THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Liviya xaos girdabında: böyük güclərin yeni manevrləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9601
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 yanvar 2020 – Newtimes.az

İraqda iranlı generalın öldürülməsi qlobal geosiyasi mənzərəyə təsirini göstərməkdədir. Rəsmi Tehran Amerikanı hədələyir. Digər böyük güclər ehtiyatlı fikirlər ifadə edirlər. Bunların fonunda Türkiyə Böyük Millət Məclisinin Liviya ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa dair sənədi ratifikasiya etməsi diqqətdən kənarda qalmayıb. Ekspertlər bu hadisənin geosiyasi nəticələrini analiz edirlər. Onların mövqeləri fərqlidir. Lakin reallıq ondan ibarətdir ki, Yaxın Şərqdə böyük geosiyasi güclərin yeni manevrlərə başladığı duyulur. Bunun fonunda Liviyadan İrana qədər böyük bir məkanda xaotik proseslər güclənə bilər. Bu ssenarinin fonunda Türkiyənin qəbul etdiyi "Liviya sənədi"nin geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Risklər meydanı: Yaxın Şərqdə vəziyyət dəyişir

Liviya məsələsini iranlı generalın öldürülməsi də kölgə altına sala bilmədi. Əksinə, bir sıra ekspertlər ona bir başqa tərəfdən baxmaq imkanı əldə etdi. Şimali Afrikanın bu böyük ölkəsində illərdir davam edən silahlı qarşıdurma faktiki olaraq yeni mərhələyə keçir. Artıq orada bir neçə dövlətin silahlı təmsilçiləri vardır. Müxalifətçi general Xəlifə Haftarı Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir dəstəkləyir. Üsyançı generala onlar maliyyə, logistik və hərbi yardım edirlər. Rusiyanın özəl "Vaqner qrupu"ndan orada iki min döyüşçünün olduğu bildirilir. Sudandan beş min muzdlu gətirilib. X.Haftar bir neçə aydır ki, paytaxt Tripolini zəbt etməyə çalışır.

BMT-nin tanıdığı Milli Birlik Hökuməti isə əsasən Tripoli və Misratada möhkəmlənib. Ona Fayez əl-Sərrac rəhbərlik edir. Milli Birlik Hökumətini Qətər, Türkiyə və İtaliya dəstəkləyirlər. Onlar Fayez əl-Sərrac iqtidarına hərtərəfli yardımlar edirlər. Ümumi vəziyyət üsyançı generalın paytaxta hücumunun qarşısının alınmasından sonra daha da kəskinləşib. Müxaliflər bütövlükdə ölkəyə nəzarət etmək üçün hücumlarını şiddətləndiriblər. Ancaq hökumət ciddi müqavimət göstərir. Milli Birlik Hökuməti ilə Türkiyə arasında yeni müqavilə imzalandıqdan sonra isə proseslər daha kəskin xarakter almağa başlayıb. Türkiyə ilə imzalanan sənəddə qanuni hökumətin müdafiə edilməsi ilə bağlı bir çox müddəalar vardır. Bundan başqa, burada ölkənin dəniz sərhədlərinin qorunması da öz əksini tapıb. Həmin müqaviləyə görə, Liviya sahillərində Türkiyə də söz sahibi olacaq. Buna isə X.Haftara yardım göstərən güclər ciddi etiraz edirlər. Hətta müxalifləri Türkiyəyə qarşı cihad etməyə səsləyirlər.

General X.Haftar artıq tərəfdarlarına müraciət edərək Türkiyəyə qarşı hamının savaşa çıxmasına səsləyib. Onun dediyinə görə, Türkiyə rəhbərliyi Osmanlını yenidən qurmağa çalışır. Bunu isə liviyalıların yenidən əsarətə düşməsi kimi qələmə verib. Lakin məsələ burasındadır ki, X.Haftar əvvəllər də buna bənzər çağırışlar etmiş, ancaq xalqdan dəstək görməmişdi.

