THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın hərbi təxribatının geosiyasi tərəfləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8300
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 iyul 2020 – Newtimes.az

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın arxasında işğalçı ölkənin aşağıda ehtimal olunan məkrli məqsədləri dayanır:

1. Hərbi əməliyyatların Dağlıq Qarabağdan Ermənistan-Azərbaycan sərhədinə transformasiyası. İyulun 12-də başlanmış hərbi toqquşmanın obyekti Dağlıq Qarabağda təmas xətti deyil, Ermənistanla Azərbaycan arasında dövlətlərarası sərhəd xətti hesab edilir. Ermənistan məqsədyönlü şəkildə törətdiyi təxribatı ölkəmizin ayağına yazmaqla, bu yolla Azərbaycanı beynəlxalq sərhəd rejimini – Ermənistanın ərazi bütövlüyünü bilərəkdən pozmaqda və güc nümayiş etdirməklə ''DQR''-in hərbi-siyasi mövcudluğuna təhdid etməkdə, bütövlükdə isə regionda vəziyyəti gərginləşdirməkdə suçlandırmağa çalışır. Ermənistan öz işğalçı mahiyyətini süni hərbi gərginliklər (təxribatlar) yaratmaq yolu ilə ört-basdır etmək, "DQR''-i Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində danışıqların müstəqil tərəfinə çevirmək və mövcud status-kvonu mümkün qədər daha çox saxlamaq niyyəti güdür. Problemi beynəlmiləlləşdirməklə onun güc yolu ilə deyil, danışıqlar yolu ilə həllinə təminat almağa çalışır. Qeyri-hərbi yol münaqişəli problemin təsirli həllini yubadır, danışıqlarda imitasiyaları artırır, qeyri-sabitliyin statusunu möhkəmləndirir.

2. ''İqtidaryönümlü siyasi konfiqurasiyanın möhkəmləndirilməsi''. Ermənistan hakimiyyəti hərbi gərginlik yaratmaqla, daxili problemləri arxa plana keçirməyi planlaşdırır. Ölkədə ictimai-siyasi sabitliyin dayanıqlı olmaması hakimiyyətin legitimliyini getdikcə zəiflədir. Koronavirus pandemiyası bu ölkənin iqtisadiyyatına ciddi ziyan vurmaqdadır. İqtisadi iflas ölkədə hakimiyyətin fəaliyyətindən narazılığı artırır və etirazlara yol açır. Koronavirusla mübarizədəki uğursuzluq fonunda ölkədə müxalif ''Vətən'', ''Daşnaksütyun'' və ''Çiçəklənən Ermənistan'' partiyalarının Alyansından ibarət anti-Paşinyan cəbhəsi yaranmaqdadır. Ermənistanın hazırkı hakimiyyəti ölkənin ikinci prezidenti olmuş Robert Köçəryanın həbsdən azad edilməsindən də ciddi narahatlıq keçirir.

Özünü hadisələrin neqativ inkişafından sığortalamaq məqsədilə N.Paşinyan ''Qarabağ'' kartından gen-bol istifadə etməyə çalışır. O, 28 ildən sonra ''Miatsum'' sözünü yenidən ortaya ataraq, ''DQR''-in Ermənistana enozisini strateji vektor kimi ön plana çıxarmaqla, danışıqların gələcək perspektivlərini heçə endirməyə çalışır. Şuşanın separatçı rejimin paytaxtı elan edilməsi işğalçı ölkənin sülh danışıqlarında dolayı yolla imtinası anlamına gəlir.

Heç şübhəsiz bu siyasətin əsas mahiyyəti Dağlıq Qarabağ klanını və diasporu hakimiyyətin ətrafında birləşdirmək və onların təsir imkanlarından öz məqsədləri üçün istifadə etmək hesab edilir. Bundan əlavə, ötən ay Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin sədri və üzvlərini dəyişdirməyə imkan verən qanunvericilik dəyişikliklərini təsdiqləməklə, həmin qurumun yeganə müstəqil orqan kimi qalması imkanlarının üstündən xətt çəkmiş oldu və Paşinyan hakimiyyətinin qeyri-məhdud xarakter almasına hüquqi zəmin yaratdı.

