
Bakı, 27 dekabr 2021 – Newtimes.az
Biz bu mövzuya həsr edilmiş birinci yazıda Azərbaycanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində fəaliyyətinə qlobal geosiyasi proseslərin bir sıra ziddiyyətləri və riskləri müstəvisində nəzər salmağa çalışdıq. Həmin kontekstdə proqramın məqsədləri ilə "Şərq tərəfdaşlığı"na üzv olan ölkələrin milli maraqları arasındakı nisbət aspektində bir sıra məsələləri analiz etdik. Assosiativ üzvlərin 2009-cu ildən bu yana milli dövlətçiliyin inkişafı, demokratiya, iqtisadi islahatlar, sabitlik, təhlükəsizlik kimi vacib istiqamətlərdə əldə etdikləri nəticələri təhlil etdik. Və meydana gələn mənzərə prizmasından Azərbaycan rəhbərliyinin "Şərq tərəfdaşlığı"nın üzvü kimi siyasətinin uğurlarının səbəbləri məsələsinin qoyuluşuna gəlib çıxdıq. Birinci yazıda bu məsələ qismən "Şərq tərəfdaşlığı"nın VI sammitində baş verən proseslər kontekstində nəzərdən keçirildi. Lakin Prezident İlham Əliyevin "Şərq tərəfdaşlığı" proqramı istiqamətində həyata keçirdiyi siyasətin daha geniş, əhatəli, dərin analizinə ciddi ehtiyac vardır. Biz ikinci yazıda məhz məsələnin bu aspektini analiz etməyə çalışacağıq.
Gözlənilməz məqam, yoxsa
məntiqi son: Avropa İttifaqı siyasi xəttində dəyişikliklər edir
"Şərq tərəfdaşlığı"
proqramının VI sammitində Avropa İttifaqı ilə postsovet məkanı ölkələri
arasında siyasi münasibətlərin fərqli ovqatda "aydınlaşdırılması" və
bu prosesdə təşkilatın "xeyli yumşaq" mövqedə olması görüntüsünün
yaranmasını ekspertlər adi hal hesab etmirlər. Ekspertlər Avropa İttifaqının həqiqətən
bu məsələdə daha yumşaq mövqe tutmaq məcburiyyətində qaldığına inanırlar.
Xüsusilə Azərbaycana münasibətdə Brüssel müsbət tərəfə xeyli dəyişib.
Bu dəyişikliyin
kökündə Azərbaycan Prezidenti İlham Əliyevin geniş miqyasda Avropa İttifaqı ilə
əməkdaşlıq siyasətinin məzmunu və məqsədi, onun alt hissəsi kimi isə "Şərq
tərəfdaşlığı" proqramı çərçivəsində həyata keçirilən davamlı müstəqil xəttin
dayandığına tam əminik. Təsadüfi deyil ki, ekspertlərin İlham Əliyevin "triumfal
diplomatik məharəti" adlandırdığı son Brüssel görüşlərində Avropa İttifaqı
ilə münasibətlər "Şərq tərəfdaşlığı" çərçivəsindəki münasibətlərlə
sıx bağlılıqda müzakirə olundu. Bu iki aktual məsələyə NATO ilə əməkdaşlıq da əlavə
edilmişdi. Deməli, Azərbaycan Prezidentinin sistemli siyasətinin nəticəsi
olaraq Avropa İttifaqı və NATO münasibətlərə vahid bucaq altında baxmağa
üstünlük verirlər. Bu cür mövqe adətən qarşıdakı tərəfi ciddi güc olaraq qəbul
etməklə, onunla bütün sferalar üzrə münasibətlərə sistemli yanaşmağa əsaslanır.
Assosiativ üzvlərə isə Brüsselin qarşıya qoyduğu vəzifələri səliqəli və Avropa
meyarları çərçivəsində yerinə yetirməli olan "sözəbaxan dostlar" kimi
yanaşılır. Bu fərqin tədricən meydana gəldiyini dərk etmək gərəkdir.