Bu dəfə vəziyyət bir qədər fərqli görünür. Çünki X.Haftara indi xaricdən daha çox dəstək verirlər. Ortada əhəmiyyətli geosiyasi faktor vardır. Böyük güclər Şimali Afrika və Yaxın Şərqdə nüfuz dairələrini bölməkdə davam edirlər. Antitürkiyə çağırışları, Osmanlını yenidən bərpa etməkdən dəm vurmaq kimi əsassız, cəfəng fikirlər də buradan qaynaqlanır. Bu kimi çağırışlar edənlərin özləri 10 min kilometrlərlə uzaqdan gəlib Liviyada müharibə törədirlər. Əlbəttə, bunu Liviyada yaxşı bilirlər. Ona görə də populist çağırışlara ehtiyatla yanaşılır. Geosiyasi vəziyyət isə xeyli ciddidir.

Ekspertlərə görə, Liviya məsələsi təsadüfən məhz bu mərhələdə qabardılmır. Məsələ ondan ibarətdir ki, böyük ölçüdə Suriyada iç savaş səngiyib. Orada lokal toqquşmalar qalıb. Ölkənin ərazisində bu və ya başqa güclər dominantlıq təşkil edirlər. İndi Suriya üçün siyasi çözüm aranır. Bunun fonunda Yaxın Şərqdə yeni münaqişə ocaqlarına ehtiyac yaranır. Hazırda onun əsas olaraq iki istiqamətdə hazırlandığı təəssüratı yaranır.

Birincisi Liviyadır. Burada müxtəlif xarici güclərin qarşı-qarşıya gətirilməsi üçün Liviya daxilində siyasi-hərbi böhran dərinləşdirilir. Müxaliflər kənardan ciddi yardım hesabına hökumət güclərinə müqavimət göstərə bilmə səviyyəsinə gətiriliblər. Bunun nəticəsidir ki, Liviyanın böyük hissəsinə X.Haftarın tabeliyindəki silahlı birləşmələr nəzarət edir. Legitim hakimiyyət isə kiçik bir yerdə qərar tutmuş haldadır. Və məntiqə görə, BMT tanıdığı hökuməti dəstəkləməli, ona olan təcavüzün qarşısını almağa çalışmalıdır. Lakin bu, müşahidə edilmir. Əksinə, BMT TŞ-nin iki üzvü – Fransa və Rusiya qanuni hakimiyyətə qarşı olanlara ciddi yardımlar edirlər. Tamamilə absurd bir vəziyyət meydana gəlib. Çünki BMT TŞ qanuni iqtidarı müdafiə etməli olduğu halda, üsyançı qruplara yardım edir ki, qanuni hökuməti devirsinlər. Bu ikili standartların hüquqi nəticələri haqqında düşünən yoxdur.

İkincisi İraq-İran istiqamətidir. Açıq duyulur ki, bu məkanda ümumi vəziyyəti gərginləşdirməklə geosiyasi dividend götürmək məqsədi vardır. Burada daha təhlükəli oyunlara başlayıblar. İraqda İran və İraq şiələrini qarşı-qarşıya gətirirlər. İraqlıların dini lideri Müqtəda əl-Sədr ölkəni müdafiə etməklə bağlı göstəriş verib. Bundan öncə onun hazırkı İraq hökumətinin istefasını tələb etdiyi məlumdur. Bu hökumət isə İrana bağlıdır. Deməli, İraqda faktiki olaraq iranlı və iraqlı şiə dini liderlər arasında anlaşılmazlıq vardır. Bunun təhlükəli və arzuolunmaz nəticələri ola bilər.

İraqda şiə-sünni ixtilafı da mövcuddur. İrandan gəlmiş "Əl-Haşd əş-Şaabi" şiə döyüşçülərinin İraq ordusu tərkibində olması və müəyyən yerlərdə sünnilərə qarşı sərt davranışların baş verməsi risk yaradır. Bununla bağlı narahatlıq mövcuddur.

Təhlükəli ssenari: parçalanmadan böyük savaşa...

Bunlarla yanaşı, Amerikanın PKK/PYD-ni də meydana atmağa hazırlaşdığı haqqında informasiyalar yayılır. Hətta regiondakı bütün kürd qruplarını birləşdirmək üçün danışıqlar aparıldığı barədə də danışılır. Etnik mənsubluğa görə fikir ayrılığının real döyüş meydanına çıxarılması region üçün təhlükə törədir. Maraqlıdır ki, hələlik bu kimi addımlara qarşı tutarlı cavab yoxdur. Sanki region dövlətlərinin hər biri öz taleyini gözləyir.

