THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın inkişaf paradiqması: bunu görməyin və etirafın vətəndaş məsuliyyəti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10316
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 iyul 2020 – Newtimes.az

Son zamanlar ölkə mətbuatında bir sıra dairələr yeni hay-küy yaratmağa səy göstərirlər. Onlar Azərbaycan hakimiyyətinin fəaliyyətini təhrif edir, bunun fonunda isə qonşu ölkələrdən "müsbət nümunələr" göstərməyə çalışırlar. Konkret olaraq, Bəxtiyar Hacıyev adlı ictimaiyyətə yaxşı məlum olan "müstəqil siyasətçi" növbəti şousunu yaratmağa çalışdı, lakin dərhal iflas oldu. Bu dəfə o, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun "yalanı"nı "tutmağa" cəhd göstərdi. Gülməli alındı. Çünki onların yanaşmaları arasında səviyyə baxımından o qədər fərq vardır ki, B.Hacıyevə, ümumiyyətlə, cavab verməyə ehtiyac yoxdur. Lakin bir sıra hallarda ən sadə həqiqətləri belə demək lazımdır ki, cəmiyyət məlumatlı olsun. Bu baxımdan pandemiya dövründə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin, reallaşdırılan iqtisadi islahatlar paketinin və onların perspektivinin analizi üzərində regional və qlobal geosiyasi proseslər kontekstində geniş dayanmağa ehtiyac gördük.

Pandemiya mərhələsi: təşəbbüskar dövlətlər və yardım istəyənlər

Bəşəriyyətin başı üzərini alan koronavirus pandemiyası bütün dünya ölkələrini siyasi, iqtisadi, sosial, mədəni və psixoloji olaraq dəyişməkdədir. Ekspertlər hesab edirlər ki, bu proses hökumətləri daha da inkişaf etdirdiyi kimi, onların iflasına da səbəb ola bilər. Bu vəziyyətdən sui-istifadə etməyə çalışanlar isə həmişə tapılır. Xüsusilə xaricdən idarə olunanlar öz dövlətlərinin hökumətlərinə qara yaxmağı fürsət bilirlər. Bunu dünya boyunca müşahidə edilən bir sıra proseslər təsdiqləyir.

Azərbaycan iqtidarı başlanğıcdan pandemiyaya qarşı çox ciddi, təmkinli, məntiqi və konstruktiv fəaliyyət modeli seçdi. Ölkə rəhbərinin başçılığı ilə çevik fəaliyyət komandası yaradıldı və cəmiyyətin bütün sferalarını yeniləşdirən proseslər daha da gücləndirildi. Pandemiyanın meydana gətirdiyi müxtəlif problemlərə qarşı da mükəmməl sistemli və dinamik fəaliyyət modeli quruldu. Təsadüfi deyil ki, qısa müddətdə Azərbaycan bu istiqamətdə ciddi uğurlar əldə etdi. Bu da hakimiyyətə pandemiyaya qarşı mübarizənin ikinci mərhələsinə keçməyə imkan yaratdı. Bu mərhələdə vətəndaşların və bütövlükdə cəmiyyətin məsuliyyəti aparıcı olmalı idi. Təəssüf ki, vətəndaşlar buna hazır olmadılar. Vəziyyətin pisləşməsi ilə hakimiyyət yenidən təşəbbüsü ələ aldı. Və hazırkı müşahidələr göstərir ki, Azərbaycan iqtidarı yenidən təsirli, səmərəli və faydalı fəaliyyətini qura bilib. Pandemiya tədricən geri çəkilir.

Ən əsası isə ölkənin sosial-iqtisadi inkişafı dinamikadan düşmür. Azərbaycan dövlət olaraq kifayət qədər fəal surətdə həm pandemiya ilə mübarizə aparır, həm ehtiyacı olan ölkələrə yardım edir, həm də özünün islahatlarını sistemli formada dayanmadan davam etdirir. Şərti olaraq ayırdığımız bu üç istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətlər bir daha onun Cənubi Qafqazın şəriksiz lideri olduğunu sübut etməkdədir. Bu kontekstdə Ermənistanla Gürcüstanı Azərbaycanla müqayisə etməyin mənası yoxdur. Regionun digər iki ölkəsi Azərbaycan səviyyəsində, miqyasında və dərinliyində pandemiya dövründə öz fəaliyyətlərini qura bilmirlər.

