THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Heydər Əliyev: siyasi portret cizgiləri

Siz buradasınız: Əsas səhifə »» Şəxsiyyətlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3860
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 11 dekabr – Newtimes.az

Novruz MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri, səfir

Dünyanın böyük şəxsiyyətləri həmişə cəmiyyətin fövqündə dayanırlar. Zaman onların ruhunu və ideyalarını “qocalda” bilmir. Onların yaddaşlarda “ucalan heykəlləri” təfəkkürün süzgəcindən keçərək qəlblərin dərinliklərində İlahiliklə İnsaniliyin qövşağında əbədiləşirlər. Ona görə də böyük şəxsiyyətlər həmişə insanların həyat yollarına işıq salan İdeyaya sahib olanlardır. Taleyinə ulu öndər Heydər Əliyevlə birgə çalışmaq qisməti yazılmış insan kimi bu haqda daim düşünmüşəm. Onun həyat fəaliyyəti haqqında hərtərəfli təhlil aparmaq fikrindən uzağam. Azərbaycan filosof və alimləri, xarici ziyalı, siyasətçi və alimlər ümummilli lider haqqında ciddi tədqiqatlar aparmışlar. Heydər Əliyevin həyat fəaliyyətinin çox incə məqamlarının fəlsəfəsi təhlil edilmişdir. Ona görə də mən ulu öndərin həyat fəaliyyəti ilə bağlı yalnız bəzi məqamlara toxunmağa çalışacam. Əvvəlcə onu vurğulamaq istərdim ki, Heydər ƏIiyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş nadir şəxsiyyətlərdən biridir. Bu sırada Franklin Ruzvelt, Uinston Çörçill, Atatürk və Şarl dö Qollun adını da çəkmək olar. Belə insanları şəxsiyyət, dövlət xadimi və siyasi lider kimi müxtəlif aspektlərdə tədqiq etməyə böyük ehtiyac vardır. Burada mühit faktorunun ciddi surətdə nəzərə alınması da mühüm şərtdir.

Əsrin böyük ideoloqu

Bəzən insan adi həqiqəti belə dərk etməkdə çətinlik çəkir. İntellekt nurunu isə yalnız arif olanlar görə bilirlər. İnsanın həyat fəaliyyəti həm yüksək intellektual yarış tələb edən mühitdə keçirsə, həm də bütövlükdə millətin taleyi ilə bağlı olan sahəyə aiddirsə, onu dərk etmək daha çox zəhmət, intellektual güc və mənəvi keyfiyyətlər tələb edir. Heydər Əliyevi də “tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı” (1) kimi anlamağa yüksək hazırlıq lazımdır. Ulu öndər əsrin böyük ideoloqlarından biri idi. Onun yaratdığı ideoloji sistem bütöv bir xalqı və onun müstəqil dövlətini qlobal ziddiyyətlərin amansız ölüm çarxından qurtarıb, tərəqqi yoluna çıxardı. Bu həqiqətin işığında Heydər Əliyevin yeni məzmun verdiyi azərbaycançılıq ideologiyasına nəzər salanda olduqca əhəmiyyətli incəliklərə varmaq imkanı yaranır.

Keçən əsrin 90-cı illərində Azərbaycan geosiyasi və siyasi aspektlərlə yanaşı, mənəi-mədəni və ideoloji sahələrdə də ciddi ziddiyyətlərlə üz-üzə idi. Elə bir ideoloji mövqe seçmək lazım idi ki, həm qlobal səviyyənin aparıcı tendensiyaları ilə uzlaşma təmin edilsin, həm də cəmiyyətin daxili potensialını maksimum səmərə ilə müstəqil dövlət və demokratik cəmiyyət quruculuğuna yönəltmək mümkün olsun. Bu həlledici məqamda düzgün ideoloji seçim olmasa, cəmiyyətin taleyi tam qaranlığa bürünmüş olardı. Müxtəlif istiqamətlərdən gələn gözqamaşdırıcı, şirnikdirici və bəzən təhrikedici ideoloji konseptlər insanları əməlli-başlı çaşdırmışdı. Burada həm radikal milliyyətçiliyin avantürist cəzbetmə sahəsinə, həm də liberal demokratiyanın ifrat şirnikdirici azadlıq xülyasına düşmək ehtimalı var idi. Hər iki ifrat tendensiya əslində 1993-cü ilə qədər özünü hiss etdirirdi. Bir təfərdən də sovet ideologiyasının uğursuzluğu fonunda ümumiyyətlə ideologiyaya nihilist bir münasibət formalaşmaqda idi. Heydər Əliyev azərbaycançılıq ideologiyasına hər iki ifrat qanadlardan kənarda, dövlətçilik və real demokratiya sahəsində məzmun verə bildi. Bu seçim dünya üzrə güclü ideoloji sistemlərin rəqabəti şəraitində edildi. Həmin məqam Heydər Əliyevin ideoloq kimi bütün qüdrətini ortaya qoyur. Bu məsələ üzərində bir qədər geniş dayanaq.

