THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstan seçki öncəsi: siyasi və geosiyasi toqquşmalar ehtimalı

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8661
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 sentyabr 2020 – Newtimes.az

Bu il oktyabrın 31-də Gürcüstanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Bu dəfə deputatları proporsional sistem üzrə seçməlidirlər. Həmin prosesə partiyalar ciddi hazırlaşırlar. Müxalif cəbhədə olanlar birləşdiklərini bəyan ediblər. Onlar seçkidə qalib gəlsələr Mixeil Saakaşvilini baş nazir vəzifəsinə namizəd göstərəcəklərini deyirlər. Bu hadisənin Gürcüstanın siyasi mühitinə necə təsir edə biləcəyi ilə bağlı ekspertlərin proqnozları vardır. Fikirlər müxtəlifdir, lakin ortaq qənaət odur ki, Gürcüstanda siyasi aktorların yeni konfiqurasiyası formalaşa bilər. Bu halda qonşu və dost ölkəni hansı geosiyasi "sürprizlər" gözləyə bilər? Orada vəziyyətin yeniləşməsi bütövlükdə regionda geosiyasi proseslərə necə təsir edər?

"Mişanın qayıdışı": reallıqlar və gözləntilər

Qonşu Gürcüstanda daxili siyasi vəziyyət növbəti parlament seçkiləri ərəfəsində getdikcə daha həssas mərhələyə daxil olmaqdadır. Siyasi qüvvələr seçkiyə ciddi hazırlaşırlar. Artıq müxalif qüvvələr bir addım atıblar. Onlar birləşərək, seçkidə qalib gəldikləri təqdirdə keçmiş prezident M.Saakaşvilinin baş nazir postuna namizədliyini irəli sürəcəklərini bəyan ediblər.

M.Saakaşvili bu informasiyaya reaksiya verib. Keçmiş prezident baş nazir olmağa hazırdır. Hətta proqramını və əsas məqsədlərini də açıqlayıb. Onları üç bloka bölmək olar. İqtisadi bloka Gürcüstanın sosial-iqtisadi böhrandan çıxarılması istiqamətində atılmalı olan addımlar daxildir. Bunun üçün Gürcüstanın iqtisadi infrastrukturunu şaxələndirmək, yeni texnologiyaların tətbiqini sürətləndirmək və beynəlxalq layihələrdə aktiv iştirak lazımdır. Eyni zamanda, xarici sərmayədarların Gürcüstanda daha əlverişli şərtlər daxilində iştirakı vacibdir.

Siyasi blokda müxalifətin dövlət idarəçiliyində və insan haqlarının müdafiəsində iştirakının genişləndirilməsi nəzərdə tutulur. Bunun üçün M.Saakaşvili polisi siyasiləşdirməyi əsas hədəf kimi seçib. Polisi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarıb müstəqil qurum etmək təklifini verib. Polisin rəisini də parlament seçməlidir. Parlamentdə insan haqları komissiyasının sədri müxalifətdən olmalıdır və s.

Üçüncü blok xarici siyasət kursu ilə bağlıdır. Bu istiqamətdə ekspertlər M.Saakaşvilinin Rusiya ilə bağlı mövqeyinə ayrıca diqqət yetirirlər. Keçmiş prezident obrazlı danışıb: "Mən artıq əvvəlki Mişa deyiləm. İllərlə düşündüm və səhvlərimi anladım. Mən dəyişmişəm". M.Saakaşvili hesab edir ki, əsas məsələ kiminləsə münaqişəyə girmək deyil, Gürcüstanı xilas etməkdən ibarətdir. Gürcüstanı xilas etmək isə müstəqil dövlətçiliyi daxili addımlarla möhkəmləndirməkdən başlayır. Deməli, əsas məsələ antirusiya mövqeyi tutmaqdan ibarət olmamalıdır. Dövləti gücləndirməklə Rusiya ilə münasibətlərdə də müsbətə doğru dəyişiklik etmək gərəkdir.

