THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mərkəzi Asiya: geosiyasi təhdidlər və üç inkişaf ssenarisi

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8730
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 1 iyul 2013 – Newtimes.az

Əfqanıstandan NATO qoşunlarının çıxarılması planının reallaşması ilə böyük bir geosiyasi məkanda təhlükəli proseslərin başlaya biləcəyi haqqında fikirlər var. Bu sırada Mərkəzi Asiya dövlətlərinin gələcəyi ilə bağlı müəyyən proqnozlar verilir. Müxtəlif ssenarilərdən danışılır. Reallıqda isə vəziyyətin daha mürəkkəb olduğu təəssüratı yaranır.

Regional ziddiyyətlərin qaynaqları: fərqli yanaşmalar

Mərkəzi Asiyada geosiyasi mənzərənin yeniləşmə sürəti artır. Bu, iki aspektdə özünü göstərir. Birincisi, region dövlətləri arasında münasibətlərdə gərginlik çoxalır. Həmin proses bölgə ölkələrinin daxili ziddiyyətlərinin kəskinləşməsi ilə müşayiət edilir. İkincisi, böyük dövlətlərin həmin məkan uğrunda mübarizəsi növbəti gərgin mərhələyə qədəm qoyur. Maraqlıdır ki, hələlik yaranmış bu vəziyyətə dünya KİV-i elə də diqqət yetirmir. Bəzi informasiyaları çıxmaq şərti ilə, media bu məsələdə səssizliyini saxlayır. Lakin analitiklərin ona diqqəti çoxalıb. Belə vəziyyətin yaranması səbəbi nədən ibarətdir?

Sualın bu cür qoyulması təsadüfi deyil. Çünki Mərkəzi Asiyanın geosiyasi təlatümlərə düçar ola bilməsi ehtimalı var. Sanki qlobal miqyasda güc sahibi olan qüvvələr tədricən həmin məkanda vəziyyəti böhran səviyyəsinə qaldırırlar. Onun əlamətləri indidən özünü göstərir.

Mərkəzi Asiyada geosiyasi proseslərin inkişaf tendensiyaları haqqında bir sıra proqnostik xarakterli yazılar dərc edilir (bax: Андрей Казанцев. Пять сценариев будущих границ Центральной Азии // ''Российский совет по международным делам'', 29 aprel 2013 və Сценарный прогноз развития ситуации в Центральной Азии после вывода коалиционных войскиз Афганистана 2014-2024 гг. // ''Российский совет по международным делам'', 24 may 2013). Onları birləşdirən ümumi cəhət proqnozların hansısa böyük dövlətin maraqlarına uyğunlaşdırılmasından ibarətdir. Bununla yanaşı, regionla bağlı kifayət qədər ciddi faktlar üzə çıxarılır. Diqqəti cəlb edən məqamlardan biri məhz həmin faktların təhlükəli xarakter daşımasıdır.

Artıq region dövlətləri arasında "potensial təhlükə üçbucağı''nın yarandığı vurğulanır (bax: məs., Сценарный прогноз развития ситуации в Центральной Азии после вывода коалиционных войск из Афганистана 2014-2024 гг. // ''Российский совет по международным делам'', 24 may 2013). Bura Özbəkistan, Qırğızıstan və Tacikistan arasındakı ziddiyyətlər daxil edilir. Onları iki qrupa bölmək olar. Birinci, su ehtiyatları uğrunda mübarizədən yaranan münaqişəli situasiyalar. İkinci, keçən əsrin 30-40-cı illərində həmin ölkələrin sərhədlərinin süni müəyyənləşməsi əsasında yaranmış etnik-inzibati ziddiyyətlər. Yuxarıda adları çəkilən hər üç dövlətdə yerli əhali ilə müxtəlif səviyyələrdə konfliktlərə baş vuran etnik icmalar vardır. Məsələn, Qırğızıstanın Oş vilayətində güclü özbək diasporu vardır ki, zaman-zaman qırğızlarla toqquşmaları baş verir. Tacikistan isə Səmərqənd və Buxaraya iddialıdır və s.

