
Bakı, 16 may 2013 – Newtimes.az
Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə "Newtimes.az” portalının keçirdiyi məqalə müsabiqəsi üçün təqdim olunur.
Antantanın "Üçlər ittifaqı” üzərində qələbəsi ilə nəticələnən 1914-1918-ci
il Birinci dünya müharibəsinin doğurduğu nəhəng geosiyasi proseslər beynəlxalq
münasibətlərin Versal-Vaşinqton sisteminə əsaslanan yeni dünya nizamına keçidlə
əlamətdar olmuşdur. Dünyanın siyasi xəritəsində çökmüş Almaniya,
Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyalarının dağıntıları üzərində
qismən öz müstəqilliyini bərpa etmiş, qismən də yeni yaranmış müstəqil
dövlətlər meydana gəldi.
1917-ci il Fevral İnqilabı və onun ardınca baş vermiş Oktyabr
bolşevik çevrilişi sonda Rusiya imperiyasının süqutu ilə nəticələnərək
postimperiya məkanında yeni milli dövlət qurumlarının meydana gəlməsi prosesinə
təkan verdi. Özü də bu proses Polşa və Finlandiyada kifayət qədər uğurlu
olmuşdursa, digər milli əyalətlərdə, xüsusən də Ukrayna və Zaqafqaziyada milli
qüvvələrlə bolşevik qüvvələri arasında şiddətli mübarizə və xarici dövlətlərin
hərbi müdaxiləsi ilə müşayiət olunurdu. Bu kimi hadisələr Azərbaycanda, xüsusən
də Bakı neft-sənaye rayonunda da da müşahidə olunurdu. Özü də bu hadisələrdə daxili
və xarici amillər bir-birinə keçirdi.
[i]
1918-1920-ci illərdə Azərbaycanda cərəyan edən dramatik hərbi-siyasi
hadisələr kəskin sosial münaqişələrin və mürəkkəb millətlərarası münaqişələrin fonunda
baş verirdi. Vəziyyəti ХIХ əsrin sonu – ХХ əsrin əvvəllərində Rusiya
imperiyasının ən iri sənaye mərkəzlərindən birinə çevrilmiş Bakının neft
mənbələrinə can atan xarici dövlətlərin ekspansionist niyyətləri daha da
mürəkkəbləşdirirdi.
Birinci dünya müharibəsi dövründə Antanta ilə "Üçlər ittifaqı” arasında
vüsət almış kəskin geosiyasi rəqabət və hər iki hərbi-siyasi qruplaşmaya düşmən
olan yeni, Sovet Rusiyasının meydana gəlməsi ona gətirib çıxardı ki, bütün Qara
dəniz-Qafqaz-Xəzər geosiyasi məkanında nəzarət uğrunda mübarizə Orta Şərqdə
prioritet xarakter aldı.
[ii]
Rusiyada 1917-ci ilin fevral və oktyabr aylarında cərəyan edən inqilabi
hadisələr birinci (1804-1813) və ikinci (1826-1828) Rusiya-İran müharibələri
nəticəsində itirilmiş Azərbaycan dövlətçiliyinin bərpası üçün obyektiv şərait
yaratdı. Lakin Azərbaycan xalqının müstəqilliyə doğru yolu olduqca mürəkkəb
daxili və xarici hərbi-siyasi vəziyyətdən keçirdi. 1918-ci ilin yaz-yay
aylarında antimilli Bakı kommunasının mövcudluğu, Türkiyə, Almaniya, İngiltərə
və Sovet Rusiyası arasında Qafqaz və Xəzərdə gedən kəskin geostrateji rəqabət
vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycan xalqının müstəqilliyə can
atması son nəticədə 28 may 1918-ci ildə müsəlman Şərqində ilk parlament
respublikası olan Azərbaycan Demokratik
Respublikasının yaranmasına gətirib çıxardı.
1918-1920-ci illərdə Azərbaycan Respublikasının həm daxilində, həm də
ətrafında yaranmış olduqca mürəkkəb hərbi-siyasi şəraitdə, bütövlükdə
Qafqaz-Xəzər bölgəsində böyük dövlətlərin kəskin geostrateji rəqabəti fonunda
bir-birini əvəz edən beş Nazirlər Kabinetinin hər birinin qarşısında duran
birinci dərəcəli vəzifə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi
istiqamətində kompleks tədbirlərin işlənməsi və həyata keçirilməsi idi.
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası özünün daha dəqiq
və konsentrik ifadəsini Nazirlər Kabinetinin üçüncü, dördüncü və beşinci tərkibinin
26 dekabr 1918-ci il, 14 aprel və 22 dekabr 1919-cu illərdə parlament
tribunasından səsləndirilən rəsmi bəyannamələrində öz əksini tapmışdı.