3. Hərbi zorakılığın eskalasiyası fonunda xaricdən intervensiya ümidləri. Hakimiyyətə gəldiyi gündən etibarən, N.Paşinyan özünün qeyri-sabit mövqeyi, ziddiyyətli fikirləri ilə diqqəti cəlb etməkdədir. Onun Rusiya və Qərb arasında manevrləri diqqətdən yayınmır. Lakin əsil həqiqətdə o, ölkənin vesternizasiyası siyasətinə meylini gizlətmir. Belə ki, Rusiya yönümlü qüvvələrin – eks-prezident R.Köçəryanın həbsi ilə bağlı məhkəmə prosesləri, ''Çiçəklənən Ermənistan'' partiyasının sədri və müxalifət lideri Q.Çarukyana qarşı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin üç cinayət işi qaldırması  hakimiyyətin siyasi mübarizə meydanını rusiyatəmayüllü qüvvələrdən təmizləmək niyyətini əks etdirir.

Ermənistan hakimiyyəti 1998-ci ildə ölkənin birinci prezidenti olmuş L.Ter-Petrosyanın istefasından sonra ''siyasi komplimentarizm'' siyasəti həyata keçirir. Bu siyasət doktrinası Ermənistanın aparıcı rusiyayönümlü siyasi xəttini qərbmeyilli addımlarla zənginləşdirmişdir. Belə ki, ölkənin əsas strateji tərəfdaşı Rusiyanın olmasına baxmayaraq, Ermənistan Qərblə olduqca sıx əlaqələr həyata keçirməkdədir. N.Paşinyan hakimiyyətə gəldikdən sonra ölkəsini Rusiyanın forpostu olmasından xilas etməyə, qərbyönümlü geosivilizasiyanı strateji vektora çevirməyə can atır. Rusiyada ona münasibətdə skeptik baxışlar getdikcə güclənir. Məhz bu baxımdan istər Rusiyanın, istərsə də KTMT-nin Ermənistanı qeyd-şərtsiz dəstəkləyəcəyi olduqca az ehtimal olunur. Rusiya Azərbaycanı regionda aparıcı qüvvə kimi qiymətləndirir və onunla münasibətləri əhəmiyyətli sayır. Ermənistanı isə özünün forpostu hesab edir. Lakin bu, o demək deyil ki, Rusiya Ermənistanın istəklərini tam şəkildə qarşılamağa hazırdır. 1997-ci il müqaviləsinin 2-ci bəndində tərəflərdən birinə silahlı hücum baş verəcəyi təqdirdə qarşılıqlı yardım prinsipindən bəhs edilir. Lakin bu yardımların edilməsindən əvvəl məsləhətləşmələrin keçirilməsi qeyd-şərt olaraq qoyulur. Məhz bu məsləhətləşmələr zamanı yardımın əsas 3 göstəricisi – 1) lazımlılığı (neobxodimost); 2) forması; 3) ölçüləri müəyyən olunmalıdır. Göründüyü kimi, Rusiya tərəfi vəziyyətdən asılı olaraq, özü üçün manevr imkanlarını da nəzərə almışdı.

Analoji mövqeyi Rusiya prezidenti D.Medvedevin 20 avqust 2010-cu il tarixində ''1995-ci ilin 16 mart tarixində Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında Ermənistan Respublikasının ərazisində yerləşən Rusiya Federasiyasının hərbi bazası haqqında imzalanmış müqaviləyə əlavə 5 saylı Protokol''un imzalanmasından sonra verdiyi müsahibəsində görmək olar. Həmin müsahibədə ''Azərbaycanın mümkün hərbi həmlələri'' ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, ''istənilən halda əgər belə vəziyyət yaranarsa, bu məsələ sülh yolu ilə həll ediləcək''.

