THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

G20 və qlobal çağırışlar: Los-Kabosdan baxış

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11208
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Meksikanın Los-Kabos şəhəri iki gün dünya siyasətinin mərkəzinə çevrildi. "Böyük iyirmilik" (G20) adlanan təşkilata üzv olan ölkə başçılarının orada keçirilən növbəti sammitinə ümidlə baxanlar az deyildi. G20, 1999-cu ildə yaradılıb. Bu təşkilata dünyanın iqtisadi cəhətdən ən güclü 19 ölkəsi və Avropa İttifaqı daxildir. Dünya ÜDM-nin 90%-i, dünya ticarətinin 80%-i və əhalinin təqribən 70%-i G20-yə daxil olan dövlətlərin payına düşür. Əvvəllər G20 çərçivəsində maliyyə nazirləri və mərkəzi bankların sədrləri ildə bir dəfə görüşlər keçirirdi. Dünya maliyyə böhranı ilə əlaqəli olaraq 2008-ci ildən təşkilat dövlət başçıları səviyyəsində toplantılar keçirir. Meksikada keçirilən sammit sayca yeddincidir.

Sammitin gündəliyində əsas məsələ Aİ-nin düşdüyü maliyyə böhranı və ondan çıxış yollarının axtarılması oldu. Müzakirələrdə Aİ-də yaranmış maliyyə böhranının dünyanın maliyyə sistemi üçün təhlükə olduğu qeyd olunub. O cümlədən, dövlət başçıları avrozonanı xilas etməyin yollarını axtardılar. Dünya maliyyə sistemində islahatların aparılmasını müzakirə etdilər. Sammitin ikinci günü Beynəlxalq Valyuta Fondunun maliyyə ehtiyatlarını artırmaq haqqında razılığa gəlindi. Bir neçə dövlət (Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika) BVF-nin büdcəsinin 430 milyard dollara çatdırılmasına hazır olduqlarını bildirdilər. Ancaq həmin dövlətlər BVF-nin fəaliyyətində daha böyük rol oynamaq istədiklərini də bildiriblər. Bu isə qlobal miqyasda qüvvələr nisbətinin dəyişməsinə aparan prosesə bənzəyir.

Dünyanın böyük dövlətləri Los-Kabosda Suriya, İran və Cənubi Qafqazda mövcud olan geosiyasi problemləri də müzakirə etdilər. Həmin regionlarda təhlükəsizliyin təmini məsələsinin daha da aktuallaşdığını vurğuladılar.

Onu demək lazımdır ki, Azərbaycan G20-nin bu ilin fevralında keçirilən toplantısına müşahidəçi qismində dəvət edilmişdi. Bu, ölkəmizin böyük siyasi uğurudur. Azərbaycanın həmin tədbirə dəvət edilməsi onun dünyada nüfuzunun artdığını göstərir. Ölkəmizi artıq geosiyasi oyunçu kimi qəbul edirlər.

"Narahat” Obama və "inadkar” Putin

ABŞ və Rusiya prezidentlərinin görüşü diqqət mərkəzində idi. B.Obama ilə V.Putin Los-Kabosdan əvvəl görüşməli idilər. Lakin V.Putin nə "səkkizlərin” Kemp-Devid görüşünə, nə də NATO-nun Çikaqo sammitinə getmədi. Ekspertlər bunu Rusiyanın dünya problemlərini daha geniş tərkibdə müzakirə etmək istəyi kimi qiymətləndirdilər. ABŞ-ın RAND elmi-tədqiqat mərkəzinin aparıcı elmi işçisi Endrü Vays Rusiyanın "səkkizlər”in dünya problemlərini həll edə biləcəyinə şübhə etdiyini qeyd edir. O, 12 ildir ki, V.Putinin fəaliyyətini izlədiyini və Rusiya prezidentinin "praqmatik insan” olduğunu deyir. E.Vays "iyirmilər”i hazırda dünyanın inkişaf etmiş ölkələrinin fəaliyyətini tənzimləyə bilən "yeganə mexanizm” hesab edir. Maraqlı fikirdir. Çünki belə olarsa, dünyanın qlobal problemlərinin həlli məsələsi Qərbin inhisarından çıxa və daha geniş tərkibdə dövlətlərin nəzarətinə keçə bilər. Bu, Rusiya, Çin, Braziliya, Türkiyə kimi böyük dövlətlərin maraqlarına uyğundur. O baxımdan Los-Kabos sammiti dünyanın geosiyasi mənzərəsində yeni tendensiyanın başlanğıcı ola bilər.

