THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qarabağın yenidən qurulması: regional və qlobal geosiyasi kontekst

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5126
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 fevral 2021 – Newtimes.az

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbə böyük geosiyasi məkanda proseslərin geniş və bütöv mənzərəsini dəyişməkdədir. Müxtəlif səviyyələrdə həmin məqam aktiv surətdə analiz edilir. Siyasətçilər, diplomatlar və ekspertlər fikirlərini ifadə edirlər. Bu bağlılıqda Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Səlcuq Akatın irəli sürdüyü təkliflər maraq doğurur. Burada həm konkret sosial-iqtisadi situasiyaya uyğun olan, həm də strateji aspektdə əhəmiyyət kəsb edən məqamlara toxunulur. Bizim üçün həmin məqamların prizmasından Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-İran və Rusiya-Türkiyə münasibətlərinin geosiyasi analizi aktuallıq kəsb edir. Həmin bağlılıqda Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət kursunun çox səmərəli olması yeni bucaq altında aydın görünür. Bütün bunları nəzərə almaqla Cənubi Qafqazda regional geosiyasətin bir sıra aktual məsələləri üzərində geniş dayanmaq istərdik.

İlham Əliyev: yeni regional əməkdaşlıq formulunun təşəbbüskarı kimi

Siyasətçilər və ekspertlər əmindirlər ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Böyük Qələbəsi yalnız hərbi-strateji sfera ilə məhdudlaşmır. Faktiki olaraq, regional və qlobal geosiyasi proseslərin dinamikası dəyişdi. Dünyanın ən nüfuzlu dövlətləri üçün də məhz bu məqam önəm daşımaqdadır. Müharibənin aktiv hərbi əməliyyatlar mərhələsinin başa çatmasından sonra Cənubi Qafqazın geosiyasi mənzərəsi ilə bağlı baş verən proseslər bunu təsdiq edir.

Həmin kontekstdə diqqət yetirilməli bir sıra geosiyasi məqamlar mövcuddur. İlk növbədə, Azərbaycan Prezidentinin həyata keçirdiyi dövlət quruculuğu siyasətinin başlıca cəhətləri nəzərə alınmalıdır. İlham Əliyev siyasi varislik prinsipinə ciddi əməl edərək Azərbaycanda müstəqil demokratik dövlət quruculuğunu daim yüksələn xətlə həyata keçirib və bu proses indi də davam edir. Bu kursun fərqli aspektlərdən təhlili aparılır və bu, hələ davam edəcək. Biz baxılan kontekstdə iki məqamı vurğulayaq. Birincisi, dövlət quruculuğu kursunun müxtəlif sahələri arasında sıx əlaqənin və harmoniyanın təmin edilməsi. Xüsusilə sosial-mədəni və siyasi-iqtisadi islahatların koordinasiyalı, bir-birini tamamlama şərti ilə sistemli olaraq həyata keçirilməsi yüksək səviyyədə təmin edilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan 2020-ci ildə həmin sahələr arasında əlaqələri tam təmin etməklə 44 günlük ağır Vətən müharibəsini qalibiyyətlə başa vura bildi. Dövlət quruculuğunda həmin məqam ciddi əhəmiyyət daşıyır.

İkincisi, İlham Əliyev xalq-hakimiyyət birliyini daha da inkişaf etdirən siyasət reallaşdırır. O cümlədən 2003-cü ildən bu yana həyata keçirilən müxtəlif xarakterli proqramlar cəmiyyətlə iqtidar arasında sıx və dərin bağların yeni səviyyəyə yüksəlməsinə imkan yaradıb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və konkret məzmun verdiyi bu proses İkinci Qarabağ müharibəsində mühüm rol oynadı, tarixi Zəfərə apardı.

