THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Şərqi Aralıq dənizinin geosiyasi nəbzi: böyük güclərin gərgin mübarizəsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8306
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 sentyabr 2020 – Newtimes.az

Bütövlükdə qlobal geosiyasətdə vəziyyət gərgin və mürəkkəbdir. ABŞ, Rusiya, Avropa İttifaqı və Çinin liderlik uğrunda apardıqları amansız və güzəştsiz mübarizə getdikcə yeni məzmun çalarları almaqdadır. Bu prosesdə dünyanın müxtəlif regionlarında dövlətlərarası münasibətlərin gərginləşməsi də müşahidə edilir. Konkret olaraq, Aralıq dənizi hövzəsində bir neçə böyük dövlət artıq qarşı-qarşıya gəliblər. Burada Yunanıstan, Fransa, Almaniya, ABŞ, Türkiyə kimi ölkələr öz maraqları uğrunda savaşırlar. Vəziyyət risklərlə doludur. Ancaq hələlik aktiv hərbi əməliyyatlar və ya güc tətbiqi yoxdur. Ekspertlərin rəyinə görə, bununla yanaşı, hər an hərbi toqquşmalar meydana gələ bilər.

Sülh və enerji məsələsi: Şərqi Aralıq dənizindəki geosiyasi risklər

Dünya siyasətində koronavirus pandemiyasının rolu haqqında analitiklər və ekspertlər hələ də fikir söyləyirlər. Lakin bu prosesin fonunda real geosiyasi tendensiyaların məzmunu məsələsi də getdikcə daha aydın məntiqlə qarşıya çıxır. Yəni, faktiki olaraq, dünya liderləri "pandemiya bəhanəsi"nin sonuna gəlirlər. İndi böyük dövlətlərin öz maraqları uğrunda pandemiyadan əvvəlki dövrlərdən fərqli olmayan məntiqlə savaşdığını və hətta bir sıra məqamlarda daha sərt, ədalətsiz və riskli addımlar atdığını görürük. Bu məqam bizim üçün əhəmiyyəti olan iki regionda – Qafqaz və Şərqi Aralıq dənizi hövzəsində özünü qabarıq surətdə göstərir.

Qafqaz başqa bir mövzudur. Biz Şərqi Aralıq dənizi ətrafında baş verənlərin geosiyasi aspekti üzərində dayanacağıq. Burada dünyanın bir neçə böyük dövlətinin maraqları toqquşub. Fransa, Yunanıstan, İsrail, Misir, Türkiyə və hətta çox uzaqda olan ABŞ belə bölgədə fəallıq göstərirlər. Ekspertlərin rəyinə görə, əsas məsələ regionun enerji ehtiyatlarının bölgüsü ilə bağlıdır. Yunanıstan Şərqi Aralıq dənizindəki su sərhədlərini genişləndirmək hesabına oradakı enerji resurslarının demək olar ki, hamısına sahib olmağa çalışır. Bu məsələ Krit, Rodos və Melis adaları ətrafındakı su sahəsinə Türkiyənin buraxılmaması istiqamətində atılan addımlarda ifadə olunur. Afina bunun üçün Kiprin yunan kəsimindən, Misir, İsrail və Avropa İttifaqı faktorundan istifadə etməyə cəhdlər göstərir.

Son hadisələr göstərir ki, prosesə Vaşinqton da müdaxilə etməyə başlayıb. Amerika regiona hərbi güc göndərməklə yanaşı, Kiprin yunan kəsimi üçün öncələr tətbiq etdiyi silah embarqosunu da qismən qaldırmaqla müdaxilə edir. Yunanıstan da Krit, Rodos və Melis adalarına əlavə hərbi qüvvə yerləşdirməyə başlayıb.