XX əsrin sonlarında dünya üzrə güclü ideoloji sistemlərdən liberalizmlə neokonservatizmin ciddi rəqabəti gedirdi. Azərbaycan bu iki sistem arasında seçim etməli idi. Kommunist ideoloji sistemindən təzə qurtulduğumuzdan kommunist ideologiyasına qayıdış ehtimalı yox idi. Liberailzm postsovet məkanı üçün o zaman çox cəlbedici görünürdü. Anlayan da, anlamayan da “azadlıq” sözünün şirnikdirici və təhrikedici cəlbediciliyi qarşısında təslimiyyətçi vəziyyətə düşmüşdü. Liberalizmin fərdi azadlıq və hüquqa üstünlük verməsi totalitar cəmiyyətin buxovlarından azad olanlar üçün çox cazibədar görünürdü. Lakin o zaman çox az adam bütövlükdə cəmiyyətin təkamül şərtləri ilə eyforik ideoloji vədlər arasında fərq olduğunu görə bilirdi. Çünki güclü dövlət və sabit cəmiyyət olmayan yerdə fərdi azadlığın özbaşınalığa, xaosa, hərc-mərcliyə və başqasının hüquqlarını tapdalayan qrupların meydan sulamasına rəvac verdiyini dərk etmək lazım idi. Bunun üçün isə tənqidi siyasi təfəkkür gərək idi.

İfratçılığın o biri qütbündə isə cəmiyyəti etnik mənsubluğun məhdud dairəsinə sürükləyə bilən, qlobal səviyyədə cərəyan edən hadisələrə tərs gələn ultramillətçilik qavramı vardı. Bu tendensiyanın ideoloji konsept kimi möhkəmlənməsi stratejidə cəmiyyəti olduqca çətin vəziyyətə sala bilər, ona qarşı ittihamlara əsas verərdi. Bir sıra geosiyasi qüvvələrin Azərbaycana qarşı çoxəsrlik qərəzli münasibətinin mövcudluğu fonunda bu tendensiya da son dərəcə təhlükəli görünürdü. Hər iki ifratçılığın ideoloji səviyyədə rəqabəti məyyən mənada liberalizmlə konservatizmin mübarizəsində əks olunurdu. Vəziyyəti çətinləşdirən məqamlardan biri də o idi ki, bu ideoloji cərəyanların özlərinin daxilində parçalanmalar var idi. Liberalizmin XVIII əsrdən başlayaraq Qərbin inkişaf etmiş ölkələri üçün aparıcı ideologiyaya çevrilməsinə baxmayaraq, XX əsrdə onun fəsadları alimlərin analiz etdiyi məsələlərdən biri oldu. O cümlədən, sosial ədalət məsələsi müxtəlif cür izah edilirdi (bax: 2). Sosial ədalət mövzusu liberalizmi digər ideoloji sistemlərlə (məsələn, konservatizm, nasionalizm, neokonservatizm, sosializm və s.) toqquşduran əsas məsələ oldu (3, 45). Liberalizmə qarşı olan iddia əsassız deyildi. Çünki doğrudan da müasir cəmiyyət üçün sosial ədalət olduqca həssas mövzudur və demokratik həyat tərzinin mühüm tərkib hissəsidir. Liberalizmin bu məsələdə qüsurları ona tənqidi yanaşmanı zəruri edirdi. Onu da qeyd etməliyik ki, sosial ədalətlə yanaşı, müstəqilliyini yeni əldə etmiş cəmiyyətlər üçün sabitlik və təhlükəsizlik həyati əhəmiyyətli məsələlər idi. Bu məqam neokonservatizmi xeyli dərəcədə cəlbedici edirdi. Neokonservatorlar “hüquqi sosial dövlət” konsepsiyasına üstünlük verirdilər. Bu da avtomatik olaraq güclü dövlət konseptini aktuallaşdırırdı. Güclü dövlət cəmiyyətdə nizam-intizamı təmin edə, sabitliyi saxlaya və təhlükəsizliyi qoruya bilərdi (6). Dövlət quruculuğuna yeni başlayan cəmiyyətlər üçün bu ideya çox maraqlı idi. Lakin onu kor-koranə qəbul etmək də risklidir. Çünki hər bir cəmiyyətin öz təkamül yolu var. Heydər Əliyev postsovet məkanında bütün bu kimi məqamları nəzərə alaraq, Azərbaycan üçün neokonservatizmə çox yaxın, ancaq liberal demokratiyanın əsas müddəalarını da özündə ehtiva edən ideoloji konsept formalaşdırdı. Bu bağlılıqda ideya-nəzəri və siyasi baxımdan “azərbaycançılıq” və neokonservatizm bir-biri ilə sıx əlaqəlidir (7, s.22).