Bu məqamların fonunda İlham Əliyevin şəxsiyyəti ilə bağlı vacib bir özəlliyi vurğulamaq lazımdır. Azərbaycan Prezidenti 44 günlük müharibə dönəmində digər məsələlərlə yanaşı, iki siyasi-psixoloji məqamı qabarıq surətdə dünyaya nümayiş etdirdi. Onlardan birincisi Prezidentin verdiyi müsahibələrdə və atdığı konkret addımlarda Azərbaycanın müharibə paradiqmasının əsiri olmadığını sübut etməsi ilə bağlıdır. Bu mənada Azərbaycanın kiminləsə müharibə etmək həvəsində olmasından, kiminsə ordusunu dağıtmaq və ya ölkəsini viran qoymaq kimi məqsədlər güdməsindən söhbət gedə bilməz.

Azərbaycan ancaq öz ərazi bütövlüyünü BMT-nin qəbul etdiyi məlum qətnamələrin şərtləri daxilində bərpa etmək üçün əməliyyat apardı. Prezident İlham Əliyev hərbi əməliyyatlar dönəmində daim vurğulayırdı ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə, hərbi əməliyyatlar dayanar və sonrakı mərhələdə onunla əməkdaşlıq məsələsinə baxıla bilər. Hesab edirik ki, bu humanist, demokratik və xeyirxah münasibət müharibədən sonra Cənubi Qafqazın geosiyasi dinamikasının yeni ritmə düşməsində ciddi rol oynamaqdadır.

İkinci məqam Azərbaycan Prezidentinin hərbi əməliyyatların getdiyi dövrdə tez-tez regional əməkdaşlıq haqqında mesajlar verməsi ilə bağlıdır. İlham Əliyev yeni əməkdaşlıq formatının meydana gələ biləcəyi haqqında konkret fikirlər söyləyirdi. Bu isə Azərbaycan rəhbərinin regional və qlobal səviyyədə əməkdaşlığa can atmasını sübut edirdi. Hərbi əməliyyatların başa çatması ilə İlham Əliyevin indi ekspertlərin "3+3" formulu adlandırdığı əməkdaşlıq formatını irəli sürməsi bu baxımdan ciddi dönüş nöqtəsi sayıla bilər. Təcrübə göstərir ki, hazırda siyasətçilər, ekspertlər və regionun sakit gələcəyi ilə bağlı səmimi düşünənlər məhz bu formul əsasında fəaliyyətə üstünlük verirlər. Bu prosesin bir sıra mühüm məqamları üzərində geniş dayanaq.

"3+3" formulu və Cənubi Qafqazın geosiyasi reallıqları

Bu formul Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla bərabər regionun üç böyük dövləti – Rusiya, Türkiyə və İranın sistemli və davamlı əməkdaşlığını nəzərdə tutur. Bu formulu "5+1" də adlandırırlar (Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, İran üstəgəl Ermənistan). Lakin əsas olan adda deyil, əməkdaşlıq formatının məzmunundadır. Onun mahiyyəti isə ondan ibarətdir ki, Cənubi Qafqazda "yeni regionalizm" konsepsiyasına uyğun əməkdaşlıq platforması yaradılır. Xatırladaq ki, "yeni regionalizm" konsepsiya olaraq Avropada meydana gəlib və hazırda Avropa İttifaqının müxtəlif regionlara yönəlik siyasətində ("Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələr də buraya daxildir) öz ifadəsini tapır.

Konkret olaraq, "yeni regionalizm" Avropada və ona qonşu olan yerlərdə regional əməkdaşlığın qlobal əməkdaşlıqla bir-birini tamamlaması və təhlükəsizliyin təmin edilməsi kontekstində başa düşülür. Məsələn, Avropa İttifaqı Baltikyanı siyasətində "yeni regionalizm" konsepsiyasının prinsiplərinə əsaslanıb. Eyni məntiqlə Avropa İttifaqı Cənubi Qafqaza yanaşır. Lakin əhəmiyyətlisi odur ki, Avropa İttifaqı deyil, regionun lideri olan Azərbaycan "yeni regionalizm" konsepsiyasına uyğun siyasət yeridir. Bunun konkret təzahürü isə yeni formatda əməkdaşlıq platforması kimi "3+3" formuludur. Avropanın bu təşəbbüsə dəstək verməkdən başqa yolu yoxdur – əks halda, özü öz prinsipinə zidd davranmış olar!

