THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Putin Qarabağ nizamlanmasında Ermənistanla "bütün körpüləri" yandırmaq istəmir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2951
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 noyabr 2020 – Newtimes.az

Üç gün öncə KİV-də Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələrə münasibət bildirib. Kreml rəhbərinin münasibətini üç istiqamət üzrə şərh etmək olar: 1. 10 noyabr Bəyanatından irəli gələn öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsi; 2. Münaqişənin tənzimlənməsində Azərbaycanın üstünlükləri; 3. Nizamlanma prosesində Türkiyənin yeri.

Ermənistan münaqişədə məğlub tərəf olduğu üçün 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Həmin öhdəliklər arasında heç şübhəsiz ən əsası noyabrın 15-dən dekabrın 1-dək işğalda saxladığı Ağdam, Laçın və Kəlbəcərin boşaldılması hesab edilir. Artıq Ermənistan rəhbərliyi V.Putinə yalvararaq, Kəlbəcərin boşaldılması prosesini 10 gün (15 noyabrdan – 25 noyabradək) artırmağa müvəffəq olub. Rəsmi İrəvan bunu vaxtın azlığı və Kəlbəcərdən Ermənistana yalnız bir yolun olması ilə əlaqələndirib. Ölkədə isə siyasi abı-hava heç də ürəkaçan deyil. İstefaların və həbslərin genişlənməsi, Nikol Paşinyana münasibətdə narazılıqların durmadan artması və mitinqlərin ara verməməsi, Ermənistan Prezidentinin barış hökuməti yaratmaq və növbədənkənar seçkilərə getməklə bağlı fikirləri ölkədə ciddi siyasi böhranın olmasına və ondan çıxış yolunun axtarılmasına dəlalət edir. Belə bir mürəkkəb şəraitdə işğal altında olan torpaqlardan erməni qoşunlarının çıxmaq istəməməsi, Rusiya sülhməramlılarına müqavimət göstərməsi açıq-aşkar özünü büruzə verməkdədir. Hətta yayılan qeyri-rəsmi məlumatlara görə, Ağdamda erməni qoşunları ilə rus sülhməramlıları arasında baş vermiş ciddi atışma nəticəsində rus sülhməramlıları və erməni əsgərləri arasında itkilərin olduğu bildirilib. Bütün bunlara baxmayaraq, V.Putin bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirildiyini bəyan edib. Əks təqdirdə, Ermənistanın həmin Bəyanatdan imtinası onun üçün intihara bərabərdir. Çünki real vəziyyət Ermənistan üçün daha ağır nəticələr doğura bilər.

Belə görünür ki, Rusiya çətin vəziyyətdə olan müttəfiqi ilə bütün körpüləri yandırmaq fikrində deyil. Əks halda, Ermənistanda antirusiya eksperimenti yenidən həyata keçirilə bilər. Çünki buna şübhə var. Paris merinin Qarabağdakı qeyri-legitim rejimi rəsmən tanımağa hazırlaşması, Niderland parlamentinin Türkiyəyə silah satışına moratorium elan etməsi və Azərbaycan hakimiyyətinə münasibətdə fərdi sanksiya tətbiq etməsi, ABŞ dövlət katibi Mayk Pompeonun Sergey Lavrovu onları Dağlıq Qarabağda son hadisələrlə bağlı zəruri məlumatlarla təmin etməməkdə günahlandırması mahiyyət etibarı ilə Dağlıq Qarabağda sülh prosesinə və Rusiyanın sülhyaratma fəaliyyətinə mane olmaq məqsədi güdür. M.Pompeonun fikirləri həmsədrlərin problemin tənzimlənməsində Rusiyanın rolunun artmasına yol verməmək anlamına və öz ölkəsinin bu prosesdən kənarda qalmamasına dəlalət edir. Fransalı həmsədrin rolu isə öz ölkəsinin açıq ermənipərəst rolunu ört-basdır etmək və rəsmi Parisin həmsədr ölkələrdən biri kimi "neytrallığını" nümayiş etdirməkdir.

Azərbaycana gəlincə, Putin Dağlıq Qarabağın həmişə Azərbaycan ərazi olmasını və beynəlxalq hüquqla ona məxsus olduğunu bəyan edib. Status məsələsinə toxunarkən qeyd edib ki, "biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik. Sonra nə olacaq – bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər. Lakin, mənim fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu, Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq". Şübhəsiz, müxtəlif istiqamətlərdə yozula və Rusiyaya manevr imkanı yarada bilən bu fikirdə bir həqiqət ondan ibarətdir ki, əgər ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşamaq istəsələr ölkəmizin qanunlarına tabe olmalıdırlar. Belə olarsa, Dağlıq Qarabağda birgəyaşayış üçün etimad mühitinin və tolerantlığın əsası qoyulacaq, multikultural mədəniyyət formalaşacaq.

Azərbaycanla Türkiyə arasında müttəfiqlik ölkəmizin suveren dövlət kimi etdiyi seçimdir və bu hüququ heç kim məhdudlaşdırmaq iqtidarında deyil.

Rusiya-Türkiyə monitorinq mərkəzlərinin harada yerləşməsinə Azərbaycanın qərar verəcəyi olduqca mühüm faktdır. Bu mərkəzlərin seçimində Azərbaycanın daha çox hazırkı təmas xəttinə daxil olan Dağlıq Qarabağ ərazilərinə – Xankəndi, Xocavənd və Əsgərana üstünlük verəcəyi daha çox ehtimal edilir.

