THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Xarici siyasətin prioritetləri və hücum diplomatiyası: Prezidentin qarşıya qoyduğu yeni vəzifələr kontekstində

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10079
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 iyul 2020 – Newtimes.az

Şanlı ordunun zəfəri və regional geosiyasi proseslər

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunda sərhəd xətti istiqamətində törətdiyi hərbi təxribat ancaq döyüş əməliyyatları ilə məhdudlaşmadı. Azərbaycan Ordusunun güclü zərbələri altında diz çökən işğalçı və havadarları çox məyus oldular. Erməni əsgəri Azərbaycan Ordusunun atəş gücünü öz üzərində aşkar hiss etdi. İndi bir sıra ekspertlər baş verənləri analiz etməyə çalışırlar. Müxtəlif qiymətləndirmələr, arqumentlər eşidirik. Lakin ermənilərin Tovuz istiqamətində hücum cəhdinin taleyini həll edən tək faktor var: Azərbaycan Ordusunun şücaəti, hərbi sistemimizin qüdrəti, zərgər dəqiqliyi ilə işləməsi, Ali Baş Komandan-ordu rəhbərliyi-müxtəlif qoşun növləri arasında yüksək koordinasiyalı fəaliyyət-Azərbaycan əsgərinin vətənsevərliyi, qeyrəti, fədakarlığı və peşəkar hazırlığının bir-birini tamamlaması! Məhz bunların sayəsində ermənilərin hərbi və informasiya təxribat potensialı tükəndi. Və ondan sonra Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üz tutdu, kömək istədi!

Azərbaycanın döyüş meydanında verdiyi cavabı görəndə çoxları anladı ki, Azərbaycan çox güclü orduya malikdir və istənilən an Ermənistan ordusunu qısa zamanda əzib keçə bilər. Bunu anlayıb, sözdə dost, əməldə düşmən olanlar məyus oldu­lar. Beynəlxalq təşkilatlardan fərqli fikirlər eşidildi. Hərçənd, Ermənistan təxribata başlayanda susurdular və bilmək olmazdı, ermənilər nəyəsə nail olsa idi, nə deyəcəkdilər. Əslində, bilirik nə deyəcəklərini. Yəni minbir bəhanə ilə erməni təcavüzünə haqq qazandırmağa çalışacaqdılar. İşğalçını geri oturtmaq əvəzinə bizə barışla bağlı "məsləhətlərini" verəcəkdilər.

Fəqət Azərbaycan əsgəri qəhrəmanlığı və qanı bahasına bu təxribatın taleyini həll etdi: erməni siyasi, informasiya və hərbi dairələri bir daha haqsız olduqlarını nümayiş etdirdilər və nüfuzdan düşdülər. Onları hətta üzvü olduqları hərbi-siyasi blok – KTMT belə müdafiə etmədi. Əksinə, onun bir sıra üzvləri bəyan etdilər ki, Azərbaycanla savaşa girməzlər. Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov isə açıq bəyan edib: "KTMT-nin bu münaqişəyə qoşulması cinayət olar. Çünki bu təşkilat bu və digər qonşularımızla müharibə etmək üçün yaradılmayıb. Ona görə də bu söhbətlərə son qoyulmalıdır. Kimsə KTMT-ni Qarabağ münaqişəsinə cəlb etmək istəyirsə, bilsin ki, buna heç kəs, heç vaxt nail olmayacaq. KTMT-yə daxil olan ölkələr də çox gözəl bilir ki, bu təşkilat nə üçün yaradılıb. KTMT-nin Azərbaycanla müharibəyə qoşulacağını düşünmək belə axmaqlıqdır. Heç kəs buna getməz. Bunu unudun".