Hələlik isə ekspertlər ABŞ və Rusiya arasında İran və Suriya məsələsində fikir ayrılığının qaldığını qeyd edirlər. "The New York Times” qəzetinin əməkdaşı Helen Kuper yazır ki, Obama ilə iki saatlıq görüş müddətində "Putin Suriya məsələsində inad edib”. İran məsələsində isə tərəflər yalnız "ümumi yanaşma”nı müzakirə ediblər. Konkret müzakirələrin isə sonraya saxlandığı məlum olub. "Le Monde”, "Handelsblatt”, "Il Sole 24 Ore” nəşrləri də Suriya və İran məsələsi ilə bağlı ABŞ və Rusiya arasında fikir ayrılıqlarının mövcud olduğunu qeyd ediblər.

ABŞ-da bəzi analitik və siyasətçilər Obama-Putin görüşünü fərqli qiymətləndiriblər. Məsələn, prezidentliyə namizəd M.Romni bu görüşün B.Obama üçün bir növ "test” olduğunu deyib. "Le Temp” nəşri M.Romninin "Obamanın xarici siyasət məsələlərini həll etməkdə liderlik keyfiyyəti çatmır” fikrini xüsusi vurğulayıb. M.Romni onu da deyib ki, Rusiya Suriya rejimini silahlandırır, İrana qarşı beynəlxalq sanksiyalara mane olur. O, Rusiyanı Amerikanın əsas siyasi rəqibi adlandırıb. "The Washington Times” yazır ki, senator Con Makkeyn də Rusiyanı Suriyaya dəstək verdiyinə görə tənqid edib. C.Makkeyn Suriyaya dərhal hərbi güc göndərilməsinə çağırıb.

Bunlarla yanaşı, Los-Kabosdan verilən məlumatlarda B.Obama ilə V.Putinin Suriya və İranla bağlı bəzi məsələlərdə razılığa gəldikləri bildirilib. ABŞ və Rusiya prezidentləri danışıqlarda Cənubi Qafqazdakı vəziyyətə də toxunublar. Türkiyənin baş naziri R.T.Ərdoğanla V.Putinin görüşündə ikitərəfli münasibətlərlə yanaşı, regionda yaranmış vəziyyət müzakirə edilib. Belə görünür ki, təhlükəsizlik məsələsi dövlət başçılarının ikitərəfli görüşlərində ciddi müzakirə edilib. Bu baxımdan, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiya prezidentlərinin Los-Kabosda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat vermələri diqqəti çox çəkir.

Yeni bəyanatda köhnə çağırışlar

Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatında qeyd olunur ki, siyasi iradənin nümayişi kimi, tərəflər danışıqlardakı ifrat mövqelərindən geri çəkilməli, 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına hörmətlə yanaşmalı, gərginliyi artıran ritorikadan istifadə etməməlidirlər. Prezidentlər münaqişənin həllində tərəfləri Helsinki Yekun Aktının prinsipləri, xüsusilə də güc tətbiqindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə hüquqlarına, eləcə də həmsədr dövlətlərin rəhbərlərinin 2009-cu il L'Akuila və 2010-cu il Muskoka bəyanatlarında əks etdirilən nizamasalma elementlərinə əsaslanmağı məsləhət görmüşlər. "Hərbi qüvvənin münaqişəni həll etməyəcəyini və bölgədə insanların əzablarını və çətinliklərini daha da artıracağ"ını hesab edən ABŞ, Rusiya və Fransa prezidentlərinin fikrincə, bölgəni status-kvodan çıxararaq təhlükəsiz və rifahlı gələcəyə yalnız danışıqlar yolu ilə əldə edilən sülh apara bilər.

Los-Kabosda verilən bəyanatda deyilir ki, Dağlıq Qarabağ məsələsi yalnız sülh yolu ilə həll edilə bilər. Prezidentlər bəyanatda 2011-ci il mayın 26-da Dovildə verdikləri birgə bəyanatı xatırladıblar. Onlar həmin bəyanatda "böyük səkkizliy"in ötən ilin mayında Fransadakı zirvə toplantısında prezidentlərin birgə bəyanatında səsləndirilən təkliflərlə bağlı münaqişə tərəfləri qəti addımlar atmadıqlarını ifadə ediblər. Ancaq hərtərəfli sülh üzrə işi başa çatdırmaq üçün indiyədək əldə edilən irəliləyiş münasib məqam yarada bilər. Həmsədr dövlətlər bəyanatda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2012-ci il yanvarın 23-də Soçidə qəbul etdikləri birgə bəyanatı da yada salıblar. Münaqişənin Helsinki Yekun Aktının şərtləri daxilində həmin bəyanatlardan irəli gələn tələblər çərçivəsində həll edilməsini düzgün sayıblar.

