THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-Türkiyə tandemi: Avrasiyada yeni inteqrasiya modelinə doğru

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
22832
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 19 noyabr 2021 – Newtimes.az

Böyük dövlətlərin etirafları: Cənubi Qafqazda dönməz proseslər

İkinci Qarabağ müharibəsinin regional geosiyasi dinamikaya göstərdiyi ciddi təsirlərin ekspertlər tərəfindən təhlili davam edir. İrəli sürülən tezislərin məzmunu göstərir ki, böyük əksəriyyət Cənubi Qafqazda geosiyasi vəziyyətin ciddi dərəcədə yeniləşdiyini və faktiki olaraq yeni təkamül xəttinə çıxdığını qəbul edir. Bundan başqa, bir sıra böyük dövlətlərin hadisələrə reaksiyası da bu tezisin doğruluğunu sübut edir.

Həmin sırada İranın son zamanlar məsələyə münasibətini daha aktiv və əksər hallarda heç də birmənalı qiymətləndirilməyən rakursdan bildirməsi diqqəti çəkir. Tehran açıq bəyan edir ki, regionda geosiyasi qüvvələr nisbətinin dəyişməsinə imkan verməyəcək. Hətta qonşu müsəlman dövlət Ermənistanın ərazi bütövlüyünün özü üçün "qırmızı xətt" olduğunu bəyan edib. Deməli, artıq İranda da açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və ərazi bütövlüyünün bərpa olunması bütövlükdə Cənubi Qafqaz regionunda keyfiyyətcə yeni geosiyasi mənzərə yaratmaqdadır. Bu yeniliklə kimlərsə barışmaq istəməyə bilər, lakin geosiyasi aspektdə proseslərin dönməz xarakter kəsb etdiyi aydın görünür.

Burada bir məqamı da vurğulayaq. Son dövrlərdə Avropa İttifaqı və ABŞ-dan regionda müharibədən sonrakı mərhələdə geosiyasi vəziyyətlə bağlı daha praqmatik və obyektivliyə yaxın açıqlamalar eşidilir. Bu qüvvələrin hər biri üçün ortaq olan məqam Azərbaycanın qələbəsinin etirafı fonunda bölgədə geosiyasi mənzərənin yeniləşməsi zərurətini qəbul etməkdir. Lakin onların hər biri bu prosesdə özlərinin daha aktiv iştirak etmək arzusunu da ifadə edirlər. Bunun siyasi anlamı artıq dünyanın bütün əsas geosiyasi güc mərkəzlərinin Azərbaycanın qələbəsini qəbul etdiklərinin ifadəsidir. Təbii ki, bu, həm də Azərbaycan rəhbərliyinin yeni əhəmiyyətli bir diplomatik uğurunun nümunəsidir.

Digər tərəfdən, hələlik sətiraltı ifadə edilən bir etiraf da hiss edilir. Dünyanın aparıcı geosiyasi güc mərkəzlərinin hər biri, ehtiyatla da olsa, postmünaqişə mərhələsində Azərbaycanı Cənubi Qafqazda geosiyasi proseslərin aparıcı faktoru kimi qəbul edirlər. Türkiyə istisnadır, çünki Ankara həm bəyanatlarında, həm də konkret fəaliyyətində Azərbaycanı birmənalı şəkildə regionun aparıcı geosiyasi gücü olaraq gördüyünü açıq ifadə edib.

Buradan geosiyasi əhəmiyyəti olan bir nəticə çıxara bilərik. Əvvəla, Türkiyə rəhbərliyi siyasi-diplomatik fəaliyyətində Azərbaycanı Cənubi Qafqazda konkret nüfuza malik dövlət kimi təqdim edir və eyni zamanda, həmişə onun yanında olduğunu bəyanlayır. Bu o deməkdir ki, 44 günlük müharibədən sonra regionda faktiki olaraq yeni güc mərkəzi – Azərbaycan-Türkiyə tandemi meydana gəlib! Ona görə də Cənubi Qafqazda Azərbaycandan geosiyasi aspektdə danışarkən, faktiki olaraq Türkiyə faktoru da göz önündə tutulmalıdır.

Lakin məhz bu kontekstdə başqa bir həqiqəti də qətiyyən unutmaq olmaz. Azərbaycanın siyasi, hərbi, diplomatik və iqtisadi fəaliyyəti onun regionun lideri kimi yeni səviyyədə qəbul edilməsinə gətirib çıxardı. Azərbaycan uğurlu fəaliyyəti ilə Türkiyə, Pakistan və İsraili regionda ortaq fəaliyyətə cəlb edə bildi. Yəni, bu cür əməkdaşlıqla Azərbaycan təkbaşına həm müharibədə qələbə qazandı, həm də dövlət olaraq regionun geosiyasi lideri statusuna nail oldu. Postsovet məkanında bu kimi uğura nail olan ikinci bir dövlət yoxdur.

