THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Sülh və təhlükəsizlik: Con Boltonun Azərbaycan səfərinin geosiyasi konteksti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4281
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 oktyabr 2018 – Newtimes.az

Ekspertlər ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfərindən bəhs edərkən bir sıra məqamları xüsusi vurğulayırlar. Daha çox təhlükəsizlik və sülhün təmin edilməsi ilə bağlı müzakirələrin aparılacağını proqnozlaşdırırdılar. Bunlar özünü bütövlükdə doğrultdu. C.Bolton Bakıda regionda sülh və təhlükəsizliyin təmini kontekstində fikir mübadiləsi apardı. Azərbaycandan sonra isə Ermənistana getdi. Təbii ki, C.Bolton keçirdiyi mətbuat konfransında bütün detallara aydınlıq gətirmədi. Ancaq KİV-də yayılan bir sıra məqamlara əsaslanmaqla bütöv mənzərə haqqında müəyyən nəticələr çıxarmaq olar. Məhz bu çərçivədə biz Amerika Prezidentinin milli təhlükəsizlik müşavirinin Azərbaycan səfərinin geosiyasi kontekstdə analizi üzərində dayanmaq istərdik.

Bolton Dağlıq Qarabağ haqqında: bilgisizlik, yoxsa...?

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqazda ilk olaraq Azərbaycana baş çəkməsini ekspertlər təsadüfi saymırlar. Onlar bunu Amerikanın Azərbaycana verdiyi önəmin əlamətlərindən biri hesab edirlər. Vaşinqton bu regionda Bakının xüsusi geosiyasi çəkisi olduğunu və ölkə rəhbərliyinin müstəqil siyasət yeritdiyini yaxşı bilir. Bundan başqa, Azərbaycan Cənubi Qafqazın iqtisadi lideridir, o, nəhəng energetika və nəqliyyat layihələrinin aktiv iştirakçısıdır.

Bunlarla yanaşı, C.Boltonun səfərinə birbaşa aidiyyəti olan təhlükəsizlik məsələsində Azərbaycan həm də regional sabitlik modelinin təşəbbüskarıdır. Bu statusda Rusiyadan başqa heç bir postsovet ölkəsi yoxdur. Təbii ki, təhlükəsizliklə bağlı məsələdə C.Boltonun Rusiya, İran və Ermənistan faktorlarını da müzakirə edə biləcəyini proqnozlaşdırmaq olardı.

Əslində, C.Bolton öncə Rusiyaya səfər etmişdi. Moskvada o, hətta Prezident Prezidenti Vladimir Putinlə görüşüb. KİV-də yer alan məlumatlara görə, tərəflər bir çox məsələlərdə fikir ayrılıqlarını saxlayırlar. O cümlədən silahlanma ilə əlaqədar fərqli düşünürlər. Vaşinqton Rusiyanı orta və qısa mənzilli raketlər haqqında imzalanan sazişi pozmaqda ittiham edib. C.Bolton açıq deyib ki, onları Rusiyanın Avropada yerləşdirdiyi silahlar narahat edir.

Bununla yanaşı, tərəflər İran, Suriya və Çin məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar. Yekun olaraq konkret nəticə əldə edilməyib. Yeganə müsbət məqam isə D.Trampla V.Putinin bu ilin noyabrında Parisdə görüşməsi ilə əlaqəli olub. Bunların fonunda Rusiya KİV-ləri Qafqaz istiqamətində hansı müzakirələrin aparıldığı barədə geniş informasiya vermir. Lakin açıq hiss edilir ki, bu məsələ ciddi maraq doğurur. Buna görə də Moskva C.Boltonun Bakıda hansı məqamları önə çəkəcəyi məsələsini marala gözləyirdi.

Amerika rəsmisi Azərbaycan rəhbərliyi ilə keçirdiyi görüşlərdə bir sıra məsələlərə toxunub. Onların sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, İrana qarşı sanksiyalar, azadlığı müdafiə aktına 907-ci düzəliş, müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri də olub. Rusiya KİV-lərinin yaydığı informasiyalara görə, İran ilə əlaqədar C.Bolton öz fikirlərini konkret ifadə edib.

