THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Üç təhlükəsizlik şefinin Qüds görüşü: ziddiyyətli məqamların gizli və aşkar tərəfləri

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2853
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 iyun 2019 – Newtimes.az

Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndə heyətlərinin görüşü az qala ən böyük sensasiya kimi təqdim edilir. Lakin hadisəni şişirdənlərin özləri də yekdil mövqedə deyillər. Bir qrup bəzi prinsipial məsələlərdə razılığın əldə edildiyini, digərləri isə əksini iddia edirlər. Hər iki yanaşmada informasiya savaşının əlamətləri özünü göstərir. Bu da başadüşüləndir, çünki müzakirə obyekti geosiyasi baxımdan çox həssasdır və çox sayda dövlətin maraqları ilə kəsişir. Buna baxmayaraq, əlbəttə, Qüdsdə iştirakçılar müəyyən məsələləri müzakirə ediblər və ya ən azından fikir mübadiləsi aparıblar. Problemin bu aspektinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Bolton, Patruşev və Ben-Şabat: nəyi və necə müzakirə ediblər?

Dünya KİV-ləri ABŞ, İsrail və Rusiyanın təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin Qüdsdəki görüşü haqqında böyük hay-küy qaldırıblar. Con Bolton, Nikolay Patruşev və Meir Ben-Şabatın apardıqları müzakirələr az qala Yaxın Şərqin geosiyasi taleyinin həlledici məqamı kimi təqdim edilir. Lakin bir sıra yazılarda bu görüşün lazımi səmərə vermədiyi vurğulanır. Hər iki qiymətləndirmə, bizcə, tələsik çıxarılan və ya xəyal edilən məqsədlərə haqq qazandırmaq üçündür. Təbii ki, dünyanın üç güclü təhlükəsizlik sisteminə malik olan ölkəsinin əvvəllər müşahidə edilməyən formatda nələrisə gözdən keçirməsi diqqət yetirilməli haldır. Bununla yanaşı, Yaxın Şərq ancaq həmin dövlətlərin istəyi ilə formatlaşmır. Regionun digər güclü ölkələri, dünyanın digər super geosiyasi gücləri də var.

Belə çıxır ki, Bolton-Patruşev-Ben-Şabat görüşünün əhəmiyyətinin vurğulanması ilə yanaşı, təbliğat xatirinə şişirdilməsi və ya azaldılması da müşahidə edilir. Bu iki ifrat yanaşmanın işığında görüşün real aspektlərinin geosiyasi analizi maraq doğurur.

Bu formatda görüş ilk dəfədir ki, reallaşır. Onun təşəbbüskarı İsrailin Baş naziri Binyamin Netanyahudur. B.Netanyahu parlament seçkisində qalib gəlsə də, koalisiya hökumətini qura bilmədi. Reytinq baxımından çətin vəziyyətə düşmüş dostunu Vaşinqton hər vəchlə yenidən xilas etməyə çalışır. Ekspertlər bu məqsədlə Vaşinqtonun İrana qarşı daha sərt addımlar atdığını və Colan təpələri ilə bağlı məlum təxribatçı qərarı vurğulayırlar. Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüş isə bu sırada daha təsirli addım ola bilər. Çünki məhz Rusiya Avrasiyada İrana daha çox təsir imkanına malik olan ölkədir. Bir neçə ay öncə Binyamin Netanyahu, Con Bolton və Avstriyanın Prezidenti Aleksander Van der Bellen Rusiya dövlət başçısı Vladimir Putinlə İran məsələsini İsrail ssenarisi üzrə həll etməklə bağlı müzakirə aparmışdılar. Onda Rusiya Prezidenti təmkinlə müzakirə invanının Tehran olduğuna işarə etmişdi.

Deməli, Qüds görüşünün qısa tarixçəsi var. Fərq ondan ibarətdir ki, Təl-Əviv dünyaya nümayiş etdirməyə çalışır ki, ABŞ və Rusiyanı İran məsələsində öz xeyrinə bir araya gətirə bilər. Bəs bu alındımı? Görüşdə müzakirə olunan məsələlərin konkret məzmunu KİV-ə məlum olmadığından, danışıqların iştirakçılarının ifadə etdikləri fraqmentar xarakterli fikirlərdən müəyyən mənzərə yaratmaqdan başqa çarə yoxdur.