Qazaxıstan nisbətən sakit ölkədir. Lakin burada da özbəklər və qırğızlarla əlaqəli müəyyən problemlərdən danışırlar. Daha çox düşündürücü amil isə qeyri-qazaxların demoqrafik üstünlük təşkil etməsindən ibarətdir. Türkmənistan hələlik dinc ölkə təsiri bağışlayır, lakin o da etnik və inzibati ziddiyyətlərdən yaxa qurtarmayıb.

Bütün bunların fonunda geosiyasi və enerji amillərindən qaynaqlanan problemlər daha təhlükəli görünür. Əslində, analitiklər məhz bu məqamların yuxarıda vurğuladığımız ziddiyyətlərin qabarmasında stimullaşdırıcı rol oynadığı barədə xəbərdarlıq edirlər. Regionun gələcək taleyi ilə bağlı ssenarilər də həmin müstəvidə nəzərdən keçirilir. Burada proseslərin əsasən üç istiqamətdə inkişaf edə biləcəyi proqnozlaşdırılır (daha ətraflı bax: yuxarıda adı çəkilən məqaləyə).

Üç ssenari: təhlükə sovuşurmu?

Birinci ssenari – Mərkəzi Asiyada Çinin güclənməsi. Bu Rusiya və ABŞ-ın maraqlarına təhdid kimi xarakterizə edilir. Pekin bölgəyə iqtisadi və mədəni cəhətdən nüfuz edə bilər. İqtisadi aspektdə daha çox hərbi, texnoloji və energetika sahələrində Qərbin regiondan sıxışdırılması nəzərdə tutulur. Daha ucuz və keyfiyyətli Çin mallarının Mərkəzi Asiya dövlətlərində geniş bazarı olduğu qənaəti mövcuddur. Bu istiqamətdə Moskvanın Pekinə rəqib olması şansı yüksək qiymətləndirilmir.

Mədəniyyət sahəsində isə dil amili xüsusi vurğulanır. Ekspertlər çinlilərin hətta rus dilini belə sıxışdıra biləcəyindən danışırlar. Eyni zamanda, bu prosesin bölgədə Qərb və Türkiyənin mövqelərini zəiflədə biləcəyini istisna etmirlər.

İkinci ssenari – Qərb Çinin regiona nüfuz etməsinin qarşısını alır. Bu, ənənəvi baxışdır. Ancaq burada diqqət ona yetirilir ki, Amerika həmin üsulla regiona tam nəzarət edə bilmir. Vaşinqton sadəcə prinsipial geosiyasi məqamlarda Pekinin dominant olmasına imkan vermir. Maraqlıdır ki, bu prosesdə Amerikanın Rusiya və bölgə dövlətləri ilə əməkdaşlıq edə biləcəyi vurğulanır. Bununla Mərkəzi Asiyada terrorizmə, narkoticarətə və silah alverinə qarşı birgə mübarizə aparmaq imkanı yaranacaq. Paralel olaraq, ABŞ regionda hərbi bazalarını yerləşdirə bilər. Həmin üsulla Qərb Çin və İrana hərbi təzyiq göstərmək şansı əldə edir.

Üçüncü ssenari – "Mərkəzi Asiya üzərində yaşıl aypara''. Burada region dövlətlərində siyasi İslamın üstünlük təşkil edə biləcəyi nəzərdə tutulur. Düşündürücüdür ki, bu ssenari daha təhlükəli, ancaq reallaşma ehtimalı yüksək olan ssenari hesab edilir. Regiona təsir edən amillər sırasında "bölgənin İslamlaşması'', ''terror təhdidləri'' və ''Rusiyanın dəqiq bölgə siyasətinin olmaması'' təhdidedici məqamlar kimi göstərilir.