Belə görünür ki, M.Saakaşvili, faktiki olaraq, Azərbaycanda müstəqil dövlət quruculuğu kursunun daha səmərəli olduğu qənaətinə gəlib. Demokratiya və liberalizm nağılları nəzəri olaraq xoşdur. Güclü dövlət modeli olmayan yerdə bunların heç biri bərqərar ola bilməz. Lakin bunu postsovet məkanında Heydər Əliyevdən savayı anlayan olmadı. Nəticə də göz qabağındadır: Azərbaycan dinamik, sabit və davamlı inkişaf edən dövlətdir. Qonşuları isə hələ də inkişaf kursu axtarırlar!

Bütün hallarda M.Saakaşvilinin bu qənaətləri gec də olsa, Gürcüstan üçün faydalı ola bilər. Lakin ekspertləri Rusiyanın onun qayıdışına münasibəti daha çox maraqlandırır. Moskva artıq münasibət bildirib. Dmitri Peskov ifadə edib ki, M.Saakaşvilinin Gürcüstana qayıtması bu ölkə üçün mənfi haldır. Şəxsən M.Saakaşviliyə qarşı hansısa kin-küdurətin olmadığını deyən Kreml sözçüsü onu da vurğulayıb ki, Rusiya M.Saakaşvili haqqında fikrini dəyişməyib.

Belə çıxır ki, Moskva M.Saakaşvilinin Ukraynada etdiklərini də nəzərə alır. İslahatlarla məşğul olan M.Saakaşvili, görünür, Kremli heç cür qane etmir. Onu da deyək ki, keçmiş Gürcüstan prezidenti cəmi iki il müddətinə baş nazir ola biləcəyini bəyan edib. Ondan sonra Ukraynada işlərini davam etdirmək niyyətindən bəhs edib. O deyib ki, bu, iki ölkə arasında seçim etmək deyil, əksinə, hər iki ölkədə faydalı olmaqdır. Ekspertlərə görə, bu, M.Saakaşvilinin Ukrayna və Gürcüstanda demokratik dövlət quruculuğunda əvəzedilməz olması haqqında düşüncələrə malik olduğunun əlamətidir. Bu ehtimallardan hansının reallığa çevriləcəyini zaman göstərəcək.

Geosiyasi istiqamət: Tbilisinin yeni seçimi?

Bəs hansı səbəblərə görə M.Saakaşvili Gürcüstanda baş nazir olmaq fikrindədir? Özünün dediyinə görə, hakimiyyəti gənc siyasətçilərə ötürmək gərəkdir. Gürcüstanda, ümumiyyətlə, siyasi təfəkkür, idarəetmə fəlsəfəsi dəyişməlidir. Bəs gənc kadrlar varmı? Görünür, burada yenə də Corc Sorosun barmağı vardır. Çünki Gürcüstanda gənc siyasətçilərin əksəriyyəti C.Sorosa bağlı adamlardır. Belə çıxır ki, M.Saakaşvili Gürcüstanda sorosçuların tam olaraq hakimiyyətə yiyələnməsi üçün addımlar atmaq fikrindədir. Bunun nə dərəcədə səmərəli ola biləcəyini demək çətindir. Lakin təcrübə göstərir ki, sorosçular yerli və milli siyasəti qəbul etmirlər. Bu da cəmiyyətdə kəskin fəsadlar meydana gətirə bilər. Baxmayaraq ki, M.Saakaşvili haqqında Gürcüstanda yaşayan milli azlıqlar çox müsbət fikirdədirlər, irəlidə nələrin ola biləcəyini proqnozlaşdırmaq xeyli çətindir.

Bütün bunlar Gürcüstanın daxili siyasi durumuna necə təsir edə bilər? Məsələyə bir qədər geniş aspektdə yanaşmağa ehtiyac vardır. Hazırkı parlament seçkisi qaydasını Tbilisi kənardan olan ciddi təsir əsasında qəbul edib. Konkret desək, Avropa proporsional sistemə keçidi tələb edib. Hakimiyyət bunu qəbul etmək istəmirdi, ona görə də müxalifət davamlı olaraq etiraz aksiyaları təşkil edirdi. Bu ilin yayında Tbilisi ilə Avropa İttifaqı arasında aparılan müzakirələrdə Gürcüstan hakimiyyəti qarşısında qəti tələb qoyuldu: ya yeni seçki qaydası tətbiq edirsiniz, ya da sizə dəstək kəsilir! Gürcüstan bir çox baxımdan Aİ-dən asılı olduğundan, hökumət güzəştə getməyə məcbur oldu. Lakin Bidzina İvanişvili yaxşı başa düşür ki, bu cür seçki onun mövqelərinin zəifləməsi deməkdir. Doğrudan da, seçkiyə hələ bir aydan çox vaxt qalıb, müxalifət artıq birləşib konkret addım atır. Öz şərtlərini irəli sürür. Bu o deməkdir ki, payızın ikinci ayı Gürcüstanda siyasi qüvvələr nisbətinin dəyişməsi mərhələsi ola bilər. O halda nələri proqnozlaşdırmaq mümkündür?

