THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ və Rusiya-Çin münasibətləri: Pekinin hərbi imkanlarının artması fonunda

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14119
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 iyul 2020 – Newtimes.az

Pandemiya həyəcanı qlobal güclərin mübarizəsini bir qədər arxa plana atsa da, son zamanlar yenidən maraqlı proseslər haqqında mətbuatda yazılar dərc edilir. ABŞ-ın "The National Interest" jurnalının bu kontekstdə apardığı bir araşdırma maraq doğurur. Nəşr rusiyalı ekspertlərin Çinin hərbi imkanlarının sürətlə artması fonunda bu ölkənin Rusiya ilə münasibətlərində hansı dəyişikliklərin ola biləcəyilə bağlı fikirləri ilə maraqlanıb. Cavabların analizi düşünməyə vadar edən nəticələr əldə etməyə imkan yaradır. Həmin aspektdə biz, Çinin hərbi potensialının daha da inkişaf etməsi halında Moskva-Pekin münasibətlərinin geosiyasi çalarları üzərində geniş dayanmağa ehtiyac gördük.

Dinamik balans: Rusiya-Çin münasibətlərinin mühüm bir aspekti

Bir çox ekspertlər Amerika Birləşmiş Ştatlarının koronavirus (COVID-19) pandemiyası məsələsində Çini ittiham etməsi arxasında siyasi və geosiyasi motivlərin olduğuna əmindir. Hesab edilir ki, Vaşinqton yaranmış fürsətdə Pekini nüfuzdan salmaq və onunla tərəfdaşları arasında etimadsızlıq mühiti yaratmaq üçün pandemiyadan istifadə etməyə çalışır. Əlbəttə, Çin də öz növbəsində cavabsız qalmır və lazımi səviyyədə sözünü deyir. Belə görünür ki, dünyanın iki ən böyük gücü arasında hətta pandemiya dönəmində belə geosiyasi mübarizə səngiməyib.

Bir sıra əlamətlər isə onun daha da kəskinləşə biləcəyinə işarə edir. Onların sırasında may ayının ortalarında Çinin İsraildəki səfiri Du Veyin evində ölü tapılması ayrıca yer tuta bilər. İlkin diaqnoza görə, səfir ürək çatışmazlığından vəfat edib. Lakin kütləvi informasiya vasitələri nədənsə onun Mayk Pompeonun Çini ittiham etməsi ilə əlaqəli işlətdiyi bir cümlə üzərində dayanır. Mayın 15-də çinli səfir yazmışdı ki, "yəhudi dostlarımız koronavirusu yendikləri kimi, siyasi virusu da yenəcəklər və özləri üçün daha faydalı yol seçəcəklər". Bütün hallarda Amerika-Çin münasibətlərində ən kiçik anlaşılmazlığa belə mətbuatın həssaslıqla yanaşdığı qənaəti yaranır.

Bundan başqa, Vaşinqtonla Pekin arasında söz atışmaları ara vermir. Amerika pandemiyanın Çin iqtisadiyyatına vurduğu ziyandan çox bəhs edir. Ekspertlər Çin iqtisadiyyatının inkişafının çox yavaşladığını vurğulayır, bunun Çinin gələcək inkişafı üçün də ciddi problem olacağını yazırlar. Lakin bütün bunlara rəğmən, Çinin kifayət qədər iqtisadi, ticari, maliyyə və hərbi potensiala malik olduğunu gizlədə bilmirlər. Təsadüfi deyil ki, Çin-Rusiya münasibətlərinə də bəzi ekspertlər məhz Pekinin çox güclü olması aspektində baxırlar.

Son dövrlərdə ABŞ-ın tanınmış "The National Interest" nəşrinin rusiyalı ekspertlərdən Çinin hərbi gücünün daha da artmasına Rusiyanın münasibətini öyrənməyə çalışması bütün bunlara görə maraq doğurur (bax: China's Military Buildup Has Russia Worried / nationalinterest.org, 14 may 2020).

Amerikan nəşrini Çinin hərbi gücünün sürətlə artmasından Rusiyanın narahat olub-olmaması maraqlandırıb. Cavablar da kifayət qədər düşündürücüdür. Rusiyalı ekspertlər ümumi olaraq hesab edirlər ki, Çinin hərbi cəhətdən daha da güclənməsi Moskvanı elə də qorxutmur. Məsələn, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Yuri Tavrovski deyib ki, hazırda Rusiya ilə Çinin milli maraqları üst-üstə düşür. Bu səbəbdən Çin silahlı qüvvələrinin daha da təkmilləşməsi Rusiyanın siyasi və hərbi rəhbərliyini narahat etmir (bax: əvvəlki mənbəyə).

