THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dağlıq Qarabağ problemi: bir addım irəli, iki addım geri?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5951
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 iyun 2013 – Newtimes.az

Bəzi mənbələr son zamanlarda Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesində canlanma hiss edildiyini qeyd edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın problemin həlli istiqamətində müxtəlif aspektlərdən verdikləri ardıcıl bəyanatlar, ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya-İqor Popov, ABŞ-Yan Kelli və Fransa-Jak For) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona səfəri bu iddiaları müəyyən qədər təsdiq edir. Minsk qrupunun həmsədrləri problemin həllinin tərəfdarı olduqlarını dönə-dönə təkrarlayaraq, tərəflər arasındakı müzakirələri davam etdirməyə, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sərkisyanın növbəti görüşünü təşkil etməyə səy göstərirlər.

ABŞ-ın nümayəndəsi Yan Kelli prezidentlərin növbəti görüşünün keçirilməsi barədə razılığa gəlindiyini bildirmişdi. Lakin daha sonra Rusiyanın "İTAR-TASS” agentliyinin diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə iyunun 12-də Zalsburqda keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq. Bu informasiyanın yayılmasından sonra ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar prezidentlərin yaxın gələcəkdə görüşünün mümkün olacağını qeyd edib. Prezidentlərin Zalsburqda baş tutmayan görüşünün yay mövsümünün  sonu və yaxud payızın əvvəlində olacağı ehtimal edilir.

Bu günə qədər prezidentlər arasında keçirilmiş görüşlərə diqqət edildiyində, bu görüşlərə zəmin yaradılması məqsədilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ciddi səy göstərdiklərini görmək mümkündür. Ancaq son zamanlarda hər iki ölkənin XİN rəhbərlərinin məsələ ilə bağlı verdikləri bəyanatlar bir-birlərini təkzib edən mahiyyətdədir. Həmsədr ölkələrin mümayəndələrinin regiona səfər etməsi bu ziddiyyəti aradan qaldırmamışdır.

Prezidentlərin önümüzdəki aylarda ehtimal edilən növbəti görüşündən əvvəl siyasi mühit necədir? Tərəflər hər hansı bir razılığa gələ biləcəklərmi? Yoxsa Ermənistan yenə də masadan nəticəsiz qalxmağa üstünlük verərək, həmişəki kimi Azərbaycanı ittiham edəcəkdir?

Son zamanlar böyük dövlətlərin, xüsusilə Rusiyanın regiona marağının artması, Ermənistana Avrasiya İttifaqına və Gömrük İttifaqına üzv olması üçün təzyiq göstərməsi, bu ölkəni silahlandırması ("İskəndər-M” raket kompleksini satması) və Ermənistanda dislokasiya edilən 102-ci rus hərbi bazasının maddi-texniki bazasını gücləndirməyə çalışması prezidentlərin görüşünün müsbət nəticələnəcəyi ehtimalını azaldır.

Hər nə qədər Rusiya xarici işlər naziri Serqey Lavrov "mövcud status-kvo tərəflərin heç birini qane etmir və dəyişdirilməsi zərurəti var” desə də, bu regiondakı reallıqlarla üst-üstə düşmür. Rusiya vasitəçi ölkə kimi müsbət imic formalaşdırmağa çalışsa da, son 20 ildə danışıqlar prosesində vasitəçilər heç bir real nəticə əldə edə bilməyiblər.

Ermənistan rəsmiləri son zamanlarda Rusiyanın Ermənistan üzərində oynadığı tarixi oyununu davam etdirdiyinin fərqindədirlər və xüsusilə xarici siyasət, enerji, təhlükəsizlik və maliyyə məsələlərində bu ölkənin təsir dairəsindən uzaqlaşmağa çalışırlar. Belə ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətinin artırılacağı məlum olduqdan sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Artur Bağdasaryan Aİ ilə Assosiativ sazişin cari ilin sonlarına qədər imzalanacağını deyib. Bağdasaryan bu bəyanatını prezidentlərin növbəti görüşü iyunun 12-də keçiriləcəyi barədə informasiyanın verildiyi gün səsləndirib. Bu olduqca maraqlıdır. Eyni zamanda, Ermənistanın son zamanlarda ciddi iqtisadi və sosial problemlər yaşaması, Rusiyanın təbii qazın qiymətini qaldırmasından sonra sosial narazılığın artması, ermənilərin Rusiya səfirliyi qarşısında etiraz mitinqi təşkil etməsi də məsələnin bir başqa tərəfidir.

