THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yaxın Şərqdə geosiyasi mənzərə və İdlib problemi: kəsişən maraqların gərginliyi işığında

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5442
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 avqust 2019 – Newtimes.az

Son zamanlar dünya mediasında Suriyanın İdlib bölgəsində intensiv hərbi əməliyyatlar barədə informasiyalar yayılır. Müxaliflərlə Bəşər Əsəd rejiminə bağlı olan silahlı qüvvələr arasında şiddətli toqquşmaların getdiyi bildirilir. Gah bu, gah da digər tərəfin uğur qazandığından bəhs edilir. Lakin bu prosesdə ancaq Suriyanın daxili qüvvələrinin iştirak etmədiyi də vurğulanır. Türkiyə, İran və Rusiyanın birbaşa proseslərin içərisində olduğu qeyd edilir. Daha geniş rakursdan baxdıqda, İsrail, ərəb ölkələri, ABŞ, Avropa dövlətləri və Çinin də həmin hadisələrlə bu və ya digər dərəcədə əlaqəsi olduğu aydınlaşır. Konkret olaraq, İdlib hazırkı mərhələdə böyük geosiyasi oyunların bir hissəsidir. Ona kimin sahib olmasından Yaxın Şərqdə təhlükəsizliyin təmini modeli və geosiyasi konfiqurasiya məsələsi xeyli dərəcədə asılı olacaq. Bütün bunları nəzərə alaraq, İdlibdə cərəyan edən proseslərin geosiyasi aspektlə bağlılığı və mümkün təsirlər üzərində geniş dayanmağa ehtiyac görürük.

Maraqların savaşı: İdlib ssenarisinin bəzi incəlikləri

Bir sıra KİV orqanları İdlib uğrunda savaşın daha da şiddətləndiyini vurğulayırlar. Rusiya mətbuatında yayılan informasiyalarda göstərilir ki, Suriyanın bu əyaləti uğrunda gedən savaşda mənzərə dəyişir. Artıq Bəşər Əsədin ordusu və ona dəstək verən qüvvələr irəliləyə bilmirlər. Əksinə, müxalif qüvvələrin artilleriya zərbələri nəticəsində Suriya ordusu böyük itkilər verdiyindən, o, geri çəkilməli olub. B.Əsədə sadiq qüvvələrlə birgə İran və Rusiyaya bağlı silahlı qruplar da geri çəkilməli olublar.

Lakin bunun İdlib uğrunda gedən döyüşlərdə dönüş nöqtəsi olduğunu düşünmək doğru olmazdı. Çünki vəziyyət o dərəcədə mürəkkəbdir ki, hər an proseslərin dinamikası dəyişə bilər. Bununla yanaşı, tərəflərdən hansınınsa hərbi aspektdə tam üstünlüyündən danışmaq hələ tezdir. Açıq görünür ki, İdlibdə proseslər süründürməçi, üzücü və çox məsrəf tələb edən məzmun kəsb etməkdədir. İdlib savaşına bu kontekstdə baxdıqda, düşündürücü geosiyasi məqamları görmək mümkün olur.

Əsas məsələ ondan ibarətdir ki, İdlib uğrunda döyüş sadəcə kiminsə Suriyanın bir əyalətinə sahib olmasını ifadə etmir. Böyük dövlətlər üçün bu, asan bir hədəf olardı. Ancaq nə Amerika, nə Rusiya, nə də Avropa dövlətləri qarşılarına belə bir məqsəd qoymayıblar. Onun siyasi-hərbi baxımdan elə bir əhəmiyyəti yoxdur.

Lakin Türkiyə üçün İdlibin ayrıca əhəmiyyəti vardır. Əgər İdlibdə hansısa kənar qüvvə qalib gəlsə (B.Əsəd də daxil olmaqla), onda milyonlarla qaçqın Türkiyəyə üz tutacaq. Bu, siyasi-hərbi baxımdan Türkiyənin sərhədləri yaxınlığında gərgin, təhlükəli, təhdidlərlə dolu bir vəziyyətin yaranması deməkdir. İqtisadi, humanitar və demoqrafik aspektdə isə Türkiyənin yeni problemlərlə üzləşməsi anlamına gəlir.

