THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: “Ermənistan beynəlxalq təşkilatların qərar-qətnamələrinə və Madrid prinsiplərinə hörmət etməlidir”

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13321
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Newtimes.az” portalına müsahibəsi

– Novruz müəllim, ABŞ, Rusiya və Fransa prezidentlərinin Los-Kabosda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri son bəyanat siyasi dairələrdə böyük maraq doğurub. Bununla bağlı hansı məqamlara toxunmaq istərdiniz?

Əslində, belə bir bəyanat verməyin vaxtı çoxdan çatmışdı. Ona görə də Azərbaycan ABŞ, Rusiya və Fransa prezidentlərinin Los-Kabosda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri bəyanatı dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin münaqişəni dinc yolla həll etmək niyyətlərini bir daha bəyan etmələrini alqışlayırıq. Azərbaycan həmişə münaqişənin danışıqlar yolu ilə həll edilməsi prinsipinə üstünlük vermişdir və indi də həmin mövqeyində qalır. Minsk qrupu çərçivəsində aparılan bütün danışıqlarda dövlətimiz problemin dinc yolla həllinə sadiqliyini nümayiş etdirmişdir. Azərbaycan rəhbərliyi münaqişənin nizama salınması ilə bağlı Helsinki Yekun Aktının prinsiplərini qəbul edir. O cümlədən, güc tətbiq etməmək prinsipinə hörmətlə yanaşır.

Azərbaycan atəşkəs rejimini pozmayıb və bundan sonra da pozmaq fikrində deyil. Ermənistan silahlı qüvvələri isə tez-tez atəşkəsi pozur və günahsız insanları qətlə yetirir. ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza son səfəri zamanı da Ermənistan bütün cəbhə boyu mövqelərimizi atəşə tutdu. Azərbaycan yalnız belə hallarda təcavüzkarı təxribatçı hərəkətlərindən çəkindirmək üçün cavab verir. Yəni biz Ermənistanı təcavüzkar niyyətlərindən çəkindirməyə çalışırıq. Belə olmasaydı, Ermənistanın atəşkəsi dəfələrlə pozmasından istifadə edərək, hərbi yolla torpaqlarımızı işğaldan azad edərdik.

Biz Madrid prinsiplərinə hörmətlə yanaşır, onlara əməl etməyi təklif edirik. Ermənistanın ərazi bütövlüyünü təhdid edən addım atmırıq. Xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıyırıq. Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycanda beynəlxalq hüququn imkan verdiyi ən yüksək statusu təklif edirik.

Münaqişəni dinc yolla həll etmək üçün lazım olan əsas prinsipləri razılaşdırmaq məsələsinə gəldikdə isə, Azərbaycan Prezidenti bu istiqamətdə bütün imkanlardan istifadə etməyə çalışır. Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin L'Akuila, Dovil, Muskoka və Los-Kabos bəyanatlarında ifadə olunan tələblərin yerinə yetirilməsi üçün Prezident İlham Əliyev konkret mövqe nümayiş etdirir. Yalnız Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi prosesi dalana dirəmişdir. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin bəzi məqamlara diqqət etmələri bizcə, daha konstruktiv addım olardı.

– Novruz müəllim, Siz konkret nəyi nəzərdə tutursunuz?

– Çox təəssüf olsun ki, həmsədr dövlətlərin bəyanatlarında münaqişə tərəfləri arasında fərq qoyulmur, onlar bir növ eyniləşdirilir. Axı, Ermənistan 20 ildir ki, Azərbaycanın ərazisini işğal edib. Yəni Ermənistan işğalçı dövlətdir. Bəyanatlarda gərək bu məqam aydın qeyd edilsin. İşğalçının adı çəkilsin. İşğal nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb, öz vətənində qaçqın statusundadır. Amma həmsədr dövlətlərin başçılarının verdikləri bəyanatlarda bunlar haqqında konkret mövqe bildirilmir.

Ümumi müraciətlə Ermənistanı ədalətli mövqeyə gətirməyin mümkün olmayacağını düşünürəm. Təcrübə də bunu təsdiq edir. Məsələn, həmsədr dövlət başçılarının 2009-cu il L'Akuila bəyanatında Dağlıq Qarabağ ətrafında yerləşən rayonlardan erməni silahlı qüvvələrinin çəkilməsi tələbi var. İndiyə qədər Ermənistan həmin tələbi yerinə yetirməmişdir. Ermənistanın bu tələbi yerinə yetirmədiyinə görə, həmsədr dövlətlər ona hansı xəbərdarlıqları etmişlər? Xatırlamırıq. Başqa bir nümunə göstərə bilərəm.

Hərbi qüvvələrin təmas xətti haradan keçir? Hərbi qüvvələrin təmas xətti Azərbaycan ərazisindədir. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Ağdərə və s. Bunlar cəbhə bölgələridir. Deməli, Ermənistan silahlı qüvvələri bizim öz ərazimizdə əsgərlərimizə və dinc əhaliyə qarşı atəş açır. Ölən və yaralananlar olur. Yəni faktiki olaraq müharibə yalnız Azərbaycan ərazisində gedir. Beynəlxalq aləm də həmin ərazilərin Azərbaycana məxsus olduğunu rəsmən tanıyıb. Amma münaqişənin həlli ilə bağlı verilən bəyanatlarda, qəbul edilən sənəd və qətnamələrdə bunu necə nəzərə almamaq olar? Nəzərə almamağın nəticəsi göz qabağındadır – Ermənistan başqasının ərazisini işğalda saxlamaqda və dünya ictimaiyyətini böhtan və dezinformasiya dolu təbliğat kampaniyası aparmaqla çaşdırmaqda davam edir.