Məsələyə ümumən Cənubi Qafqazın geosiyasi mənzərəsi prizmasından baxmağa ehtiyac var. Çünki bu regionda son zamanlar geosiyasi dinamika daha həssas səviyyəyə yüksəlib. Ermənistanın təxribatçı və avantürist addımları, Rusiyanın daha da fəallaşması, İranla bağlı vəziyyətin yüngülləşməməsi Tbilisi üçün də yeni məqamları ortaya çıxarır. Görünür, Qərbdə belə qərara gəliblər ki, Tbilisinin qismən rusiyayönümlü xətt yürütməsi onu prinsipial geosiyasi məsələlərdə tərəddüdə sövq edir. Buna görə də hakimiyyətdə Qərbin planlarını daha aktiv dəstəkləyən qüvvələrin olması uyğun görünür. Ermənistanda Nikol Paşinyanın sorosçu hökumətinin addımları ilə Gürcüstanda atılan addımlar arasında hansı bağlantının olduğunu demək çətindir. Lakin perspektivdə Ermənistan-Gürcüstan münasibətlərini yeni müstəviyə çıxarmaq cəhdi hiss edilir. Yeni müstəvidə ermənilərin təcridinə son qoymaq və Rusiyadan asılılığı xeyli azaltmaq niyyəti ola bilər.

Ancaq bu halda Gürcüstanın Azərbaycan və Türkiyə ilə münasibətləri aktuallaşmış olur. Balansın necə və hansı üsulla tapılacağı məlum deyil. İndidən aydındır ki, Azərbaycan və Türkiyə müstəqil siyasətlərini və regional əməkdaşlığı inkişaf etdirmək xəttini istənilən şərtlər daxilində davam etdirəcəklər. Bu keyfiyyətdə regionun bütün dövlətləri bu gücü nəzərə almalı olacaq. Gürcüstan da həmin faktoru ciddi surətdə diqqətə almağa borcludur. Deməli, Tbilisi-İrəvan münasibətlərinin məzmununa Ankara və Bakının maraqlarını nəzər almaqla baxmaq lazım gələcək.

Digər tərəfdən, Gürcüstanda qərbyönümlülər daha da güclənsə, NATO-nun regiona təsiri arta bilər. Bu kontekstdə İran məsələsi yeni müstəvidə daha aktual ola bilər. Gürcüstandan bu məsələdə hansı dərəcədə istifadə olunacağı məlum deyil. Unutmayaq ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonun Gürcüstana səfəri adi hadisə deyildi.

Nəhayət, Rusiya amili öz təsirini mütləq göstərəcək. Moskva Gürcüstana həssaslıqla yanaşır. Kreml dəfələrlə bəyan edib ki, NATO-nun orada fəallaşmasına adekvat reaksiya veriləcək. Belə çıxır ki, Rusiyanın Cənubi Qafqazda maraqlarını qorumaq üçün ciddi addımlar atması tam gözləniləndir. Buraya hansı məqamların daxil olacağını zaman göstərəcək.

Bütün bunlar onu göstərir ki, M.Saakaşvilinin Gürcüstanda baş nazir olmaq şansı çox deyil. Bütövlükdə geosiyasi vəziyyət dəqiq proqnoz verməyə imkan vermir. Mübarizə mütləq olacaq. Bu isə o deməkdir ki, hazırkı mərhələ Gürcüstanda siyasi silkələnmələrlə yadda qala bilər. Belarus səviyyəsindəmi? Oktyabrın 31-dən sonra bilinəcək!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...