Çünki suriyalıların Türkiyəyə axını maliyyə xərcləri ilə yanaşı, psixoloji, demoqrafik, mədəni və iqtisadi çətinlikləri də meydana gətirir. Sirr deyil ki, sadə Türkiyə vətəndaşları qarşılaşdıqları çətinliklərin psixoloji və iqtisadi-maliyyə aspektlərini daha çox suriyalılarla bağlayırlar və ya onlara müəyyən dairələr belə bir fikir təlqin edirlər.

Deməli, indi Türkiyəyə sığınan suriyalılara yeniləri əlavə olunsa, onda bir çox aspektlərdə ölkə üçün ağır problemlər yarana bilər. Ən əsası isə bu dalğa türk cəmiyyətini daha dərinliklərdə parçalaya bilər. Buraya Türkiyənin geosiyasi və regional maraqlarını da əlavə etsək, İdlib uğrunda savaşın Ankara üçün hansı əhəmiyyət daşıdığını daha konkret təsəvvür edə bilərik. Həmin çərçivədə bir neçə vacib məqamı vurğulamaq lazım gəlir.

İdlib hər şeydən öncə Türkiyə üçün terrorla mübarizədə ciddi faktordur. Əgər İdlibə terrora dəstək verən qüvvələr nəzarət etsə, onda Türkiyə ətrafında "terror dəhlizi" yaranacaq. Ankara bir neçə ildir ki, belə bir dəhlizin formalaşmaması üçün aktiv fəaliyyət göstərir. Hələlik Türkiyə diplomatiyası və ordusu düşmənlərin planlarını alt-üst edir.

Digər faktor İdlibin İraqdan gələn yolun üzərində olması və Hələbə yaxınlığı ilə əlaqəlidir. Məlumdur ki, Hələbdən qaçan əhalinin əksəriyyəti İdlibdə yerləşib. Onların oranı da tərk etməsi Hələbdən əllərinin üzülməsi deməkdir. Hələb isə böyük geosiyasi əhəmiyyəti olan yerdir.

Başqa bir məqam Suriya müxalifətinin gələcək taleyi ilə bağlıdır. Əgər İdlibdə B.Əsəd tam və qəti qələbə əldə etsə, onda müxalifətin ölkənin siyasi həyatında rolu çox aşağı düşə bilər. Bu isə ölkənin gələcək siyasi mənzərəsində Suriyanın şimalında yaşayan bir sıra xalqların iradəsini ifadə etmək imkanının zəif olması anlamına gəlir. Onun fonunda Suriyada məzhəb faktoru üzərində yeni oyunlar qurula bilər. Bu isə bütövlükdə regionun gələcəyi üçün təhlükə mənbələrindən biri olar.

Böyük güclər: açıq və gizli mübarizənin dinamikası

Bütün bunların fonunda regionun və dünyanın böyük dövlətlərinin geosiyasi maraqlarını da nəzərə almaq lazımdır. Sirr deyil ki, Suriyaya nəzarət uğrunda Rusiya, ABŞ, İsrail, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Avropanın güclü dövlətləri arasında mübarizə gedir. "İdlib kartı" bu oyunda axırıncı sırada deyil. Hətta bir sıra ekspertlər Türkiyənin Rusiyadan "S-400" raketlərini almasını da həmin faktorla bağlayırlar. Məsələn, hesab edirlər ki, Rusiya "S-400"lərə görə İdlib məsələsində Türkiyəyə sona qədər təzyiq etmir. Və ya son günlər məhz "S-400"lərə görə Rusiya İdlibi bombalamaqda iştirak edib. Bununla Kreml Ankaraya anlatmaq istəyir ki, əgər ABŞ-ın təzyiqi ilə Rusiya ilə əməkdaşlıqdan vaz keçsə, regionda yeni problemlərlə üzləşəcək.

