THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-ın Azərbaycana yüksək marağı: Bolton əməkdaşlığın üç istiqaməti haqqında

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4232
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 fevral 2019 – Newtimes.az

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bu il yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngindən sonra siyasi və ekspert dairələrində bir canlanma müşahidə edilir. Onlar konkret olaraq ABŞ-ın Cənubi Qafqaz siyasətində hansı dəyişikliklərin baş verdiyi ilə bağlı proqnozlar verməyə çalışırlar. Maraqlıdır ki, bu hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da zəng edibmiş. Ermənistanın baş naziri ciddi bir şeydən danışmadıqlarını desə də, ona erməni ekspertlər inanmırlar. Hesab edirlər ki, N.Paşinyan nələrisə gizlədir. Bununla yanaşı, belə təəssürat yaranır ki, C.Bolton N.Paşinyanla regional məsələləri və konkret olaraq Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyə ehtiyac görməyib. O, bu barədə əsas olaraq Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparmağa üstünlük verib. Bu reallığın fonunda Con Boltonla İlham Əliyev arasında danışıqda hansı məqamlara toxunulmasının geosiyasi analizi ciddi aktuallıq kəsb etdiyindən, bu məqam üzərində geniş dayanmağa ehtiyac görürük.

Lider imici: İlham Əliyev yüksək zirvədə

Amerika Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi siyasi və ekspert dairələrində böyük maraq doğurub. Həmin hadisədən bir neçə gün öncə C.Bolton Nikol Paşinyana da telefon edib, lakin buna fikir verən olmadı. İlham Əliyevlə olan qısa söhbətin məzmunu isə diqqətləri çəkdi.

Aydındır ki, ABŞ üçün İlham Əliyev faktoru N.Paşinyan faktorundan qat-qat yüksəkdədir. Azərbaycan Prezidenti siyasi lider, dövlət başçısı, nüfuzlu şəxsiyyət kimi N.Paşinyan kimilərdən dəfələrlə üstündür. Ekspert dairələri də yaxşı bilirlər ki, İlham Əliyevlə aparılan müzakirələrin əhəmiyyəti daha çoxdur. Bu səbəbdəndir ki, hətta Ermənistan mediası "Qarabağ haqqında niyə məhz İlham Əliyevlə danışırlar?" sualını təkrar-təkrar verir və cavab tapmağa çalışır. Bu məsələ həm də N.Paşinyanın "C.Boltonla Qarabağ məsələsini müzakirə etmədik", deməsi fonunda erməniləri düşündürür.

Deməli, erməni ekspet dairələri üçün mənzərə aşağıdakı kimidir: ABŞ-ın yüksək səviyyəli məmuru Ermənistan tərəfi ilə münaqişə haqqında danışmaqdan çox Azərbaycanla müzakirə aparmağa üstünlük verir. Bu halda Azərbaycanın geosiyasi əhəmiyyəti Ermənistandan dəfələrlə yüksək qiymətləndirilir. Əgər Vaşinqton əsas olaraq Azərbaycanla danışmağı seçirsə, deməli, o biri tərəfi razı salmaq onlar üçün elə də çətin olmayacaq.

Biz iddia etmirik ki, ABŞ tam olaraq ədalət prinsipi üzrə münaqişəni həll etməyə çalışır. Məsələnin bu tərəfi başqa məqamlarla da sıx bağlıdır. Lakin açıq görünür ki, Amerika üçün Cənubi Qafqazda regional əhəmiyyətli geosiyasi-hərbi, iqtisadi, sosial, nəqliyyat-logistik, enerji, təhlükəsizlik kimi məsələləri Azərbaycanla müzakirə etmək ciddi əhəmiyyət kəsb edir. C.Boltonun Azərbaycan Prezidenti ilə danışığını qısa xarakterizə etməsi də bu tezisi təsdiqləyir. C.Bolton özünün tvitter səhifəsində yazıb ki, İlham Əliyevlə ikitərəfli əlaqələri, regional problemləri və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini müzakirə ediblər.