Deməli, N.Paşinyan hakimiyyətə gələndən dilinə bağladığı bir yalvarış da rəsmi İrəvan üçün iflasla bitdi. Konkret olaraq, Ermənistan rəhbərliyinə anlatdılar ki, KTMT Ermənistanın oyuncağı və ya şıltaqlıq meydanı deyil. Bunun ciddi geosiyasi mənası danılmazdır. Əvvəla, hətta KTMT belə hesab edir ki, Ermənistan haqsızdır, Azərbaycan torpaqlarını işğal edib. L.Kalaşnikov bunu birmənalı belə ifadə edib: "Heç kəs demir ki, bu, Azərbaycan ərazisi deyil. Əlbəttə ki, Azərbaycan ərazisidir. Lakin heç kəs bu ərazilərin geri qaytarılması üçün heç nə etmir, məsələ budur".

Bizcə, dəqiq ifadə olunub, lakin L.Kalaşnikovun bu işdə ancaq Qərb dövlətlərini günahlandırması həqiqətə uyğun deyil. Hamı bilir ki, Ermənistan Moskvanın dəstəyi olmadan Dağlıq Qarabağda və ətraf rayonlarda bir millimetr belə ərazi işğal edə bilməzdi. Sonrakı dönəmdə də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Rusiyadır və bu qurumun fəaliyyətsiziliyində onun da rolu vardır. Buna baxmayaraq, artıq Moskvada anlayırlar ki, Azərbaycanın haqlı mövqeyini müdafiə etmək ən ədalətli addımdır. Ayrıca, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Türkiyə siyasəti onu deməyə əsas verir ki, Rusiya geosiyasi prioritetlərinə düzəlişlər edə bilər. Belə olarsa, əlbəttə, bütün region, o cümlədən Azərbaycan və Rusiya da qazanar!

Bunlardan çıxarıla biləcək ikinci geosiyasi nəticə ondan ibarətdir ki, Azərbaycan rəhbərliyi və ordusu qətiyyətini bütün dünyaya anlatdı: Cənubi Qafqazda həqiqi mənada sülh istəyən, əməkdaşlıqda maraqlı olan, barış arzulayan və bunun üçün lazımi siyasi, hərbi, iqtisadi və mədəni qüdrətə malik olan dövlət Azərbaycandır!

Azərbaycan istəsəydi, Ermənistanın ərazisinə daxil olub, şəhər və kəndlərini darmadağın edərdi, çox sayda əsir götürüb illərdir Ermənistanda əziyyət verilən, təhqir edilən azərbaycanlı əsir və girovlarla dəyişərdi, Xocalının qisasını bir gecədə alardı. Ancaq etmədi və çox doğru etdi, çünki Azərbaycan işğalçı deyil, kimsənin torpağında gözü yoxdur və qonşu dövlətlərə də hörmətlə yanaşır. O cümlədən KTMT-dəki dostlarını Bakı heç zaman çətin vəziyyətdə qoymaz. Bunlar adi hadisələr deyil, siyasətçilər, hərbiçilər təhlil edir və başa düşürlər ki, Azərbaycanla danışmağa dəyər. Çünki Cənubi Qafqazda sülhün qarantı olmaq üçün lazımlı olan siyasi, hərbi, iqtisadi, mədəni, geosiyasi və diplomatik imkanlara malik ölkədir!

Deməli, biz Tovuz istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən növbəti hərbi-informasiya təxribatından sonra regionla bağlı müşahidə olunan və hətta böyük dövlətləri belə mövqeyində korrektələr etməyə məcbur edən proseslərə vurğulanan tezislər prizmasından baxmalıyıq. Və həmin kontekstdə məqalənin başlıca məqsədi olan iki məqam üzərində geosiyasi aspektdə dayanmaq zəruridir. Onlardan biri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ifadə etdiyi mükəmməl fikirlərdir. Digəri isə yenə də dövlət başçısının Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən xarici siyasət strategiyası və diplomatlar qarşısındakı tələblərlə bağlı ifadə etdiyi tezislərlə bağlıdır.

Beynəlxalq reaksiya: Azərbaycanın nüfuzu daha da yüksəlib

Bu iki tədbir aydın surətdə rəsmi Bakının dərin, düşünülmüş, müstəqil və qətiyyətli siyasət yeritdiyini bir daha təsdiqlədi. Göründü ki, Azərbaycan Prezidenti müasir siyasəti və geosiyasi prosesləri dərindən bilən, diplomatiyanın incəliklərinə nüfuz edən və eyni zamanda, beynəlxalq hüquqa hörmətlə yanaşan, milli dövlətçiliyi əzmlə qoruyan ədalətli mövqedədir və onu dəyişmək fikrində deyil! Onların ayrı-ayrı məqamları üzərində geniş dayanaq.