Lakin... yenə də Azərbaycanda öz məhdud, xeyli bəsit, əsassız və böhtançı mövqeyi ilə su bulandırmağa çalışanlar özlərini göstərməyə çalışırlar. Onları nə millət, nə də dövlət müstəqilliyi maraqlandırır. Son günlərdə onlardan birinin – Bəxtiyar Hacıyevin söylədikləri bu tezisi bir daha təsdiq edir. Bu adam Harvardda oxuması ilə qürrələnir. Lakin dostu Ramin Hacılı onun hansı yolla Harvarda oxumağa getdiyini geniş yazıb, eyni zamanda, B.Haciyevin mənəvi-əxlaqi keyfiyyətlərindən də bəhs edib. Məsələnin bu tərəfi bizim üçün elə də əhəmiyyətli deyil. Ancaq bir vətəndaş sosial şəbəkədə dediyi hər bir fikrə görə məsuliyyət daşıyır və həmin aspektdə mənəvi-əxlaqi xüsusiyyətlər də aktuallaşmış olur. Yəni vətəndaş ictimaiyyət miqyasında özünü ifadə etməyə çalışırsa, hər bir cəhəti nəzərə almalıdır. Çünki Azərbaycan cəmiyyəti kifayət qədər ayıq, həssas, mənəviyyatlı və müasirdir. Bu səbəbdən B.Haciyevin yazdıqlarına reaksiya olmalı idi. Öncə, onun nə dediklərinə qısa şəkildə baxaq.

B.Hacıyev Azərbaycanda və Gürcüstandakı eyni saydakı ailələrin gəlirlərini pandemiya dövründə müqayisə etməyə çalışır. Ancaq onu elə sistemsiz və süni aparır ki, Harvarda adamın yazığı gəlir. Çünki sosioloqlar yaxşı bilirlər ki, ümumiləşdirmə apararkən, ortalama göstəricilərə baxılır və onların da bir-biri ilə müqayisəsi üçün başqa əlavə şərtlər müəyyənləşir. Ancaq B.Hacıyev ordan-burdan eşitdiyini vahid meyar olmadan müqayisə etməyə çalışır. Məsələn, deyir ki, Gürcüstanda pensiyalarda 25-30 lari artım var. Ancaq məsələ pensiyanın həcmindədir. Azərbaycanda pensiya ən aşağı 230 manatdırsa, Gürcüstanda həmin statusda pensiya 260 laridir ki, bu da Azərbaycanla müqayisədə dəyər baxımından xeyli aşağıdır – təqribən 150-160 manat. Bunu nəzərə alanda, Gürcüstanda pensiyaya 20-30 lari əlavə çox cüzidir (Azərbaycanın fonunda). Həm də hələ yalnız söhbət gedir, real addım yoxdur.

Digər tərəfdən, B.Hacıyev haradansa "tapıb" ki, Gürcüstanda işsiz qalmış ataya 1200 lari yardım edirlər. Bu məlumatı, görəsən, haradan alıb? Gürcüstanda yaşayan soydaşlarımız arasında işsiz ata da, ana da, nənə də, oğul da, qız da, nəvə də nə qədər desən var. Adi zənglə bilmək olar ki, aylıq 1200 lari yardım deyilən bir şey yoxdur. Reallıq ondan ibarətdir ki, nəzərdə tutulub (!) ki, 6 ay müddətinə 1200 lari verilsin (bax: məs., https://www.imf.org/.../Policy-Responses-to-COVID-19...). Konkret addım isə atılmayıb. Ölkədəki vəziyyəti nəzərə alaraq gürcü ekspertlər hesab edirlər ki, bunu həyata keçirmək asan olmayacaq. Çünki Gürcüstan yardımları öz büdcəsi hesabına etmir – Avropadan və beynəlxalq banklardan alır! Bu, ciddi bir məqamdır.