Ankaranın dediyinə görə, bütün bunlarda Fransa daha fəal pozucu rol oynayır. Fransa bölgəyə hərbi gəmilər, döyüş təyyarələri göndərməklə yanaşı, Avropa İttifaqını da məsələyə yunan mövqeyindən müdaxilə etməyə təhrik edir. Artıq Almaniya da bəyan edib ki, Avropa İttifaqı Yunanıstanı dəstəkləməlidir. Siyasətçilər bütün bu proseslərdə İsrailin arxa planda hərəkət etdiyini və faktiki olaraq, böyük miqyasda situasiyaya nəzarət etməyə çalışdığını deyirlər. Hər bir halda, Amerika, Avropa və Yaxın Şərqin bir sıra dövlətləri böyük iddiaları olan Yunanıstanı dəstəkləyir, ədalət və beynəlxalq hüquqdan kənar addımlar atırlar. Başqa sözlə desək, növbəti dəfə özlərinin dar siyasi maraqları naminə türk dövlətinə qarşı birləşməyə çalışırlar.

Rusiyanın bu prosesdə ehtiyatlı və bir qədər üstüörtülü davranması diqqəti çəkir. Rusiya konkret heç bir açıq addım atmır. Lakin bir sıra ekspertlər hesab edirlər ki, Moskva Türkiyəyə "yüngül" dəstək verməklə ABŞ və Avropanın Şərqi Aralıq dənizində daha da güclənməsini istəmir, lakin Türkiyənin də orada aparıcı olmasını arzulamır. Belə çıxır ki, Moskva "güləşin sonu"nu gözləyəcək. Hələlik Rusiya Suriya və Liviya məsələlərində fəal olmağa çalışır. İnformasiyalara görə, Suriyadakı radikal kürd qruplaşmalarının nümayəndələrinin Moskvada rəsmi şəxslərlə görüşü də olub.

Türkiyənin bu məsələdə tutduğu mövqe ilə bağlı da konkret təsəvvür mövcuddur. Ankara öz quru sərhədlərindən cəmisi 2 kilometr məsafədə olan su ərazisinə haqqı olduğunu bəyan edib. Yunanıstanın öz quru sərhədindən 580 kilometr uzaqda olan bir xırda adaya və ətrafındakı su hövzəsinə ifrat iddialı olmasını Türkiyə normal saymır. Beynəlxalq hüquq normaları və dənizlərlə bağlı mövcud olan müqavilələr də müzakirələrin aparılmasını daha doğru sayır. Lakin qəribədir ki, həm yunanlar, həm də onların "demokrat" avropalı və amerikalı dindaşları başqa cür düşünürlər. Onlar hesab edirlər ki, bütün hallarda Türkiyə geri çəkilməlidir.

Ankara isə regionda hazırda iki istiqamətdə qətiyyətlə fəaliyyət göstərir. Birincisi, oraya neft-qaz axtarışı aparan gəmilər göndərib. İkincisi, "Navteks" (ərazilərə digər gəmilərin girməsini qadağan edənbeynəlxalq xəbərdarlıq – red.) elan etməklə həmin gəmiləri həssaslıqla qoruyur. Bir neçə dəfə yunan qırıcıları həmin əraziyə yaxınlaşıb, türk gəmilərini qorxutmağa çalışmışdı, dərhal Türkiyə F-16-ları ilə onları ərazidən uzaqlaşdırıb. Lakin bölgədə gərginlik qalmaqdadır.

Ədalət və hüquq: bunlar unudulanda...

Hazırda tərəflər bir-birinə hədə gəlməkdədirlər. Avropa bir neçə dəfə hay-küy salmağa çalışdı, lakin Türkiyə sərt şəkildə cavabını verdi. Prezident Rəcəb Tayyib Ərdoğan hətta meydan oxudu. Türkiyənin dövlət başçısı açıq bəyan etdi ki, kimin gücü varsa, çıxsın meydana, Türkiyə maraqlarından əsla vaz keçməyəcək. Əlavə olaraq, Türkiyə rəhbərliyi Fransaya üz tutaraq, meydana çıxmasını tələb etdi. Ancaq Paris hələ konkret bir addım atmağa tələsmir.

Bunlar Liviya məsələsi və Yaxın Şərqin bir sıra dövlətlərinin proseslərə münasibətləri fonunda daha maraqlı və aktualdır. İsrail və Misir Yunanıstanla enerji sahəsində saziş imzalayaraq, aktiv surətdə situasiyaya müdaxilə etmək niyyətlərini ortaya qoydular. Ancaq məsələ hələ də kağız üzərində niyyət olaraq qalır. Xüsusilə Misirin Türkiyə ilə gizli danışıqlar apardığı haqqında informasiyalar yayılır. Hər bir halda, İsrail və Misir faktoru Fransa və ABŞ faktoru səviyyəsində hələ qabarmayıb.