Azərbaycançılıq ideologiyasına bu ideoloji yaxınlığın işığında nəzər salanda dövlət müstəqilliyimizin təmini və demokratik cəmiyyət quruculuğunun reallaşması prosesinin möhkəm ideya təməlini aydın görə bilirik. Azərbaycanın xarici siyasət kursunun əsas prinsipləri də bu fikrin fonunda bütün dolğunluğu ilə göz önünə sərgilənir. O cümlədən, Heydər Əliyevin tənqidi siyasi və yüksək nəzəri təfəkkürünün süzgəcindən keçib gələn və onun zəngin siyasi təcrübəsi ilə cilalanan azərbaycançılıq ideologiyasında güclü dövlət konseptinin mərkəzdə durmasının tam əsaslı olduğunu başa düşürük. Əslində, Azərbaycanın sosial-mədəni və siyasi inkişafının, səmərəli xarici siyasətinin güclü dövlətçilik konseptindən qaynaqlandığına əmin oluruq. Obrazlı desək, bu konsept həm daxili, həm də xarici siyasətin təməl daşıdır. Ona görə də, onun üzərində ətraflı dayanmağa ehtiyac vardır.

Güclü dövlət və demokratik cəmiyyətin harmoniyasının Heydər Əliyev modeli

Heydər Əliyev güclü dövlət konseptini Azərbaycanın müstəqilliyi fəlsəfəsinin təməlinə qoya bildi. Müasir tarixi şəraitdə bu, kifayət qədər sanballı və ölçülü-biçili yanaşma tələb edirdi. Bu, Azərbaycanın tarixin hökmü ilə son 300 ildə mürəkkəb təkamül yolu keçməsindən qaynaqlanırdı. Müstəqil dövlətçiliyindən müvəqqəti uzaq düşmüş xalqın psixologiyasında özünə inamı qaytarmaq mühüm şərt idi. Böyük dövlətçilik ənənəsinin olması təbii ki, Azərbaycanı daha şanslı göstərirdi. Lakin müasir dünyada üstünlük təşkil edən geosiyasi proseslərin məzmun və mahiyyəti Azərbaycanın qarşısında çətin problemlərin durduğunu hər an anladırdı. Güclü dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə nail olmağı tələb edirdi. Keçən əsrin 90-cı illərinin başlanğıcında cəmiyyətdə sabitliyi pozan nə qədər faktorun mövcud olduğu hər kəsin xatirində olar. Həmin dağıdıcı faktorlar himayədarları tərəfindən üstümüzə qısqırdılan Ermənistanın təcavüzkar davranışları ilə daha da kəskinləşirdi. Azərbaycanın 90-cı illərdə bir neçə sui-qəsdlərə, dövlətçiliyə qarşı çıxışlara səhnə olması təsadüfi deyildi. Heydər Əliyevin dövlət quruculuğu prosesində ictimai-siyasi sabitliyə nail olması bütün bunlara görə, strateji xarakterli uğur oldu. Bunu hətta erməni alimləri də etiraf etməli oldular. Miçiqan Universitetinin (Çikaqo) professoru, erməni əsilli Ronald Süni 1997-ci ildə yazırdı: “Əliyev dağılma ərəfəsində olan ölkədə (Azərbaycanda – müəllif) böyük sabitlik və nizam-intizam yaratdığına görə, hörmətə layiqdir. Onun nailiyyəti daha çox qəbul edilən siyasi sistemə doğru atılan addım olan dövlət quruculuğundan ibarət idi” (8). Nəticədə, Azərbaycan Ermənistandan fərqli olaraq, fundamentalizmdən uzaq mütərəqqi dünyəvi dövlət olmaq perspektivini aydın dərk edən ölkəyə çevrildi. Bu kursun Azərbaycanın İslam dünyası üçün mədəni inkişaf nümunəsi olması şansını yaratdığını çəkinmədən demək olar. Heydər Əliyevin güclü dövlət konseptində mədəniyyətin yeri və rolu bu strateji məqsəddə öz əksini tapmışdır. Azərbaycan mahiyyətcə dünyəvi dövlət kimi inkişafda olmalıdır, lakin o, eyni zamanda, güclü mədəniyyət ənənəsini özündə ehtiva etməlidir. Mədəniyyət mənsubluğu bütövlükdə cəmiyyətin kimliyini müəyyənləşdirməklə yanaşı, dövlətçiliyin əsas komponentlərindən biri olmalıdır. Heydər Əliyev dövlət quruculuğu üçün vacib olan bu müddəanı azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən olan İslamlaşma ilə müasirləşmənin sintezindən nəticə olaraq çıxarmışdır. Bu sintez ənənədən gələn mədəni faktorların tədrici transformasiyalar yolu ilə müasir bəşəri mədəni elementlərlə harmoniyasına nail olmağı nəzərdə tutur. Dövlət quruculuğu kursunda mədəniyyət faktorunun idarəetmə sistemini yaradan parametrlərdən biri kimi yer alması, cəmiyyətin daxili bütünlüyünü təmin edir və dünyaya inteqrasiya üçün geniş fəaliyyət sahəsi yaradır. Azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan milli ilə bəşərinin vəhdətinin dövlət quruculuğu prosesində praktiki səviyyədə bu cür səmərəli tətbiq edilməsi müasir dövlətçilik tarixində yenilikdir.

