THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Taksim meydanı: Türkiyə hansı geosiyasi oyunlara sürüklənir?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6723
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyun 2013 – Newtimes.az

Artıq iki həftədən çoxdur ki, İstanbulun qədim meydanlarından biri dünya KİV-lərinin manşetlərindən düşmür. Bir neçə ağacın kəsilməsinə etiraz kimi başlayan proseslər getdikcə daha mürəkkəb dinamika alır. Reallıqda nələr baş verdiyini müəyyənləşdirmək çətinləşir. Kimlərin hansı oyunu apardığı haqqında dəqiq fikir söyləmək risklidir. Türkiyədə nələr baş verir?

Qığılcımdan alov törəyər

Türkiyədə baş verən hadisələrə dünya KİV-lərinin marağı təsadüfən yaranmayıb. İstanbulun Taksim meydanında məhdud sayda ağacın kəsilməsi planına etiraz olaraq başladılan aksiyalar getdikcə fərqli məzmun kəsb etməyə başlayır. Ölkənin bir neçə iri şəhərini də bürüyən müqavimət hərəkatının arxasında hansı məqsədlərin durması ilə bağlı fikirlər isə müxtəlifdir. Məhz bu aspektdə medianın hadisələri şərh etməsi məsələsi də diqqəti cəlb edir.

Özlüyündə "Gezi parkı eylemi'' adlanan olaylar düşündürücüdür. Çünki mürəkkəb məqamlarla müşayiət olunur. Aksiya iştirakçıları şəhərin ekologiyasının qayğısına qaldıqlarını deyirlər. Lakin reallıqda başqa hadisələr baş verir. Məsələn, solçu qəhrəmanların portretləri, radikal çağırışları ifadə edən şüarlar və terror təşkilatlarının rəmzləri Taksim meydanında yer alır. Bunların ağac kəsilməsinə hər hansı aidiyyəti olmadığı bilinir.

Digər tərəfdən, ətraf mühitin "qayğısına qalanlar'' nədənsə, binaları daşlayır, iş yerlərini dağıdır, rəsmi obyektlərə ciddi zərər vururlar. Məsələn, Ankarada baş nazirliyin ətrafındakı döşəmələrin hamısı sökülüb. Etirazçılar nə üçünsə məscidə ayaqqabı ilə daxil olub, spirtli içki qəbul etməyi və orada xidmət edənlərə qarşı zor işlətməyi azadlıq əlaməti hesab edirlər. Özləri insan haqlarından danışır, ancaq fərqli düşünənin haqqını tanımaq istəmirlər.

Bunlardan əlavə, sual doğuran amillər vardır ki, onların üstündən sükutla keçmək mümkün deyil. Həmin məqamlar etiraz aksiyasının tam yersiz olduğunu deməyə əsas vermir. Burada iqtidarın da müəyyən səhvləri var. Demokratik idarəetmə qaydalarının pozulduğu hallar da olub. Səmimi hisslərlə etiraz edən minlərlə Türkiyə vətəndaşı da var. Qısa desək, Taksim təsadüfən "partlamadı''. Ancaq indi hər bir türkiyəli bu gerçəklikləri dövlətçiliyin və inkişafın əleyhinə yönəltməyə çalışan qüvvələrin mövcud olduğunun fərqinə varmalıdır. Əsas təhlükə də bundan ibarətdir.

Məsələyə qlobal miqyasda özünü göstərən geosiyasi proseslər prizmasından yanaşmağın faydası ola bilər. İndi Yaxın Şərqdə çox ciddi siyasi hadisələr baş verir. Müsəlman ölkələrində çaxnaşmalar yaranır və müəyyən mərhələdən sonra silahlı toqquşmalara keçir. Taksimdə də bəzi adamların polisə "Molotov kokteyli” atdığı müşahidə edilib. Araşdırma zamanı onların Sosial-Demokrat Partiyasının (SPD) üzvləri olması müəyyən edilib. Lakin sosial şəbəkələrdə bunu polisin etdiyi haqqında informasiyalar yayıblar. Deməli, etiraz aksiyasından Türkiyədə silahlı toqquşmalar yaratmaq üçün istifadə edən qruplar mövcuddur.

Bunların fonunda hökumətin etirazçıların nümayəndələri ilə müzakirələr aparması da maraq doğurur. Rəsmi Ankara vəziyyətin nəzarətdən çıxa biləcəyini dərk edir. Əslində, bu haqda baş nazir Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə fikir bildirib. Onun qənaətinə görə, bu proseslərdə əsas hədəf Türkiyə iqtisadiyyatının dinamik inkişafının qarşısının alınmasıdır. Təxmini hesablamalara görə, etiraz aksiyaları ölkə iqtisadiyyatına 40 milyard ABŞ dollarına qədər zərər vurub. Turizm sektorunda zəifləmə müşahidə edilir.

Hökumətin məsələnin Türkiyənin inkişafına bağlı olması haqqında dediklərində məntiq var. Belə ki, ölkə artıq bütün xarici borclarını ödəyib, beynəlxalq təşkilatlara yardım edən dövlət halına gəlib. 2020-ci ildə Türkiyə iqtisadiyyatının dünyada 10-cu yerə çıxacağı ilə əlaqədar müxtəlif səviyyələrdə müzakirələr davam edir. Bundan başqa, Türkiyənin regional və qlobal miqyasda geosiyasi nüfuzunun daha da artdığı faktdır. Həmin səbəblərdən mümkündür ki, Taksim hadisələrindən Türkiyə iqtisadiyyatına zərbə vurmaq üçün istifadə edilsin.