İkincisi, Rusiya bu yeni geosiyasi durumu daha dərindən dərk edən və əksər məqamlarında onu qəbul edən supergücdür. Rəsmi Moskva birbaşa Türkiyə-Azərbaycan tandeminin yanında deyil. Lakin bu gücü qəbul edir, onunla hesablaşır və özünün aparıcılığı ilə müxtəlif sferaları əhatə edən ortaq layihələri həyata keçirir. Həmin layihələr sırasında Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması, xüsusilə də Zəngəzur dəhlizinin yaradılması ayrıca yer tutur. Eyni zamanda, rəsmi Moskva dəfələrlə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması zərurətini yüksək səviyyədə vurğulayıb.

Amerikanın yeni geosiyasi reallığı qəbul etdiyi hiss olunur. Vaşinqton prosesdə Qərbin maraqlarının nəzərə alınması üzərində dayanıb. Maraqlıdır ki, bu zaman Amerika hakimiyyəti ATƏT-in Minsk qrupunun yeganə əməkdaşlıq strukturu olmasında israrlı deyil. Əksinə, ABŞ politoloqları sırasında artıq bu formatın praktiki faydasının ola biləcəyinə inanmayanlar vardır.

Fikirlər dəyişir: Azərbaycan tarixi missiya yerinə yetirdi

Onu vurğulayaq ki, bir sıra Avropa siyasətçiləri də bu mövqedədirlər. Məsələn, Belçikanın keçmiş Baş naziri İv Leterm son müsahibələrinin birində açıq ifadə edib ki, "ATƏT-in Minsk qrupu ümidləri doğrultmadı və artıq... öz missiyasını başa vurub".

Xorvatiyanın keçmiş Prezidenti İvo Yosipoviç məsələyə daha geniş aspektdə yanaşır. O, dünya ictimaiyyətinin böyük hissəsinin Azərbaycana Qarabağ probleminin hərbi həllindən başqa yol qoyulmadığını dərk etdiyini vurğulayıb. Xorvatiyalı siyasi lider fikirlərinə davam edərək, beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin münaqişənin həlli ilə bağlı konkret addımlar atmadığını qeyd edib. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri passivlik və birtərəfli münasibət göstəriblər. Nəticədə, Azərbaycan təkbaşına münaqişəni uğurla həll edib. İndi yalnız bu vəziyyəti qəbul etmək deyil, postmünaqişə mərhələsində Qarabağda quruculuq, tolerantlıq və əməkdaşlıq ab-havası yaratmaq lazımdır. Bu bağlılıqda xorvatiyalı siyasi lider Azərbaycan Prezidenti İlham Əliyevin kifayət qədər rasional mövqe tutduğunu ifadə edib.

Rəsmi Pekin aktiv formada olmasa da, müxtəlif üsullarla Azərbaycanın qələbəsinin regional əməkdaşlıq üçün böyük imkanlar açdığını bildirib. Ayrıca, Zəngəzur dəhlizinin Yeni İpək Yolu layihəsi aspektində prinsipial əhəmiyyət daşıdığını ifadə edib. Doğrudan da, Çin üçün məsələnin bu aspekti son dərəcə əhəmiyyətlidir. Bu dövlət üçün Zəngəzur dəhlizi keyfiyyətcə yeni imkanlar yaradır. Quru yolu ilə Avropaya, Yaxın Şərqə və Şimali Afrikaya çıxmaq şansı yaranır. Pekin bu kimi məqamların dəyərini bilmək qədər müdrikdir.

Nəhayət, İranın narazılığına baxmayaraq, onun vəziyyəti real və obyektiv qiymətləndirməyə meyl etdiyini müşahidə edirik. İran rəsmiləri Azərbaycanla danışıqlar yolu ilə məsələləri həll etməyin vacib olduğunu vurğulayırlar. Ekspertlər hesab edirlər ki, bu, rəsmi Tehranın məsələ ilə bağlı geosiyasi mövqeyinin dəyişdiyini ifadə edir. Gözlənilir ki, rəsmi Tehran Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən yeni əməkdaşlıq və təhlükəsizlik modelinə praktiki olaraq müsbət yanaşacaq.