Lakin ABŞ Prezidentinin müşaviri ümumi səviyyədə region dövlətlərinin apardıqları siyasət haqqında daha aydın təsəvvür əldə etməyin başlıca məqsəd olduğunu da deyib. Bu məsələ əsas olaraq təhlükəsizlik və İran kontekstində diqqət mərkəzinə gətirilib. C.Bolton ifadə edib ki, onun üçün əsas olanı İrana sanksiyaları daha da gücləndirmək fonunda Azərbaycanın daha az zərər görməsini təmin etməkdən ibarətdir. Bu tezisi C.Bolton onunla əsaslandırıb ki, Azərbaycanın geosiyasi əhəmiyyəti böyükdür, çünki o, bu regionda yeganə dövlətdir ki, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu isə Bakı ilə münasibətlərə daha diqqətli və balanslı yanaşmanı tələb edir.

Başqa faktor Ermənistanın təcavüzkarlığı nəticəsində regionda yaranmış qeyri-müəyyənliklə əlaqəlidir. Vaşinqton bu münaqişənin həllini vacib sayır. C.Bolton ABŞ-ın danışıqlar yolu ilə problemin həll edilməsinə bundan sonra da böyük səy göstərəcəyini bəyan edib. Hələlik o, münaqişə barədə daha geniş informasiya almaq istədiyini deyib. Prezident İlham Əliyev müzakirələr zamanı münaqişə barədə geniş danışıb.

Lakin burada bir düşündürücü məqam mövcuddur. Məsələ ondan ibarətdir ki, Amerika Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin artıq on illərdir mövcud olan bir münaqişə haqqında geniş məlumatının olmadığı inandırıcı görünmür.

Beynəlxalq hüquq və ədalət: rəsmi Bakının iki güclü arqumenti

Eyni fikri, Con Boltonun ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan azadlığı müdafiə aktına 907-ci düzəlişlə bağlı söylədikləri barədə də deyə bilərik. Məsələn, o, jurnalistin sualına cavab verərkən deyib: "907-ci düzəlişdən danışarkən deyərdim ki, bu, sırf Konqres tərəfindən qəbul olunmuş bir düzəlişdir. Ümumiyyətlə, ABŞ-ın icra hakimiyyətinə aidiyyəti olmayan bir məsələdir və artıq biz bunun şahidi olmuşuq ki, ABŞ-ın bir neçə prezidenti tərəfindən sözügedən düzəlişin təsir müddəti saxlanılıb. Biz də vəziyyətlərə baxaraq bu düzəlişin mövcudluğunun nə qədər uyğun olub-olmaması məsələsini nəzərdən keçirmişik. Vaxtaşırı olaraq Amerika prezidentləri sözügedən düzəlişə müvəqqəti olsa da xitam veriblər".

Bu iki məqam onu təsdiq edir ki, ABŞ Prezidentinin müşaviri heç də bütün məsələlərdə kifayət qədər səmimiyyət nümayiş etdirməyib. Bununla yanaşı, belə təəssürat yaranır ki, C.Bolton hansısa məsələlərdə Azərbaycandan güzəşt umur. Bunun işarətini də səfər öncəsi vermişdi. O, İranla münasibətlərdə Cənubi Qafqaz dövlətlərinin Vaşinqtonla məsləhətləşməli olduğunu vurğulamışdı.

Ancaq məsələyə bu cür yanaşma regionda geosiyasi mühitin sağlamlaşmasına və ABŞ-ın maraqlarının real olaraq təmin edilməsinə şərait yaradırmı? Buna inanmaq çətindir. Çünki Ermənistanın Azərbaycana təcavüz etdiyini Vaşinqton birmənalı olaraq qəbul edir. Uzun illərdir ki, bu ölkənin diplomatları münaqişənin həlli ilə sıx bağlıdırlar. Yəni problemin mahiyyətini dəqiq bilirlər.

