THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni hegemon dövlət axtarışları

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3459
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 iyun 2013 – Newtimes.az

Qlobal miqyasda geosiyasi mənzərənin sürətli dəyişikliklərə uğradığı faktdır. Bu prosesi fərqli bucaq altında qiymətləndirirlər. Müxtəlif transformasiya modelləri irəli sürülür. Onların sırasında bir dövlətin mütləq hakimliyini nəzərdə tutan yanaşmalar da vardır.

Demokratiya və iyerarxiya

Dünyanın geosiyasi nizamında köklü dəyişikliklər baş verir. Qlobal miqyasda dövlətlərarası yeni münasibətlər sisteminin qurulmasına böyük ehtiyacın yarandığı haqda yazılar dərc olunur. Analitiklər bu prosesin hələ başa çatmadığını vurğulayır, onun dövlətçilik anlayışını da böhrana saldığını iddia edirlər. O cümlədən, liderlik paradiqmasında əvvəllər müşahidə edilməyən bir qeyri-müəyyənlik özünü göstərməkdədir.

Maraqlıdır ki, bu cür vəziyyətə müxtəlif elmi-nəzəri və geosiyasi yanaşmalar özünü göstərir. Çıxış yolu kimi fərqli modellər təklif edilir. Buraya bir neçə geosiyasi güc mərkəzlərinin formalaşdırılmasından tutmuş bir dövlətin yeni hegemonluq modeli əsasında liderliyinə qədər müxtəlif formullar daxildir.

Bu kontekstdə, 2013-cü il aprelin 17-də tanınmış analitik Robert Kaplanın "Stratfor”da dərc edilən "Dünya bir xaosa doğru gedir” adlı yazısı diqqəti çox cəlb edir. Əvvəlcə, onu deyək ki, bir çox müasir analitik və ekspertlər qlobal miqyasda anarxiyanın yaranmaqda olduğunu ifadə edirlər. Bu mənada R.Kaplanın başlığa çıxardığı fikir yeni deyil. Ancaq maraqlısı müəllifin təklif etdiyi yeni hegemonluq modelidir.

Sən demə, indi dəbdə olan "demokratiya”, "bərabərlik”, "suverenlik”, "qarşılıqlı inam”, "ədalətlilik” və s. kimi anlayışlar artıq ömrünü başa vurmuşdur. Xaosa doğru sürüklənən bir dünyada dövlətlər bərabər hüquqlara malik ola bilməzlər, onlar iyerarxiya (pilləvarı) əsasında münasibətlər qurmalıdırlar. Yəni ən yuxarıda vahid lider dövlət olmalı, ikinci pillədə ondan bir az zəiflər yerləşməli və bu üsulla dünyada yeni geosiyasi nizam formalaşmalıdır. Səbəb isə yuxarıda qeyd edildiyi kimi, qlobal miqyasda anarxiyanın meydana gəlməsidir.

Burada Platonun dövlət nəzəriyyəsinə bir yaxınlıq hiss edilir. Qədim yunan filosofu da demokratiyanı zəiflərin, kasıbların yaşam qaydası adlandırırdı və ondan zənginliyə təhlükələrin olduğunu vurğulayırdı. İndi isə Qərb analitikləri eyni məntiqi başqa müstəvidə önə çıxarmağa çalışırlar. Onlar məsələni kasıb-varlı bağlılığında deyil, hegemon ABŞ dövlətinin dünyanı xaosdan xilas etmək missiyasını yerinə yetirməli olduğu aspektində təqdim edirlər. Bunlar sətiraltı ideyalar kimi şüurlara yeridilir.

Etiraf etmək lazımdır ki, bu sayaq yanaşmaların meydana gəlməsi səbəbsiz deyil. Əksinə, qlobal miqyasda dövlətlərarası münasibətlərdə elə dəyişikliklər baş verir ki, keyfiyyətcə yeni yanaşmalara ehtiyac yaranır. Bu zaman daha çox ABŞ-ın maraqlarından çıxış edilməsi də müəyyən amillərlə bağlıdır. Məsələ ondan ibarətdir ki, dünyanın bir çox regionlarında Amerikanın əvvəlki nüfuzu və təsir imkanları yoxdur. Yaxın Şərq, Qafqaz, Sakit okean hövzəsində cərəyan edən hadisələr bunu təsdiq edir. Çin Uzaq Şərqdə ABŞ-ı sıxışdıraraq öz nüfuzunu yüksəldir. Yaxın Şərqdə geosiyasi proseslər heç də həmişə Amerikanın istəklərinə uyğun getmir. Məsələn, Misir və Suriya kimi ölkələrdə yaranmış vəziyyət Vaşinqtonun iradəsinə uyğun gəlməyən məqamlarla doludur.

