THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Star"ın açılışı: növbəti uğurlu addımın geosiyasi çalarları

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3132
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 oktyabr 2018 – Newtimes.az

Müasir dünyada konkret proqramların reallaşması asan proses deyil. Bütün bəşəriyyəti bürümüş müxtəlif xarakterli böhranlar qarşıya xeyli çətinliklər çıxarır. Xüsusilə Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi mənzərə xeyli mürəkkəbdir. Təcrübə göstərir ki, Azərbaycanın həyata keçirmək istədiyi hər bir böyük və əhəmiyyətli layihəyə əngəl yaratmaqda maraqlı olan dairələr mövcuddur. Bunu "Əsrin müqaviləsi"ndə, TANAP və TAP-ın razılaşdırılmasında, "Cənub qaz dəhlizi"nin həyata keçirilməsində gördük. Azərbaycanın xaricdə ən böyük investisiya layihəsi olan "Star" neft emalı zavodunun istifadəyə verilməsi bu bağlılıqda çox mühüm geosiyasi və geoiqtisadi hadisədir. Bu barədə zavodun açılışında söylədikləri geniş və dərin məzmunlu nitqlərində Azərbaycan və Türkiyə dövlət başçıları dolğun fikirlər ifadə ediblər. Biz həmin məqamlar üzərində geniş dayanmağa ehtiyac duyduq.

Praqmatik və faydalı: iki qardaş ölkənin dünyaya əməkdaşlıq nümunəsi

Azərbaycan növbəti uğuruna imza atdı. Qardaş Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılışı oldu. Bu hadisənin geosiyasi və geoiqtisadi əhəmiyyətini, onun istehsal imkanları fonunda daha aydın dərk etmək mümkündür.

"Star" zavodu Türkiyənin ilk və yeganə neft-kimya kompleksi olan "Petkim" neft-kimya kompleksinin ərazisində inşa edilib. Azərbaycanın neft şirkəti – SOCAR 2008-ci ildə Türkiyənin "TURKAS" şirkəti ilə birlikdə "Petkim"ə məxsus neft-kimya zavodunun 51 faizinə sahib olub. "Star" zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Türkiyədəki neft-kimya zavodları ölkənin tələbatını ödəyə bilmir. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star" zavodunun istifadəyə verilməsi bu istiqamətdə ciddi dəyişikliklər edə bilər. "Star" hər il 10 milyon ton xam neft emal edəcək. Bu zavod illik 1,6 milyon tonluq istehsalla Türkiyənin təyyarə yanacağına olan tələbatını ödəyəcək.

"Star" zavodu 5 milyon ton dizel yanacağı istehsal edəcək. Bu, Türkiyədə ümumi istehlakın 20 faizini təmin edəcək. Bununla da qardaş ölkənin dizel yanacağı idxalı 40 faizə enəcək. "Star" neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəti 10 ildə isə bu rəqəmin hər il 864 milyon dollar olacağı proqnozlaşdırılır. Ümumilikdə Türkiyə xarici ticarət balansındakı cari kəsirini 1,5 milyard dollar azalda biləcək.

Bunlardan başqa, "Star"ın fəaliyyəti Türkiyədə mayeləşdirilmiş qazın idxal səviyyəsini 70 faizə endirməyə imkan verəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq. Onu da vurğulayaq ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyədə ən böyük xarici sərmayəçidir.

Bu rəqəmlər onu göstərir ki, "Star" zavodunun istifadəyə verilməsi yalnız iqtisadi faktorlarla bağlı deyil. Söhbət iki qardaş dövlətin bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzrə fəaliyyət göstərməsindən gedir. Həmin mənada zavodun tikintisinin geosiyasi və geoiqtisadi əhəmiyyəti böyükdür. "Star"ın açılışında Azərbaycan və Türkiyə prezidentlərinin söylədikləri dərin məzmunlu nitqdə həmin kontekstdə konkret fikirlər yer alıb.

Azərbaycan Prezidenti çıxışının əvvəlində vurğulayıb: "Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star"ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır". Deməli, bu layihə ölkələrimizin liderlərinin güclü siyasi iradəsinə əsaslanmaqla iki dövlətin dostluq və qardaşlığından ilham alıb və buna görə də uğurla həyata keçirilib.