Onu deyək ki, Azərbaycan XİN dərhal bu bəyanata reaksiya verərək, orada səslənən fikirlərlərazı olduğunu ifadə edib. İyunun 18-də isə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi də iştirak edib. Əvvəlcə bəzi məqamlara nəzər salaq.

23 yanvar 2012-ci il Soçi bəyanatı. Orada deyilir ki, tərəflər "münaqişənin həllini sürətləndirməlidirlər”. Bunu Madriddə qəbul edilmiş münaqişəni nizamlamağın prinsipləri əsasında etməlidirlər. Bəyanatda Azərbaycan və Ermənistan arasında humanitar sahədə əlaqələrin yaradılması zəruriliyi qeyd olunub. Bunlar 2011-ci il 5 mart bəyanatından irəli gələn tələblər çərçivəsində həyata keçirilməlidir. 5 mart 2011-ci il Soçi bəyanatında vurğulanır ki, tərəflər münaqişəni dinc yolla həll etməli və hərbi əsirləri dəyişməlidirlər.

Bu xronologiyanı niyə xatırladırıq? Məsələ ondan ibarətdir ki, bir neçə ildir həmsədr dövlət başçıları təqribən eyni məzmunlu bəyanatlar verirlər, lakin münaqişənin həllində zərrə qədər də irəliləyiş yoxdur. Bunun səbəbini də həmin bəyanatlarda tələb olunanlarla reallıqda baş verənləri müqayisə edəndə aydın görmək olur. Məsələn, L'Akuila bəyanatında göstərilir ki, "Dağlıq Qarabağ ətrafındakı ərazilər qaytarılmalıdır”, "Dağlıq Qarabağın hüquqi statusu onun əhalisinin iradəsi əsasında müəyyən edilməlidir” və s. Lakin bunların heç biri yerinə yetirilməyib. Çünki Ermənistan heç 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl etməyib. O zamandan bu yana həmsədrlər təntənəli bəyanat verirlər, rəsmi İrəvan isə onları qulaq ardına vurur. ABŞ, Fransa və Rusiya isə bunun müqabilində Ermənistana heç bir ciddi və real təzyiq göstərmirlər.

Deməli, həmsədr dövlətlərin başçıları müraciətlərində müəyyən düzəlişlər etməlidirlər. Məsələn, birbaşa mətnlə Ermənistandan soruşmalıdırlar ki, "nə üçün L'Akuila görüşünün prinsiplərində qeyd olunmuş ərazilərin qaytarılması həyata keçməyib”? Və yaxud "nəyə görə, Dağlıq Qarabağda referendum keçirmək üçün oradan qovulmuş azərbaycanlılar evlərinə qaytarılmayıblar”?

Şübhə etmirik: bu kimi suallara cavablar təcavüzkardan tələb olunmasa və real tədbirlər görülməsə, həmsədrlər bundan sonra min bəyanat versələr də, münaqişə həll edilməyəcək. Azərbaycan prezidentindən münaqişənin həlli ilə bağlı bundan sonra nəsə tələb etməyin heç bir əsası yoxdur. Hiss edilir ki, ABŞ, Fransa və Rusiya Cənubi Qafqazda və Yaxın Şərqdə vəziyyətin nəzarətdən çıxa bilməsindən narahatdırlar. Ona görə də onların bəyanatında region dövlətlərini "sakitləşdirmək” istəyi duyulur. Bütövlükdə bəyanatın verilməsi və orada Madrid prinsiplərinə əsaslanması müsbət haldır. Bunu təqdir etmək lazımdır. Lakin münaqişəni həll etmək üçün vasitəçilər mütləq ədalətli və obyektiv olmalıdırlar. Hər bəyanatda Azərbaycana hansısa tələbi xatırlatmaq, beynəlxalq hüquq və ədalət baxımından uğurlu hesab edilə bilməz. Çünki Ermənistan həmsədr dövlətlərin heç bir təklifini real olaraq qəbul etmir və işğal etdiyi əraziləri tərk etmir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...