Telefon danışığı ilə bağlı Azərbaycan tərəfinin rəsmi açıqlaması belədir: "Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib". Yəni Amerika və Azərbaycan tərəfinin telefon danışığı ilə bağlı yaydığı informasiya tam üst-üstə düşür.

Bunun fonunda N.Paşinyanla hansı məsələlərin müzakirə edildiyi qeyri-müəyyən olaraq qalır. Deməli, erməni tərəfi ən azından səmimi deyil. Bunun da əsas səbəbi münaqişənin həllində Ermənistanın mövqeyinin xeyli zəifləməsi ola bilər. Çünki Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını mütləq şərt kimi qoyurlar. Onların çatışmayan cəhəti Ermənistandan bu şərtə əməl etməsini qəti şəkildə tələb etməməsindədir. Bunun da səbəbi aydındır: həmsədrlər bu və ya digər dərəcədə Ermənistana havadarlıq etdiklərindən, ikili standart siyasəti yeridirlər. Ermənistana havadarlıq edildiyinin tarixi, geosiyasi və dini səbəbləri hamıya məlumdur.

Bunlar hər kəsin bildiyi həqiqətdir və bizim məhz burada onu xatırlatmağımızda əsas məqsədimiz bir tərəfdən həmsədrlərin qətiyyətsizliyini ifadə etmək, digər tərəfdən isə rəsmi İrəvanın çıxılmaz vəziyyətə düşdüyünü vurğulamaqdır. Və bunun fonunda Azərbaycan Prezidentinin mövqeyinin tam obyektivliyi, səmimiliyi və ədalətliliyi ilə yanaşı, yüksək səviyyədə sülhpərvərliyi və barışa sadiqliyi ilə seçildiyini dərk etmək çətin deyil. Çünki Azərbaycan tam haqlı olduğunu bilir, buna görə də özünün ərazi bütövlüyünü bərpa etmək üçün istənilən üsuldan, o cümlədən hərbi əməliyyatlardan istifadə etmək hüququna təbii olaraq sahibdir. Ancaq Azərbaycan rəhbərliyi regional əməkdaşlığı, qonşuluq münasibətlərini, müasir dünyanın geosiyasi dinamikasını və başqa əhəmiyyətli məqamları nəzərə alaraq səbrlə təcavüzkarı düz yola gətirməyə çalışır. Ancaq bu istiqamətdə də səbrin bir sonu var.

ABŞ-ın geosiyasi seçimində yeni məqamlar: üç aspektin vəhdəti işığında

Yuxarıda vurğulanan məqamlardan Con Boltonun Azərbaycanın dövlət başçısı ilə telefon söhbətində ifadə etdiyi fikirlərin üç aspektdə əhəmiyyətli olduğu nəticəsini çıxarmaq olar. Birincisi, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması faktı arasında sıx bağlılığın olduğunu qəbul etməyə başlayıb. Bu, geosiyasi kontekstdə ciddi önəm kəsb edir. Çünki başa düşülür ki, münaqişəni ədalətli şəkildə həll etməkdən başqa yol yoxdur. Və bu qənaət birbaşa Azərbaycanın müstəqil dövlət kimi əldə etdiyi uğurlardan qaynaqlanır. Yəni Azərbaycan real olaraq bütün sahələr üzrə regionun şəksiz lideridir. Bu cür statusu olan dövlətə qarşı ədalətsiz davranmaq çox pis nəticələr verə bilər. Belə görünür ki, okeanın o tayında bunu anlamağa çalışanlar vardır.

İkincisi, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmini ilə regional geosiyasi təhlükəsizlik arxitekturasının səmərəli modelinin qurulması arasında uyğunluğun saxlanmasında Azərbaycanın həlledici rolunu anlamağa başlayıb. Bunun konkret əlamətlərindən biri Vaşinqtonun tədricən Azərbaycanın real geosiyasi statusunu qəbul etməyə doğru getdiyini nümayiş etdirməsidir. C.Boltonun zəngi məhz bu kontekstdə geosiyasi məna çaları olan olaydır. Məsələnin sırf geosiyasi qüvvələr balansını təmin etmək aspektində vacibliyi buradan aydın görünür.