Azərbaycançılıq ideologiyasının qayəsində mövcud olan mədəniyyətlərarası dialoq imkanları məhz həmin prinsip əsasında indi də dövlət quruculuğu siyasətinin vacib istiqamətlərindən biri kimi təsdiqini tapır. Azərbaycan dövlət səviyyəsində mədəniyyətlər və dinlər arası dialoqu təşkil edən, praktiki olaraq cəmiyyətdə onu həyata keçirən yeganə Qafqaz ölkəsidir. Dünyanın müxtəlif guşələrindən ölkəmizə gələn fərqli mədəniyyətlərin nümayəndələrinin qatıldığı həmin tədbirlər Azərbaycanda dövlət quruculuğunun mahiyyətində mədəni tolerantlığın varlığını sübut edən konkret faktlardandır. Bu xüsusda uğurlu proqramlardan biri kimi Bakı Beynəlxalq Humanitar Forumunun təşkilini qeyd edə bilərik. Humanitar Forumda dünyanın hər yerindən görkəmli siyasət və dövlət adamları, filosoflar, yazıçılar, Nobel mükafatı laureatları və alimlər iştirak etdilər. Onlar Azərbaycan dövlətinin real simasını, burada həyata keçirilən quruculuq işlərini gördülər. Eyni sözləri müxtəlif dinlərə mənsub adamların toplaşdıqları dinlərarası dialoqa xidmət edən tədbirlər haqqında deyə bilərik. Azərbaycan artıq İslamlaşma ilə müasirləşmənin səmərəli sintezini reallaşdıran ölkə olaraq qəbul edilir. İndi bu istiqamətdə Azərbaycan modelinin nümunə kimi öyrənilməsi ehtiyacı haqqında yüksək səviyyələrdən təkliflər eşidilir. Bütün bunların kökündə ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasında nəzəri şəkildə yer almış prinsiplərin dövlət quruculuğuna tətbiqi mexanizmlərini işləməsi durur.

Güclü dövlət quruculuğunun təməlində güclü iqtisadi infrastruktur yaratmaq durur. Heydər Əliyev bu aspektə çox böyük diqqət yetirirdi. O, iqtisadi gücü bütün digər məsələlərin təməlinə qoydu. Beynəlxalq enerji layihələri, xarici sərmayələrin ölkəyə cəlb edilməsi, qabaqcıl texnologiyaların mənimsənilməsi, yeni istehsal sahələrinin yaradılması və iş yerlərinin açılması Azərbaycanda ardıcıl surətdə həyata keçirilir. Artıq 2003-cü ildə iqtisadi islahatlarda çox böyük uğurlar əldə etmiş bir Azərbaycan vardı. Vətəndaş cəmiyyəti quruculuğunun təməli hazırlanmışdı. Bunun sayəsində Azərbaycanın modernləşməsinin yeni mərhələsinə keçid etmək olardı. Belə bir keçid etmək üçün xarici sərmayələrin cəlb edilməsinə əsaslanan modernləşməni cəmiyyətin daxili potensialına əsaslanan modernləşmə kursu ilə əvəz etmək gərəkdi. Əgər Heydər Əliyev 1993-2003-cü illər əzində səbr, inam və qətiyyətlə ardıcıl olaraq dövlət quruculuğu siyasətini həyata keçirməsəydi, modernləşmənin birinci mərhələsi başa çatmazdı. Həmin illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində sistemli surətdə isalahtlar həyata keçirildi. Qeyri-neft sektorunun inkişafı üçün ayrıca proqramlar reallaşdırıldı. Enerji layihələrinin həyata keçirilməsi bu prosesdə xüsusi yer tuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə səmərəli apardı ki, tarixi baxımdan qısa zamanda dünyanın aparıcı geosiyasi gücləri Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycan artıq enerji təhlükəsizliyi sahəsində sözü olan, müstəqil maraqları ilə çıxış edən, regionun lideri qismində geosiyasi statusunu fəaliyyəti ilə təsdiqləyən dövlətdir. Güclü dövlət konseptinin həyata keçirilməsinin birbaşa nəticəsi olan bu nailiyyət tarixi əhəmiyyət daşıyır. Güclü dövlət konseptinin iqtisadi aspektinin də sıx bağlı olduğu başqa bir məqamı qeyd etmək gərəkdir.

