqazda münaqişələrin həll edilməməsi kifayət qədər düşündürücü vəziyyət yaratmışdır. Bunların fonunda böyük dövlətlərin regionla bağlı atdığı addımlar yeni geosiyasi məqamların meydana çıxmaqda olduğunu təsdiqləyir.

Həmin sırada İranla Çin arasında imzalanmış yeni saziş maraq doğurur. Pekində İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarla Çin ictimai təhlükəsizlik naziri Qo Şenkun iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlıq etməsi barədə razılığa gəliblər. Ekspertlər hesab edirlər ki, burada söhbət daha çox Avrasiya məkanında əməkdaşlıqdan gedir.

Tehran və Pekinin hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyətində olduqları xeyli vaxtdır ki, məlum idi. Yaxın Şərqdə baş verən son geosiyasi hadisələrdən sonra isə iki dövlətin konkret olaraq ortaq fəaliyyət planlarının meydana çıxması başadüşüləndir. Lakin məsələ yalnız Çin və İranın qarşılıqlı maraq dairəsi ilə məhdudlaşmır. Çünki onların Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazı əhatə edən geosiyasi proseslərə nüfuz etməsi imkanları vardır. Həmin kontekstdə təhlükəsizliklə əlaqədar imzalanan son saziş, başqa məqamlarla yanaşı, Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişməsinə təsir edə bilər.

Burada bir cəhəti vurğulamaq lazımdır. İran və Çin geosiyasi aspektdə Rusiyanın müttəfiqləridirlər. Ancaq Cənubi Qafqazda heç də bütün məsələlər üzrə onların mövqeləri üst-üstə düşmür. Moskva regiondakı ənənəvi nüfuzunu saxlamaq üçün Tehran və Pekinlə də mübarizə aparmalı olur. Xüsusilə, müsəlman ölkəsi olan İranın bölgədə təsirinin artmasından Kreml çəkinir. Məsələn, İran Tacikistana bir neçə ay əvvəl Rusiyanın geosiyasi nüfuz dairəsindən çıxmağı təklif edib. Əvəzində, onun təhlükəsizliyinə təminat verdiyini bildirib (bax: Игорь Мурадян. Новая игра в Евразии // www. lragir.am, 6 iyul 2013). Eyni zamanda, Moskva dini radikalizmin yüksəlməsi nəticəsində ölkə daxilində separatizmin güclənməsindən ehtiyatlanır. Hələlik Moskva Tehranın həmin istiqamətdəki fəaliyyətini müəyyən sərhədlər daxilində saxlaya bilir. Onu da deyək ki, rəsmi Tehran Kremlin ona S-300 zenit-raket kompleksini satmaqdan imtina etməsindən inciyib. Bunlara görə, Cənubi Qafqazda Rusiya ilə İran arasında müəyyən fikir ayrılığı ortaya çıxıb.

Moskvanın Pekinlə geosiyasi əməkdaşlığı, əsasən, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində baş verir. Burada iki ölkə arasında nüfuz uğrunda gizli mübarizə gedir. Həmin kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqazda da liderlik iddiaları özünü göstərir. Rusiya Çinin güclü maliyyə və iqtisadi potensialının onu ənənəvi nüfuz məkanlarından sıxışdırması ehtimalının olduğunu göz önünə alır. Şübhə yoxdur ki, bütün bunlara görə, Kreml Pekinlə Tehran arasında təhlükəsizliklə bağlı əməkdaşlığın gedişini diqqətlə izləyəcək.

Rusiya-Çin-İran ''geosiyasi üçbucağı'' realdırmı?

Ekspertlər bu gedişatdan belə nəticə əldə edirlər ki, Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya yarana bilər. Doğrudur, belə bir qənaətə gəlmək müəyyən dərəcədə tələsik nəticə çıxarmaq demək olardı. Lakin hadisələrin bu istiqamətdə inkişaf edəcəyini istisna etmək üçün də elə bir əsas yoxdur. Üstəlik, Cənubi Qafqaza başqa böyük dövlətlərin təsiri getdikcə artır. Həmin kontekstdə bir neçə məqam üzərində dayanmağa ehtiyac vardır.

Hər şeydən əvvəl, Türkiyədə cərəyan edən hadisələrin regiona təsiri hiss olunur. Ermənistan bu prosesləri özünün şansının artması kimi qiymətləndirir. Onun fonunda İrəvan Rusiya, Qərb və İran arasında manevr etməklə bəzi problemlərini həll etməyə çalışır. Məsələn, erməni ekspertlər ''Ermənistanın təhlükəsizliyinə kim təminat verəcək?'' sualını tez-tez qaldırırlar (bax: məs., Сирануш Папян. Армения должна задавать вопросы - России, США, Европе // www. lragir.am, 6 iyul 2013).