Məsələ ondan ibarətdir ki, Avropa Gürcüstana milyardlarla kredit verir və Beynəlxalq Valyuta Fondu da 448 milyon dollar borc verib (bax: https://www.imf.org/.../pr20202-georgia-imf-execbrd...). B.Hacıyev kimilər burda sualı belə qoymurlar: bu qədər borc bu gün yardım alan Gürcüstanın vergi ödəyicisinə sonra əlavə nə qədər yük gətirəcək? Əgər Azərbaycan hakimiyyəti bu qədər borc alsaydı, "qoçaqlar" həmin sualı verərdilər. İndi isə onlara bu reallıq yox, qonşusunu tərifləyib, öz hakimiyyətini qaralamaq lazımdır. Ona görə də borc və yardım faktını arxa plana ataraq, abstrakt və şişirdilmiş rəqəmlərdən danışırlar.

O halda yekun mənzərə belədir. Gürcüstan büdcəsində ümumi daxili məhsulun 8 faizdən çox kəsiri var. Qonşu ölkədə 12 faizi üstələyən işsizlik mövcuddur. Hazırda inflyasiya 6 faizi keçib. Şübhəsiz ki, pandemiya başa çatandan sonra bu yükə ölkənin aldığı borcların geniş ödənişi də əlavə olunacaq. Bunun üstünə faizi də gəlin. Deməli, Gürcüstanda antiböhran paketinin həcminin 3,4 milyard lari (təxminən 1 milyard dollar) olması görüntüdür. Əsas sual bu maliyyənin mənbəyi və sonra vətəndaşın üzərinə düşəcək borclardır. Bu yolla hansısa üstünlükdən danışmaq olarmı? Bu nə dərəcədə Amerika təhsilinin elmi yanaşmasına uyğundur?

Məsələyə bir qədər də geniş və sistemli yanaşmaq da gərəkdir. Öncə, inkarçı və xaricdən idarə edilən kəsimin bir özəlliyini vurğulayaq. Onlar ucuz sensasiyaya o qədər qapılırlar ki, özlərini asanca ifşa edirlər. B.Hacıyevı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovla müqayisə etməyə cəhd göstərirlər. Guya ki, B.Hacıyev Şahmar Mövsümovun "yalanını ifşa edib". Maraqlıdır, hansı "yalanı"?

Azərbaycana baxış: özünüqoruma və inkişafın konkret addımları

Şahmar Mövsümov Azərbaycanda pandemiya dövründə həyata keçirilən tədbirlərin miqyasının qonşu Gürcüstandan daha geniş olduğunu deyib. O cümlədən əhalinin işsiz kəsiminə yardımlar Azərbaycanda daha səmərəlidir və bütövlükdə pandemiya mərhələsində Azərbaycan hakimiyyəti daha səmərəli addımlar atır. B.Hacıyev bu fikirləri məhdud səviyyədə anlayaraq, hər iki ölkədə işsizlərə göstərilən yardımlarla bağlı yuxarıda vurğuladığımız aspektdə "müqayisələr" aparmağa çalışıb. Əslində isə Şahmar Mövsümov çox maraqlı və obyektiv bir şərh verib. Faktlara baxaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Şahmar Mövsümov ifadə edib ki, "koronavirus pandemiyası investisiya proqramlarının həyata keçirilməsində hər hansı bir gecikməyə səbəb olmayıb... ilin əvvəlindən dövlət büdcəsinin gəlirləri tam, hətta profisitlə icra olunur. İşsizliyin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində artım cüzidir. Ölkədə inflyasiya sabit qalır, investisiya proqramlarının həyata keçirilməsində hər hansı bir gecikmə yoxdur".