Doğrudan da, 2009-cu
ildə "Şərq tərəfdaşlığı" proqramı rəsmən işə salınanda rəsmi Brüssel
özünü hakim kimi aparırdı. Ona elə gəlirdi ki, üzv ölkələr avtomatik olaraq
onun diqtəsini qəbul etməlidirlər. Öncədən qəbul edilmişdi ki, proqramın üzvləri
siyasi proseslərdə antirusiya mövqeyi tutmalıdırlar. Onlara təklif edilən əməkdaşlıq
forması isə tədricən Aİ-ni "böyük qardaş” kimi qəbul etməyə hazırlayırdı.
Assosiativ üzvlük bunun mexanizmlərindən biri idi. Azərbaycan Prezidenti lap
başdan assosiativ üzvlüyü qəbul etmədiyini ifadə etdi. 2013-cü ildə isə rəsmi
Bakı özünün əməkdaşlıq paketini hazırladı. Nəticədə, faktiki olaraq assosiativ
üzvlərlə Azərbaycanın mövqeyi fərqlənməyə başladı. Birinci yazıda
vurğuladığımız kimi, Aİ-nin 2015-ci ildən fərqli strategiyaya keçidi oldu və nəhayət,
2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə əldə etməklə Azərbaycan
geosiyasi statusunu əhəmiyyətli dərəcədə möhkəmləndirdi.
Bunlardan Avropa
İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində həyata
keçirdiyi siyasətin dəyişmə dinamikası ilə bağlı nəticə çıxara bilərik. Belə
görünür ki, 2009-cu ildən bu yana Brüsselin "Şərq tərəfdaşlığı" istiqamətində
tutduğu mövqe üç mərhələdə transformasiyaya uğrayıb. Birinci mərhələ
2009-2015-ci illəri əhatə edir. Bu müddətdə Aİ proqrama üzv olan dövlətlərə
qarşı mütləq hakim mövqeyində olub. Həm də geosiyasi və siyasi-ideoloji olaraq
antirusiya əhval-ruhiyyəsi hökm sürüb. Brüsselin bunda məqsədi postsovet məkanının
6 ölkəsini özünə tərəf çəkməklə onları Rusiyaya qarşı kökləməkdən ibarət olub.
Bu mövqeyini ifadə etmək üçün əsas mexanizm kimi assosiativ üzvlükdən istifadə
edilib. Assosiativ üzvlərin isə əsas istəyi Aİ və NATO üzvlüyü idi.
Bu ziddiyyətli və reallaşması
mümkün olmayan mövqe üzərində Aİ 2013-2014-cü il Ukrayna böhranından sonra
düşünməyə məcbur oldu. 2015-ci ildə təşkilat ümumiyyətlə, xarici siyasətində dəyişikliklər
fonunda "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində öncəki mərhələdən fərqli
strategiya müəyyən etdi. Onun başlıca əlamətləri, üzv dövlətlərlə münasibətləri
geosiyasi və siyasi aspektdən inklüziv cəmiyyət quruculuğu aspektinə keçirmək
olmuşdur.
İnklüziv cəmiyyət
quruculuğu üzv dövlətlərin cəmiyyətlərində sosial, iqtisadi, mədəni, psixoloji
və s. aspektlərdə demokratik qaydaların tətbiqi əsasında cəmiyyətin bütün
sferalarında legitimliyi təmin etməyi nəzərdə tutur. Buna uyğun olaraq Aİ
antirusiya mövqeyini bir qədər yumşaltmışdı. Lakin hələ də onun sənədlərində
Rusiya "aqressiv qonşu” kimi səciyyələndirilir. İkinci mərhələnin digər fərqli
cəhəti 2020-ci ilə qədər konkret punktlar müəyyən edib, BMT-nin 2030-cu ilədək
nəzərdə tutduğu 17 prioritet istiqamətlər üzrə vəzifələr müəyyən etməkdən ibarət
idi.
Bu zaman proqrama
daxil olan dövlətlərə konkret anladıldı ki, Aİ-yə üzvlükdən söhbət gedə bilməz.