Bununla Cənubi Qafqazın geosiyasi, iqtisadi, təhlükəsizlik və mədəni reallıqlarına "3+3" formulu prizmasından baxmaq zərurəti meydana çıxıb. Artıq bu aspektlərin hər biri üzrə regionun böyük dövlətləri fəal addımlar atırlar. Türkiyə bu istiqamətdə çox fəaldır. Əvvəlcədən Azərbaycanın haqq işinə dəstək verməklə bərabər rəsmi Ankara Ermənistanın konstruktiv davranacağı halda onunla əməkdaşlığın mümkünlüyünü vurğulayıb. Hazırkı mərhələdə kommunikasiya xətlərinin açılmasına Ankara ciddi dəstək verir. Bu sahədə Bakının hər bir təşəbbüsünü və addımını tam dəstəkləyir. Türkiyə bununla həm regional proseslərə təsirini artırır, həm də əməkdaşlıq və təhlükəsizliyə qiymətli töhfəsini verir.

Rusiya da Türkiyə kimi regionda pozitiv rol oynamaqdadır. Kreml Azərbaycanın regional əməkdaşlıqla bağlı irəli sürdüyü təklifləri dəstələyir və onların reallaşması üçün lazımi addımları atır. Bu bağlılıqda Moskvanın vacib rollarından biri Ermənistanı konstruktiv yola cəlb etməsi ilə bağlıdır. Həmin bağlılıqda Rusiyanın həm regional nəqliyyat-kommunikasiya sistemlərinin açılması, həm də Qarabağda təhlükəsizliyin təmin edilməsindəki müsbət rolu danılmazdır.

İran Cənubi Qafqazda fəallığını artırır. Bu baxımdan xarici işlər naziri Məhəmməd Cavad Zərifin regiona səfəri önəmlidir. Rəsmi Tehran regional əməkdaşlıqda Azərbaycan, Rusiya və Türkiyə ilə eyni mövqedə olduğunu nümayiş etdirdi. İndi faktiki olaraq Azərbaycan, Rusiya, Türkiyə və İranın "3+3" və ya "5+1" formulu üzrə əməkdaşlığa tam hazır olduqlarını deyə bilərik.

Bütün bunların fonunda konkret regional layihələrin reallaşması zərurəti aydın hiss edilir. Həmin bağlılıqda da Qarabağın yenidən qurulmasının yalnız Azərbaycan üçün deyil, bütövlükdə regional inkişaf üçün son dərəcə əhəmiyyətli olması qəbul edilməlidir. Bu aspektdə bir sıra önəmli məqamları vurğulamağa ehtiyac yaranıb.

Qarabağın bərpası və inkişafı: Türkiyə üçün vəzifə borcu

Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Səlcuq Akatın irəli sürdüyü təkliflər yuxarıda vurğulanan məqamlar prizmasından çox maraqlı təsir bağışlayır. S.Akat, faktiki olaraq, Türkiyənin postkonflikt mərhələsində fəaliyyətinin fəlsəfəsini və ümumi prinsiplərini "Bir millət, iki dövlət" formulunun məntiqinə uyğun ifadə edib. Qısaca olaraq onun fikirlərinə nəzər salaq.

Öncə deyək ki, S.Akat Azərbaycan türküdür. O, "Şirvanşahlar yurdu" əsərinin müəllifi Cahangir Zeynaloğlunun nəvəsidir. Bu əsər artıq Azərbaycan dilinə tərcümə edilib və "Ön söz"ü S.Akat yazıb. Lakin S.Akat peşəkar qabiliyyətlərinə görə tanınır və onun fəaliyyəti genişdir. Türkiyə hakimiyyəti S.Akatın təkliflərinə diqqətlə yanaşır.