Müasir tarixi mərhələdə güclü dövlət anlayışı güclü cəmiyyət qavramı ilə sıx bağlıdır. Fərdlərin və cəmiyyətin gücünün bir tərəfi iqtisadi faktora bağlıdırsa, digər tərəfi mənəvi aspektdir. Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə bu səbəbdən ciddi önəm verirdi. Azərbaycan dilinin inkişafı, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin saxlanması və təbliği, mənəvi irsin öyrənilməsi, tariximizin tədqiqi və təşviqi kimi məsələlər onun siyasətinin mərkəzində duran məqamlardan idi. Öz milli-mənəvi dəyərlərinə sadiq qalan cəmiyyət həqiqi mənada müasirləşə bilir. 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında ulu öndər demişdir: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (9).

Milli-mənəvi dəyərlər cəmiyyətin gücünü daim qidalandıran mənbədirsə, müasirləşmə onun daim dəyişən ətraf aləmə adaptasiyasını təmin edən prosesdir. Müasir tarixi mərhələdə cəmiyyətin yeniləşməyə açıq olması inkişafın mühüm faktoru sayılır. Bu mənada azərbaycançılıqda yer almış müasirləşmə prinsipi ciddi fəlsəfi məzmuna malikdir. Güclü dövlətin demokratik cəmiyyətlə harmoniyasının əsas punktu məhz müasirləşmədir. Azərbayan cəmiyyətinin müasirləşməsi konkret olaraq modernləşmə proqramında öz ifadəsini tapır. Dövlət quruculuğu çərçivəsində müasirləşməyə diqqət yetirsək, burada demokratik təsisatların formalaşmasının mühüm yer tutduğunu görərik. Demokratik institutlar cəmiyyətdə sosial-siyasi münasibətləri tənzimləyən əsas mexanizmdir. Azərbaycan demokratik təsisatların formalaşması məsələsində postsovet məkanında öncül yerdə olan ölkələrdəndir. Təbii ki, cəmiyyətin yeniləşməsi prosesi heç zaman dayanmamalıdır. Təkmilləşmənin, daha yüksək demokratik yaşam təzinə sahib olmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsi də fasiləsiz gedən prosesdir. Dövlətin gücü ilə cəmiyyətin gücünün uzlaşdığı müasirləşmə prosesi özündə varislik prinsipini də ehtiva edir. Məsələnin bu tərəfi başqa faktorlarla yanaşı xarici siyasət kursunu da əhatə edir.

Xarici siyasət: regional lider dövlət strategiyası

Bir əsrdə ikinci dəfə müstəqilliyi əldə etmiş gənc Azərbaycan dövləti üçün xarici siyasət kursunun düzgün seçilməsi son dərəcə böyük əhəmiyyət kəsb edirdi. Buna yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra nail olmaq mümkün oldu. Keçən əsrin 90-cı illərinin əvvəllərindən dünyanın geosiyasi mənzərəsi kəskin dərəcədə dəyişdi. Sovet İttifaqının dağılması ilə ortaya yeni geosiyasi münasibətlər çıxdı. Bununla da müstəqilliyini əldə etmiş dövlətlərin öz varlıqlarını saxlamasını təmin edən şərtlər dəyişdi. Bir sözlə, onlar üçün xarici siyasət bıçağın iti ucunda zərər görmədən hərəkət etməyə bərabər oldu. Bu şəraitdə yeni geosiyasi nəzəriyyələr formalaşır, siyasi-diplomatik fəaliyyətin tarixdə görünməmiş modelləri meydana çıxırdı. Heydər Əliyev belə bir mürəkkəb situasiyada Azərbaycanın xarici siyasətinin prioritetlərini müstəqil və demokratik dövlət quruculuğu kursu çərçivəsində müəyyənləşdirdi. Həmin siyasət tərkib hissələri arasında möhkəm əlaqələri olan sistemi xatırladır. Azərbaycanın dövlət maraqlarına cavab verən bütün istiqamətləri məntiqi surətdə nəzərə alan xarici siyasət kursu dünyanın əsas geosiyasi güclərinin bölgədəki maraqlarını nəzərə almağa imkan verirdi. Həmin güclərin maraqlarının nəzərə alınması yekunda Azərbaycanın dövlət maraqlarının təmininə xidmət edirdi. Heydər Əliyevin sistemləşdirdiyi xarici siyasətin konkretliklərinə varanda sonuncu məqamı aydın görmək mümkün olur. İlk növbədə, Heydər Əliyevin xarici siyasətə yanaşmasında elm üçün də maraqlı olan bir məqamı vurğulamaq istərdim.