Brüssel postsovet məkanı ölkələrindən heç birini təşkilata tam üzvlüyə qəbul
etmək fikrində deyil. Avropa İttifaqının bu açıqlaması assosiativ üzvlərə "soyuq
duş" təsiri bağışladı. Onlar anladılar ki, Azərbaycan əvvəlcədən çox doğru
yol seçib. Lakin artıq gec idi və kənara çəkilmək daha ağır vəziyyətə gətirib
çıxara bilərdi.
Üçüncü mərhələ: Azərbaycan
oyun qaydasını dəyişir
Nəhayət, üçüncü mərhələni
Azərbaycanın fəaliyyəti gündəmə gətirdi. Bu, 2020-ci il 44 günlük İkinci Qarabağ
Müharibəsinin meydana gətirdiyi yeni reallıqların fonunda baş verdi. Öncə,
Brüssel qeyri-ardıcıl addımlarla situasiyanı dəyişməyə çalışdı. Azərbaycana
qarşı edilən cəhdlərin hamısı boşa çıxdı. Xüsusilə Fransanın ermənipərəst
mövqeyi heç bir nəticə vermədi. Azərbaycan Prezidenti qətiyyəti, ədalətli və
müdrik mövqeyi ilə Brüsselə çox şeyləri anlatdı. Bütün bunlar ağır pandemiya mərhələsinin
də təsirinə məruz qaldı.
Aydın oldu ki, artıq "Şərq
tərəfdaşlığı" proqramı əvvəlki formatda işləyə bilməz və Aİ Azərbaycanın
regionda yaratdığı yeni geosiyasi reallığı mütləq nəzərə almalıdır. Həmin
reallıqlar Brüsselin bütövlükdə proqramda dəyişiklik etməsini şərtləndirdi.
Yeni geosiyasi məqamları "Şərq tərəfdaşlığı" proqramı kontekstində
qısaca aşağıdakı kimi xarakterizə etmək olar:
Azərbaycan assosiativ
üzvlük variantına qətiyyən qatılmayacaq və üstəlik, özünün təklif etdiyi layihəni
reallaşdırmaqda qərarlıdır;
Azərbaycan regionun
lideri kimi yeni geosiyasi nizamın, təhlükəsizliyin və əməkdaşlığın
formalaşmasında aparıcı qüvvədir;
Cənubi Qafqazda
Türkiyə-Azərbaycan müttəfiqliyi həm də yeni regional geosiyasi gücün meydana gəlməsi
deməkdir;
Cənubi Qafqaz
regionunda Rusiya sabitlik, təhlükəsizlik və əməkdaşlıq istiqamətləri üzrə
mövqeyini daha da möhkəmlətdi və başqa güclərin regiona bu aspektlərdə müdaxiləsinə
imkan verməyəcək;
Aİ Cənubi Qafqazda
geosiyasi təsirini saxlamaq istəyirsə, mütləq ilk növbədə Azərbaycanla münasibətlərinə
yenidən baxmalıdır.
Bütün bunlar son
Brüssel sammitində Aİ və NATO-nun Azərbaycana münasibətində öz əksini tapdı.
Bu, faktiki olaraq Azərbaycan Prezidentinin siyasi və diplomatik kursunun böyük
təntənəsidir. Bu tezisin punktları üzərində geniş dayanaq.
Dekabrın 14-də Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev
və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirdi. Görüşdən
sonra Ş.Mişel yaydığı bəyanatda Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin
aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla
Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış etdi.
Bəyanatda bildirilir
ki, "2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri
və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir". Bundan
başqa, bəyanatda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi lazımlığı
vurğulanıb. Həmçinin "minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş
insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə" edilib.
Şarl Mişel bəyanatında
Aİ-nin sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində dəstək verə biləcəyini
ifadə edib. Avropa İttifaqı Şurasının Prezidenti verdiyi bəyanatda kommunikasiya
infrastrukturunun yaradılması, iqtisadi əməkdaşlığın təmin edilməsi,
investisiyaların qoyuluşu və xüsusilə kommunikasiya dəhlizlərinin fəaliyyəti zərurətini
də vurğulayıb.