S.Akat Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması prosesində Türkiyənin iştirakı məsələsinə həmin işə lazım olan sərmayənin ümumi həcmi çərçivəsində baxır. Qısa müddətdə Qarabağın bərpası üçün 27 milyard dollar, uzun vədədə isə 80 milyard dolların lazım gələcəyini bildirir. Təbii ki, bu, özlüyündə Qarabağda işlər üçün kənar dəstəyə ehtiyacın olması anlamına gəlir. Dünya təcrübəsi göstərir ki, belə vəziyyətlərdə beynəlxalq təşkilatlar və böyük dövlətlər fəallıq göstərməlidirlər. Lakin təcrübə sübut edir ki, Avropanın bəzi inkişaf etmiş ölkələri səmimi olaraq bu prosesdə iştirak etmək istəmirlər. Onlar xristian təəssübkeşlikləri ilə işğalçı, vandal və Qarabağı viran qoyan Ermənistana arxa durmaqda davam edirlər.

Belə olan halda Azərbaycana dost və qardaş olan ölkələrin fəallığı ehtiyaca çevrilir. Məhz bütün bunları nəzərə alaraq Səlcuq Akat deyir ki, "Qarabağa iş olaraq deyil, vəzifə olaraq baxmalıyıq"! Bu, ciddi və əhəmiyyətli tezisdir. S.Akat inanır ki, Türkiyə "Bir millət, iki dövlət" formulu çərçivəsində Qarabağda yenidənqurma prosesində öz evində olduğu kimi iştirak etməlidir. Konkret desək, türk şirkətləri Qarabağa yeni qazanc mənbəyindən çox, öz ölkəsinin bərpasına ehtiyacı olan Vətən torpağı kimi baxmalıdırlar. Bu, adi qazanc prinsipi çərçivəsindən kənara çıxan və öz Vətəninə xidmət etməyin məsuliyyətini anlayan insanların fəaliyyəti deməkdir.

Həmin bağlılıqda S.Akatın Türkiyə ilə Azərbaycan arasında sərbəst ticarət anlaşmasının imzalanması vacibliyi üzərində dayanması çox əhəmiyyətlidir. Lakin bu məsələdə də bir düşündürücü məqam mövcuddur. S.Akat ifadə edir ki, Avropa ilə Türkiyə arasında imzalanmış gömrük birliyi sazişi həmin məsələyə əngəl yaradır. Çünki həmin sənədə əsasən, Türkiyə Avropa İttifaqı ilə məsləhətləşmədən və onun razılığını almadan Azərbaycanla sərbəst ticarət anlaşması imzalaya bilməz. Brüssel isə Ankara ilə məsləhətləşmədən istədiyi ölkə ilə analoji sənədi imzalaya bilər.

Bu ziddiyyətin necə həll olunacağı məlum deyil. Lakin indidən aydındır ki, Avropa İttifaqı hər fürsətdə ancaq öz xeyrinə olan sənədlərə imza atır. Görünür, artıq Türkiyənin bu barədə ciddi düşünməsi lazımdır. Çünki Brüsselin Qarabağ məsələsinə görə Türkiyə və Azərbaycana nə qədər "qəzəbli" olduğu məlumdur.

Bütün bunlara rəğmən, Türkiyənin xüsusi əməkdaşlıq aspektində Avrasiya strategiyasını hazırlamalı olduğunu S.Akat vacib hesab edir. Bu strategiyada bütövlükdə Avrasiya məkanında Türkiyənin fəaliyyəti nəzərdə tutulmalıdır, lakin Azərbaycana özəl yer verilməlidir. Bir sıra ixracatçıların Londona malların Bakıya nisbətən daha ucuz qiymətə göndərilməsi ilə bağlı arqumentlərinin isə sərbəst ticarət zonalarının yaradılması və başqa addımların atılması ilə aradan qalxa biləcəyini S.Akat xüsusi qeyd edir.