Yuxarıda irəli sürülən fikirləri geosiyasi aspektdə ümumiləşdirsək, maraqlı mənzərə alarıq. Şübhə yoxdur ki, regionda geosiyasi dinamika yeniləşib və mənzərə dəyişir. Digər tərəfdən, bu reallığa bir sıra dövlətlərin siyasi, geosiyasi, hərbi və diplomatik etirazı getdikcə zəifləyir. Onlar Azərbaycanın yaratdığı reallığı qəbul etmək məcburiyyətindədirlər. Böyük siyasi, diplomatik və hərbi uğurdur! Nəhayət, indi vəziyyətin hansı səbəbdən bu istiqamətdə dönməz xarakter aldığı yenidən təhlil olunmaqdadır. Məhz həmin prizmadan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri kontekstində biz bir sıra mühüm geosiyasi faktorlar üzərində ətraflı dayanacağıq.

Yeni liderlik modeli: İlham Əliyev nümunəsi

Müasir dünyada liderliyin çox ciddi bir faktor olduğu demək olar ki, bütün siyasi təlimlərdə qəbul edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun cəsarəti və qəhrəmanlığı sayəsində İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Qələbəsini analiz edən ekspertlər də istər-istəməz liderlik məsələsinə toxunurlar. Bunun iki səbəbinin olduğunu düşünürük. Birincisi, Azərbaycan postsovet məkanı ölkəsidir və onun real gücü böyük dövlətlər səviyyəsində deyil (hələlik). Belə olan halda necə olur ki, nəhəng güclərin dəstəklədiyi və hərbi sahədə aktiv yardım etdiyi Ermənistanı Azərbaycan Ordusu cəmi 44 gündə darmadağın edə bildi?

Bu istiqamətdə analiz aparan mütəxəssislər liderlik faktoruna ayrıca diqqət yetirirlər. Məsələn, rusiyalı ekspert Aleksandr Karavayev məsələni birbaşa İlham Əliyevin liderlik keyfiyyətinə bağlayır. O deyir ki, Azərbaycan Prezidentinin ünsiyyət qabiliyyəti və siyasi-diplomatik ustalığı Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinlə yanaşı, Qərbin aparıcı dövlət başçılarını da müsbət mənada "ram" edə bildi. Rəcəb Tayyib Ərdoğan strateji müttəfiq oldu, Vladimir Putin İlham Əliyevi Cənubi Qafqazın regional lideri kimi qəbul etdi, Qərb liderləri isə ona mane olmağın mənasızlığını anladılar. Bu bağlılıqda Rəcəb Tayyib Ərdoğanın strateji müttəfiq və "qardaş lider" olması müstəsna hadisədir və onun siyasi-nəzəri təhlilinə ciddi ehtiyac yaranıb.

İlham Əliyevin V.Putinlə ünsiyyətdə son dərəcə uğurlu olmasının kökündə Azərbaycan Prezidentinin siyasi lider kimi yüksək keyfiyyətlərinin dayandığına rusiyalı ekspertlər şübhə etmirlər. KİV-də bir neçə təhlili yazılar vardır ki, onlarda məhz bu fikir irəli sürülür. Məsələn, A.Karavayev qlobal miqyasda "inforser" (aparıcı, həlledici, dünyanı idarə edən) dövlətlərin tədricən təsirdən düşməsi fonunda ayrı-ayrı liderlərin ünsiyyət qabiliyyətinin və diplomatik bacarığının daha güclü təsir vasitəsinə çevrildiyi tezisindən çıxış edərək, İlham Əliyevin Rusiya Prezidenti ilə çox uğurlu ünsiyyət qurduğunu xüsusi vurğulayır. Eyni mövqeni Aleksandr Duqin və İqor Korotçenko da nümayiş etdirirlər.

Türkiyə istiqamətində İlham Əliyevin apardığı siyasətin təməlində Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisinin durduğu məlumdur. Lakin İlham Əliyevin şəxsi keyfiyyətləri, siyasi-diplomatik bacarığı sayəsində rəsmi Ankara Azərbaycanın müstəqil siyasət yeridən bir türk dövləti olduğuna tam əmin oldu. Azərbaycan Prezidenti beynəlxalq tədbirlərdə etibarlı müttəfiq, yüksək səviyyəli siyasətçi kimi Türkiyənin mövqeyini müdafiə etdi. Cəsarətlə "Türkiyə burada yoxdur, amma mən varam!" dedi. Bu cümlə indi türk diplomatiyasının ritorikasında ən populyar fikirlərdən biridir!