Burada rusiyalı professorun ifadə etdiyi "milli maraqların bir-birinə uyğun gəlməsi" fikri əslində məsələnin bütün aspektlərinə aid edilə bilməz. Çünki ekspertlər və siyasilər dəfələrlə vurğulayıblar ki, bir sıra prinsipial məsələlərdə Moskva ilə Pekinin maraqları ziddiyyət təşkil edir. Buraya ticarət, maliyyə, geosiyasət, nəqliyyat və s. sferalar aiddir. O başqa məsələdir ki, qlobal geosiyasi proseslərə münasibətin prinsipial məqamlarında Rusiya ilə Çinin milli maraqları bir-birinə uyğundur.

Bu isə konkret olaraq Qərbə olan münasibətdə öz ifadəsini tapır. Belə çıxır ki, rusiyalı ekspert fikrində onu deməyə çalışır ki, Kreml Çinin hərbi gücünə hələlik ABŞ və Avropa İttifaqının yaratdığı risklər kontekstində yanaşır, həmin səbəbdən də onu təhlükə hesab etmir. Əksinə, konkret məqamlarda Rusiya və Çin hərbi güclərini ortaq qaydada Qərbə qarşı istifadə edə bilərlər.

Maraqlıdır ki, bütün bunlara rəğmən, Rusiya siyasi və hərbi dairələrində Çinin hərbi imkanlarının daha da artmasından ehtiyatlılıq da mövcuddur. Y.Tavrovskiyə görə, bunun səbəbi 1950-ci ildən Den Syaopin islahatlarına qədər Çinin Rusiyaya qarşı tutduğu mövqedən aydın olur. Yəni, eyni aqressiv münasibətin yenidən meydana çıxmayacağına təminat yoxdur. Xüsusilə Çin hərbi sferada daha da güclənəndən sonra başqa cür davrana bilər. Ali İqtisadiyyat Məktəbinin Çin üzrə mütəxəssisi Aleksandr Lukin də bununla bağlı maraqlı mövqe bildirib. O deyib ki, "məndə belə bir hissiyyat var ki, Kremldə Çinin nə zamansa problem ola bilməsi anlamı mövcuddur. Lakin bu qayğı hazırda Qərblə olan problemlərlə müqayisədə elə də əhəmiyyətli deyil" (bax: əvvəlki mənbəyə).

Şərtlər dəyişsə: qeyri-müəyyənlik və risklər arta bilər

Buradan belə bir məntiqi nəticə çıxır: əgər Rusiyanın Qərblə münasibəti yaxşı olsa idi, Çinlə münasibət də fərqli olardı, ancaq bu, baş vermədiyindən Moskva Pekinlə isti münasibətləri saxlayacaq! Bu qənaətin özü geosiyasi baxımdan son dərəcə maraqlıdır. Çünki keçən əsrin 70-80-ci illərində Henri Kissincer də məhz bu düşüncə əsasında SSRİ-ni Çindən ayıra bilmişdi. Ancaq indi Kreml həmin tələyə düşmək istəmir. Buna baxmayaraq, ABŞ nəşrinin bu araşdırması sanki Amerika diplomatiyasına bir çağırış və bəlkə də xəbərdarlıqdır.

Konkret olaraq, Amerikanın Rusiya ilə münasibətləri düzəltməli olmasının vacibliyi vurğulanır. Başqa halda ABŞ Rusiya-Çin tandemilə mübarizə aparmalı olacaq ki, bu da çox mürəkkəb prosesdir. Bu kontekstdə bir məqamı da unutmaq olmaz. Məsələ ondan ibarətdir ki, Rusiya və Çin rəhbərliyi bir neçə dəfə açıq bəyanat veriblər ki, bu iki ölkə qlobal dünya nizamının yenilənməsində birgə hərəkət etməkdə qərarlıdırlar. Vladimir Putin və Si Szinpin mötəbər beynəlxalq tədbirlərdə bu barədə konkret fikir bildiriblər. Onların məntiqindən belə nəticə çıxır ki, Rusiya və Çin ABŞ-ın fəaliyyətindən eyni dərəcədə narazıdırlar. Hazırkı dünya nizamında böhran yaradan Amerikanın hərəkətləridir. Və dünyanı xilas etmək üçün onu yenidən düzənə qovuşdurmaq gərəkdir. Bu istiqamətdə Moskva ilə Pekin ortaq fəaliyyət göstərəcəklər.