Ölkə Prezidentinin köməkçisinin bu fikirləri real mənzərəni dəqiq əks etdirir. Azərbaycan dövlətinin bu uğuru təsadüfi deyil. Ardıcıl və davamlı olaraq aparılan siyasətin birbaşa bəhrələridir. Bəzi göstəriciləri nəzərdən keçirək. 2003-cü ildən bu yana Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Həmin müddətdə sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə artıb. Qeyri-neft sahəsində ixrac artımı isə 5,2 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 27 dəfə çoxalıb. 3100-dən çox məktəb və 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilib. Həmin müddətdə Azərbaycanda 7 hava limanı tamamilə yenidən qurulub. Gücü 3000 MVt-a qədər olan 30 elektrik stansiyası tikilib. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri, 2017-ci ildə isə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. 2018-ci il mayın 29-da Bakıda "Cənub qaz dəhlizi"nin açılışı olub. Həmin il iyunun 12-də isə TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib...

Bütün bunların fonunda Şahmar Mövsümovun aşağıdakı fikirləri reallığa söykənir və həqiqəti tam əks etdirir: "...İqtisadiyyata böyük həcmdə dəstək verilir. Dövlət büdcəsi çərçivəsində investisiya proqramı da öz planında davam etdirilir. Ölkə iqtisadiyyatına investisiyalar qoyulur". Azərbaycan rəsmisi ayrıca vurğulayır ki, "...bir çox tədbirlər artıq görülüb, bir çoxları üzrə işlər hələ də davam edir. Orada həm vergi güzəştləri paketi var, güzəştli kreditlər, zərərçəkmiş bütün sahələr üzrə iqtisadi təsərrüfat subyektlərinə yardımlar və s. əksini tapıb".

Bu məqamda Şahmar Mövsümovun bir mütəxəssis kimi yüksək səviyyəsi və peşəkar yanaşması özünü büruzə verir. Çünki xüsusi qeyd edir ki, "güzəştli kreditlər, zərərçəkmiş bütün sahələr üzrə iqtisadi təsərrüfat subyektlərinə yardımlar və s." ilə bağlı paketlər üzərində iş gedir. Bunun mənası ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti pandemiya mərhələsində sosial-iqtisadi inkişafa sistemli və konseptual yanaşır. O, qonşu ölkələr kimi müəyyən yardımlarla vətəndaşın bugünkü tələbatını ödəməyə istiqamətlənməyib. Sistemli, ardıcıl, düşünülmüş və davamlı tədbirlərlə vətəndaşın rifah halını yaxşılaşdırmağı hədəfləyib. Əsl inkişaf budur. Dövlətin real inkişaf və qüdrət göstəricisi bundan ibarətdir. Xaricdən borc alıb vətəndaşa pul paylamaq isə yarımçıq, son halda faydası olmayan və hətta cəmiyyətə gələcək üçün ləng təsirli mina qoymaq kimi bir şeydir. Məsəl var: "divar qurtarandan sonra nə edəcəksən"?

Güclü dövlətlər özləri "divar yaradırlar", kənara ehtiyacı olanlar isə başqasının tikdiyi divarı tutub gedirlər. Haraya qədər? Bunu B.Hacıyev və onun kimiləri anlamırlarsa, günah kimdədir? Yox, anlaya-anlaya, bu yalana baş qoşurlarsa, günahdan əvvəl xəyanət edirlər – öz gələcəyinə, müstəqilliyinə, dövlətinə...

Şahmar Mövsümov isə sözügedən tədbirdə fikirlərini ümumiləşdirərək çox əhəmiyyətli bir tezis ifadə edib: "Valyuta bazarında tam sabitlik bərqərar olunub. Neftin qiymətinin dəyişkənliyi bir qədər səngiyib və Azərbaycanın makroiqtisadi vəziyyətinə uyğun bir səviyyədə tarazlaşıb. Bu səbəbdən ehtiyatlarımızın azalması çox cüzidir. Pandemiya dövrü bitdikdən sonra bu resurslardan istifadə edərək qısa bir müddətdə əvvəlki sürətli inkişafa qayıda biləcəyik".