Xaosdan nizamlılığa aparan qüvvə

Görünür, bir çox analitik və ekspertlər bu tendensiyanın inkişaf etməsi halında ABŞ-ın dünya hegemonluğunu tam itirəcəyindən ehtiyatlanır. Lakin burada bir neçə dövlətin ortaq liderliyi modeli də ola bilər. Bəs nəyə görə bunu formalaşdırmaq üzərində düşünülmür?

Buna əks arqument kimi, ümumiyyətlə, xaosun hökm sürdüyü zaman yalnız konkret bir aparıcı gücün nizamlı struktur yarada biləcəyi müddəası irəli sürülür. Burada müəyyən dərəcədə həqiqət vardır. Çünki müasir elmi nəzəriyyələrdə göstərilir ki, mürəkkəb sistemlərdə xaotik durumda həmişə nizamlayıcı parametr olmalıdır. Əks halda sistem dağılır.

Lakin söhbət cəmiyyətlərdən gedəndə vəziyyət bir qədər fərqli yanaşma tələb edir. Məsələ ondan ibarətdir ki, insan iradəsinin də yer aldığı mürəkkəb sistemlərdə (cəmiyyətdə) kollektiv fəaliyyətin birləşdirici və təşkiledici funksiyası daha səmərəlidir. Eyni zamanda, hər təşkilati səviyyənin öz inteqrativ qaydaları olur. Bu baxımdan bəşəriyyəti çoxlu sayda cəmiyyətlərin sistemi kimi təsəvvür etsək, bir dövlətin hegemonluğunun mütləq şərt olmadığı nəticəsinə gələrik. Sadə dillə desək, qlobal miqyasda bir dövlətin deyil, bir neçə ölkənin liderliyi modeli daha səmərəli ola bilər.

Bunlar onu göstərir ki, R.Kaplanın təklif etdiyi model birbaşa ABŞ-ın hegemonluq iddialarının qalmasına xidmət edir. Belə bir mövqenin mövcudluğu özlüyündə təhlükəlidir. Görünür, Qərbdə alternativ sivilizasiyaların inkişafına müsbət yanaşmayanlar boş oturmurlar. "Sivilizasiyaların toqquşması” ssenariləri hələ də gündəmdə saxlanılır.

Məsələnin daha qorxulu tərəfi dünyanın xaosa doğru getdiyini, anarxiyanın baş aldığını davamlı olaraq şüurlara yeritməklə əlaqəlidir. Adi insanlarda belə təsəvvür yaranır ki, qlobal miqyasda bir hərc-mərclik, qarışıqlıq mövcuddur və xilaskara ehtiyac vardır. Bu prosesin uzun müddət getdiyi təqdirdə, insanlar özləri bir lider-hegemon axtarışına çıxa bilərlər. Onlar "dəmir yumruğa” ehtiyac duyarlar. Nəzərə alaq ki, bir çox proqnozlara görə, yaxın gələcəkdə gənclərin fəallığı sosial-mədəni mühitə getdikcə daha çox təsir edəcək. Onda həmin dalğanın uzun müddət sosial-siyasi səhnədə aparıcı ola biləcəyini təxmin etmək mümkündür. Heç kim təminat verə bilməz ki, bu vəziyyətdən radikal mövqeli siyasətçilər istifadə etməyəcəklər.

Hələlik məlum olur ki, qlobal miqyasda geosiyasi mənzərənin hansı model üzrə dəyişəcəyi müəyyən deyil. Müxtəlif yanaşmaların, siyasi-ideoloji konseptlərin mübarizəsi gedir. Böyük dövlətlərin öz strateji maraqlarına uyğun hərəkət etmələri mövcud durumu daha da mürəkkəbləşdirir. Belə halda beynəlxalq səviyyədə dövlətlərarası münasibətlərin yeni tənzimlənməsi qaydalarının hazırlanmasına ehtiyacı yaranır. Hələlik bu istiqamətdə hansısa konkret işlərin görüldüyü müşahidə edilmir.

Digər tərəfdən, BMT kimi təşkilatlarda ciddi islahatların aparılması zərurəti aydın görünür. Məsələnin bu tərəfi də açıqdır. Belə çıxır ki, dünya geosiyasi qeyri-müəyyənliyə məhkumdur. Təbii ki, tamamilə ümidsizliyə qapılmağa əsas yoxdur. Çünki tarixi təcrübə göstərir ki, belə vəziyyətlər əbədi deyil – hansısa yeni nizamlı struktura keçid baş verməlidir. Əsas problem bu prosesin bütövlükdə bəşəriyyətin xeyrinə baş verməsini təmin etməkdən ibarətdir. Müxtəlif variantlardan optimal, səmərəli olanı seçməkdir. Bu seçimi reallaşdıra bilən mexanizm gözə dəymir. Həmin səbəbdən bəşəriyyətin sabahı aydın görünmür. Bu mənada, R.Kaplanın "yeni hegemonluq” modeli xeyli düşündürücüdür.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...