THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan hakimiyyətinə "düşən" "İskəndər" – istefa tələb edən generallar

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4353
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 fevral 2021 – Newtimes.az

Ermənistanda vəziyyəti bu dəfə hərbçilər gərginləşdirib. Silahlı Qüvvələrin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanı istefaya çağırıb. Bu barədə yayılan bəyanatı Baş Qərargahın rəisi, general-polkovnik Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da var.

Deməli, Silahlı Qüvvələrin Baş Qərargahı qurum rəisinin birinci müavininin vəzifədən azad olunmasına kəskin etiraz ediblər. Generallar baş nazirin bu qərarını "dövlətə qarşı məsuliyyətsiz addım'' adlandırıblar. Qeyd edək ki, fevralın 24-də Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb general-leytenantın Nikol Paşinyanın Azərbaycana atılan "İskəndər'' raketlərinin 10 faizinin partladığı ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, Tiran Xaçatryan jurnalistin "İskəndər'' raketlərinin 10 faizinin partlaması mümkündürmü?'' sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş?... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir''. Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanatla çıxış edərək iddia edib ki, Xaçatryanın sözləri "təhrif olunub''.

Nikol Paşinyan Baş Qərargahın açıqlamasına cavab olaraq bildirib: "Ölkədə hərbi çevriliş etmək istəyirlər''. O, Onik Qasparyanı tutduğu vəzifədən də azad edib. Paşinyan tərəfdarlarını "Respublika" meydanına çıxmağa da çağırıb. Bildirilib ki, yerli vaxtla saat 16:00-da Paşinyan mitinqdə çıxış edəcək.

Bu arada fevralın 24-də "Vətən uğrunda hərəkat''ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan Yerevanda keçirilən mitinqdə Ermənistan ordusu və polisini "xalqın yanında olmağa” dəvət etmişdi: "Hər saatın əhəmiyyəti var. Xalqı meydanlarda gözlətməyin. Bizə qatılın''.

Onuk Qasparyan Serj Sarqsyanın prezidentliyi dövründə də Ermənistan ordusunda bir sıra yüksək vəzifələr tutub. O, Qarabağda döyüşlərdə iştirak edib. 1994-cü ildə minaya düşərək yaralanıb. İcevandakı kəşfiyyat polkunun komandiri olub. Sarqsyan 2016-cı ildə onu Baş Qərargah rəisinin müavini, 2017-ci ilin iyununda isə Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edib. 2020-ci il iyunun 8-də isə Nikol Paşinyan onu rəis vəzifəsinə layiq bilib. Qasparyan Paşinyanın noyabrın 10-da atəşkəs bəyanatını onun təklifi ilə imzaladığını bildirmişdi. Bu deməyə əsas verir ki, keçmiş rəis baş nazirə etibarlı adam olub. Belə olan halda hökumət başçısı və kabinetindən istefa tələbi etmək nə ilə əlaqədar ola bilər?

Təbii ki, ilk növbədə ağıla xarici amil gəlir. 51 yaşlı general-polkovnik 1990-cı illərin ortalarında Rusiya Müdafiə Nazirliyinin Ali zabit kurslarında oxuyub. 1998-2001-ci illərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında təhsil alıb. Ehtimal etmək olar ki, hərbçilər Baş Qərargah rəisinin müavini Xaçartyanla həmrəylik nümayiş etdiriblər. Onun işdən azad edilməsinə Paşinyanın istefası tələbi ilə cavab verirlər. Xatırladaq ki, Xaçatryan 1991-1994-cü illərdə Qarabağda könüllülər dəstəsində azərbaycanlılara qarşı döyüşüb. Şuşanın işğalında iştirak edib. 2005-ci ildə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında təhsil alıb. 2013-cü il sentyabrın 4-də o vaxtkı prezident Serj Sarqsyanın əmri ilə Ermənistan Silahlı Qüvvələri Döyüş hazırlığı idarəsinə rəis təyin edilib. 2020-ci il iyunun 15-də Baş Qərargahın birinci müavini olub.

Bəs genaralların istefa tələbi təsadüfidirmi? Bəzi hadisələr bunların qabaqcadan təşkil olunduğunu deməyə əsas verir. Ermənistan prezidenti Armen Sarkisyan rəis müavininin işdən azad edilməsi ilə bağlı baş nazirin təklifini imzalasa da, Qasparyanla bağlı bu addımı hələ atmayıb.

Sarkisyan çıxışlarında dəfələrlə Paşinyanı istefaya çağırıb. Bu, Ermənistan hakimiyyətində istefanı tələb edən hərbçiləri prezidentin himayə etdiyi ehtimalını irəli sürməyə əsas verir. Belə çıxır ki, Sarkisyan Paşinyanın istefasını tələb edənləri, o cümlədən "Vətən uğrunda hərəkat''ı da dəstəkləyir. Xaçatryanla bağlı qərarı imzalamaqla prosesə baş nazirin istefasının miqyasının güc strukturlarına daşınmasına start verilib. Bundan sonra sənədi imzalayan digər yüksək rütbəli zabitlər də "hakimiyyət çevrilişi'' cəhdi ilə işdən azad edilə, hətta həbs oluna bilər.

Ölkədəki KİV-in böyük hissəsi baş nazirə və hökumətə qarşıdır. Keçmiş prezidentlər və onların ətrafındakı pullular da Paşinyanın istefasını tələb edirlər. Güc strukturundan da bu tələbin səslənməsi baş nazir üçün əlavə və daha böyük problem yaradır. Odur ki, Paşinyan polis və təhlükəsizlik xidməti ilə birlikdə hökumətin və başçısının fəaliyyətinə mane olanları aradan qaldırmalıdır. Bu isə Ermənistanda polis rejiminin yaranmasına səbəb ola bilər.

Ermənistanda gərginliyi xarici qüvvələrin də yaratması ehtimalı var. Ancaq hələ bu versiya özünü doğrultmur. Kremlin sözçüsü Dmitri Peskov hər iki tərəfi anlaşılmazlıqları danışıqlar və konstitusiya çərçivəsində həll etməyə çağırıb.

Beləliklə, Rusiya istehsalı olan "İskəndər'' bu dəfə Ermənistan hakimiyyətinə düşüb. O, hələ ki Baş Qərargahın rəisi və müavininin başında partlayana oxşayır. Yeri gəlmişkən, Rusiya Dövlət Dumasında da bu raketin üstünlüklərindən danışılıb, Paşinyanın dedikləri təkzib edilib. Hələlik raket Ermənistanda hakimiyyəti ikiyə bölə bilib. Baş nazir bu oyundan qalib çıxsa, nəzərdə tutulan növbədənkənar parlament seçkilərini də keçirə və qalib ola bilər. Çünki o, bu halda "İskəndər''lə siyasi rəqiblərini də sıradan çıxarmış olacaq...

Sədrəddin İsmayılov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
08 fevral 2021 Atlantico

Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq

Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir

Davamı...