Burada anlamayanlar üçün kontekstin məntiqini izah etməyə çalışaq. Prezidentin köməkçisi yığcam şəkildə söyləyir ki, Azərbaycan rəhbərliyi nəinki pandemiyanın təsirlərini minimuma endirməyə yönəlib, hətta sonrakı mərhələdə indi saxlanılan imkanlardan istifadə edərək sürətli inkişafa davam etməkdə qərarlıdır. Bu o deməkdir ki, bütün istiqamətlərdə islahatlar genişlənəcək, davam edəcək və Azərbaycan daha güclü bir səviyyəyə yüksələcək. Buna isə tam əsas vardır. Budur, pandemiya dövründə Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, kimsədən maliyyə yardımı almayıb. Əksinə, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib ki, pandemiya ilə mübarizə aparan imkansız ölkələrə kömək olunsun. Azərbaycan 10-larla ölkəyə konkret yardımlarını da göstərib.

Xarici ekspertlər və "beşinci kolon": hansı məsuliyyətlidir?

Bu barədə ekspertlərin fikirləri də çox maraqlıdır. Onlar Azərbaycandakı "beşinci kolon"dan daha obyektiv və konkret mövqe nümayiş etdirirlər. Məsələn, "Modern Diplomacy" portalında COVID-19 pandemiyası dövründə Azərbaycan diplomatiyası ilə bağlı yazı dərc edilib. Orada vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional və qlobal səviyyədə koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə yardım edən maraqlı təşəbbüslərlə çıxış edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına cavab olaraq zirvə toplantıları bunlara nümunədir.

Müəllif ayrıca qeyd edir ki, "Azərbaycan, həmçinin yeni növ koronavirusa qarşı mübarizədə qlobal səyləri gücləndirmək üçün BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif edib. Təklif artıq BMT-yə üzv olan 130-dan çox dövlət tərəfindən dəstəklənib ki, bu da dünyada Azərbaycana olan etimad və inamın göstəricisidir. Dünya qlobal bir fəlakət qarşısında qaldığı və bütün ölkələrin beynəlxalq həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğu bir vaxtda yeganə dövlət – Ermənistan beynəlxalq birliyin maraqlarına cavab verən təşəbbüsə etiraz edən ölkə olub".

Məqalədə Azərbaycanın hər zaman bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verdiyi ayrıca vurğulanır. Bu prinsipin pandemiya zamanı Azərbaycanın xarici siyasətində də aydın şəkildə özünü göstərdiyi ifadə edilir. Fakt kimi müəllif yazır ki, "pandemiyadan əziyyət çəkən bir sıra ölkələrə göstərilən yardım bunun bariz nümunəsidir. Azərbaycanın yardım siyasətində əsas meyar ən çox ehtiyacı olan ölkələrə üstünlük verilməsi olub".

Cənubi Qafqazda başqa hansı dövlət bu siyasəti yeridib? Heç biri! Ermənistan adəti üzrə dilənçi və qeyri-konstruktivdir, imkanları çox məhdud olan Gürcüstan isə Avropaya baxmalı olur. Yalnız Azərbaycan müstəqil surətdə davamlı diplomatik fəaliyyəti ilə dünya miqyasında əməkdaşlığa, təhlükəsizliyə və inkişafa öz töhfəsini verir.

Müəllif fikirlərini ümumiləşdirərək belə qənaətə gəlir ki, "…Azərbaycan mövcud kritik situasiyanın həlli üçün mümkün çərçivə kimi inklüziv diplomatiyaya üstünlük verir". Bu, yüksək səviyyədə müasir və müstəqil siyasət yeritmək deməkdir. Azərbaycan Prezidenti məhz həmin yüksəklikdən dövləti idarə edir. Görünür, B.Hacıyev kimilərin gözü "yüksəklikdən qorxur". Bəxtiyar Hacıyev, sənin təriflədiyin Gürcüstan da məhz yardıma ehtiyacı olan ölkələrdəndir. Belə çıxır ki, Gürcüstan da Azərbaycanın maliyyə imkanlarından beynəlxalq təşkilatlar vasitəsilə faydalanıb və vətəndaşlarına nəzərdə tutduğu yardımlarda Azərbaycanın da payı var. Yoxsa bunu da inkar etməyə çalışacaqsınız? Əbəs yerə özünüzü yorursunuz, çünki "görünən dağa bələdçi lazım deyil"!