XX əsrin 90-cı illərində dünyada qloballaşmanın intensivləşməsi və geosiyasi proseslərin mürəkkəbləşməsi diplomatiyada yeni yanaşmalara ehtiyac yaratmışdı. O zamanlar dövlətin bir neçə istiqamətdə qarşılıqlı əlaqədə olan siyasət yeritməsi konkret sistemli yanaşmanı işləməyi tələb etdi. Heydər Əliyev də Azərbaycanın dövlət maraqlarının əsas elementlərini özündə ehtiva edən sistemli xarici siyasət xətti formalaşdırdı. Buna bəzən “yeni diplomatiya” da deyirlər. Yəni artıq xarici siyasətdə dövlətlər və təşkilatlar qrupunu paralel surətdə nəzərə almaq lazım gəlirdi. Azərbaycanın xarici siyasətində Amerika, Avropa, Rusiya, Türkiyə, İran və Çin istiqamətləri faktiki olaraq vahid siyasi yanaşmanın müxtəlif aspektlərini xatırladırdı. Praktikada hər bir istiqamət digərindən fərqli görünürdü, lakin onlara vahid bucaq altında baxanda bir-biri ilə sıx əlaqədə olduğunu anlamaq olardı. Heydər Əliyev Avropa İttifaqı ilə iqtisadi layihələri siyasi islahatlarla əlaqəli şəkildə imzalayırdı. Paralel olaraq yaxın böyük qonşular olan Rusiya, Türkiyə və İranın mümkün reaksiyalarını öncədən hesablayırdı.

Onun atdığı diplomatik addım keçən əsrin qaranlıq 90-cı illərində Azərbaycanın dövlət kimi yolunu dönmədən işıqlandırdı. Bir-birinin ardınca dünya miqyasında geosiyasi əhəmiyyəti olan sazişlər imzalandı. Təkcə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ni xatırlamaq kifayətdir. Bu, postsovet məkanında sistemli siyasətin ən uğurlu tətbiq nümunəsi idi. Etiraf edək ki, onda bunu hətta siyasətçilər arasında dərk edənlər az idi – çox sonralar Heydər Əliyevin siyasi uzaqgörənliyi bəzilərinə aydın oldu. Həmin saziş enerji sahəsində beynəlxalq razılaşma kimi görünürdü, mahiyyətində isə qlobal geosiyasi maraqların ustalıqla uyğunlaşdırılması var idi.

1995-1998-ci illərdə Heydər Əliyev Avropa İttifaqının böyük dövlətləri, o cümlədən Böyük Britaniya ilə (1997-ci il) strateji xarakterli sazişlər imzaladı. Həmin sazişlərdə iqtisadi əməkdaşlıq şərtləri Azərbaycanda siyasi islahatlar və demokraik təsisatların yaradılmasına yardım proqramları ilə yanaşı dururdu. Yəni Heydər Əliyev peşəkar səviyyədə iqtisadi infrastrukturun yaradılmasını siyasi islahatlar proseslərinin dinamikası ilə uyğunlaşdırdı. Bu da təhlükəsizliyi təmin etmənin təməl şərtlərinə daxildir. Həmin prosesdə real mexanizm olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıqdan istifadə edilirdi. Deyək ki, BMT, YUNESKO, ATƏT, Avropa Şurası, NATO və s. qurumlarla əməkdaşlıq Cənubi Qafqaz ölkələrinin daxil olduğu regional qurumlar çərçivəsində (MDB, GUAM, “Qafqaz dördlüyü”, QİƏT və s.) həyata keçirilən əlaqələrlə müqayisəli şəkildə aparılırdı. Hər iki istiqamətdəki addımlar enerji təhlükəsizliyi sisteminin yaradılmasına xidmət edən layihələrlə əlaqələndirilirdi. Bu, yeni diplomatiyanın konkret nümunəsi idi. Bu yanaşmanın bəhrəsi olaraq bütün prioritet istiqamətlərdə Azərbaycanı qane edən vəziyyət dönmədən formalaşmağa başladı. Onlara ayrıca nəzər salaq.