ABŞ və İsrail tərəfi müəyyən razılaşmanın olduğundan bəhs edir, o cümlədən, Suriyanın gələcək siyasi taleyi ilə əlaqədar ortaq fikir olduğunu ifadə edirlər. Ancaq N.Patruşevin bir qeydində bu məsələdə də tam razılığın olmadığı hiss olunur. Amerika və İsrail regionda "sülhpərvər və təhlükəsiz Suriyanın mövcudluğunun" qəbul edildiyini vurğulayırlar. N.Patruşev isə buna "suveren, ərazi bütövlüyü bərpa edilmiş və müstəqil Suriya" şərtlərini əlavə edib. Belə çıxır ki, İsrail və Rusiyanın "təhlükəsiz və sülhpərvər Suriya" anlayışları məzmunca fərqlənir.

Məsələnin digər ziddiyyətli tərəfi İranın Yaxın Şərqdə geosiyasi-hərbi iştirakı ilə bağlı mövqelərin kardinal surətdə bir-birindən fərqlənməsi ilə bağlıdır. Amerika və İsrail İranın Suriya və İraqdakı mövcudluğunu Moskvanın tam nəzarət altına almasını və mümkün olsa, Suriya, Livan və Yəməndən onun tamamilə çıxarılmasını arzulayırlar. Bu tələbə N.Patruşev aydın cavab verib: İranın Suriyadakı hərbi mövcudluğu Dəməşqin dəvəti əsasındadır və onu Bəşər Əsədlə müzakirə etmək lazımdır.

Ayrıca, Moskva hesab edir ki, İran Suriyada terrorla mübarizədə fəaldır və bu xidməti heçə saymaq olmaz. Bir sözlə, İranın Suriyada hansı statusda qalması məsələsi ilə bağlı Kreml məsuliyyəti üzərinə götürmək fikrindən uzaqdır. Ona görə yox ki, kimdənsə çəkinir. Ona görə ki, ABŞ və İsrailin istədiyinin əksini düşünr. Belə ki, Moskva İranın Yaxın Şərqdə güclü olmasını istəyir. Çünki regionda ən yaxın geosiyasi müttəfiqi İrandır.

İran və Suriya: bazarlıq obyektləridirmi?

Bu səbəbdəndir ki, N.Patruşev amerikalı və israilli həmkarlarına ABŞ-ın pilotsuz uçan təyyarəsinin İranın hava sərhədini pozduğuna görə vurulduğunu deyib. Bunu sübut edən faktlar Rusiya Müdafiə Nazirliyində mövcuddur. Hörmüz boğazındakı tankerlərin vurulması haqqında Qərbin təqdim etdiyi informasiya isə "qeyri-peşəkar hazırlanıb". Yəni yalandır və onu lazımi səviyyədə peşəkarcasına təqdim edə bilməyiblər. Bu, faktiki olaraq, hər iki məsələdə İranın mövqeyini açıq və birmənalı müdafiə etmək, dolayısı ilə bütövlükdə Tehranın Yaxın Şərqdəki fəaliyyətinə haqq qazandırmaqdır. Təbii ki, Suriya bu sırada ilk yerdədir. Bu halda hansı ümumi razılıqdan söhbət gedə bilər?

Bunlarla yanaşı, KİV bir məqamı xüsusi təqdim etməyə çalışır: tərəflər Osakoda V.Putinlə D.Trampın görüşərək müzakirələri davam etdirmələri haqqında razılığa gəliblər. Doğrudan da, bu tezisi iştirakçıların hamısı qəbul edir. İndi məlumdur ki, Osakoda prezidentlər görüşüblər, lakin hansısa ortaq qərar haqqında heç bir informasiya yoxdur. Adi məntiq də göstərir ki, dövlət başçılarının həmin məsələdə ümumi razılığa gəlməsi bu mərhələdə mümkün deyildir. Çünki V.Putin İrandan, D.Tramp isə İsraildən vaz keçən deyillər. Bu "suayırıcı zona" qalırsa, prinsipial razılıqdan söhbət gedə bilməz. O başqa məsələdir ki, tərəflər müzakirələri davam etdirmək haqqında ortaq fikrə gələ bilərlər.