Dövlət başçısı Nazirlər Kabinetinin yuxarıda vurğulanan iclasında çıxışı zamanı Azərbaycan ictimaiyyətinin diqqətini Ermənistanın son hərbi təxribatına çəkərək mühüm bir məqamı vurğulayıb. Prezident Ermənistan rəhbərliyinin KTMT-dən yardım istəməsinin geosiyasi mənasını belə izah edib: "KTMT-nin buna nə dəxli var? Birincisi, Azərbaycan, bir daha demək istəyirəm ki, Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib, Ermənistan ərazisinə keçməyib. Belə olan halda KTMT-nin bu işə nə dəxli ola bilər? Bu bir. İkincisi, bu addım onların acizliyini, qorxaqlığını göstərir. Onu göstərir ki, Azərbaycan qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və onu bilirlər. Biz də bunu bilirik. KTMT-yə müraciət etmək onların qorxaqlığının növbəti təzahürüdür".

Dəqiq və dolğun qiymətləndirmədir. Və ölkə rəhbərinin Ermənistan hakimiyyətinə üz tutaraq, "...qələt eləmisən, təxribat törətmisən, cinayət törətmisən, – cavab ver buna. Cavab ver və veribdir artıqlaması ilə". Bununla yanaşı, Ermənistan itkilərini gizlətməyə çalışdı. Bu da siyasətdə acizliklə yanaşı, riyakarlıq da deməkdir. Kökündən Ermənistanın siyasəti riyakarlıq və acizlik üzərində qurulub. Bunun bir daha dövlət sərhədində törədilən təxribatda təsdiqlənməsi başqa əlamətlərlə yanaşı, geosiyasi aspektdə də ciddi hadisədir. Dövlət başçısı məsələnin bu tərəfinə xüsusi vurğu etməklə bir daha erməni siyasətinin əsl simasını tanımağa çağırıb. KTMT üzvlərinin bu hadisəyə reaksiyası da göstərir ki, Azərbaycanın dövlət başçısı tamamilə haqlıdır.

Bu tezislərin işığında dövlət başçısı üç vacib sahəyə xüsusi diqqət yetirib. Onlardan birincisi beynəlxalq təşkilatların Ermənistanın təxribatçı davranışına münasibətinin qiymətləndirilməsidir. Digəri, ayrı-ayrı dövlətlərin münasibətidir. Üçüncüsü isə bunların fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyi və bütövlükdə xarici siyasətin prioritet istiqamətləridir.

Prezident ilk növbədə Türkiyənin reaksiyasına toxundu. Qardaş ölkəyə dərin təşəkkürünü ifadə edən ölkə rəhbəri "...bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər", – deyərək Azərbaycana ən yaxın olan dövlətin ünvanını bir daha bütün dünyaya göstərdi. Bu istiqamətdə fikirlərinə davam edən Prezident İlham Əliyev ifadə etdi: "Dünən Prezident tərəfindən çox önəmli açıqlama verildi. Ondan əvvəl Müdafiə naziri, Xarici İşlər naziri, Prezident Administrasiyasının nümayəndələri, deputatlar, ictimai fəallar. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq".

Bu cür qiymətləndirmənin böyük və obyektiv geosiyasi əhəmiyyəti vardır. Hər şeydən öncə, bu, Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisinin geosiyasi, siyasi, hərbi, diplomatik və mədəni zəfəridir. Heydər Əliyev bu tezisi ilə Türkiyə-Azərbaycan münasibətlərini emosional – milli-etnik, dini və mədəni müstəvidən geosiyasi-siyasi aspektdə konkret əməkdaşlıq və məntiq modelinə dayanan müstəviyə çıxardı. Hazırkı mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət imkan verir ki, Ankara açıq və birmənalı bəyan etsin: "Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq"! Bu baxımdan Azərbaycan rəhbərinin aşağıdakı fikirləri olduqca təsirlidir və həqiqəti tam əks etdirir: "Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur". Bu səbəbdəndir ki, İlham Əliyev tam səmimiyyət və sevgi ilə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adından dərin minnətdarlığını bildirdi.