Qlobal geosiyasi maraqların təsiri

Üzərində düşünülməli olan digər məqam həmin hadisələrin Suriya ilə bağlı Cenevrə konfransının keçirilməsi ərəfəsində baş verməsidir. Türkiyə o tədbirə ciddi hazırlaşır. Orada söz sahibi olmaq və yekun qərara təsir etmək imkanını gizlətmir. Məsələ dünyanın böyük dövlətləri ilə müzakirə edilir. Cenevrədə Ankaranın mövqeyini zəiflətməkdə maraqlı olan qüvvələr varmı? Bizcə, bəli. Taksim hadisələri də həmin dairələrin ''sənin daxili vəziyyətini gərginləşdirə bilərik'' mesajı ola bilər.

Burada mühüm bir amili unutmaq olmaz. Türkiyədə hazırda kəskin ideoloji qarşıdurma mövcuddur. Hökumətin yeritdiyi siyasəti "laiklik'' (dünyəvilik) tərəfdarları qəbul etmirlər. ''Ergenekon davası'', ''kürd açılımı'' kimi proseslərə münasibət birmənalı deyil. Bu da illərdir cəmiyyətin bir sıra təbəqələrində narazılıq hisslərinin toplanmasına səbəb olub. İndi onlar öz etirazlarını bildirmək üçün fürsət əldə ediblər. Bəzi siyasi partiyaların davranışlarında bunu aydın hiss etmək olur.

Əsas olaraq, Cümhuriyyət Xalq Partiyasının (CHP) həmin prosesləri başlatdığı haqqında informasiyalar mövcuddur. PKK-ya açıq dəstək verən Barış və Demokratiya Partiyasının (BDP) da kənarda qalmadığı haqqında danışılır. Ümumilikdə, sol qüvvələrin canfəşanlıq etdiyi təəssüratı yaranır. Vəziyyətin bu cür məzmun kəsb etməsi daha həssas məqamların meydana gələ biləcəyinə işarə edir. Çünki qarşıdan seçkilər gəlir. Şübhə yoxdur ki, bəzi siyasi qruplaşmalar baş verən hadisələrdən seçkidə uğur qazanmaq üçün istifadə etməyə çalışacaqlar.

Maraqlıdır ki, Qərb mediası artıq Rəcəb Tayyib Ərdoğanın etiraz aksiyasını seçki təbliğatına çevirdiyi haqqında yazır. O cümlədən, Qərb analitikləri baş nazirin "faiz lobbisi'' deyə, xarici bankları ara qarışdırmaqda ittiham etməsinin riskli olduğunu vurğulayırlar. Bu hərəkətlərin Türkiyənin sərmayə qoyuluşu üçün uyğunsuz ölkə qrupuna düşməsi ilə nəticələnə bilməsindən bəhs edilir.

ABŞ-da nəşr edilən ''Wall Street Journal'' qəzetində ''Türk baş nazir mübarizəsini sərmayə bazarlarına daşıyır'' başlıqlı məqalə dərc edilib. Orada hökumətin sərmayəçiləri qarşı-qarşıya gətirdiyi iddia olunur. Analitik Kristian Keller isə Ərdoğanın etiraz aksiyalarını sərmayəçilərin Türkiyəyə olan etibarını azaltması hesabına yatıra bilməsindən danışır (bax: Uzmanlar uyardı: ''Gösteriler devam ederse...'' // "Milliyet" qəzeti, 11 iyun 2013).

Bunlar Türkiyədə baş verən hadisələrin müəmmalı xarakter daşıdığı haqqında nəticə çıxarmağa imkan verir. Bir tərəfdən, illərdir cəmiyyətin bir qismində yığılıb qalmış problemlərin mövcudluğu, digər tərəfdən isə, həmin vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışan xarici qüvvələrin olması ağır vəziyyət yarandığını göstərir. Hətta ermənilər belə Taksimdə ''anıt qəbirlərinin'' olduğu haqqında sayıqlamağa başlayıblar. Ermənistandakı ekspertlər ''regionda bizim üçün xeyirli proseslər baş verir'' deyə, az qala bayram edirlər.

Avropa İttifaqı isə baş verənlərdən iqtisadi dividend götürməyə cəhd edir. Açıq hiss edilir ki, Türkiyənin maliyyə-iqtisadi böhrana düçar olmaması Qərbdəki bəzi dairələri narahat edir. Onlar Aİ-nin sərhədləri yaxınlığında sürətlə inkişaf edən bir müsəlman ölkəsinin meydana gəlməsini həzm etməkdə çətinlik çəkirlər. Çin və Rusiya liderlik uğrunda yarışda bir rəqiblərinin zəifləməsindən yəqin ki, narahat olmazlar. İranın öz daxilində çaxnaşmaların baş verməməsi üçün Türkiyədə vəziyyətin qarışıq qalmasında maraqlı olduğunu sübut etməyə ehtiyac yoxdur.

İndi reallıq budur ki, qonşu Türkiyədə sosial-iqtisadi və siyasi vəziyyət daha həssas səviyyəyə qalxır. Məsələnin daxili sosial-iqtisadi faktorlarla qlobal geosiyasi amillərin qarşılıqlı təsirləri nəticəsində daha da qəlizləşdiyini bu qısa müqayisələrdən görmək mümkündür. Məhz bu səbəbdən Taksim hadisələrinin əsl mahiyyətinin bir qədər sonra məlum olacağını düşünürük. Nəticə etibarilə, Taksim ''Gezi parkı'' hadisəsini yalnız Türkiyə sərhədləri daxilində baş verənlərlə izah etmək xeyli çətindir. Zaman hər şeyi yoluna qoyur.

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...