Belə çıxır ki, Liviya məsələsinə Yaxın Şərqdə cərəyan edən geosiyasi-hərbi proseslərdən kənarda baxmaq doğru deyildir. Həmin səbəbdən Türkiyənin Liviyaya hərbi kontingent göndərməsi regional miqyasda baş verən geosiyasi proseslərin məntiqinə uyğundur. Regionda sabitliyi təmin edə biləcək güc ortaya qoyulmasa, tamamilə genişlənmiş bir qarışıqlıq yarana bilər. Bunu ekspertlər proqnozlaşdırırlar. Daha təhlükəlisi ondan ibarətdir ki, proseslərin inkişaf etdiyi ssenaridə bütövlükdə region böyük miqyasda xaosa sürüklənmiş olacaq.

Bu prizmadan Türkiyənin Liviyaya hərbi qüvvə göndərmək təşəbbüsünün riskləri lokallaşdırmaq məqsədi daşıdığını görmək olar. Buraya quru ərazisi ilə yanaşı, dəniz sahəsi də daxildir. Maraqlıdır ki, bu cəhdə qarşı İsrail, Yunanıstan və Cənubi Kipr birləşmiş kimi görünürlər. Onlar ortaq fəaliyyət haqqında sənəd də imzalayıblar.

Ekspertlər Türkiyənin Liviyada öz mövqeyini möhkəmlətmək istəyində olduğunu da bildirirlər. Onlar Ankaranın müharibə istəmədiyini, lakin orada sözünün keçərli olmasını istədiyini vurğulayırlar. Lakin bu zaman Şimali Afrikadan uzaqlarda yerləşən dövlətlərin hansı əsasla orada maraq güddüyü üzərində dayanmırlar. Məsələn, Fransanın orada əbədi olaraq payı olması sanki aksiom kimi görünür. Bununla razı olmayan İtaliya Türkiyə ilə birlikdə qanuni Liviya hökumətini dəstəkləyir.

Belə çıxır ki, Liviyada Qərbin özü də vahid cəbhədən çıxış edə bilmir. Orada maraqlar o dərəcədə fərqlidir ki, artıq yeni geosiyasi konfiqurasiyadan bəhs etmək lazım gəlir. Bu isə bütövlükdə vəziyyəti daha da mürəkkəbləşdirir. İndi oradan hər an böyük savaş xəbərləri gözlənilir.

Bu proseslərə Suriya-İraq-İran xəttində baş verən hadisələr müstəvisində baxdıqda, heç də geosiyasi tablo dəyişmir. Əksinə, indi İdlibdən yurdlarından didərgin düşənlərin sayı artdıqca daha narahatedici vəziyyət meydana gəlir. Mümkündür ki, Liviyadan tutmuş İrana qədər geniş bir ərazidə gərginlik yaradan risklərlə dolu prosesləri eyni məcraya yönəltsinlər. O halda region daha şiddətli alov içinə atılmış olar. Yaxın Şərq həmin ssenaridə sonu məlum olmayan təhlükələrə düçar olar. Müxtəlif istiqamətlərdən olan təxribatlar nəticəsində regionun böyük dövlətləri arasında savaş da meydana çıxa bilər.

Beləliklə, Türkiyənin qəbul etdiyi "Liviya sənədi" ancaq bu Şimali Afrika ölkəsinin sərhədləri ilə məhdudlaşmır. Onun geosiyasi təsiri daha geniş məkanı əhatə edir. Liviyada sabitlik nə qədər tez təmin edilsə, regionda sabitlik də bir o qədər tez yarana bilər. Ən azından Liviya Suriyada olduğu kimi qan gölünə çevrilməz. O ölkədən də dinc əhalinin köçü başlasa, region üçün nə dərəcədə təhlükələrin yarandığını təsəvvür etmək çətin deyildir.

Bütün bunlar onu göstərir ki, indi Yaxın Şərqdə geosiyasi proseslərin sonucundan danışmaq tezdir. Risklər və qeyri-müəyyənlik xeyli artıb. Görünən odur ki, Yaxın Şərqdə maraqlarını təmin etmək üçün böyük dövlətlər arasında daha amansız bir mübarizəyə start verilib. Bu faktın özü region üçün kifayət qədər ciddi təhlükələrin meydana çıxa biləcəyindən xəbər verir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...