Bunlarla yanaşı, Liviya problemi Şərqi Aralıq dənizindəki geosiyasi vəziyyətlə birbaşa bağlıdır. Liviyada son zamanlar gedən proseslər göstərir ki, BMT tərəfindən tanınan Fayez əl-Sərrac hökuməti ilə hətta onun qatı əleyhdarları, məsələn, Fransa da barışmalı olub. Rusiya niyyətini ortaya qoysa da, sərt əks-reaksiya vermir, lakin F.əl-Sərracın da Sirtə hücum etməsinə razı olmur. Hazırda Sərrac hökuməti formalaşdırır və getdikcə dinc üsulla öz fəaliyyətini genişləndirir. Bu o deməkdir ki, Liviyada Suriyadakı kimi dağıdıcı proseslərin qarşısı alınır və indi rəsmi tanınan hökumətlə hesablaşmalı olanların sayı artır. Bu, yaxın gələcəkdə Liviyada indi hakimiyyətdə olan qüvvələrin tam olaraq ölkə ərazisinə nəzarət edə biləcəyi şansının qaldığını göstərir (Suriyada belə bir şans yoxdur).

Bütün bu proseslərdə Türkiyə aparıcı rol oynayır. Ankara Liviya hökuməti ilə imzaladığı sazişi tam yerinə yetirir, rəsmi Liviya hakimiyyətini qoruyur və onun praktiki fəallığını artırır, özünün hərbi bazasını qurur və beynəlxalq səviyyədə böyük güclərlə münasibətlərini diplomatik yolla tənzimləyir. Deməli, Şərqi Aralıq dənizində "fransız və yunan şıltaqlığı"nın meydana gəlməsində rolu olan Liviya məsələsində Türkiyə diplomatik üsulla geosiyasi nüfuzunu artırmaqdadır. Bunun fonunda regionda Türkiyəsiz hansısa böyük layihənin və ya geosiyasi qərarın qəbul edilməsinin mümkün olmadığı aydın görünür.

Bütün bunlar geosiyasi əhəmiyyəti olan başqa bir reallığı ortaya qoyur – Türkiyə Yaxın Şərqdə, Şimali Afrikada, Aralıq dənizi regionunda, Balkanlarda və Qafqazda söz sahibi olan gücə çevrilib. Nə qədər onun fəaliyyətini süni və subyektiv müstəviyə yönəltməyə çalışsalar da, müxtəlif iftiralar uydursalar da, siyasətlə ciddi məşğul olan dünya liderləri artıq "Türkiyə qlobal dünyada var" deyə düşünür və hərəkətləri ilə bunu nümayiş etdirirlər. Buraya ABŞ və Rusiyanın da dövlət başçıları daxildirlər. Deməli, bütövlükdə dünya miqyasında geosiyasi dinamika dəyişir, meydana yeni güclər atılır.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətli, dərin düşünülmüş və konkret gücə arxalanan bir müsəlman dövlətinin artıq meydandan çəkilməyəcəyinin siqnallarını təkrar-təkrar verir. Bu isə yaxın stratejidə ümumən qlobal siyasətdə ciddi yeniliklərin ola biləcəyinin müjdəsidir.

Nəhayət, bizim üçün çox əhəmiyyətli olan bir məqam. Azərbaycan Prezidenti İlham Əliyev birmənalı, açıq və qətiyyətlə ifadə etdi ki, Şərqi Aralıq dənizi məsələsində "tərəddüd etmədən Türkiyənin yanındadır"! Bu, tarixi bəyanatdır, çünki tarixi-geosiyasi seçimin təsdiqidir. Azərbaycan müstəqilliyi, ədaləti və qardaşlığı seçdi! Açıq və qətiyyətlə dedi ki, Türkiyənin yanındadır, ona görə ki, Ankara haqlıdır və həm də qardaşdır! Bu, Azərbaycanın artıq güclü bir dövlət kimi geosiyasi meydanda olmasının təsdiqidir! Şübhə yoxdur ki, zəfər ədalətlilərin və müstəqillik tərəfdarlarının olacaqdır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...