Onu vurğulayaq ki, Azərbaycan dünyanın aparıcı hissəsinin malik olduğu texnologiyalara yiyələnmək istiqamətində pandemiya dövründə də fəallıq göstərib. Xüsusilə rəqəmsallaşma və innovasiya ekosisteminin inkişaf etdirilməsi ciddi əhəmiyyət kəsb edir. İndi mütəxəssislər dördüncü sənaye inqilabı kontekstində məhz bu məqamlardan bəhs edirlər. Vurğulanır ki, Azərbaycan texnoloji sıçrayış və innovativ həllərlə regionun rəqəmsal mərkəzinə çevrilmə imkanlarına malikdir. Artıq Azərbaycan rəhbərliyi bu sahədə regional mərkəzin təşkil edilməsini və rəqəmsal iqtisadiyyatın inkişafına nail olmağı hədəfləyib və konkret addımlar atır.

Bunlar onu təsdiqləyir ki, Azərbaycan pandemiya mərhələsində öz qüdrətini bir daha dünyaya nümayiş etdirib və onu Cənubi Qafqazın digər iki ölkəsi ilə müqayisə etmək doğru deyil. Əlbəttə, Azərbaycan müttəfiq Gürcüstanın inkişafını səmimiyyətlə arzulayır. İki dost ölkə arasında əlaqələr qarşılıqlı faydalanma prinsipi əsasında daim inkişafdadır. Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşı, strateji müttəfiqidir. Əlbəttə, bu, həmişə belə olacaq. Həm də təcrübə göstərir ki, Azərbaycan həmişə Gürcüstana ən çətin anlarında dost əlini uzadıb. Hazırda çoxlu sayda beynəlxalq layihələrdə iki dost və qonşu ölkə birgə çalışırlar.

Bununla yanaşı, Azərbaycanın dövlət olaraq bütün istiqamətlərdə fəaliyyəti digər iki region ölkəsindən fərqlidir. Ayrı-ayrı səviyyələrdən söhbət gedir. Ermənistan və Gürcüstan öz varlıqlarını qorumaq paradiqması ilə hərəkət edirlərsə, Azərbaycan davamlı inkişaf paradiqması ilə yaşayır. Bunlarla yanaşı, pandemiya dövründə bütün dünya aydın gördü ki, Prezident həmişə xalqın, vətəndaşların, sadə insanların yanındadır. Dövlət başçısı daim vurğuladı və fəaliyyətində də təsdiq etdi ki, hakimiyyət üçün əsas meyar insan, onun sağlamlığı və rifahıdır. Bu səbəbdən də rəhbərlik öncə insanı düşünür, onun sağlamlığına diqqət yetirir. Bunun fonunda ölkə maliyyə və iqtisadi zərər də görür. Lakin Azərbaycan rəhbərliyi vətəndaşı ən qiymətli sərvət hesab edir. Və bütün fəaliyyəti məhz onun üçündür!

Şahmar Mövsümov məhz bu səviyyədə fikirlərini ifadə edib və onu anlayanlar çoxdur. Kimlərsə bunu başa düşmürlərsə, bu, onların öz işidir. Həyat hər şeyi tənzimləyir. Hər bir halda vətəndaş danışanda və ya kiməsə qiymət verəndə, ədaləti olmalı və haqqı unutmamalıdır. O, bilməlidir ki, hər bir söz gec və ya tez insanın özünə qayıdır. Xüsusilə söhbət milli dövlətdən və vətəndən gedəndə!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...