THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanla Ermənistan arasında barışıq: davamlı sülhün açarı

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4078
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 mart 2021 – Newtimes.az

Ermənistanla Azərbaycan arasında münaqişə uzun illər Cənubi Qafqazda regional təhlükəsizlik və iqtisadi inteqrasiyaya əsas maneə olub. Ötən ilin sonunda isə tərəflər arasında genişmiqyaslı müharibə belə, baş verib. Bu məqamda xatırladaq ki, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə uzun illər aparılmış danışıqlar nəticə verməmiş, Ermənistanın baş naziri Nikol Paşinyanın "Madrid prinsipləri''ni şübhə altına almasından sonra isə sülh prosesi ümumiyyətlə ''dalana dirənmişdi''. Nəticədə Azərbaycan ərazi bütövlüyünü hərbi əməliyyat vasitəsilə bərpa etmək qərarına gəlmişdi.

Azərbaycan "Dəmir yumruq'' adı ilə həyata keçirdiyi 44 günlük müharibə nəticəsində çox mühüm strateji əhəmiyyətə malik olan Şuşa şəhəri də daxil olmaqla, bir neçə rayonunu işğaldan azad edib. Nəticədə Ermənistan ciddi canlı qüvvə itkisi ilə də üzləşib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Vətən Müharibəsində onlar 2881 hərbi qulluqçusunu itirib, 28 nəfər isə itkin düşüb. Ermənistan tərəfi isə 2021-ci il fevralın 13-nə qədər 4005 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.

Müharibə Ermənistan, Azərbaycan və Rusiya arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla bitib. Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, bu üçtərəfli bəyanat uzunmüddətli perspektivdə hərbi əməliyyatlara son qoymalıdır.

Tərəflər arasında imzalanmış bəyanata əsasən, Rusiya dayanıqlı sülhə zəmanət verən vacib ölkəyə çevrilib. O, sülhü, həmçinin Yerevanla Bakının bu sənəd çərçivəsində götürdükləri öhdəlikləri yerinə yetirməsini təmin etmək üçün bölgəyə təxminən 2 min hərbçi də göndərib. Amma sülh prosesində Türkiyə də yer alır. Qarabağda atəşkəsin qorunmasına Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi nəzarət edir.

Tərəflər arasında imzalanmış üçtərəfli bəyanatı təhlil edən zaman aydın olur ki, müharibədən sonra regionda dayanıqlı sülhün, bölgənin inkişafının əsas katalizatoru Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması yolu ilə iqtisadi əlaqələrin bərpasıdır. Bu məqsədlə Bakı azad edilmiş ərazilərin bərpası və bölgədəki bütün infrastrukturun inkişafı üçün genişmiqyaslı proqrama başlayıb. Azad edilmiş ərazilərdə bərpa və inkişaf proseslərini həyata keçirmək üçün Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2021-ci il yanvarın 4-də imzaladığı fərman əsasında Qarabağ Dirçəliş Fondu publik hüquqi şəxs yaradılıb. Fondun təsis edilməsində əsas məqsəd azad edilmiş ərazilərdə müasir və layiqli yaşayış şəraitinin təmini, tikinti-bərpa, abadlıq işlərinin aparılması, həmçinin insanlar üçün təhlükəsiz həyat şəraitinin, effektli fəaliyyət növlərinin və tərəqqinin təminidir.

Bu gün Azərbaycan üçün azad edilmiş ərazilərdə infrastrukturun bərpası ilə bağlı işlərin sürətlə həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat (1,3 milyard dollar) vəsait ayrılıb. Füzuli, Laçın və Zəngilanda yeni beynəlxalq hava limanlarının, Azərbaycanla Naxçıvan Muxtar Respublikasını, buradan isə Türkiyəni birləşdirəcək yeni yolun, Horadizlə Ermənistanla sərhəddə yerləşən Zəngilan arasında dəmir yolunun, Füzuli-Şuşa yolunun və az əhəmiyyət kəsb etməyən Horadiz-Füzuli-Şuşa dəmir yolunun tikintisi Azərbaycanın həyata keçirdiyi strateji layihələr sırasındadır. Füzulidə artıq beynəlxalq aeroportun tikintisinə start verildiyini qeyd etmək yerinə düşər.