Rusiya istiqamətində Azərbayan ciddi irəliləyişə nail oldu. Heydər Əliyev Rusiya rəhbərliyini Azərbaycana səfər etməyin strateji əhəmiyyət daşıdığına inandırdı. Rusiya Azərbaycanla strateji xarakterli sazişlər imzaladı. Bir neçə ildən sonra məlum oldu ki, faktiki olaraq Rusiya bu addımla özünün Cənubi Qafqazdakı maraqlarını təmin etmək imkanı qazanıb. Azərbaycan da öz növbəsində strateji baxımdan təminatlı olan təhlükəsizlik şərtləri əldə etdi, enerji layihələrinə qarşı olan maneələri aradan qaldırdı, üstəlik, Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşmasında mühüm oyunçuya çevrildi.

İranla münasibətlər Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində normal qonşuluq məcrasına yönəldi. Heydər Əliyevin İrana səfərindən sonra bu münasibətlər yeni səviyyəyə qalxdı. Tehran faktiki olaraq Azərbaycanın timsalında etibarlı şimal qonşusuna malik olduğunu anladı.

Türkiyə istiqamətində də Azərbaycanın atdığı addımlar səmərəli oldu. Türkiyə qardaşlıq hissləri ilə yanaşı, müstəqil bir Azərbaycanla münasibət qurduğuna əmin oldu. Bunun nəticəsi iki qardaş ölkə arasında praqmatik münasibətlər sahəsinin formalaşması oldu. İndi Türkiyə-Azərbaycan münasibətləri həm türk dünyası çərçivəsində, həm də dünya miqyasında nümunə göstərilə bilinəcək səviyyədədir. Bu münasibətlərin uğurla inkişaf edəcəyinə heç kəs şübhə etmir.

Azərbaycanın Gürcüstan siyasətini xüsusi vurğulamaq lazımdır. Gürcüstanın ən çətin anlarında Heydər Əliyev kömək əlini uzatmışdır. Bu qonşu dövləti enerji böhranından Azərbaycan dəfələrlə çıxarmışdır. Gürcü siyasətçilər bunu açıq etiraf edirlər. İndi də Azərbaycan-Gürcüstan münasibətləri sürətlə inkişaf edir, iki ölkənin maraqlarına cavab verən addımlar atılır.

Avropa istiqaməti Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Heydər Əliyev Avropanın Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Rumıniya və başqa dövlətləri ilə tam sabit və bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaratdı. Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının möhkəm təməli quruldu ki, bu gün də dinamik inkişaf edir. Artıq Avropa İttifaqı Azərbaycanla Yeni Qonşuluq Siyasəti çərçivəsində ən geniş əməkdaşlıq növü olan assosiativ saziş üzrə danışıqlar aparır. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı aktiv fəaliyyəti hər kəsin diqqətini çəkmişdir.

Nəhayət, Azərbaycan-ABŞ münasibətlərinin xüsusi inkişaf dinamikası vardır. Heydər Əliyev bu münasibətlərin genişlənməsinə çox diqqət yetirirdi. ABŞ-la əlaqələr bütün sahələri əhatə edir. Beynəlxalq terrorizmlə mübarizə proqramı çərçivəsində ABŞ-la əməkdaşlıq hər zaman vurğulanır. Azərbaycanın BMT TŞ-yə üzv seçilməsi tarixi bir hadisədir. Bunu diplomatiyamızın böyük uğuru hesab etmək olar. ABŞ energetika sahəsində də ölkəmizin ən böyük tərəfdaşlarından biridir.

Sadaladığımız məqamlar Heydər Əliyevin xarici siyasətdə nail olduğu uğurların yalnız bir qismidir. Onun bu istiqamətdə fəaliyyətinin fəlsəfəsi hələ çox araşdırılmalıdır. Burada yalnız bir incəliyi qeyd etmək istərdim. Heydər Əliyevin siyasi-diplomatik uğurlarının əsasında duran faktorlar içərisində onun səmimiliyi, sözünə əməl etməsi, praqmatikliyi və böyük inamlılığı xüsusi diqqət çəkirdi. Heydər Əliyev hər bir görüşündə əminliklə və səmimiyyətlə danışırdı. Bunun səbəbi, məncə, ulu öndərin prosesləri dərin analiz etmək əsasında düzgün nəticələr çıxarmasında idi. O, çoxlu sayda müxtəlif xarakterli hadisələrə vahid bucaq altında baxa bilirdi. Obrazlı desək, hadisələrin müxtəlifliyi fövqündə diqqətini bir nöqtəyə fokuslaşdırır, mənzərəni bütöv görə bilirdi. Burada ona kreativ təfəkkürə sahib olması çox yardım edirdi. Ulu öndər hadisələrin nə ilə nəticələnə biləcəyini öncədən dəqiq müəyyənləşdirirdi. Onun bu qabiliyyəti Azərbaycan dövlətçiliyi üçün həyati əhəmiyyəti olan bir məsələdə də düzgün seçim etməyə imkan verdi. Biz nəyi nəzərdə tuturuq?