Burada qeyri-adi və dolaşıq bir mənzərə yoxdur: Ermənistan Azərbaycan ərazisinin 20 faizini havadarlarının yardımı ilə işğal edib və oradan silahlı qüvvələrini çıxarmaq istəmir. Belə vəziyyətdə beynəlxalq aləm təcavüzkarın beynəlxalq hüququn normalarına əməl etməsini tələb etməlidir. Bunun üçün hüquqi əsas da mövcuddur: BMT Təhlükəsizlik Şurası həmin məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Azərbaycan Prezidenti daim bu məqamı dəqiqliklə vurğulayır. O cümlədən C.Boltonla görüşü zamanı İlham Əliyev münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi zərurətini bir daha ifadə edib.

Əsas maneə Ermənistan rəhbərliyinin apardığı siyasətlə əlaqəlidir. İrəvan beynəlxalq təşkilatların sənədlərini, beynəlxalq hüququn norma və prinsiplərini, həmsədr dövlətlərin fikirlərini nəzərə almayaraq, öz təcavüzkar mövqeyində qalmaqdadır. Və bu vəziyyətə dolayısı ilə, müxtəlif bəhanələrlə böyük dövlətlər göz yumurlar. Onların sırasında həmsədr ölkələr də vardır.

İndi C.Bolton başqa nəyi öyrənmək arzusundadır? O, rəsmi İrəvanın da mövqeyini dinləmək istədiyini bəyan edib. Olsun. Ancaq bu cür hərəkəti C.Boltona qədər onlarla amerikan, fransız və rus diplomatlar ediblər. Ermənistan rəhbərliyinin cavabı isə eynidir: Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxmaq fikrimiz yoxdur! Üstəlik, son zamanlar baş nazir Nikol Paşinyan israr edir ki, danışıqlara Dağlıq Qarabağdakı separatçı-terrorçuların təmsilçiləri də qatılsın.

Bütün bunlar bir daha göstərir ki, böyük dövlətlər sırasında ancaq öz maraqları naminə siyasət yeritmək xəttini aparanlar mövcuddur. Onlar üçün beynəlxalq hüquq, ədalət, obyektivlik və real vəziyyət elə də əhəmiyyətli deyil. Bu anda əgər kimlərinsə məqsədləri İranı vurmaqdan ibarətdirsə və Cənubi Qafqazda yerləşən dövlətləri də bu prosesə qoşmaq niyyətləri varsa, Azərbaycan buna getməz. Azərbaycanın öz milli və dövlət maraqları vardır. Ölkə rəhbərliyi başlıca olaraq bunu nəzərə alıb, qərar qəbul edir. Prezident İlham Əliyev bütün istiqamətlərdə çox konstruktiv siyasi kurs reallaşdırır. Əsas məsələ odur ki, Azərbaycan rəhbərinin bu pozitiv, sivil, xeyirxah və demokratik addımlarına böyük dövlətlər daha aktiv dəstək versinlər. O halda Cənubi Qafqazda həll edilməmiş heç bir münaqişə qalmaz. Regional əməkdaşlıq yüksək səviyyəyə çatar və qlobal miqyasda öz müsbət təsirini göstərər. Azərbaycan sözün həqiqi mənasında regional və qlobal təhlükəsizliyin memarlarından biri kimi özünü təsdiq edə bilər!

Şübhə etmirik ki, digər siyasətçilər kimi, cənab Bolton da Prezident İlham Əliyevlə apardığı müzakirələrdən sonra bu cür fikirləşir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri çox güman ki, növbəti səfərlərində bunu nəzərə alacaq. Bu baxımdan səfər boş yerə olmayıb. Gec və ya tez bütün aparıcı siyasətçilər Azərbaycanın haqlı olduğunu qəbul edib, ona qarşı daha ədalətli davranacaqlar. Çünki Azərbaycana İlham Əliyev kimi lider rəhbərlik edir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...