Prezidentlərin görüşünün keçiriləcəyi haqda informasiyadan əvvəlki dövrə və Minsk qrupu həmsədrlərinin verdikləri bəyanatlara diqqət yetirilsə, Rusiya XİN-in məsələ ilə bağlı daha aktiv mövqe tutduğu və daha çox bəyanat verdiyi müşahidə edilməkdədir. Böyük bir ehtimalla prezidentlərin növbəti görüşünün razılaşdırılmasında Rusiyanın rolu daha böyükdür. Ermənistanın Avropa İttifaqı ilə yaxın münasibətlər qurmağa təşəbbüs göstərdiyi bir ərəfədə Rusiyanın problemin həll edilməsi istiqamətində daha aktiv səy göstərməsi düşündürücüdür.

Metyu Brayza prezidentlərin ehtimal edilən görüşü ilə bağlı bildirib ki, "Dağlıq Qarabağ probleminin həll olunmaması o demək deyildir ki, Minsk qrupu bu məsələ ilə bağlı heç bir təşəbbüs göstərmir. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan bir-birlərinə etibar etmir”. Burada maraqlı nüans odur ki, Brayza Minsk qrupunun təşəbbüslərinin davam etdiyini bildirsə də, bəyanatının ikinci hissəsində öz-özünü təkzib edir. Minsk qrupu 20 ildən çox davam edən fəaliyyəti ərzində iki ölkənin prezidentləri arasında etibarı təmin edə bilməyibsə, hansı təşəbbüslərdən bəhs etmək olar? Bəlkə də Brayza bu bəyanatı son zamanlarda Rusiyanın problemin həllinə yönəlik təşəbbüslərinə kölgə salmaq üçün planlı şəkildə dilə gətirib.

Rusiya prezidentlərin görüşünü təşkil edərək, problemin həll edilməsində həqiqətənmi maraqlıdır, yoxsa yenə də Ermənistanın "gələcəyini və zamanını” oğurlamağa cəhd edir? Əgər prezidentlərin növbəti görüşündə hər hansı bir razılığın əldə olunması ehtimalı varsa, ABŞ və Fransa "vasitəçilik missiyası inhisarçılığının” Rusiyaya verilməsi ilə razı olmazlar. ABŞ və Fransanın qənaətinə görə, problemin həll edilməsində hər hansı bir irəliləyiş baş verəcəksə, bu təkcə Rusiyanın adına yox, bütün həmsədr ölkələrin adına yazılmalıdır.

Ermənistan iqtisadiyyatında artıq "sümükləşən” problemləri həll etmək istəyirsə, bunu Rusiya, Avropa və digər dövlətlərdən aldığı ianələr hesabına edə bilməz. Ermənistan "daşınan su ilə dəyirmanın dönməyəcəyini” anladıqdan sonra işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmək üçün Azərbaycanla ortaq məxrəcə gəlməli və yekun sülh müqaviləsi imzalamalıdır. Regionda son 20 ildə həyata keçirilən ciddi iqtisadi, enerji və nəqliyyat layihələrindən kənarda qalmaqla Ermənistan problemlərinin heç birini həll etmək şansına sahib deyil. Xarici borcu hər il həndəsi silsilə ilə artmaqdadır. Ermənistan məntiqli qərar verərək, prezidentlərin növbəti görüşündə ortaq məxrəcə gəlməkdə qərarlı olarsa, bu onun sosial, iqtisadi, nəqliyyat və enerji problemlərinin həll edilməsi perspektivini daha da artıra bilər. Yoxsa Rusiyanın orbitindən uzaqlaşıb Avropa İttifaqının orbitinə girməsi bu problemlərin həll edilməsində stimul ola bilməz. Əvvəlcə regionla bütünləşmək və Azərbaycanla problemlərini həll etdikdən sonra onun maliyyə, enerji və nəqliyyat potensialından faydalanması Ermənistan üçün hər baxımdan daha məqsədəuyğundur.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...