Son hadisələrlə bağlı Rusiyanın xarici işlər naziri S.Lavrov tərəfləri təmkinli olmağa, öz ölkəsinin istər fərdi qaydada, istərsə də ATƏT-in həmsədri qismində vasitəçilik etməyə hazır olduğunu bəyan edib. ABŞ və Fransa da bitərəf mövqedən çıxış edib. İƏT, İran, Türkiyə, Ukrayna, Pakistan və Moldova Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, GUAM, ATƏT-in Minsk qrupu, Aİ və NATO sərhəddə hərbi əməliyyatların dərhal dayandırılması istiqamətində zəruri tədbirlərin görülməsi vacibliyini bəyan etmişlər. Gürcüstan hər iki qonşusuna münasibətdə neytral xətt tutmağa üstünlük verir və Azərbaycan-Ermənistan sərhəddində baş vermiş hərbi insidenti regional təhlükəsizlik üçün ciddi təhdid hesab edir və bunun yolverilməz olduğunu bəyan edir. KTMT-nin mövqeyinə gəlincə, bu təşkilatın atacağı addım Ermənistan üçün olduqca əhəmiyyətli hesab edilir. Xüsusən də Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdan deyil, öz dövlət sərhədindən hərbi təxribat törətməklə üzvü olduğu həmin təşkilatın hərbi yardımına bel bağlayır. Lakin təşkilatın bu insidentə münasibət bildirməkdə tələsməməsi bəzi şübhələr yaradır. İlk öncə, təşkilat sədrinin Ermənistanla münasibətlərində köhnə incikliyin olması faktını qeyd etmək lazımdır. Onun KTMT-nin sədri vəzifəsinə seçilməsinə Ermənistan mane olmağa çalışmışdır. Buna səbəb belaruslu general-leytenant Stanislav Zassın Azərbaycanda Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin məzunu olması və Bakını özünün ikinci ana vətəni hesab edilməsidir. Bundan əlavə, N.Paşinyan hakimiyyətə gələndən sonra dəfələrlə Belorusun Azərbaycana silah satdığını KTMT-nin prinsiplərinə və öhdəliklərinə uyğun olmadığını bəyan etmişdir. İkincisi, təşkilat bu insidenti Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsinin tərkib hissəsi kimi nəzərdən keçirir. İşğala məruz qalan və 20 faiz torpaqlarını itirən Azərbaycandır. Belə olan halda KTMT hansı əsasla Ermənistana hərbi yardım etməlidir. Daha bir mühüm məqam ondan ibarətdir ki, həmin təşkilatın Ermənistan istisna olmaqla, bütün üzvləri: Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Azərbaycanla konstruktiv münasibətlərə malikdir. Xüsusən də Belorus və Qazaxıstan ölkəmizlə olduqca sıx tərəfdaşlıq münasibətləri həyata keçirir. Qeyd edilən təşkilatda qərarlar konsensus əsasında qəbul edilir. Hazırkı şəraitdə belə bir konsensusun əldə ediləcəyi heç ehtimal da edilmir. Vəziyyətin çıxılmaz olduğunu anlayan Ermənistanın baş naziri Minskdən Azərbaycana çağırış edərək, sülh danışıqlarına hazır olduğunu bəyan edib. Paralel olaraq, N.Paşinyan müdafiə naziri D.Tonoyanı Brüssellə – NATO rəsmiləri ilə danışıqlara göndərməklə, Rusiyanın passivliyi fonunda öz hakimiyyətini hadisələrin neqativ inkişafından sığortalamaq, strateji müttəfiqini qısqandırmaq yolu ilə onu fəal hərəkətə keçməyə sövq etməyə çalışır.

Beləliklə, apardığımız təhlillər hadisələrin bir neçə ssenari üzrə inkişaf edə bilməsini düşünməyə əsas verir:

''Qələbəyə bərabər heç-heçə'' ssenarisi. Bu ssenaridə Ermənistan Azərbaycanla hərbi əməliyyatları dövlətlərarası sərhədlər boyunca eskalasiya etmək və regional təhlükəsizliyə təhdid etmək məqsədi güdür. Heç şübhəsiz, Cənubi Qafqazda Ermənistan ilə Azərbaycan arasında yenidən hərbi əməliyyatların bərpası Rusiya, İran və Türkiyənin, o cümlədən ABŞ-ın maraqlarına cavab vermir. Türkiyəni çıxmaq şərtilə, adı çəkilən dövlətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır. Çünki belə riskli regionda, eskalasiya olunmuş genişmiqyaslı və uzunsürən münaqişə arzuolunmazdır. Belə ki, genişmiqyaslı müharibə hər iki ölkənin iqtisadiyyatına ciddi zərbə vura bilər. Bundan əlavə, belə bir həssas regionda irimiqyaslı müharibə asanlıqla qonşu ölkələrə yayıla bilər. Odur ki, belə bir riskə nə döyüşən tərəflərin, nə də yuxarıda adı çəkilən ölkələrin gedəcəyi ehtimal olunmur.

Məlumdur ki, Cənubi Qafqaz Rusiya üçün ''həyati mühüm məkan'' hesab edilir və geosiyasi və geostrateji baxımdan onun təhlükəsizliyi, iqtisadi mənfəətləri və siyasi hədəfləri üçün böyük əhəmiyyətə malikdir. Bu gün gözləmə mövqeyində dayanmasına baxmayaraq, gec-tez Rusiyanın bu münaqişənin dayandırılması istiqamətində əməli addımlar atacağı istisna edilmir. Bu da N.Paşinyana arxayın şəkildə qısamüddətli hərbi avantüra həyata keçirməyə imkan verir.