Ekspertlər bu məqamları
"Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Brüsselin siyasətində düzəlişlər
edildiyinin təsdiqi kimi qiymətləndirirlər. Doğrudan da, birincisi, belə
görünür ki, Aİ münaqişənin həll olunduğu faktını etiraf edir, ikincisi, artıq
ATƏT-in Minsk qrupunun vasitəçiliyi üçün heç bir əsasın qalmadığını qəbul edir,
üçüncüsü, postmünaqişə mərhələsində Azərbaycanın nəqliyyat dəhlizləri, kommunikasiya
xətləri, geosiyasi əməkdaşlıq formatları ("3+3”) və bütövlükdə təhlükəsizlik
sisteminin formalaşdırılması ilə bağlı irəli sürdüyü təkliflərin hamısını qəbul
etmiş olur. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin liderlik və diplomatik məharətinin
əyani təsdiqidir. Bu faktı xarici ekspertlər də vurğulayılar.
Azərbaycan regional
oyunçu kimi: lider dövlətin təklifləri
Həqiqətən, Azərbaycan
konstruktiv təkliflərlə çıxış edir, Ermənistan ilə münasibətlərin
normallaşmasına çalışır, xüsusilə kommunikasiya xətlərinin açılmasını
reallaşdırmaq istiqamətində fəaliyyət göstərir. Bu məsələdə İlham Əliyevin
siyasi iradəsi həlledici rol oynayır. Ona görə də Ermənistanın baş naziri Nikol
Paşinyan addım-addım geri çəkilərək İlham Əliyevin təkliflərini qəbul edir.
İndi Avropa İttifaqı və onun böyük dövlətləri də Azərbaycan Prezidentinin
mövqeyini dəstəkləmək məcburiyyətindədirlər. Bunu dünya Brüsseldə Fransanın
Prezidenti Emmanuel Makronun İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi görüşdə,
Azərbaycan Prezidentinin Şimali Atlantika Şurasının iclasında iştirakı zamanı
söylədiyi nitqə münasibətdə və NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən
sonra verilən bəyanatda gördük. Şimali Atlantika Alyansının Baş katibi
jurnalistin verdiyi suala cavabda söyləyib: "İlk növbədə, biz qarşıdurmanın
bitməsi və hərbi əməliyyatların dayandırılması imkanının əldə edilməsini
alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan
arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. NATO Azərbaycan
və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması
səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı
müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram.
Bu, onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin
normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən
alovlanmasına rəvac verə biləcək addımlardan çəkinmək və qalan məsələləri
diplomatik yollarla həll etməkdir”.
Deməli, NATO da hesab
edir ki, münaqişə başa çatıb və indi postmünaqişə mərhələsində normallaşma
prosesini aparmaq lazımdır. Və bütün bunlar bir həqiqəti ortaya qoyur: Qərb
artıq Azərbaycanın siyasi, hərbi, mənəvi qələbəsini qəbul edir və Cənubi
Qafqazda siyasətini (o cümlədən "Şərq tərəfdaşlığı” proqramı üzrə) bu faktı
ciddi surətdə nəzərə alaraq qurmağa çalışır. Aİ Şurasının Prezidenti Şarl Mişel,
NATO-nun Baş katibi Yens Stoltenberq və Fransa prezidenti Emmanuel Makronun
İlham Əliyevlə görüşdən sonra söylədikləri bu tezisin doğruluğunu tam təsdiq
edir.
Lakin Azərbaycan
Prezidentinin siyasətinin təsirləri yalnız bunlarla məhdudlaşmır. Ekspertlər
yazırlar ki, Avropa İttifaqının bütövlükdə postsovet məkanına, o cümlədən
Rusiya ilə münasibətlərinə düzəlişlər etdiyi müşahidə olunur. Bu, əsas olaraq
Brüssel sammitinin yekun bəyannaməsinin punktlarında özünü göstərməkdədir. Ekspertlərin
qənaətinə görə, həmin sənəddə Rusiyanın adının çəkilməməsi maraqlı haldır. Bu o
deməkdir ki, Aİ Cənubi Qafqazda artıq Rusiya ilə açıq konfrontasiya istəmir və
başlıca olaraq Moskvanın Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından
sonra regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin olunması istəyinə
qarşı çıxmır. Həmin kontekstdə ekspertlər onu da vurğulayırlar ki, bu məsələdə
də liderlik və ədalətli mövqe Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.
