THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstan: xarici siyasətdə yeni addım?

Siz buradasınız: Əsas səhifə »» SİYASƏT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9046
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 mart 2013 – Newtimes.az

Bu günlərdə Gürcüstan parlamenti xarici siyasət kursunun əsas istiqamətlərini əks etdirən Qətnamə qəbul edib. 19 maddədən ibarət olan sənəddə bir sıra yeni məqamlar əks olunub. Onların məzmunu və geosiyasi mahiyyəti ilə bağlı bəzi fikirlərimizi bölüşmək, düşünürəm, maraqlı olardı.

Tbilisinin xarici siyasət haqqında yeni Qətnaməsi

Gürcüstanda hökumətin yeniləşməsi ilə xarici siyasətdə hansı dəyişikliklərin baş verəcəyi məsələsi aktuallaşıb. Baş nazir Bidzina İvanişvilinin verdiyi bəyanatlar fonunda bu, həm də xeyli dərəcədə maraq doğurur. Bu il martın 7-də Gürcüstan parlamenti "Xarici siyasətin əsas istiqamətləri” haqqında Qətnamə qəbul etdi. Bununla da rəsmi Tbilisinin mövqeyi konkret maddələrdə ifadə edildi.

Açığını desək, Gürcüstan, bəzi dairələrin gözlədiyi kimi, xarici siyasətdə kəskin dəyişiklik etməyib. Onun mövqeyi, belə demək mümkündürsə, daha çevik olub. Qətnamənin əsas tezisi ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiyaya üstünlük verməsi fonunda Rusiya ilə münasibətlərin normallaşdırılmasından ibarətdir (daha ətraflı bax: Основные направления внешней политики Грузии. Грузия Online, 7 mart 2013). Rəsmi Tbilisi ABŞ-la münasibətlərə xüsusi əhəmiyyət verdiyini bir daha vurğulayıb. Amerika sənəddə strateji tərəfdaş kimi göstərilib və onunla münasibətlərin 4 istiqamətdə inkişaf edəcəyi əks olunub.

Gürcüstanın xarici siyasətində beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişafına da böyük diqqət yetirəcəyi Qətnamədə ayrıca maddələrdə ifadə edilib. BMT, ATƏT, Avropa Şurası, Avropa Komissiyası, GUAM, QDİƏT çərçivəsində diplomatik münasibətləri əhəmiyyətli dərəcədə dərinləşdirmək nəzərdə tutulub.

Sənəddə Gürcüstanın Avropa, Qara dəniz və Xəzər hövzəsi, Yaxın Şərq və Asiya ölkələri ilə əməkdaşlığının gücləndirilməsi vurğulanıb. Region dövlətlərindən Azərbaycan, Türkiyə və Ermənistanla siyasi-iqtisadi əlaqələrin inkişaf etdirilməsi zəruriliyi qeyd edilib.

Bütövlükdə 19 maddədən ibarət olan Qətnamədə təhlükəsizlik məsələsi əsas yer tutur. Bu da təsadüfi deyil. Gürcüstanın xarici siyasəti üçün hazırda əsas problem müxtəlif istiqamətlərdən olan təhdidləri zərərsizləşdirməkdir. Abxaziya və Cənubi Osetiya faktiki olaraq ölkədən ayrılıb. Orada xarici ölkələrdən birinə məxsus olan hərbi qüvvələr yerləşdirilib. Cavaxetiyada erməni separatizmi getdikcə daha da güclənir. Orada muxtar respublika qurmaq iddiası vardır. Ermənilər mədəniyyət, dil və iqtisadi sferalara aid tələblərlə yanaşı, siyasi ambisiyalarını da ortaya qoyurlar.