Siyasi kurs davam edir...

Bəli, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi üçün gördüyü çox mühüm işlər sırasında idarəetmənin, hakimiyyətin varisliyini saxlaması ayrıca yer tutur. Prezident İlham Əliyev dəqiqliklə Heydər Əliyevin başladığı işləri davam etdirir. Tale mənə İlham Əliyevlə də birgə çalışmağı qismət etmişdir. Bu, mənə xarici siyasət kursunda varisliyin gözlənilməsinin şahidi olmaq şərəfini vermişdir. Tam məsuliyyətlə deyə bilərəm ki, İlham Əliyev çox layiqli, bacarıqlı və yaradıcı düşüncəsi olan varisdir. Azərbaycanın xarici siyasətdə əldə etdikləri bunun ən gözəl sübutudur. Bu gün dünyanın ən ucqar guşəsində belə Azərbaycanı tanıyırlar. Mədəniyyət, idman, musiqi və s. sahələrdə əldə edilən uğurların bəhrəsini görürük. “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi tarixi nailiyyətdir. Təsadüfi deyil ki, Azərbaycana qısqanclıq edənlər bu tədbirin keçirilməsinə mane olmaq üçün dəridən-qabıqdan çıxırdılar. Çünki qorxurdular ki, dünyanın hər yerindən insanlar gəlib, Azərbaycanın müasir dövlət, azərbaycanlıların da mədəni insanlar olduğunu öz gözləri ilə görəcəklər. Tədbirin keçirilməsinə mane ola bilmədilər. İndi Azərbaycan yeni bir uğura imza atmağa hazırlaşır. Avropa Olimpiya Komitəsi qərara alıb ki, ilk Avropa Olimpiya Oyunları Bakıda keçirilsin. Bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir.

Azərbaycan enerji təhlükəsizliyini təmin edən beynəlxalq layihələrin fəal iştirakçısı, təşkilatçısı və sərmayəçilərindəndir. BMT, ATƏT, Avropa Şurası, YUNESKO, İƏT, MDB, GUAM, İƏT, AQEM kimi təşkilatlarda ölkəmiz söz sahibidir. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istiqamətində aktiv siyasətini davam etdirir. Ulu öndərin bu sahədə gördüyü işləri məntiqi sonluğa çatdırmaq üçün ciddi addımlar atılır. Müxtəlif geosiyasi güclərin maneə törətmək planlarına qarşı Azərbaycan təmkinli və praqmatik mövqe seçərək hərəkət edir. Bütün bunların nəticəsi olaraq Azərbaycanın regionda və dünyada geosiyasi mövqeyi möhkəmlənir, bütün sahələr üzrə inkişaf davam edir. Ulu öndərin dediyi “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” (10) fikri reallaşır. Azərbaycan qəlbinin nuru, təfəkkürünün işığı və intellektinin enerjisi ilə dünyanı aydınladacaq.

Ədəbiyyat

  • 1. Əliyeva M.A. Həyat dərsi. URL: http://www.mehriban-aliyeva.org/az/article/item/1578.
  • 2. Волкова Т.П. Проблема мультикультурализма в философии Ю.Хабермаса // Вестник МГТУ. 2006, т.9, №1, c. 21-26.
  • 3. Хабермас Ю. Философский дискурс о модерне / пер. с нем. М.: Весь Мир, 2003, 416 с.
  • 4. Hayek F.A. Individualism and Economic Order. Chicago: University of Chicago Press, 1948.
  • 5. Hayek F.A. The Fatal Conceit: The Errors of Socialism. Chicago: University of Chicago Press, 1989.
  • 6. Согрин В.В. Этапы американского консерватизма // Новая и Новейшая история. М., 1991.
  • 7. Mehdiyev R.Ə. Heydər Əliyev təlimi: dövlətçilik və azərbaycançılıq // Fəlsəfə və Sosial-Siyasi elmlər. Elmi-nəzəri jurnal. Bakı, 2008, № 2(20), s.11-29.
  • 8. Сюни Р. Живя с другими: конфликт и сотрудничество между кавказскими народами // Кавказские региональные исследования. 1997, том 2, выпуск 1.
  • 9. Dünya Azərbaycanlılarının I Qurultayı: Bakı şəhəri, 9-10 noyabr 2001-ci il / bur. məsul R.Ə. Mehdiyev; tərt. Ə.M. Həsənov. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 351 s.
  • 10. Əliyev H.Ə. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciət // “Azərbaycan” qəzeti, 30 dekabr 2000-ci il, № 300 (2712).
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...