Çünki öncədən ABŞ Prezidenti də daxil olmaqla, Qərbin siyasi liderləri Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolunu dəfələrlə açıq etiraf ediblər. Aİ rəhbərliyi də dəfələrlə həmin mövqeyini açıqlayıb. Ancaq onlar bunu qeyd etməklə, Azərbaycanın layiq olduğu geosiyasi statusu tam qəbul etmək istəmirlər. Konkret desək, Ermənistanın təcavüzkarlığını müxtəlif üsullarlal ört-basdır etməyə çalışırlar. Bu proses indi də gedir. E.Makronun, A.Merkelin Cənubi Qafqaza səfərlərində bunu növbəti dəfə müşahidə etdik. Lakin, görünür, Vaşiqnton bu ədalətsiz vəziyyəti dəyişməyə doğru addım atmaq istəyir. C.Boltonun təhlükəsizliyin təmini ilə münaqişənin sülh yolu ilə həllini eyni məntiqi müstəvidə ifadə etməsi həmin dəyişikliyin əlaməti ola bilər.

Üçüncüsü, telefon söhbətinin məzmunu onu göstərir ki, Vaşinqton Azərbaycanla ikitərəfli əlaqələrə artıq daha böyük ölçüdə qlobal geosiyasi dinamika kontekstində baxır. Bu, belədirsə, prinsipial dəyişiklikdir. Çünki indiyə qədər Qərb dövlətləri Azərbaycan məsələsinə bir qayda olaraq postsovet məkanı miqyasında nəzər salırdılar. O cümlədən daha çox Rusiyanın Qafqazdakı maraqları prizmasından yanaşırdılar. Bu da öncədən Cənubi Qafqazın bütün dövlətlərini "eyni siyasi qəlibə" salmaq demək idi. Yəni real vəziyyət deyil, mifik geosiyasi balansı qoruyub saxlamaq kursu götürülmüşdü. Bu cür yanaşmada təcavüzkarla onun qurbanı arasında fərq qoyulmur – abstrakt təhlükəsizlik, demokratiya, insan haqları kimi anlayışlar üzərindən siyasət yeridilir. İkili standartların mövcudluğu isə heç bu çərçivədə belə obyektiv olmağa imkan vermir. Nəticədə, təhlükəsizlik deyil, təhlükə yaranır, sülh deyil, yeni təhdidlər formalaşır, münaqişənin həlli deyil, onun daha da dərinləşməsi baş verir.

Ancaq məsələyə qlobal geosiyasi dinamikanın reallıqları müstəvisində yanaşdıqda, ağla qaranı seçmək imkanı yaranır. Konkret dövlətə konkret yanaşmaq mümkün olur. Bu baxımdan Azərbaycanın dünya siyasətinə, təhlükəsizlik məsələlərinə, əməkdaşlıq modellərinin inkişafına verdiyi töhfələrlə regionun digər iki ölkəsinin (Ermənistan və Gürcüstanın) cəm halında verdiyi töhfələr müqayisə belə oluna bilməz. Azərbaycan onların cəmindən qat-qat üstün səmərə verir. Bu səbəbdən də Azərbaycanla regionun aparıcı ölkəsi kimi münasibət qurmaq bütövlükdə dünya üçün sərfəlidir.

Beləliklə, əgər Con Bolton dediklərində səmimidirsə və Vaşinqtonun Cənubi Qafqaz siyasətində ola biləcək dəyişikliklərin müjdəsini veribsə, onda regional miqyasda geosiyasi mənzərədə keyfiyyətcə yeni səhifə açıla bilər. Sülh, barış, əməkdaşlıq səhifəsi. Və bu səhifənin memarı Azərbaycan Prezidentidir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...