Üçüncü Nazirlər Kabinetinin bəyannaməsi ilə 26 dekabr 1918-ci ildə parlamentin
beşinci iclasında F.Xoyski çıxış etmişdi. Bu bəyannamədə xüsusi qeyd olunurdu
ki, hökumətin "birinci və başlıca vəzifəsi” Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi olacaqdır. Sənəddə göstərilirdi ki, "müstəqillik heç də "Cin
səddi” ilə digər xalqlardan təcridolma demək deyil”. Bu, o deməkdir ki, "azad
Azərbaycan Rusiyanın ərazisində yaranmış digər dövlətlərlə, habelə Mərkəzi
Rusiyanın özü ilə ən sıx əlaqələrə girə bilir və yəqin ki, girəcəkdir».
[iii]
Ölkənin beynəlxalq vəziyyətinin möhkəmləndirilməsində hökumət
Azərbaycan nümayəndə heyətinin qarşıdakı Paris sülh konfransında iştirakına
böyük ümid bəsləyirdi. Bu konfransda Azərbaycanın
müstəqilliyinə xoş niyyətlə yanaşan "azad Amerikanın, demokratik İngiltərənin
və respublika Fransasının dəstəyini almaq və dünya birliyi tərəfindən tanınmağa
nail olmaq” lazım idi.
Qonşularla qarşılıqlı münasibətlərə gəlincə, bəyannamədə xüsusi
olaraq qeyd olunurdu ki, Azərbaycanın "heç kimə qarşı təcavüzkar niyyətləri
yoxdur və bütün mübahisəli məsələləri o, sülh yolu ilə həll etmək istəyir”.
[iv]
Bundan başqa, bəyannamədə Azərbaycanın 1918-ci ilin sonunda baş vermiş
Ermənistan-Gürcüstan silahlı münaqişəsində vasitəçilik missiyası ilə çıxış
etməyə hazır olduğu da ifadə olunurdu. Ümumilikdə isə Azərbaycan
Respublikasının sülhsevər xarici siyasəti bütün qonşu dövlətlərlə diplomatik və
iqtisadi sahələrdə dostluq münasibətlərini qurmağa” can atmasında öz ifadəsini
tapmışdır.
Milli təhlükəsizliyin təmin edilməsində varislik dördüncü Nazirlər
Kabinetinin bəyannaməsində də izlənilir. Bu bəyannamə ilə 14 aprel 1919-cu ildə parlamentin 29-cu
iclasında hökumətin sədri N.Usubbəyov çıxış etmişdi. Muğanda toplaşmış antiAzərbaycan
qüvvələri tərəfindən separatizm
təhlükəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünə real təhdidlərə, habelə
"İrəvan və Tiflis quberniyalarının Azərbaycana məxsus hissələrində buraya öz hakimiyyətini yayaraq
möhkəmləndirmək istəyən iddiaçılarla üzləşdiyimizə" işarə edən baş nazir bütün
mübahisəli məsələlərin danışıqlar yolu ilə, "hər bir tərəfin qanuni hüquqlarına
qarşılıqlı əməl etməklə” həll olunacağına ümid etdiyini bildirdi.
[v]
Millətlərarası münasibətlər sahəsində daxili siyasi stabilliyin təmin
edilməsi məsələsinə toxunan baş nazir xüsusi olaraq qeyd edirdi ki, "yadlar adı
altında yüz ildən çoxdur ki, inildəyən və mənəvi və iqtisadi həyatında
məhdudiyyətlərlə üzləşən azəri türkləri Azərbaycan ərazisində yaşayan bütün xalqlara öz dini ilə yanaşı mədəni və
milli xüsusiyyətlərini də qoruyub saxlamaq imkanı verməklə onlara eyni dərəcədə
dözümlü münasibət bəsləməlidirlər” və "Azərbaycanın burada yaşayan bütün
xalqlar üçün sevimli vətəninə çevrilməsi üçün hökumət bütün səylərini səfərbər
edəcək... milli düşmənçiliyə bütün qüvvəsi ilə yol verməyəcək və onu kökündən kəsəcəkdir”.
[vi]
Bəyannamədə həmçinin o zaman A.İ.Denikinin könüllü qoşununa qarşı ağır silahlı
mübarizə aparan Dağlılar Respublikası ilə həmrəylik də ifadə olunurdu.