Əlbəttə, bu cür yanaşma olduqca səmərəlidir və iki qardaş ölkənin qarşılıqlı fayda verən əməkdaşlığı üçün geniş imkanlar açır. Eyni zamanda, S.Akatın təklifində əhəmiyyətli məqam Türkiyənin Qarabağın yenidən qurulması üçün öncə 27 milyard dollar, sonra isə 80 milyard dollar həcmində sərmayəyə ehtiyacının böyük qismini təmin etməsi fikrini irəli sürməsidir. Bunun üçün nəqliyyat, tikinti, enerji və kənd təsərrüfatı sferalarında kifayət qədər geniş imkanların olduğunu türkiyəli iş adamı açıq ifadə edir.

Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri vurğulanan kontekstdə maraqlı bir geosiyasi reallığı da önə çəkir. S.Akat Rusiyanın Türkiyə-Azərbaycan əməkdaşlığına mane olmayacağını ayrıca qeyd edir. Əlbəttə, bu da olduqca vacib faktordur. Çünki Rusiya Avrasiyanın güclü dövlətlərindəndir və böyük hərbi potensiala malikdir. İkinci Qarabağ müharibəsi göstərdi ki, Moskva Ankara və Bakı ilə konstruktiv münasibətlərə tam açıqdır. Kreml regional və qlobal miqyasda cərəyan edən geosiyasi prosesləri adekvat qiymətləndirir və Türkiyə ilə əməkdaşlığa ayrıca önəm verir. Təbii ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi Rusiya üçün çox əhəmiyyətlidir. Bakı həmişə şimal qonşusu ilə əməkdaşlığa açıq olub və bu, indi də davam edir. Deməli, Türkiyənin həm Qarabağın bərpasındakı iştirakına, həm də bütövlükdə Avrasiyada geosiyasi-iqtisadi proseslərdə aktiv fəaliyyətinə Rusiyadan dəstək gözləməyə tam əsas vardır. Eyni məntiqlə, Türkiyə Rusiyanın həmin məkandakı fəaliyyətinə dəstək verə bilər.

Geosiyasi aspektdə S.Akatın fikirləri işığında böyük bir məkanda tamamilə yeni geosiyasi dinamikanın yaranma ehtimalının yüksək olduğu görünür. Belə ki, son 200 ildə ilk dəfə olaraq regionun iki nəhəng dövləti – Rusiya və Türkiyə bütün sahələrdə strateji əhəmiyyətli əməkdaşlıq mərhələsinə başlayırlar. Bizim üçün əhəmiyyətli olanı ondan ibarətdir ki, hər iki dövlətin planlarında Azərbaycana xüsusi yer verilir. Etiraf edək ki, buna nail olmaq heç də asan məsələ deyildi. Burada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dövlət quruculuğu konsepsiyası həlledici rol oynayıb. Ulu öndərin "Bir millət, iki dövlət" formulu çox geniş və dərin fəlsəfəsi olan yanaşmadır. Siyasi varis kimi Prezident İlham Əliyevin həmin tezisin məzmununa uyğun və bütövlükdə xarici siyasətdə əməkdaşlıq prinsipini əsas tutaraq göstərdiyi fəaliyyət nəticəsində Azərbaycan yüksək nailiyyətlər əldə edir və etməkdədir.

Azərbaycanın Avrasiya miqyasında Rusiya-Türkiyə əməkdaşlığında vacib birləşdirici mövqe tutması İlham Əliyev siyasətinin uğurudur. Bu mühüm məqamın Səlcuq Akatın təkliflərində ifadə olunması sevindiricidir. Belə görünür ki, Türkiyə-Azərbaycan tandemi tarixdə yeni bir qarşılıqlı faydalı əməkdaşlıq modelinin formalaşmasına təkan verir və çox əhəmiyyətlidir ki, bu prosesdə Rusiya və İran da iştirak edir.