Bunu Vaşinqtonda bu iki güclü dövlətin Qərbə qarşı birləşməsi kimi qəbul edirlər və belə də dünyaya çatdırmağa çalışırlar. Lakin reallıq odur ki, hələlik Rusiya-Çin münasibətlərində qlobal geosiyasi məsələlərə eyni mövqedən yanaşmaq tendensiyası güclüdür. Bunların fonunda rusiyalı ekspertlərin gətirdiyi üç aspektdəki arqumentlər də maraq doğurur.

Rusiyalı ekspertlər hesab edirlər ki, Çinin geosiyasi maraqlarında Rusiya istiqaməti deyil, Cənubi Çin dənizi və Sakit okean hövzəsi başlıca yer tutur. Bu istiqamətdə isə onun əsas rəqibi Rusiya deyil, Amerikadır. İkinci aspekt isə Çinin yeni hərbi texnologiyalar yaratmasının Rusiyaya birbaşa təhlükə törətmədiyi inamı ilə bağlıdır. Çünki Rusiyanın hərbi-sənaye kompleksi kifayət qədər iri həcmdə maliyyələşir ki, bu da ruslara daha təkmil hərbi texnologiyalar yaratmaq imkanı verir. Bunun fonunda Rusiya hətta Çinin özünə silah sata bilər. Doğrudur, burada bir incəlik də var.

Məsələ Çinin ustalıqla Rusiya silahlarının surətini yarada bilməsi ilə əlaqəlidir. Deyək ki, Çin SU-27 və ya MiQ-29-un analoqunu yarada bilib. Və buna nail olandan sonra Rusiyadan həmin qırıcıları almaqdan imtina edib. Lakin ekspertlər hesab edirlər ki, Moskvanı bu da narahat etmir, çünki özü həmin sferalarda müntəzəm olaraq yeni texnologiyalar yaradır ki, bu da Çinin ona çata bilməsi şansını minimuma endirir. Belə çıxır ki, hələlik Rusiya ilə Çin arasında gizli olaraq balans oyunu gedir.

Üçüncü aspekt Çinin Amerika kimi öz dəyərlərini dünyaya güclə qəbul etdirmək kimi kursunun olmaması ilə bağlıdır. Belə ki, ABŞ dünyaya demokratiyanı qəbul etdirməyə çalışır, Çin isə konfutsiçilik və ya kommunizmi sırımağa cəhd göstərmir. Bu aspektdə də Çin Rusiya üçün təhlükə deyil.

Ola bilsin ki, bütün bunların əsası vardır və Qərb Rusiya üçün daha təhlükəli və risklidir. Üstəlik, Çin də geosiyasi aspektdə kifayət qədər ehtiyatlı davranır. Lakin Pekin tədricən xarici ölkələrdə hərbi baza qurmağa başlayır. Artıq Cibutidə bu, həyata keçirilib. Deməli, Çin uzaq stratejidə dünya üçün daha əhəmiyyətli olan Afrikada oyun qaydasını dəyişə bilər. Pekinin Yaxın Şərq, Latın Amerikası və Afrikaya böyük həcmdə yatırımlar etdiyi barədə kifayət qədər informasiyalar yayılıb. Belə çıxır ki, amerikan nəşrinin yuxarıda ifadə etdiyimiz bir qənaəti prizmasından Rusiya-Çin münasibətləri heç də ziddiyyətsiz görünmür.

Məsələ ondan ibarətdir ki, rusiyalı ekspertlər də razılaşırlar ki, Rusiya ilə Çin arasında maraqlar balansı Qərbə görə hələlik saxlanır. Lakin istənilən an geosiyasi vəziyyət ciddi surətdə dəyişə bilər və həmin andan "iki mehriban dost" "iki amansız düşmənə" çevrilə bilərlər. Məhz bu halda Latın Amerikası, Afrika və ya Yaxın Şərqdə kimin daha təsirli olması məsələsi xeyli aktuallaşacaq.

Belə çıxır ki, kiçik bir araşdırma belə qlobal güclər arasında münasibətlərin çox həssas olduğunu sübut edir. Elə bir an gələ bilər ki, ABŞ-Rusiya-Çin "strateji üçbucağı"nda bir neçə ziddiyyət kükrəyər. O zaman dünyanın geosiyasi mənzərəsi necə ola bilər? Bu suala cavab maraqlıdır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...