Bu kontekstdə NATO-nun Əfqanıstandan qoşunlarının çıxarılmasının Mərkəzi Asiyanın İslamlaşmasına təkan verəcəyi vurğulanır. Həmin dövr, analitiklərin fikrincə, 2014-2024-cü illəri əhatə edəcək. Radikal dini qrupların daha çox Özbəkistan, Qırğızıstan və Tacikistanı təhdid etdiyi qeyd olunur. Bunlara görə, hazırda Rusiyanın xarici siyasətində İslamlaşma amilinə böyük diqqət yetirilir. Həmin səbəbdən Moskva Mərkəzi Asiyada "hava sipəri'' yaradır. Qazaxıstan və Qırğızıstanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərbi əməkdaşlıq yeni səviyyəyə qaldırılır. Gömrük İttifaqı ilə bağlı da analoji addımlar atılır.

Bunlardan göründüyü kimi, analitiklər Mərkəzi Asiyada geosiyasi proseslərin inkişaf ssenarilərindən danışarkən, İslamı bütün hallarda təhdid qismində təqdim edirlər. Bu məqam düşündürücüdür. Bununla yanaşı, həmin yanaşmanın bir sıra təhlükəli proseslərə rəvac verə biləcəyi üzərində ətraflı fikirləşmək lazım gəlir. Məsələ ondan ibarətdir ki, regiona güclü təsir imkanlarına malik böyük dövlətlərin (ABŞ, Rusiya və Çin) hamısının siyasi dairələrində müəyyən dərəcədə islamofobiyanın olduğu təəssüratı yaranır. Hazırda bu, daha çox Avropa dövlətlərində özünü göstərir. Lakin yuxarıdakı ssenarilərdən göründüyü kimi, nədənsə digər böyük dövlətlər də həmin mövqeyə yaxındırlar.

Əgər belə bir tendensiya varsa, onda Mərkəzi Asiya ilə yanaşı bütün müsəlman ölkələrində təhlükəli oyunlar aparıla bilər. İslamı siyasi anlamda yalnız təhdid elementi kimi qəbul etmək böyük yanlışlıqdır. Bu, sivilizasiyalar və dinlərarası dialoqa xidmət etmir. O cümlədən, Mərkəzi Asiyada geosiyasi sabitliyin təmin olunması qarşısında ciddi əngəllər yaradır.

Bütün bunların fonunda həmin regionda yaxın zamanlarda ciddi geosiyasi problemlərin meydana gələ biləcəyi haqqında düşünmək lazım gəlir. Əfqanıstandan NATO qoşunlarının çıxarılması prosesi ilə paralel olaraq, mümkündür ki, ekstremist qruplar fəallaşsın (və ya fəallaşdırılsın). Bunda İranın, Rusiyanın və Qərbin maraqları var. Çin amilini də kənara qoymaq olmaz.

Onu qeyd edək ki, ssenarilərdə Türkiyə məsələsi də daha çox təhdid aspektində nəzərdən keçirilir. Ankaranın bölgəyə təsiri nədənsə həmişə "pantürkizm''lə əlaqələndirilir. Hazırda Türkiyənin təhsil sistemi vasitəsi ilə regionda həmin ideyanı yaydığı iddia edilir. Bunun fonunda isə Çin, Rusiya və ya ABŞ-ın regiona nüfuzu "normal geosiyasi proses'' qismində təqdim olunur. Həmin ikili standartın yarada biləcəyi problemlər üzərində də düşünməyə ehtiyac vardır.

Yuxarıdakı təhlildən görünür ki, Mərkəzi Asiya ilə bağlı böyük dövlətlərin yanaşmasının özündə ciddi ziddiyyətlər mövcuddur. Təəssüf ki, həmin məqam regionda müşahidə edilən və yerli amillərdən qaynaqlanan münaqişəli vəziyyətləri daha da ağırlaşdıra bilər. Başqa sözlə, bütövlükdə bölgədə geosiyasi sabitlik yaratmaq əvəzinə, onu qorxulu oyunlara sürükləyə bilərlər. Bizcə, hazırda ən təhlükəli ssenari məhz bundan ibarətdir.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...