[vii]
Parlamentin 22 dekabr 1919-cu il tarixli 109-cu iclasında Beşinci
Nazirlər Kabinetinin bəyannaməsini elan edən N.Usubbəyov Qarabağ məsələsinə
toxunaraq Ermənistan tərəfindən Zəngəzur uyezdinin anneksiyasının təhlükəli
olduğunu qeyd edirdi: "Zəngəzur yüz, hətta minillərdir ki, Azərbaycanın
ayrılmaz hissəsidir. Buna görə də aydındır ki, bu intriqa baş tutmayacaq”. Elə
buradaca baş nazir Azərbaycanın bütün mübahisəli məsələlərin dinc yolla həllinə
sadiq olduğunu xatırladır və göstərirdi ki, bu məqsədə aparan yol "erməni milli
azlığının mədəni hüquqlarının tanınması haqqında şərtlərin qəbul edilməsi və
onun hökumətin həqiqi himayəsi altına alınmasıdır”. Bu istiqamətdə hökumətin
gördüyü tədbirlərə işarə edən baş nazir qeyd edirdi ki, "Azərbaycan və
Ermənistanın gələcəyi milli azlıqların hüquqlarının təmin edilməsi məsələləri
ilə bağlıdır”.
[viii]
Hökumətin bəyannaməsində qonşu dövlətlər olan Gürcüstan, Ermənistan,
Türkiyə, İran və Rusiya ilə qarşılıqlı münasibətlərə geniş yer verilmişdir.
Baş nazir 27 iyun 1919-cu ildə bağlanmış Azərbaycan-Gürcüstan
mühafizə paktlarının xarici təhlükədən müdafiə işində hər iki dövlət üçün böyük
əhəmiyyətə malik olduğunu qeyd edir və hökumətin müdafiə işini daha da
möhkəmləndirməkdə qətiyyətli olduğunu məmnunluqla vurğulayırdı. Ermənistana
gəlincə, bəyannamədə bütün mübahisəli ərazi
məsələlərinin sülh yolu ilə həll ediləcəyini ümid bəslənirdi. Qeyd olunurdu ki,
"yaxın gələcəkdə Qafqaz respublikaları arasında sıx əlaqə və əbədi dostluq
qurulacaqdır”. Xüsusi vurğulanırdı ki, gələcək "konfederasiyaya və ya digər
ittifaq formasına ...Şimali Qafqaz Respublikası da daxil olmalıdır”. Bir daha Şimali
Qafqazda denikinçilərə qarşı partizan müharibəsi aparan dağlılarla həmrəy olduğunu bildirən
hökumət dərk edirdi ki, "dağlıların müstəqilliyinin yox edilməsi bizim də müstəqilliyimizə
böyük təhlükədir”.
[ix]
Müharibənin ağır nəticələrinin aradan qaldırılması ilə məşğul olan
Türkiyə ilə qarşılıqlı münasibətlərə gəlincə, bəyannamədə ümid edilirdi ki,
"gələcəkdə iki azad və müstəqil türk dövləti arasında daha sıx əlaqə, əbədi
dostluq və səmimi qonşuluq münasibətləri qurulacaqdır”. İranla qarşılıqlı münasibətlər
məsəsləsinə keçid edən baş nazir bu "iki qardaş dövlətlər” arasında rəsmi diplomatik
münasibətlərin qurulması istiqamətində əhəmiyyətli pozitiv addımların atıldığını
qeyd edirdi.
[x]
Bəyannamədə təəssüflə bildirilirdi ki, "Rusiyada mübarizə aparan
qüvvələrin heç biri inana bilmir və ya inanmaq istəmir ki, Rusiya əvvəlki
sərhədlərini qaytara bilməz və yeni
özünütəyin etmiş xalqlar üzərində hökmranlıq etmək ximeradır”. Həm ağlar, həm
də qırmızılar tərəfindən müstəqil Azərbaycana təhdidlərin real olduğunu nəzərə
alaraq, hökumət "müstəqilliyimizi ona təhdid edən qüvvələrdən qorumaq üçün son nəfəsədək mübarizəyə hazır olduğunu”
bəyan edirdi.
[xi]
Fətəli xan Xoyskinin və Nəsib bəy Usubbəyovun Nazirlər Kabinetinin üç
bəyannaməsinin əsas məzmununun təhlili 1918-1920-ci illərdə Azərbaycan
Respublikasının milli təhlükəsizlik konsepsiyasının bir sıra parametrlərini
qeyd etməyə imkan verir. Bunlara sülhsevər xarici siyasətin həyata keçirilməsi,
öz qonşuları ilə bütün ərazi mübahisələrinin müstəsna olaraq masa arxasında, danışıqlar
yolu ilə həll edilməsi; konfederasiya və digər formalarda Qafqaz dövlətləri
İttifaqını yaratmaqla regionda kollektiv təhlükəsizliyin təmin edilməsinə can
atma; respublikada yaşayan milli azlıqlara münasibətdə bütün demokratik
normalara və azadlıqlara əməl etməklə, xüsusən də millətlərarası münasibətlər
sahəsində daxili siyasi stabilliyin möhkəmləndirilməsi; bütün mövcud
vasitələrlə ölkə daxilində separatizm meylli istənilən halların qarşısının
alınması və dövlətin ərazi bütövlüyünün təmin edilməsi aiddir.