Bunlar onu göstərir ki, yaxın perspektivdə böyük bir regionda çox səmərəli əməkdaşlıq konfiqurasiyası yarana bilər. Bu konfiqurasiyada Ermənistanın da iştirak edə bilməsi şansının yaranması tarixi dəyişiklikdir. Ona görə yox ki, Ermənistan tarixi reallığa uyğun bir yerdə yaradılıb. Xeyr, bu vassal dövlət havadarları tərəfindən Azərbaycan torpaqlarında qondarılıb. Lakin hazırkı geosiyasi reallıq onu diktə edir ki, rəsmi İrəvanın aqressivliyinə son qoyulsun və bölgədəki bütün xalqlar dinc yaşasınlar. Azərbaycanın bu prosesdə aparıcı rollardan birini oynaması onu göstərir ki, bu millət tarixi torpaqlarında var olmaqda davam edəcək. Özü də böyük qonşuları Rusiya, Türkiyə və İranın ortaq maraqlarının kəsişməsi əsasında Azərbaycanla əməkdaşlığa önəm veriləcək. Ölkə rəhbərinin həyata keçirdiyi böyük siyasətin mühüm tərəflərindən birinin bundan ibarət olduğunu düşünürük. S.Akatın mövqeyi həm də bu səbəbdən son dərəcə maraqlı, real və strateji əhəmiyyəti olan məqamdır.

Vurğulanan məqamların işığında İkinci Qarabağ müharibəsinin geosiyasi-tarixi əhəmiyyətini də dərk etmək mümkündür. Belə ki, Azərbaycan yalnız hərb meydanında qələbə əldə etmədi. Bütövlükdə regional geosiyasi-hərbi, iqtisadi, mədəni və ideoloji mənzərənin dəyişməsinə təkan verdi. Faktiki olaraq, bir neçə əsrdir ki, Cənubi Qafqazı qeyri-konstruktiv münasibətlərə sürükləyən yanaşma sistemini dağıtdı. Əvəzində uzunmüddətli əməkdaşlığa yol açan və region xalqlarının qarşılıqlı faydalı əlaqələrinə yeni nəfəs verən mənzərə meydana gəldi.

Bunlarla yanaşı, Azərbaycan Türkiyə, İran və Rusiya ilə keyfiyyətcə yeni münasibətlər sistemi yaratmağa nail oldu. Hər üç böyük dövlət Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Təbii ki, onların hər biri ilə əlaqələrin dərinliyi və genişliyi fərqli ola bilər. Bu təbii haldır. Lakin artıq Cənubi Qafqazın sabitliyi və sosial-iqtisadi inkişafı Azərbaycansız təsəvvür edilmir. Bu isə tarixi rakursda Azərbaycan dövlətçiliyinin qlobal səviyyədə öz təsdiqini tapması və geosiyasi sistemdə yerinin konkretləşməsi deməkdir. Şübhə yoxdur ki, müstəqil dövlətçiliyin möhkəmlənməsi üçün bu məqamın ayrıca əhəmiyyəti vardır.

Səlcuq Akatın həm Qarabağın yenidən qurulması, həm də geniş anlamda Azərbaycan-Türkiyə əməkdaşlığına aid mövqeyi yuxarıdakı məqamlar prizmasından da əhəmiyyətli görünür.

İki qardaş ölkənin əməkdaşlığı inkişaf etdirməsi üçün daha geniş imkanların mövcudluğuna əminik. Əsas odur ki, diplomatların, siyasətçilərin və ekspertlərin bununla bağlı konkret təşəbbüsləri vardır. Belə görünür ki, Azərbaycan və Türkiyədə belə insanlar az deyil. Deməli, iki qardaş ölkənin əməkdaşlıq perspektivi günü-gündən artır və Səlcuq Akat kimi sağlam düşünən insanların təklifləri reallaşmaq şansına malikdir.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
23 fevral 2021 Arab News

Cənubi Qafqaz üçün sülh nə deməkdir?

Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.

Davamı...