Regional miqyasda Ermənistan və İran faktoru Gürcüstan üçün maneəyə çevrilib. Ermənistan Rusiyanın ən yaxın müttəfiqi kimi daim Gürcüstan üçün təhlükə mənbəyidir. Rəsmi Tbilisi bu barədə açıq danışmasa da, dolayısı ilə mövqeyini ifadə edir. Moskvanın Ermənistan ərazisində yerləşdirdiyi hərbi qüvvələri Tbilisi həmişə özünə qarşı təhdid kimi qəbul edib. Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanın bir neçə gün əvvəl İrəvana səfəri zamanı da məhz həmin kontekstdə müzakirələr aparılıb.

İran-Gürcüstan münasibətlərində qaranlıq məqamlar az deyil. İki dövlət arasında sıx əməkdaşlığın mövcudluğundan danışmaq üçün də elə bir əsas yoxdur. Gürcüstanın adı İran məsələsində daha çox Qərbin mümkün hərbi əməliyyatları kontekstində hallanır. Həmin aspektdə bu məsələ Tbilisinin qarşısında duran maneələrdən birinə çevrilib. Xüsusilə, ABŞ-ın regionda əsas tərəfdaşının Gürcüstan olması Tbilisi-Tehran münasibətlərinə ayrıca gərginlik elementi əlavə edir. Təsadüfi deyil ki, yeni hökumət İranla münasibətlərin inkişafı ilə bağlı heç bir fikir bildirməyib. Xarici siyasətin əsas istiqamətləri haqqındakı Qətnamədə region dövlətlərinin hər biri haqqında mövqe bildirilirsə də, İranın adı ümumiyyətlə, çəkilmir. Tbilisinin Tehrana münasibətində qeyri-müəyyənlik varsa, bu, özlüyündə riskli məqamdır. Həmin baxımdan Gürcüstanın təhlükəsizliyi üçün də təhdidin mövcudluğunu qəbul etmək gərəkdir.

İki böyük güc arasında sıxılmış ölkə

Hazırda Cənubi Qafqazda Qərb və Rusiya arasında tərəddüd edən əsas ölkə Ermənistandır. Lakin Gürcüstanın da vəziyyəti həmin kontekstdə elə də ürəkaçan görünmür. Xarici siyasət haqqındakı yeni Qətnamədə Avropa və NATO-ya inteqrasiyanın xüsusi vurğulanması fonunda Rusiya ilə əməkdaşlıqdan danışılması ziddiyyətlərin aradan qaldırılması anlamına gəlmir. Çünki reallıqda belə bir siyasəti həyata keçirmək Tbilisi üçün olduqca çətin olacaq.

Məsələ ondan ibarətdir ki, Moskva NATO-ya inteqrasiyanı xarici siyasətinin prioriteti hesab edən ölkə ilə əməkdaşlığa həvəsli deyil. Bunu Ukraynanın timsalında əyani olaraq gördük. Məhz Rusiyanın təzyiqləri Kiyevi bu addımından çəkindirdi. Kreml Ukraynanın bir ölkə kimi mövcudluğunu NATO-ya inteqrasiyadan vaz keçməyə bağladı. Bu təhdidi Kiyevdə rəsmi dairələr açıq etiraf edirdilər. Rusiyanın NATO məsələsində Gürcüstana hansısa güzəştə gedəcəyini gözləməyə əsas görmürük. Bunun konkret geosiyasi səbəbləri var.

Birincisi, Gürcüstanın NATO-ya üzvlüyü Rusiyanın Cənubi Qafqaza hər hansı təsirini minimuma endirir. O cümlədən, Ermənistanın təhlükəsizliyinin təmini Moskvanın əlindən çıxır. İkincisi, Moskva regionun enerji daşıyıcılarına və onların nəqlinə hər hansı iddiasından vaz keçməli olur. Qərbin nəzərdə tutduğu böyük enerji layihələri üçün geniş perspektivlər açılır. Həmin layihələr isə Rusiyadan yan keçməklə neft və qazın Avropaya çatdırılmasını təmin etməlidir. Üçüncüsü, Şimali Qafqaz üçün ciddi təhlükələr meydana gəlir. Şübhə yoxdur ki, Qərb həmin bölgəyə nüfuz etmək üçün əlavə imkanlar əldə etmiş olur.