28 may 1918-ci ildə müstəqil Azərbaycan Respublikasının elan edilməsi
XX əsrin əvvəllərində Azərbaycanın siyasi tarixində əlamətdar hadisə olmuşdur.
Sonrakı təxminən iki il ərzində milli parlamentin və hökumətin dövlət
quruculuğu, o cümlədən hərbi sahədə, respublikanın ərazi bütövlüyünün təmin
edilməsi istiqamətində fəaliyyəti öz bəhrəsini verməkdə idi.
Olduqca mürəkkəb xarici və daxili siyasi şəraitdə Azərbaycan
Respublikasının hökuməti tərəfindən milli təhlükəsizlik konsepsiyası işlənib
hazırlanmış, müntəzəm ordu quruculuğu və mühafizə xarakterli digər tədbirlər
həyata keçirilirdi. Bu, ilk növbədə 1919-1920-ci illərdə Azərbaycana şimaldan
Denikin təhdidini neytrallaşdırmaq, ölkənin cənub və qərb bölgələrində
(Muğanda, Zəngəzurda və Qarabağda) isə davakar separatizm halları ilə mübarizə
aparmaq zərurəti ilə bağlı idi.
Eyni zamanda Bakıda silahlı çevriliş hazırlığı işində ölkədəki gərgin
sosial-siyasi vəziyyətdən bacarıqla istifadə edən yerli gizli bolşevik
təşkilatlarının təxribat-pozuculuq əməllərinə qarşı tədbirlər görmək də lazım
gəlirdi. Beynəlxalq təcridolunma və düşmən mühasirəsi şəraitində olan, Sovet
Rusiyası ilə üz-üzə qalan, etibarlı müttəfiqi olmayan Azərbaycan Respublikası
1920-ci il aprelin sonunda ХI Qızıl Ordunun müdaxiləsi nəticəsində süquta
uğradı. Lakin ölkədə yeni hakimiyyətin bərqərar olması 1920-ci il ərzində
ölkənin uyezdlərində antiişğalçı silahlı üsyanlar fonunda baş verirdi ki, bu da
Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməyə can atmasından xəbər
verirdi.
1991-ci ildə SSRİ-nin süqutu ilə 70 ildən sonra öz müstəqilliyini tam
bərpa etmiş Azərbaycan qarşısında onun çoxəsrlik tarixində həm regionun özündə,
həm də onun ətrafında mürəkkəb hərbi-siyasi proseslərlə boyanan yeni səhifə
açılmış oldu. Lakin hətta XX əsrin sonunda baş vermiş geosiyasi sarsıntılar və
XXI əsrdə müşahidə olunan dinamik dəyişikliklər, Ermənistanın 1918-1920-ci
illərin məlum hadisələrindən sonra Azərbaycana qarşı növbəti, ikinci aqressiv
siyasəti şəraitində belə Odlar Yurdu çox qısa bir tarixi müddətdə (20 ildən bir
az artıq) millətlər birliyinə üzvi şəkildə daxil olmuş və özünün artmaqda olan
iqtisadi və müdafiə potensialına görə Cənubi Qafqazda regional liderə
çevrilməklə beynəlxalq nüfuz qazanmışdır.
Pərvin Darabadi,
tarix elmləri doktoru, professor
[i]
Каземзаде Фируз.
Борьба за Закавказье (1917-1921). - Стокгольм: CA& CC
PRESS, 2010, s.83-125,159-168, 211-221; Гасанлы Дж. Внешняя политика Азербайджанской Демократической
Республики (1918-1920 гг.). - Москва: Флинта, Наука, 2010, s.171,317-336.
469-479, 494.
[ii]
Черчилль У. Мировой
кризис. - М.-Л.: Государственное
военное издательство, 1932, s.50; Деникин А.И.
Очерки русской смуты. - М.: Мысль, 1991, s.139;
Людендорф Э. Мои воспоминания о войне 1914-1918 гг. - Том 2-й. - М.: Госиздат, 1924, s.187,219-220;
Лавров С.В. Политика Англии на Кавказе и в Средней Азии в 1917-1921 годах//
Вопросы истории, 1979, № 5, s.81.
[iii]
Азербайджанская Демократическая Республика (1918-1920
гг.). Парламент
(Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.81.
[iv]
Там же, s.82.
[v]
Азербайджанская Демократическая Республика (1918-1920
гг.). Парламент
(Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.349.
[vi]
Там же, s.350.
[vii]
Азербайджанская Демократическая Республика (1918-1920
гг.). Парламент
(Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.349.
[viii]
Там же, s.809.
[ix]
Азербайджанская Демократическая Республика (1918-1920
гг.). Парламент
(Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.811.
[x]
Там же.
[xi] Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.812.
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir
Davamı...