Ancaq bunlar Ermənistanın dəqiq geosiyasi mövqeyə malik olduğunu ifadə etmir. Erməni analitiklərin özləri etiraf edirlər ki, ''...rəsmi İrəvan dağınıq geosiyasi mövqe nümayiş etdirir'' (bax: Сусанна Петросян. Нечеткость геополитических ориентиров Армении // ''Вестник Кавказа'', 8 iyul 2013). Reallıqda rəsmi İrəvan regiona güclü təsir etməkdə olan Rusiya, ABŞ və Avropa İttifaqına özünü baha satmağa çalışır. Özlüyündə belə bir mövqe Cənubi Qafqazda ciddi geosiyasi risklər meydana gətirir. Çünki böyük dövlətlərin bölgədəki maraqları ilə süni surətdə oynamaq həmişə təhlükə mənbəyidir.

Həmin kontekstdə son vaxtlar Rusiya-ABŞ-İran "geosiyasi üçbucağı”nda baş verən bir sıra proseslərə nəzər salaq. Moskva və Tehran Qazaxıstana bəzi iradlar bildirirlər. Onlar Əfqanıstandan çıxarılan Amerika hərbi sursatının Aktau limanı vasitəsi ilə Cənubi Qafqaza daşınmasında strateji məqsəd görürlər.

Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərqdə təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış tədqiqatçı-jurnalist Coşua Kuçera vurğulayır ki, Rusiyanın Qazaxıstana etibarı itə bilər (bax: Джошуа Кучера. Россия и Иран проведут совместные военно-морские учения на Каспии // ''EurasiaNet'' 3 iyul 2013). Moskva ilə Tehranın Xəzərdə hərbi təlimlər keçirmək haqqında razılığa gəlmələri arxasında da məhz bu məqam durur. Hadisələrin bu cür gedişi Cənubi Qafqazda yeni səviyyədə geosiyasi qarşıdurmalara gətirib çıxara bilər. Mümkündür ki, həmin aspektdə Rusiya-Çin-İran geosiyasi ''üçbucağı'' meydana gəlsin.

Bunların fonunda Türkiyədə baş verən hadisələrin Cənubi Qafqaza təsiri son dərəcə düşündürücü görünür. Konkret desək, bəzi dairələr bundan istifadə edib, regionda geosiyasi balansı dəyişmək niyyətinə düşə bilərlər. Bu tendensiya bütövlükdə Cənubi Qafqaz üçün təhlükə mənbəyidir. Münaqişələrin həll edilmədiyi və Ermənistanın özünə yeni havadar axtarışını intensivləşdirdiyi bir mərhələdə bunun ciddi riskləri ortaya çıxarması ehtimalı vardır.

Görünür, bu mərhələdə bir çox məqamlar Gürcüstanın geosiyasi seçimindən asılı olacaqdır. Rəsmi Tbilisi Moskva ilə əlaqələri inkişaf etdirməkdə tam maraqlı olduğunu bir daha vurğulayıb. Baş nazir Bidzina İvanişvili Almaniyanın "Deutsche Welle" ("Alman dalğası") radiosuna verdiyi müsahibədə deyib ki, Rusiya ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Gürcüstan buna nail olsa, regionda Rusiyanın mövqeyi daha da möhkəmlənəcək. O halda Ermənistanın hansı geosiyasi xəttə üstünlük verəcəyi məlumdur. İrəvan Moskvadan daha çox təminat almaqla Qərbdən imtina edə bilər. Əslində, indidən bir sıra erməni analitiklər onlara Rusiya ilə əməkdaşlığın daha sərfəli olduğunu vurğulayırlar.

Nəhayət, Yaxın Şərqdə cərəyan edən hadisələrin Cənubi Qafqaza da təsirinin ola biləcəyini istisna etmək olmaz. Məsələ yalnız bunun hansı dərəcədə və geosiyasi konfiqurasiya çərçivəsində baş verəcəyindən ibarətdir. Məhz həmin aspektdə region uğrunda ABŞ, Rusiya, Türkiyə, İran və Çinin apardıqları mübarizənin xarakterindən çox şeylər asılı olacaq.

Kamal Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...