
Bakı, 30 oktyabr 2020 – Newtimes.az
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ
münaqişəsinə toxunarkən münaqişənin tənzimlənməsinin yalnız tərəflərin
maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu bildirib. İlkin mərhələdə hərbi
əməliyyatların dayandırılması və danışıqlar masasına oturmağın lazım olduğunu
söyləyib.
"Hərənin öz həqiqətləri var, burada sadə həll
yoxdur, çox çətindir”, – deyə ifadə edən Rusiya prezidenti münaqişənin
alovlanmasının ilkin dövrlərində keçmiş sovet rəhbərliyinin insanların təhlükəsizliyini
təmin etmək üçün lazımi addımları atmadığını vurğulayıb.
Ölkə başçısı Vladimir Putinin bu çıxışı Rusiyanın
münaqişənin həllində əvvəl olduğu kimi ritorikada bitərəfliliyini saxladığını və
balanslı mövqeyi qorumağa çalışdığını göstərir. Münaqişə tərəflərinə bərabər şəkildə
yanaşmanın sərgilənməsi Rusiyanın ATƏT-in Minsk qrupu həmsədri kimi vasitəçi
mandatına da uyğun gəlir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə vasitəçi
ölkələrin münaqişənin həllində tərəfsiz mövqe tutmasının vacibliyini bəyan
edib.
Həmçinin Azərbaycan Ordusunun hərbi nailiyyətləri və
işğal olunmuş torpaqlarımızın əhəmiyyətli hissəsinin azad edilməsi ilə yaranmış
vəziyyətə uyğun olaraq Rusiyanın yeni reallığı nəzərə alması və Azərbaycan
xalqının işğal faktı ilə heç vaxt barışmadığını qəbul etməsi məlum olur. Azərbaycanın
hərb yoluna əl atmaqda tərəddüdsüz mövqe ortaya qoyması və qətiyyətli addımları
ölkəmizi ədalətsiz güzəştlərə getməyə məcbur edən və təzyiq göstərməyə çalışan
bütün beynəlxalq gücləri çəkindirdi. Bu amil regionda nüfuzunu qorumaq və gücləndirmək
üçün münaqişənin tənzimlənməsində aktiv rol almağa meyil edən və tərəflər
arasında daim real vasitəçilik təşəbbüslərinə can atan Rusiyanın Ermənistanı
maksimalizmdən imtina etməyə və konstruktiv mövqeyə gəlməyə təşviq etməsinə müəyyən
dərəcədə təsir edə bilər.
Digər tərəfdən, Vladimir Putinin çıxışında tərəflərə
bərabərhüquqlu münasibəti ifadə edən məqamlar nümayiş etdirdi ki, Ermənistanın
digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa
uğrayıb və Rusiya Ermənistanın belə avantüralarına qoşulmaq niyyətində deyil.
Vasitəçi kimliyini qorumaq və hər iki tərəfə təsir imkanlarını əldə saxlamaq
üçün Rusiya Ermənistanın xeyrinə seçim etməyəcək. Cənubi Qafqaz regionunda
iqtisadi, siyasi və mədəni əlaqələrini perspektivsiz və riskli Ermənistandan
ötrü təhlükə altına qoymaq və qurban vermək Rusiyanın milli maraqlarına ziddir.
Ermənistanın daxili auditoriyanı aldatmağa hesablanmış nağılları və üçüncü ölkələri
tərəf kimi münaqişəyə cəlb etmək ümidləri boşa çıxıb.
Azərbaycan Ordusunun uğurları hesabına
status-kvonun olmaması və təmas xəttinin aradan qaldırılması reallığı artıq
hamı tərəfindən qəbul edilir. Ermənistanın uzun illər tirajladığı sona çatmamış
müharibənin "sonucları” adlandırdığı situasiya artıq yoxdur. 90-cı illərdən bəri
özünü "qələbə” hallüsinasiyalarına qapdırmış Ermənistan danışıqlar prosesini
faktiki bloklamağa yönəlmişdi. Bununla o, müvəqqəti situasiyadan uzağa gedən nəticələr
çıxararaq, qondarma rejimin müstəqil dövlətə çevriləcəyini, dünyanın və Azərbaycanın
bunu qəbul etməyə məcbur olacağını sanırdı. Müzəffər Azərbaycan ordusu bu
hallüsinasiyaları düşmən üçün qarabasma və kabusa çevirdi. Artıq hər hansı
status-kvodan, təmas xəttindən söhbət belə gedə bilməz.