Bütün bunlar regionun tam inteqrasiyasını dəstəkləmək baxımından strateji layihələrdir. Odur ki, Azərbaycan xüsusilə Türkiyə, İtaliya və digər dost ölkələrin şirkətlərinin quruculuq işlərində iştirakını xoş qarşılayır.

Bu arada, regionda iqtisadi dəyişikliklə bağlı bütün müsbət əlamətlərə rəğmən, gələcək sabitliyə təhdidlər də var. Söhbət xüsusilə Ermənistandakı siyasi çağırışdan gedir. Görünən odur ki, erməni cəmiyyəti və bir vaxtlar hakimiyyətdə olmuş siyasətçilər məğlubiyyətlə barışmaq istəmir. Onlar zaman-zaman revanşist fikirlər də irəli sürür. Hazırda ölkə müxalifəti ilə yanaşı, hərbçilər də baş nazir Nikol Paşinyanı istefaya çağırır. Bir sözlə, Ermənistandakı revanşist ab-hava sülhə zərbə vura, yeni gərginliyə yol aça bilər.

Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 26-da 35 yerli və xarici media nümayəndəsi üçün keçirdiyi mətbuat konfransında bu məsələyə də toxunub. O, bildirib ki, "hər şey Ermənistan rəhbərliyinin müasir reallıqlara düzgün qiymət verməsindən, düzgün nəticə çıxarmasından və revanşist cəhdlərin istisna edilməsindən asılı olacaq. Biz bütün olanları izləyirik, daha da diqqətlə izləyəcəyik''.

İndi belə təhrikedici ritorikaya ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə noyabr bəyanatına zəmanət verən Rusiyadan reaksiya gəlməlidir. Onlar istər revanşizmin, istərsə də irredentist yanaşmanın müharibədən sonrakı dövr üçün effektiv olmayacağını açıq şəkildə söyləməlidirlər.

Ermənistanda siyasi böhran və qeyri-müəyyənliyinin davam etməsi ölkədə vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Belə vəziyyət atəşkəs razılaşmasına da zərbə vurur. Beləliklə, Ermənistandakı vəziyyət, onun barışıq və regional əməkdaşlıqla bağlı mövqeyi müəyyən mənada qeyri-müəyyənliyə yol açır. Belə bir vəziyyətdə Türkiyə ilə Rusiya arasında əməkdaşlıq regional təhlükəsizlik və tərəqqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Odur ki, rusiyalı sülhməramlılar beynəlxalq hüquqa, tərəflər arasında ötən ilin noyabrında imzalanmış bəyanatın bütün müddəalarına əməl etməli, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərindən bütün silahlı birləşmələri çıxarmalı, həmçinin Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi vasitəsilə hər hansı hərbi texnika və canlı qüvvənin keçidinin qarşısını almalıdır.

Bir sözlə, Ermənistanla Azərbaycan arasında münaqişə, Dağlıq Qarabağda müharibə sona çatıb. İstər Azərbaycan, istərsə də erməni xalqı uzun müddət davam etmiş münaqişədən kifayət qədər əziyyət çəkib. İndi isə bütün problemlərə baxmayaraq, regional iqtisadi inteqrasiya üçün yaxşı imkanlar var. Azərbaycan indiyədək onsuz da çox sayda regional layihə həyata keçirib. Nəqliyyat əlaqələrinin açılması ilə regiondakı bütün ölkələr tam iqtisadi inteqrasiyadan faydalana biləcək. Xüsusilə Zəngəzur dəhlizi Ermənistan, Azərbaycan və İran arasında yük daşımalarında mühüm rol oynayacaq. Regionda nəqliyyat əlaqələrinin açılması "Şimal-Cənub'', "Şərq-Qərb'' nəqliyyat dəhlizlərinin işinə də müsbət təsir göstərəcək.

Şahmar Hacıyev

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

The London Post

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...