Türkiyəyə gəlincə, Putin onun Minsk qrupunun üzvü olması və münaqişənin nizamlanmasına yönəlmiş beynəlxalq səylərdə yer almasını dilə gətirməklə rəsmi Ankaranın beynəlxalq hüququ pozmaqda ittiham edilməsinin yolverilməz olduğunu bəyan etdi. Bundan əlavə, Rusiya ilə Türkiyə arasında atəşkəsə birgə nəzarət məsələsinə toxunan Putin belə bir təcrübənin Türkiyə-Suriya sərhədində yerləşən İdlibdə birgə patrul xidmətinin yerinə yetirilməsi zamanı yarandığını bildirib.

Daha vacib məqam isə Putinin "Türk əsgərinin Dağlıq Qarabağda təmas xəttində olması erməni təxribatına səbəb ola bilər" fikridir. İlk baxışdan bu fikrin səsləndirilməsi Rusiyanın Türkiyəni erməni təxribatı ilə təhdid etmək və onun ambisiyalarını azaltmaq niyyəti ilə bağlı ola bilər. Digər tərəfdən, təmas xəttinin rus-türk sülhməramlıları tərəfindən birgə idarə edilməsi Ermənistanda Rusiyaya qarşı güclənməkdə olan apatiyanı bir qədər də artıra, hətta bunu Ermənistana qarşı Moskva ilə Ankara arasında gizli saziş kimi qələmə verə bilər. Bu cür yanaşma Ermənistanın strateji müttəfiqi kimi Rusiyanın planlarına daxil deyil.

Lakin Putinin fikirlərində müəyyən həqiqətin olmasını da danmaq olmaz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi və bu prosesdə beynəlxalq sənədləri əldə rəhbər tutduğu bir şəraitdə bəzi ermənipərəst və xristian təəssübkeşliyini gizlətməyən Avropa ölkələri ölkəmizə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqe ortaya qoymaqdadır. Yuxarıda qeyd etdiyimiz Fransa və Niderlandın, habelə qardaş Türkiyəyə qarşı Kanadanın qərəzli mövqeyi buna misaldır. Düşündürücü məqam ondan ibarətdir ki, hələ biz Dağlıq Qarabağın ətrafında bufer adlanan torpaqlarımızı işğaldan azad edərkən bu cür neqativ reaksiyalarla rastlaşırıq. Bəs Xankəndiyə daxil olsaydıq Ermənistanın havadarları buna necə reaksiya verərdilər? Çox güman ki, bütün dünyaya hay-həşir salıb "Artsax əhalisini qırırlar" – deyə süni ajiotaj yaratmaqla ölkəmizə və qardaş Türkiyəyə qarşı daha geniş cəbhə yaratmağa və müxtəlif məzmunlu siyasi-iqtisadi xarakterli (neft satışına, silah satışına embarqo və s.) sanksiyaların qəbul edilməsinə nail olmağa çalışacaqdılar.

Şübhəsiz ki, hazırkı şəraitdə Rusiya sülhməramlılarının münaqişə bölgəsində olması Azərbaycanın və qardaş Türkiyənin milli təhlükəsizlik maraqları baxımından bəzi nüanslara görə məqbul hesab edilə bilər:

– tənzimlənmə prosesində milli zəmində antaqonizmin erməni-azərbaycanlı qarşıdurmasından rus-erməni ixtilafına (ermənilərin boşaldılacaq torpaqlardan çıxmaq istəməməsi, rus sülhməramlıları ilə atışması və ölüm faktının olması, rusların onları tərk-silah etmək cəhdləri və s.) çevrilməsi;

– Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistanın hərbi müttəfiqi olması (həm fərdi, həm də KTMT çərçivəsində) faktını nəzərə alaraq, onun Dağlıq Qarabağa sülhməramlı qüvvələr yeritməsi, Azərbaycan və Türkiyəni ermənipərəst qüvvələrin qərəzli münasibətindən və təzyiqlərdən sığortalanması anlamına gəlir;

– Azərbaycanın erməni işğalından azad edilmiş sərhədyanı rayonlarında məskunlaşma işlərinin aparılması, yaradılacaq infrastrukturun möhkəmləndirilməsi prosesi Ermənistan tərəfindən vaxtaşırı təxribatlarla, hətta hərbi xarakterli insidentlərlə rastlaşacağı ehtimalını istisna etmir. Rusiyanın münaqişə bölgəsində olması həmin təxribatların baş verməsinə imkan verməyəcək.

– Türkiyənin Dağlıq Qarabağa daxil olması NATO-nun Cənubi Qafqaza yolunu açmış olur. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzanın fikrinə əsasən, "indiki reallığa görə NATO-nun ən güclü ikinci ordusuna malik olan Türkiyənin bölgəyə sülhməramlı qüvvə göndərməsi və ya regiondakı mövcudluğu, NATO üçün böyük geosiyasi məqamdır. Düşünürəm ki, ABŞ və ya Avropada kifayət qədər insan bunu başa düşür. Türkiyə hərbi qüvvələrinin Azərbaycanda olması NATO üçün çox xeyirlidir".

Yaxın 5 il ərzində Rusiyanın sülhməramlı fəaliyyətindən işğaldan azad edilmiş ərazilərdə mövqelərimizin möhkəmləndirilməsində, xarici təzyiqlərin üzərimizdən götürülməsində, Türkiyənin beynəlxalq siyasətdə və regionda rolunun artmasından və nəhayət, 44 günlük müharibənin nəticəsi olaraq Ermənistanın mövcud siyasi kursunun və ictimai şüurunun mümkün transformasiyasından məqsədyönlü şəkildə istifadə edə bilərik.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...