Rusiya Prezidenti V.Putinin çıxışındakı digər
maraqlı məqam isə səsləndirdiyi "5+2 formatı” ilə bağlı idi. Əvvəllər Rusiyanın
xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda həmin formul
öz əksini tapmışdı. Lakin Azərbaycan bu planın böyük bir qismini özü təmin
edib. Həmin beş rayondan dördünün rayon mərkəzləri də daxil olmaqla, böyük hissəsi
və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan Hadrut qəsəbəsi artıq
işğaldan azad olunub. Belədə "5+2 formulu”nun kompromis variant kimi təklif
olunması artıq mənasını itirir və Azərbaycanın bunu qəbul etməsi mümkünsüzdür.
Azərbaycan Ordusunun hərbi əməliyyatları ilə şəhidlər və böyük hərbi və maliyyə
resursları hesabına azad etdiyi bölgələrin danışıqlarda Ermənistanın münaqişənin
sülh yolu ilə həlli üçün atdığı güzəşt addımı kimi qiymətləndirmək gülünc
olardı. Azərbaycanın Prezidenti İlham Əliyevin çıxışlarında ifadə edildiyi
kimi, Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini
məqbul sayır və istər sülh, istər hərb yolu ilə bunu təmin etmək hüququnu özündə
saxlayır.
Vladimir Putinin çıxışında digər diqqətçəkən detal
isə Dağlıq Qarabağa hər hansı statusun verilməsi barədə deyil, Dağlıq Qarabağda
müəyyən bir rejimin tətbiq olunması haqda danışmasıdır. Bu, olduqca vacib məqamdır
və Azərbaycanın maraqlarına uyğundur. Çoxillik danışıqlar prosesi müddətində Azərbaycan
tərəfi daim humanist prinsiplərdən çıxış edərək münaqişənin sülh yolu ilə həll
edilməsi naminə güzəşt kimi Dağlıq Qarabağda ermənilərə dünya praktikasında qəbul
olunmuş ən yüksək muxtariyyət statusunu verməyə hazır olduğunu bəyan edib.
Lakin Ermənistan tərəfi daim qeyri-konstruktiv və maksimalist mövqe tutaraq
bundan imtina edib. Bu imtinalardan sonra Münaqişənin hərbi yolla Azərbaycanın
maraqları çərçivəsində həlli Dağlıq Qarabağa hər hansı statusun verilməsini
istisna edir. Münaqişədən əvvəl də geniş muxtariyyətə malik olan ermənilər buna
qane olmayaraq, regionda on minlərlə insanın qanının tökülməsinə səbəb olan
münaqişəni başladıb və işğalçılıq siyasəti yeridib. Buna görə də hər hansı
status üçün artıq separatçıların heç bir mənəvi haqqı yoxdur. Azərbaycan
xalqının övladlarının – şəhidlərin qanı hesabına azad olunmuş bölgədə yenidən
20-30 il sonra üçün basdırılmış mina rolunu oynayacaq hər hansı siyasi qurumun
yaradılması ölkəmizin milli maraqlarına uyğun deyil.
Bununla belə, Azərbaycan tolerantlıq və
multikulturalizm mühitinə uyğun olaraq Dağlıq Qarabağ ermənilərinin Azərbaycan
vətəndaşı kimi ölkəmizdə birgəyaşayış prinsiplərinə uyğun şəkildə mədəni
muxtariyyət və insan haqları çərçivəsində milli hüquqlarını qorumağa təminat
verir. Erməni əsilli vətəndaşlarımızın öz mədəniyyət və adət-ənənələrini
yaşatması, folklor və dillə bağlı müəyyən tədbirlər görülməsi sərbəst şəkildə həyata
keçirilə bilər.
Alparslan Öztürk
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...