Çünki İlham Əliyev Brüsseldə həm Belarusa qarşı qərəzli münasibətə etiraz etdi,
həm də Rusiyanın Cənubi Qafqazdakı rolunun neqativ dəyərləndirilməsini qəbul
etmədiyini bildirdi.
Bütün bu deyilənlərdən
belə bir geosiyasi qənaətə gəlmək olar: Avropa İttifaqı Azərbaycanın İkinci
Qarabağ müharibəsində əldə etdiyi qələbəni mövcud fakt kimi qəbul edərək üç
istiqamətdə mövqeyinə dəyişiklik edib. Birincisi, Azərbaycanla Ermənistana
münasibətdə bərabər səviyyədə əməkdaşlıq mövqeyinə keçilib. Öncəki mərhələlərdə
olduğu kimi, ermənipərəst mövqe tutmaq praktikası ya tamamilə aradan qaldırılıb,
ya da gizli müstəviyə keçirilib. Bunun başlıca səbəbləri Azərbaycanın regionun
lider dövləti kimi uğurları və Rusiya ilə mehriban qonşuluq xəttini həyata
keçirməsidir.
İkincisi, Avropa
İttifaqı Cənubi Qafqazda geosiyasi dinamikanı Azərbaycanın yeritdiyi siyasətin
müəyyən etdiyi faktını qəbul edib. Həmin kontekstdə Azərbaycanla enerji layihələrini
davam etdirmək fikrindədir. Prezident İlham Əliyev Brüsseldə vurğulayıb ki, Azərbaycan
neft və qazından Avropa İttifaqı və NATO-nun bir neçə üzvü istifadə etməyə
başlayıb. NATO üzvlərindən olan Türkiyə ilə isə Azərbaycan strateji müttəfiqdir.
İtaliyanın ölkəmizlə çox müsbət əlaqələri mövcuddur və s.
Üçüncüsü, Avropa
İttifaqı həm ümumi səviyyədə, həm də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində
Rusiya ilə geosiyasi qarşıdurma mövqeyindən çəkilmişdir. Bununla Brüsselin
postsovet məkanı ölkələri istiqamətində "daha yumşaq siyasət kursuna"
reverans etdiyini demək mümkündür. Ümumi olaraq deyə bilərik ki, Aİ Azərbaycanın
təklif etdiyi "3+3" formulunu qəbul edir və regionda kommunikasiya dəhlizlərinin
açılmasına razıdır. Bu, mühüm geosiyasi faktordur. Çünki çox geniş bir
geosiyasi məkanda əlaqələrin yeni səviyyəyə yüksəlməsində əhəmiyyətli rol
oynaya bilər. O cümlədən Zəngəzur dəhlizinin açılması məsələsinə Qərbdən də dəstək
verildiyi aydın olur. İlham Əliyevin Brüsseldə keçirdiyi görüşlərdə bu məsələdə
qətiyyətli mövqe tutması və Zəngəzur dəhlizi ilə Laçın dəhlizini müqayisə etməsi
avropalılara və N.Paşinyana başqa seçim variantı qoymayıb.
Beləliklə, qürurla deyə bilərik ki, Azərbaycan Prezidenti Brüsseldə daha böyük bir uğura imza atıb. Azərbaycan "Şərq tərəfdaşlığı"nın VI sammitində Cənubi Qafqazın lider dövləti kimi çox layiqli təmsil olunub. Avropa İttifaqı və NATO Prezident İlham Əliyevin həm bütövlükdə Aİ istiqamətində, həm də ayrıca "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində həyata keçirdiyi strateji xarakterli siyasətin doğruluğunu və real vəziyyətə tam uyğunluğunu etiraf etmişlər.
Kamal Adıgözəlov
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...