İlham Əliyevin Azərbaycanın dövlət başçısı kimi türk dövlətlərinin inteqrasiyasında rolu olduqca böyükdür. Azərbaycan Prezidenti real proqramları ilə nəinki Türkiyə ilə, hətta hər bir türk dövləti ilə qarşılıqlı faydalı əlaqələr qura bilib. Ayrıca, Türkmənistanla arada olan narazılığı böyük ustalıqla faydalı əməkdaşlığa çevirib.

Bunlardan başqa, Türkiyə Rusiya ilə münasibətlərindəki anlaşılmazlıqların aradan qaldırılmasında Azərbaycan rəhbərinin rolunun şahidi oldu. Həmin bağlılıqda İlham Əliyev lider kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvləri ilə konstruktiv münasibətlər quraraq həm Ermənistanı neytrallaşdırdı, həm də "erməni soyqırımı" kimi qondarma məsələlərdən onları uzaq tutdu.

İlham Əliyev enerji layihələri və multikulturalizm siyasəti ilə Qərbin türk faktoruna loyallığının qorunub saxlanmasında ciddi rol oynamaqdadır. Azərbaycanın enerji layihələri ilə bağlı təşəbbüsləri Türkiyəni bu məsələdə sığortalayıb. Bu barədə Prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin açıq fikir bildiriblər. Bundan başqa, Azərbaycan lideri enerjidaşıyıcılarının məhz Türkiyə vasitəsilə Avropaya çatdırılması üçün çox ciddi addımlar atıb.

Azərbaycan yeganə dövlətdir ki, Türkiyənin terrorla mübarizəsini bütün aspektləri ilə tam dəstəkləyir. Bu barədə İlham Əliyevin çox cəsarətli və konkret bəyanatları mövcuddur.

Bütün bunlar Azərbaycan Prezidentinin etibarlı tərəfdaş və perspektivli lider obrazını bütün dünyaya nümayiş etdirib. Zatən, Türkiyə Prezidenti həmin məqamı müxtəlif kontekstlərdə dəfələrlə vurğulayıb. Deyə bilərik ki, İlham Əliyevin məhz yeni lider kimi atdığı addımlar Türkiyənin Azərbaycana dəstəyini daha da artırmasına səbəb olub. Artıq bu iki dövlət strateji müttəfiqlik müqaviləsi (tarixi Şuşa Bəyannaməsi) imzalayıb, bütün fəaliyyətlərini həmin müqavilənin şərtləri daxilində sürətlə inkişaf etdirirlər.

Zəngilandan Zəngəzur mesajı: dəhliz açılacaq!

Bu fikirlərin işığında Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilana səfəri tamamilə məntiqi, gözlənilən və yüksək geosiyasi, siyasi, iqtisadi, mədəni və praqmatik əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Türkiyə Prezidentinin qarşılanması tarixi bir qürur idi. Çünki Azərbaycan Prezidenti əsl lider, perspektivi çox gözəl dəyərləndirən dövlət başçısı kimi Rəcəb Tayyib Ərdoğanı səmimiyyətlə qarşıladı. İki Prezident Füzuli hava limanında müzakirələr apardılar. Bu, nəyin əlamətidir?

Bu cür münasibətlərin siyasi mənası çox dərindir. Azərbaycan və Türkiyə məhz Qarabağda bütün dünyaya mesaj verdilər ki, bu iki dövlət özyetərlidir, böyük gücdür və inamla münasibətlərini inkişaf etdirirlər. Bəlkə də bu, son 300 ildə 44 günlük müharibədən və Şuşa Bəyannaməsindən sonra dərin strateji mənası olan unikal hadisə idi.

Həmin aspektdə Zəngilanda Rəcəb Tayyib Ərdoğanın təntənəli qarşılanması olduqca əhəmiyyətli mesajdır. Yəni, Azərbaycan və Türkiyə üç dövlətin sərhədləri yaxınlığında belə situasiyaya tam hakimdirlər, Azərbaycan suverenliyini təmin edən dövlətdir və xarici ölkə Prezidentini ərazisinin istənilən bucağında tam təhlükəsiz qarşılaya bilər. Buradan Prezidentlərin Zəngəzur dəhlizi ilə də bağlı mesajlarının çox əhəmiyyətli olması qənaəti yaranır.

Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında Ermənistanın sərhədindən də o tərəfə keçib, Türkiyəyə və Avropaya çıxacaqlarına əmin olduğunu çatdırdı. Zəngilanda böyük aqroparkın təməlini ataraq Zəngəzur dəhlizinə aparan yolun çəkilişinin təminatını Prezident İlham Əliyevlə birgə verdi. Bu hadisədən sonra rəsmi İrəvanın dəfələrlə Zəngəzur dəhlizinin açılması ehtiyacını vurğulaması təsadüfi görünmür.

Türkiyə Prezidentinin Füzuli və Zəngilana səfəri başqa bir mühüm geosiyasi və siyasi mesaj idi. Bu səfər Cənubi Qafqaz da daxil olmaqla, geniş bir geosiyasi məkanda iki lider dövlətin meydana gəldiyini nümayiş etdirdi. Yəni, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyi tarixdə ilk dəfə iki qardaş dövləti birgə liderə çevirmiş oldu. Xatırladaq ki, nə Səfəvilərin, nə də Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dönəmində bu cür birliyə və uğura nail ola bilməmişdik. Bir millətin iki dövləti sadəcə qardaş deyillər, həm də geosiyasətdə liderdirlər! Bu, tarixi və möhtəşəm bir uğurdur! Memarları isə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yeni liderlik nümunələridir!

Dövlətlərin yeni liderlik modeli hələ çox araşdırılmalıdır. Lakin indidən bəllidir ki, Azərbaycan-Türkiyə liderliyi qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlıq münasibətlərinə xidmət edən siyasi ittifaqdır. Bu isə XXI əsr üçün çox əhəmiyyətlidir. Çünki başqa dövlətlər oxşar liderlik modeli ortaya qoya bilmirlər. Dünyada yeganə nümunədir ki, Azərbaycan və Türkiyə başqasına qərəz olmadan regional miqyasda hər kəs üçün faydalı ola biləcək əməkdaşlıq formatı irəli sürüb onu ardıcıl addımlarla reallaşdırırlar. Bu, "3+3" formatıdır.

İndi bu formatın reallaşacağına kimsə şübhə etmir. Əslində, Türkiyə Prezidentinin Füzuli hava limanının açılışında və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun – Zəngəzur dəhlizinin təməlinin qoyulması mərasimində iştirakında başlıca ümumi mesaj bundan ibarət idi. Zəngilanda Azərbaycan və Türkiyə Prezidentləri regionun bütün xalqları üçün faydalı olacaq bir layihənin əsasını qoyduqlarını ifadə etdilər. Bu səfər həmin bağlılıqda "3+3" əməkdaşlıq formulunun addım-addım reallaşması mərhələlərindən biri kimi dəyərləndirilir. Və burada Azərbaycan-Türkiyə birliyinin ancaq müsbət rol oynadığı aydın olur! Bu prosesin təşəbbüskarı və icraçısı iki türk dövlətidir. Bu isə, heç şübhəsiz, tarixi bir mesajdır!

Nəhayət, Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilana səfəri Azərbaycan və Türkiyənin regionda sülh və barış üçün bundan sonra da birgə addımlamaq niyyətində və əzmində olduqlarını göstərdi. Müxtəlif şayiələrə baxmayaraq, bu iki dövlət konstruktiv addımlar atır və kimsəyə qarşı qərəzli deyillər. Bunu rəsmi Moskvanın Azərbaycanla Türkiyənin demək olar ki, Cənubi Qafqazda əməkdaşlıqla bağlı bütün proqramlarına müsbət yanaşması da təsdiq edir. İki qardaş dövlətin sülh üçün birgə fəaliyyət göstərməsi regional inteqrasiyada həlledici rol oynaya bilər. Hətta Mərkəzi Asiya regionu ölkələri də bu prosesə qoşula bilərlər. Bu isə daha geniş miqyasda yeni əməkdaşlıq modelinin meydana gəlməsi deməkdir. Türkiyə Prezidentinin Füzuli və Zəngilan səfərinin strateji əhəmiyyətlərindən birinin də bundan ibarət olduğunu düşünürük.

Beləliklə, Azərbaycanla Türkiyə 44 günlük Vətən müharibəsindən sonra daha bir geosiyasi uğura birgə imza atdılar. Onlar regionun gələcək mənzərəsini yaradacaq layihələri həyata keçirməyə başlayıblar. Yeni zirvələr fəth etməyin zamanı yaxınlaşır! Qürurvericidir ki, bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyev həm nüfuzlu dövlət başçısı, həm də xarizmatik siyasi lider kimi aparıcı rollardan birini oynayır. Azərbaycan müstəqilliyini əldə etmiş dövlətlərin ən uğurlusudur!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...