Azərbaycan rəhbərinin bu məqamları xüsusi vurğulaması Türkiyə ilə əlaqələrin inkişafının müasir reallıqlar, qlobal siyasətin əsas trendləri və regional əməkdaşlığın özəllikləri nəzərə alınaraq davam etdiyini göstərir. Buradan Azərbaycanın müstəqil və suveren dövlət olaraq daim öz milli maraqlarına üstünlük verdiyi qənaətini də nəzərə almaq mümkündür. Bu sırada İlham Əliyevin nitqində qətiyyətlə aşağıdakı fikirləri ifadə etməsi, dövlət başçısının yüksək siyasi iradəyə sahib olmasını və dövlət quruculuğunda məqsədləri çox dəqiq müəyyənləşdirdiyini bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti "Star Rafineri"nin açılış mərasimində ifadə edib: "...bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik".

Tarixi zərurətdən müasirliyə: regional liderliyə doğru inamla

Ölkə rəhbəri bu fikirlərdə çox lakonik olaraq əhəmiyyətli bir geosiyasi məqamı vurğulayıb. Azərbaycanla Türkiyə tarixi, siyasi, geosiyasi və əməkdaşlıq baxımından əbədi olaraq bir yerdə olmalıdırlar. Son 100 il müddətində onların bir-birindən aralı düşməsi qanunauyğunluq deyil, istisnadır. Azərbaycan müstəqillik əldə edəndən sonra yenidən bir yerdə olmağa heç bir maneə qalmayıb. Yəni Azərbaycan və Türkiyə nə qədər ki, müstəqil və suverendirlər – daim birgə olacaqlar! Budur, İlham Əliyevin fikirlərinin vacib geosiyasi anlamlarından biri!

Çox qürurvericidir ki, Azərbaycanın dövlət başçısı bu kimi fikirləri ölkəmizin həyata keçirdiyi və birbaşa iştirakçısı olduğu beynəlxalq layihələrin açılışında ifadə edir. Çünki bir sıra dövlətlərin liderləri ancaq ümumi ifadələrlə kifayətlənir, konkret nümunə göstərə bilmirlər. Azərbaycan Prezidenti isə konkret olaraq reallaşan layihələrin istifadəyə verilməsi zamanı fikir söyləyir. İlham Əliyevin "Star" zavodunun açılış mərasimində Bakıda keçirilmiş hərbi paradla bağlı yenə də fikir ifadə etməsini məhz bu kontekstdə dərk etmək gərəkdir. Ölkə rəhbəri Əliağada ifadə edib: "Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir".

Türkiyə Prezidenti də Azərbaycanın dövlət başçısının fikirləri ilə səsləşən məqamlara toxunub. Rəcəb Tayyib Ərdoğan deyib: "Bu gün "Star" neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir".

Deməli, Türkiyə tərəfi də hesab edir ki, "Star"ın açılışı yalnız iqtisadi əhəmiyyətə malik deyil, o həm də ciddi geoiqtisadi hadisədir ki, bütün dünya bunu qəbul edir. Hər kəs anlayır ki, "Star"ın istifadəyə verilməsi Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələrinin strateji miqyasını daha da gücləndirir. Bu bağlılıqda Türkiyə Prezidenti tarixi bir tezis də irəli sürüb. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin fikirləri ilə tam razılaşaraq bəyan edib: "Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir".

Hesab edirik ki, bu, iki praqmatik fəaliyyət göstərən, qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanan müstəqil dövlətin ciddi geosiyasi və geoiqtisadi uğurudur. Ekspertlər vurğulayırlar ki, Azərbaycan və Türkiyənin birgə reallaşdırdığı hər bir layihə bütövlükdə regional və qlobal əməkdaşlığa, təhlükəsizliyə, sabitliyə və barışa xidmət edir. Bu özəlliyinə görə, bu dövlətlərin əməkdaşlıqlarının tayı-bərabəri yoxdur.

Şübhə yoxdur ki, Azərbaycan və Türkiyə rəhbərlərinin Əliağadan dünyaya verdikləri mesaj çox yerinə düşüb. Bir sıra dairələr Cənubi Qafqazda ancaq öz maraqlarını təmin etməyi düşünərək hərəkət edirlərsə və bu zaman ədaləti, obyektivliyi, beynəlxalq hüququn normalarını unudurlarsa, Ankara və Bakı qarşılıqlı olaraq fayda verən proqramları həyata keçirirlər. Bu, əyani nümunədir, başqaları üçün də fəaliyyət fəlsəfəsidir! Dünyanın türk dövlətlərindən nümunə götürmək zamanı çatıb!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...