Bu ssenaridə N.Paşinyanın qazancı nə ola bilər? O, yeni münaqişə ocağı yaratmaqla diqqəti Dağlıq Qarabağda işğal edilmiş ərazilərdən yayındırmağa, status məsələsi ilə bağlı danışıqları arxa plana keçirməyə, münaqişə bölgəsində mövcud status-kvonu saxlamağa nail olmağa çalışır. Bu plan Rusiyanın Krımın setsessiyasından sonra yürütdüyü siyasəti xatırladır. 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya beynəlxalq təzyiqləri neytrallaşdırmaq məqsədilə Ukraynanın cənubunda LXR (ЛНР) və DXR (ДНР) kimi separatçı qurumlar yaratmış və hərbi-siyasi proseslərin ağırlıq mərkəzini ora keçirmişdir.

Bu ssenaridə Ermənistanın məkrli planlarından biri də Rusiya – Türkiyə əlaqələrinə ciddi ziyan vurmaqdır. Belə ki, 17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasının toplantısında N.Paşinyan Rusiyanın baş naziri M.Mişustinlə ilə görüşündə son insidentin üçüncü tərəfin təhriki ilə baş verdiyini dilə gətirib. Şübhə yox ki, Ermənistanın baş naziri Türkiyəni nəzərdə tutur. O, bu fikirləri səsləndirməklə Rusiyanı qıcıqlandırmağa və onu Cənubi QafqazdaTürkiyə ilə üz-üzə qoymağa sövq etməyə çalışır.

''Təhrik edilən müharibə'' ssenarisi. Bu ssenaridə Ermənistan xarici havadarları tərəfindən hazırlanmış planın icraçısı qismində çıxış edə bilər. Hərbi insidentin obyekti qismində Azərbaycanın Tovuz rayonun seçilməsi belə bir ehtimalın irəli sürülməsinə rəvac verir. Bu rayonun Ermənistanla 69 km, Gürcüstanla 23 km sərhədi var. Tovuz Azərbaycan Respublikasının şimal-qərbində əlverişli iqtisadi coğrafi mövqeyə malikdir. Rayon ərazisindən Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən ''Bakı-Tbilisi-Ceyhan'' neft kəməri və ''Bakı-Tbilisi-Ərzurum'' qaz kəməri və Böyük İpək Yolu keçir. Digər tərəfdən ölkəmizin şimal-qərb ərazilərinin, xüsusən də Azərbaycan-Gürcüstan dövlətlərarası sərhədlərinə yaxın Qazax və Ağstafa rayonlarının taleyində bu ərazinin mühüm rol oynaması inkar edilə bilməz. Xarici qüvvələr Ermənistanın destruktiv rolundan istifadə etməklə, regionda xaotik proseslərə yeni nəfəs verməyə, transkontinental layihələrin fəaliyyətini iflic etməyə, Azərbaycan-Gürcüstan-Türkiyə strateji tərəfdaşlığını zəiflətməyə, NATO ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığa mane olmağa nail ola bilər. N.Paşinyan rejimi isə göstərdiyi xidmətlərin müqabilində öz legitimliyini möhkəmləndirə, siyasi opponentlərini zəiflədə, regionda erməni separatizminin fəaliyyət coğrafiyasını genişləndirə və onun xarici-siyasi resurslarını zənginləşdirə bilər.

''2016 postaprel ssenarisi'' Ermənistan üçün gözləntilərin əksinə olan hərbi-siyasi şəraitin formalaşması ilə nəticələnə bilər. Bu ssenaridə Ermənistan ikili oyun aparması ucbatından ən yaxın müttəfiqi tərəfindən ''cəzalandırıla'', dəstəksiz qala, işğal altında saxladığı bəzi əraziləri və ya strateji yüksəklikləri əldən verməyə məcbur edilə və son nəticədə siyasi hakimiyyət dəyişikliyi ilə üzləşə bilər. Hadisələrin bu ssenari üzrə başa çatması ən yaxşı halda N.Paşinyanın hakimiyyətdə qalması, ölkədə siyasi müxalifətə və narazı xalq kütlələrinə qarşı repressiya siyasətini davam etdirməsi, antirusiya təbliğatının aparılması (Rusiya və KTMT ilə strateji müttəfiqliyinin gələcək perspektivlərinin yenidən nəzərdən keçirilməsi) və yeni strateji müttəfiq (Qərblə əməkdaşlığın intensivləşməsi) axtarışını sürətləndirə bilər.

Ən pis halda isə N.Paşinyan hakimiyyətinin xarici və daxili siyasətinin fiaskoya uğraması, Ermənistanda ictimai-siyasi sabitliyin pozulması, mövcud iqtidarın istefası və rusiyayönümlü qüvvələrin yenidən hakimiyyət qayıtması ilə nəticələnə bilər.

Zəfər Nəcəfov,

Beynəlxalq münasibətlər üzrə mütəxəssis, Silahlı Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...