Ermənistan atəşkəsi demək olar ki, hər gün heç nədən çəkinmədən pozur. Sonra dünyaya bəyan edir ki, bunu Azərbaycan tərəfi edib. Müxtəlif ölkələrdə imkanları geniş olan erməni diasporu dərhal təbliğat kampaniyası apararaq rəsmi İrəvanın bu yalanını həqiqət kimi qəbul etdirmək üçün hər şey edir. Ancaq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dünyanın ən qüdrətli dövlətləridir, nəyin doğru, nəyinsə yalan olduğunu yaxşı bilirlər.

– Sizcə, bu vəziyyətdən çıxış yolu nədən ibarətdir?

– Los-Kabosda verilən bəyanatda müsbət bir fikir var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yaranmış status-kvonun saxlanması yolverilməzdir. Azərbaycan nə birtərəfli üstünlüyə nail olmağa çalışır, nə də danışıqlarda ifrat mövqe tutur. Status-kvonun dəyişməsi ərazi bütövlüyünün təmin edilməsi prinsipi əsasında torpaqlarımızın işğaldan azad olunmasında əksini tapmalıdır. Azərbaycan dövləti vətəndaşları olan ermənilərə beynəlxalq hüquq çərçivəsində yüksək özünüidarə hüququnu verəcəkdir. Lakin bütün bunların olması üçün Ermənistanın beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə, qətnamələrə, həmsədr dövlətlərin verdikləri bəyanatlara, Madrid prinsiplərinə hörmət etməsi lazımdır.

Bəs reallıqda nələr baş verir? Ermənistan münaqişə ilə bağlı beynəlxalq təşkilatların qətnamələrini və digər sənədlərdə qoyulan tələbləri yerinə yetirmir. Bu, beynəlxalq hüquqa saymamazlıq göstərməkdir və münaqişənin həll edilməsində əsas maneədir. Ermənistan rəhbərliyi dünya ictimaiyyətini aldatmaq üçün istənilən bəyanatı verirlər. Məsələn, Ermənistanın xarici işlər naziri Nalbandyan Los-Kabos bəyanatı veriləndən dərhal sonra reallığa qətiyyən aidiyyəti olmayan fikirlər söyləyib. O, bəyanat verərək Ermənistanın həmsədr dövlətlərin verdiyi bütün təklifləri qəbul etdiyini, münaqişəni Madrid prinsipləri əsasında həll etməyə çalışdıqlarını, ancaq Azərbaycanın tutduğu mövqe ucbatından buna nail ola bilmədiklərini deyir. Siyasətçi gərək həmişə bəzi reallıqları nəzərə alsın.

Təəssüf ki, hələlik beynəlxalq aləmdə bəzi dairələr Ermənistan rəhbərliyinin yalan və dezinformasiya xarakterli bəyanatlarının girovuna çeviriliblər. Bu da münaqişənin həllini uzadır. Ən təhlükəli cəhət ondan ibarətdir ki, bu kimi addımlarla Ermənistan Cənubi Qafqazda geosiyasi situasiyanı gərginləşdirir. Geosiyasi və hərbi risk faktorunu artırır. Bütövlükdə, bölgədəki vəziyyəti qeyri-müəyyən edir.

Azərbaycana gəldikdə isə, biz öz mövqeyimizi həmişə birmənalı və konkret ifadə etmişik. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində hərəkət edir və bundan sonra da edəcəkdir. Biz öz ərazi bütövlüyümüzü qorumaq mövqeyimizdən geri çəkilməyəcəyik. Ermənistan işğal etdiyi ərazilərimizi tərk edənə qədər bu ölkə ilə rəsmi səviyyədə heç bir əlaqə qurmayacağıq. Regiondakı beynəlxalq layihələrdə Ermənistanın iştirakı mümkün olmayacaq.

Bununla yanaşı, Azərbaycan ATƏT-in Minsk qrupunu münaqişənin həll edilməsinin əsas formatı kimi qəbul edir. Həmsədr dövlətlərin problemi sülh yolu ilə və gecikmədən həll etmək niyyətlərini alqışlayırıq. Bu prosesdə rəsmi Bakı öhdəsinə düşən bütün vəzifələrə həmişə olduğu kimi bundan sonra da əməl etməyə hazırdır. Ancaq beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, ərazilər hələ də Ermənistanın işğalı altındadır. Azərbaycanın ərazi bütövlüyü BMT və bütün dünya dövlətləri tərəfindən tanındığı halda, bu vəziyyət qəbuledilməzdir. Hər şeydən əvvəl beynəlxalq aləm bunu qəbul etməməlidir, işğala son vermək üçün təcili tədbirlər həyata keçirilməlidir.

Azərbaycan hər bir halda BMT-nin dövlətlərarası münasibətlərdə mübahisəli məsələlərin həlli üçün müəyyənləşdirdiyi güc tətbiqindən çəkinmək prinsipinə sadiqdir. Eyni zamanda, BMT ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə Ermənistanın hörmətlə yanaşmasını da təmin etməlidir. Əks halda, beynəlxalq aləmdə çoxlu sayda ziddiyyətli situasiyaların yaranması prosesi genişlənəcək. Yəni Azərbaycan hesab edir ki, münaqişənin yalnız beynəlxalq hüquq çərçivəsində həll edilməsi həmçinin beynəlxalq münasibətlərə yaxşı töhfə olar.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...