Eynilə Amerika bir çox geosiyasi faktorlardan istifadə edir ki, Türkiyə gələcəkdə Rusiyadan "S-400" sistemlərini almasın. Vaşinqtonun təzyiqləri sırasında Aralıq dənizindəki proseslərdən tutmuş sanksiyalara qədər geniş üsullar vardır. Bununla yanaşı, Qərbin informasiya vasitələri "S-400"lərlə bağlı Türkiyəyə qarşı informasiya-psixoloji savaş aparırlar. Burada əsas məqsəd Türkiyənin təzyiqlərə dözə bilmədiyi, dirənişi olmadığı və qərarlarını tez-tez dəyişməli olan ölkə imicini yaratmaqdır. Bununla da məqsəd Ankaranı həm Qərbin, həm də Rusiyanın gözündən salmaqdır.

Bunların fonunda bəzi ekspertlərin Türkiyə ilə bağlı "dərin və obyektiv" mülahizələrini təqdim edən KİV-lər də vardır. Həmin "ekspertlər"in də bir "arqumenti" var: Türkiyə ciddi dövlət deyil, ya Amerikadan, ya da Rusiyadan asılı olmalıdır! Reallıqda isə Türkiyə dünyada söz sahibi olan güclü, etibarlı və sözünün üstündə duran böyük dövlətdir. Onun qarşısını kimsə ala bilməz. Türkiyə qarşısına qoyduğu 2023-cü il hədəflərinə çatmaqdadır.

Burada İran faktorunun geosiyasi xarakteri haqqında da düşünmək olar. İrana qarşı İsrailin təkidi ilə Amerikanın tutumu çox sərtdir. Nə olur-olsun, İranı vurmağa çalışırlar. İranın zəiflədilməsi isə Yaxın Şərqdə qüvvələr nisbətini xeyli dəyişə bilər. Bunun Türkiyəyə xeyri olacağını düşünmək sadəlövhlükdür. Ankara bu səbəbdən prinsipial geosiyasi məsələlərdə Tehranla uzlaşır. Bu da İsrail və Amerikanın xoşuna gəlmir. İndi bir sıra ekspertlər Amerikanın "F-35"ləri Türkiyəyə verməyəcəyini məhz bu amillə bağlayırlar. Təl-Əviv regionda ancaq özünün "F-35"lərə sahib olmasını istərdi. "S-400"lərə də bu aspektdə baxdıqda, müəyyən məqamlar daha aydın görünür.

Bütün bunların fonunda Kremlin Türkiyə ilə bağlı atdığı bəzi addımlar maraq doğurur. Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Türkiyə ilə birgə "S-500" raketlərini və "Su-57" qırıcı təyyarələrini istehsal edə bilərlər. Bundan başqa, Aralıq dənizinin şərqində Türkiyənin maraqlarının qorumasına Rusiya müsbət yanaşır. Amerika, İsrail, Misir və Avropa ölkələrinin bu məsələdə yunan tərəfini müdafiə etdiyini nəzərə alsaq, Rusiyanın güclü bir gediş etdiyini görərik. Yəni Kreml nümayiş etdirir ki, Ankara qlobal geosiyasi məsələlərdə tək deyil. Türkiyəli ekspertlər bu jesti Türkiyənin çoxqütblü müasir dünyada özünə layiq geosiyasi yer tutmasına dəstək kimi qiymətləndirirlər.

Beləliklə, İdlib məsələsi hazırkı mərhələdə regional geosiyasətin vacib elementlərindən biri təsirini bağışlayır. Orada böyük oyunçuların maraqları uğrunda ciddi savaş gedir. Təbii ki, bu prosesdə bütün böyük dövlətlərin tam uzlaşması mümkün deyildir. Ola bilər ki, Rusiya bomba atsın və ya Türkiyəyə bağlı müəyyən qruplar Rusiyanın "başını ağrıtsın". Bütün hallarda dünyada yeni geosiyasi konfiqurasiyanın yaranmaqda olduğu müşahidə edilir. Və bu gedişat çox sürprizləri ortaya çıxara bilər. Onların ən maraqlısı qlobal miqyasda rus-türk müttəfiqliyinin öz təsdiqini tapması ola bilər.

Əslində, Avrasiya üçün bu, ən faydalı bir əməkdaşlıq modeli olardı. Geniş geosiyasi məkanda münaqişələr öz həllini tapar, təhlükəsizliklə bağlı qayğılar azalardı. Böyük bir regionda inkişaf və tərəqqi özünü göstərərdi. Bəlkə də İdlib bu əməkdaşlığın ilk əlamətidir? İstisna deyil!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...