Lakin İsrail KİV-i bütün bunların fonunda bir fikri israrla yaymağa çalışır. Qüdsdə Amerika, Rusiya və İsrail İranın neytrallaşdırılması ilə bağlı müəyyən razılığa gəliblər. Məsələn, israilli ekspert Aviqdor Eskin yazır ki, danışıqların məzmunu məlum olmasa da, inamla təxmin edə bilərik ki, Amerika və İsrail tərəfi Suriyanı İranın hərbi-siyasi mövcudluğundan azad etməkdən daha çox danışıblar. "İlk baxışdan, Rusiyanın bunda az maraqlı olmadığı görünür. İranın Suriyada mövcudluğu bu mərhələdə Moskva üçün zərərlidir. Bu, artıq Moskva ilə Tehran arasında kimin B.Əsədə daha çox təsir etməsi ilə bağlı rəqabət deyil, ancaq rusiyapərəst və iranpərəst silahlı qrupların birbaşa toqquşmasıdır" (bax: В Иерусалиме заложена основа триумвирату США, России и Израиля / "Regnum", 26 iyun 2019).

Fikirlərinə davam edərək, ekspert vurğulayır ki, İran həm də Rusiyanın əlində kartdır. "Belə təxmin etmək olar ki, Moskva İran üzrə Vaşinqton və Yerusəlimlə geniş əməkdaşlığa gedəcək". Yəni Moskva İranın Suriyadan çıxarılması əvəzində B.Əsədin İsrail və ABŞ tərəfindən tanınmasını tələb edə bilər.

Buna bənzər iddialara rast gəlinir. Lakin onların hamısı xəyalların və ya gizli istəklərin məhsuludur. Rusiya Təhlükəsizlik Şurası katibinin ifadə etdiklərindən birmənalı aydın olur ki, prinsipial məsələlərdə Moskva İranla bağlı bazarlıq etməyəcək! Çünki məsələ ancaq Suriya ilə əlaqəli deyil. Rusiya özünün geosiyasi müttəfiqi ilə münasibətləri uzunmüddətli təsəvvür edir. Ona görə də hansısa keçici maraqlara görə bu mövqeyini dəyişməz. Əgər Rusiya onu edərsə, onunla kimsə müttəfiqlik etməz.

Deməli, əslində, Rusiyanın İran məsələsində ABŞ və İsraillə birgə hərəkət edəcəyi ilə bağlı informasiyalar yayılırsa, bu, xüsusi məqsədlə edilir və reallığa uyğun görünmür. Söhbət ondan getmir ki, Yaxın Şərqdə Rusiya-İran əməkdaşlığına kimsə çox müsbət yanaşır. Burada əsas məqam Qüdsdəki danışıqlardan kimin hansı məqsədlə informasiya faktoru kimi istifadə etməyə çalışdığını göstərməkdən ibarətdir.

Beləliklə, Qüds görüşü həqiqətən tarixi əhəmiyyət kəsb edir. Dünya bir daha Yaxın Şərqdə hansı dövlətin nə kimi məqsədləri güddüyünü aydın gördü. Müzakirə aparan dövlətlərdən heç biri Yaxın Şərqin mütləq əksəriyyətini təşkil edən xalqları təmsil etmirlər. İsrail regiona aid olsa da, təkbaşına böyük problemləri həll etmək hüququna malik deyil. Onda belə çıxır ki, Yaxın Şərqlə bağlı yerli dövlətlərin iradəsi olmadan nələrəsə nail olmağa çalışanlar var. Həm də onlar regionun böyük dövlətlərindən olan İranın oyundan kənar qalması variantlarını müzakirə edirlər. Sonra növbə hansı müsəlman dövlətinindir? Ümumiyyətlə, Qüdsdə hansı əsasla bu üç dövlət müsəlman ölkələrinin taleyini həll etməyə çalışırlar? Kim onları qəyyum edib?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...