Bütün bunlara görə, Moskva Gürcüstanın NATO-ya üzvlüyü məsələsində sərt mövqe tutmaqda davam edəcək. Onun Abxaziya və Cənubi Osetiya məsələlərində Tbilisiyə təzyiq edəcəyi tam proqnozlaşdırılandır. Bunu Qərbdə də yaxşı bilirlər. Görünür, həmin səbəbdən rəsmi Tbilisi Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ancaq Kreml həmin aspektdə "qırmızı xətti” dəqiq müəyyənləşdirib – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyindən vaz keçmək mümkün deyil!

Ekspertlər belə qənaətə gəlirlər ki, Qətnamədə göstərilməsinə baxmayaraq Gürcüstanın iki böyük güc arasında manevr etmək imkanları elə də geniş deyil. Çünki əvvəlki iqtidarlar bu aspektdə fəaliyyət meydanını çox daraldıblar. Sənəddə Gürcüstanın ABŞ, Rusiya və Avropa İttifaqının maraqlarının regionda uzlaşdırılmasına çalışacağı ayrıca qeyd olunub (12-ci maddə). Bunun hansı məqsədlə edildiyi başadüşüləndir. Eyni zamanda, bu məqsədə çatmaq üçün rəsmi Tbilisinin lazımi imkanlara malik olduğunu birmənalı demək xeyli çətindir.

Artıq indidən rusiyalı analitiklər iki ölkə arasındakı münasibətlərin ticarət, mədəniyyət və sosial sahədən kənara çıxa bilməyəcəyi haqqında danışırlar. Elə bəzi gürcü analitiklər və ekspertlər də bu fikirdədirlər. Məsələn, münaqişələr və danışıqlar üzrə Beynəlxalq Mərkəzin rəhbəri Qiuli Çaçanaşvili "New Baku Post” qəzetinə verdiyi müsahibədə vurğulayıb ki, iki ölkə arasında konkret olaraq "iqtisadi, mədəni və humanitar sahələrdə qarşılıqlı əlaqələr”dən danışmaq olar (bax: Дела Грузинские. New Baku Post, №21 (73), 19 mart 2013). Belə nəticə çıxarmaq olar ki, Gürcüstan-Rusiya münasibətləri uzun müddət məhdud sahələri əhatə edə bilər ki, bu da Abxaziya və Cənubi Osetiya problemlərinin həllinin yaxın perspektivdə mümkün olmayacağını sübut edir.

Lakin burada bir məqamı da nəzərə almağın faydası ola bilər. Biz qlobal miqyasda yeni geosiyasi nizamın bərqərar olması ehtimalını nəzərdə tuturuq. O halda böyük dövlətlər Gürcüstanla bağlı ortaq mövqeyə gələ bilərlər. Həmin halda da məsələnin daha çox Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olacağını deyə bilərik.

Yuxarıda şərh olunan məqamlar göstərir ki, Gürcüstanın xarici siyasət haqqında qəbul etdiyi yeni Qətnamə faktiki olaraq ölkənin geosiyasi mövqeyində elə bir dəyişikliyə səbəb olmaya bilər. Bu sənədin daha çox daxili siyasi vəziyyətə aidiyyəti vardır. Çünki ilk dəfədir ki, M.Saakaşvili ilə B.İvanişvili tərəfdarları ortaq mövqe nümayiş etdirirlər. Bunu həm də dünyaya mesaj kimi də qiymətləndirmək olar – gürcülər milli maraqlar naminə birləşə bilirlər!

Həmin məqama Moskvanın necə reaksiya verəcəyi maraq doğurur. Hər bir halda rəsmi Tbilisinin bir sıra istiqamətdə münasibətləri normallaşdırmaq istəyinə Kreml müsbət cavab verə bilər. Bununla yanaşı, həmin addımların iki ölkə arasında münasibətləri köklü surətdə yaxşılaşdırmağa kifayət edib-etməyəcəyi haqqında proqnoz vermək çox çətindir.

Kamal Adıgözəlov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...