Türkiyə ilə yanaşı, Pakistan və Ukrayna da ədalətli mövqeləri ilə seçildilər. Onlar Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə etdilər. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Qoşulmama Hərəkatı da Bakının haqlı mövqeyini dəstəklədiklərini bildirərək Ermənistanın təcavüzünə son qoyulmasını tələb etdilər. Sonrakı günlərdə BMT, Aİ, NATO da hadisəyə reaksiya verdilər. Onlar ümumi formulalarla münaqişənin dinc yolla və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğuladılar. Azərbaycanın xarici siyasəti aspektində vurğulanan məqamların əhəmiyyəti böyükdür. Görünür ki, Azərbaycan Prezidentinin birbaşa fəaliyyəti nəticəsində ölkə beynəlxalq aləmdə böyük nüfuz əldə edib. Artıq Azərbaycanı demək olar ki, bütün beynəlxalq təşkilatlar dəstəkləyirlər. Onların sırasında daha fəal olanları da vardır. Bunlar başlıca olaraq müsəlman və türk dövlətləridir. Lakin bu, böyük gücdür. Dünya indi tam əmindir ki, Azərbaycan meydanda nəinki tək deyil, hətta sistemli və davamlı olaraq onu dəstəkləyən qüvvəyə malikdir.

Bundan başqa, dövlət başçısının vurğulanan kontekstdə Xarici İşlər Nazirliyinin artıq sabiq başçısını kəskin tənqid etməsi kadr siyasətində də ciddi yeniliklərin olduğuna işarədir. İlham Əliyev kimliyindən asılı olmayaraq Azərbaycanın xaricdə fəaliyyət göstərən bütün diplomatlarından təşəbbüskar, hücum xarakterli, milli mövqeyə tam uyğun fəaliyyət tələb edir. Ölkənin xarici siyasət idarəsinin yeni rəhbərini qəbul edərkən ifadə etdiyi fikirlər bu baxımdan çox önəmlidir. İlham Əliyev vurğulayıb: "...bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər".

Hücum diplomatiyası: qələbəyə aparan yol...

Bunlar çox önəmli fikirlərdir. Prezident konkret vəzifə qoyur: imitasiya, ona-buna xoş gəlmək, passivlik mərhələsi artıq arxadadır. Azərbaycan siyasi-diplomatik sahədə hücumda olmalı, məsələlərin konkret və ədalətli həllinə istiqamətlənməlidir. Dövlət başçısının bu mövqeyində diqqəti çəkən məqam ondan ibarətdir ki, bu, həm də bir sıra xarici dairələrə mesajdır – Prezident İlham Əliyevin başqa sahələrdə olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də mövqeyi dönməz və prinsipial xarakter daşımaqla cəmiyyətin siyasi iradəsini əks etdirir! Bu, müstəqil bir dövlətin milli, qürurlu, qətiyyətli və ədalətli başçısının olduqca əhəmiyyətli mesajıdır! Dünyanın hər bir böyük dövləti, ilk növbədə, həmsədr ölkələr anlamalıdırlar: Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünün bərpasında tam qətiyyətlidir və bu istiqamətdə hər şeyi edəcəkdir! Bizcə, İlham Əliyevin məhz bu davranışı bir çoxlarının ağlını başına yığır. Ermənistanı təxribata təhrik edənlər başa düşdülər: Azərbaycan heç bir təzyiqə boyun əyməyəcək və qələbəyə qədər mübarizə aparacaq! Bu səbəbdən, nə qədər gec deyil, Ermənistana havadarlıq edənlər ədalətin yanında dursunlar ki, sonra geosiyasi dalana düşməsinlər! Sözün həqiqi mənasında belə bir cəsur, müdrik və qətiyyətli dövlət başçısı ilə Azərbaycan xalqı qürur duyur!

Bütün bunların fonunda dövlət başçısının Azərbaycanın xarici siyasətinin prioritetlərini bir daha vurğulaması çox əhəmiyyətlidir. İlham Əliyev ifadə edib: "O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm... Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir... dövlətlərlə bizim münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir".

Burada güclü Azərbaycan dövlətinin təcavüzkar ölkə istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında münasibətlərini dərinləşdirdiyi ilə yanaşı, soydaşlarımızın taleyi ilə də ciddi maraqlandığı aydın görünür. Məsələnin bu tərəfi çox əhəmiyyətlidir və perspektiv də onu tam təsdiq edəcək. Təsadüfi deyil ki, Prezident bir daha təşəbbüskarı olduğu ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının verdiyi faydalardan bəhs edib.

Dövlət başçısı xarici siyasətin prioritetləri sırasında Türk dövlətləri və İslam Əməkdaşlıq Təşkilatı üzvlərini də vurğulayıb. Azərbaycan müsəlman və türk dünyasında indi strateji tərəfdaş kimi mövqeyini möhkəmlədib. Bu məqamın geosiyasi qiyməti Bakının Qərb istiqamətində yeritdiyi siyasətin fonunda çox aydın görünür. Belə ki, ölkə rəhbəri vurğulayıb ki, Avropa və ABŞ-la da münasibətlər xarici siyasətin prioritetləri sırasındadır. Bununla Azərbaycan xarici siyasətdə ciddi bir üstünlük əldə etmiş olur. Azərbaycan Qərb və müsəlman dünyası ilə olan yüksək əlaqələri əsasında sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun təşkili istiqamətində ciddi işlər görə bilir.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Qoşulmama Hərəkatının da böyük yer tutduğunu ifadə edib. Ölkə rəhbəri bu aspektdə bir mühüm məqamı da vurğulayıb: "Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm ki, bu, bizim növbəti siyasi uğurumuzdur".

Bu fakt həm də ona görə əhəmiyyətlidir ki, Ermənistanın təcavüzkarlığı Azərbaycanın bu kimi uğurlarını həzm edə bilməməsi ilə bağlıdır. Öz daxilində pandemiya ilə mübarizə apara bilməyən Ermənistan, Azərbaycanın həm qlobal pandemiya ilə ciddi mübarizə aparmasını, beynəlxalq səviyyədə əhəmiyyətli təşəbbüslər irəli sürməsini və bunu bütün dünyanın dəstəkləməsini qəbul edə bilmir. Bundan başqa, Azərbaycan uğurla daxildə islahatlar aparır, kadrları yeniləşdirir, sosial-iqtisadi istiqamətdə böyük irəliləyişlər əldə edir. Bu səbəbdən də Ermənistan Azərbaycana mane olmağa çalışır. Açıq görür ki, bütün istiqamətlərdə məğlubiyyət özünü göstərir.

Nəhayət, vurğulanan proseslər Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi siyasətin gücünü və məzmununu müəyyənləşdirir. Rəsmi Bakı torpağının bir qarışını belə kimsəyə verməyəcək. İşğalçı erməni qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılacaq. Azərbaycan rəhbərliyi bu istiqamətdə mümkün olan hər bir imkandan istifadə edəcək. Bütün dünya Azərbaycan Prezidentinin aşağıdakı fikirlərini unutmamalıdır. Dövlət başçısı deyib: "O ki qaldı, danışıqlara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var".

Beləliklə, Ermənistanın Tovuz istiqamətində növbəti hərbi avantürasından Azərbaycan qalib çıxıb. Dövlətimiz hərbi, siyasi, ideoloji və informasiya aspektlərində olduğu kimi, geosiyasi olaraq da zəfər əldə edib. Bu, bir tərəfdən, Azərbaycanın dövlət kimi kifayət qədər güclü potensiala malik olduğunu göstərir, digər tərəfdən isə, onun beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq yüksəldiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində Azərbaycan yüksələn xətlə hərbi qüdrətini artırıb, sosial-iqtisadi, mədəni, geosiyasi sferalarda yeni zirvələr fəth edib!

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...