THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan rəhbərliyi üçün yeni teorem: ABŞ və Avropanın yaratdığı şok effekti

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2748
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 oktyabr 2018 – Newtimes.az

Son bir neçə gündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baş verən proseslər ekspertlərin diqqətini çəkib. Daha doğrusu, ABŞ və Avropanın böyük dövlətlərinin rəsmi olaraq ifadə etdikləri bəzi fikirlər Ermənistanda narahatlıqla qarşılanıb. Amerikanın Ermənistandakı səfiri Riçard Mills İrəvanı tərk etməzdən öncə verdiyi müsahibədə erməniləri münaqişənin mahiyyətini anlamamaqda ittiham edib. Onunla, demək olar ki, eyni vaxtda digər ABŞ rəsmisi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən fikirlər bildirib. Yenə də həmin günlərdə Almaniya hökuməti rəsmi bəyanatında Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etdiyini ifadə edib. Bunlarla yanaşı, Fransa Azərbaycanla hərbi əməkdaşlıq edəcək. Ermənistanın bütün iradlarına baxmayaraq, Fransa rəhbərliyi qərarından dönmür. Bütün bunlar nəyi ifadə edir? Cənubi Qafqazda geosiyasi dinamika hansı yeni çalarları kəsb edir? Bu kimi suallar üzərində bir qədər geniş dayanmaq istərdik.

Həqiqətin etirafı: erməniləri möhkəm qorxudub

İndi kütləvi informasiya vasitələrində ABŞ-ın Ermənistandakı artıq keçmiş səfiri Riçard Millsin son müsahibəsində ifadə etdiyi fikrin arxasında hansı incəliklərin dayandığının analizi geniş yer tutur. Amerikalı diplomat Ermənistanı tərk etməzdən öncə "EVN Report" nəşrinə müsahibəsində deyib: "Mən buraya ilk dəfə gələndə təəccübləndim. Gördüm ki, rast gəldiyim ermənilərin əksəriyyəti danışıqlar prosesi çərçivəsində işğal olunmuş ərazilərin qaytarılmasının qəti əleyhinədirlər" (bax: Посол США в Армении: статус-кво не в пользу Еревана / "Sputnik", 16 oktyabr 2016).

Erməni siyasi rəhbərliyi də daxil olmaqla bütün dairələr səfirin nə demək istədiyini aydınlaşdırmağa çalışırlar. Nikol Paşinyan isə qısaca vurğulayıb: "gedən səfirin yadda qalmayacaq sözləridir". Lakin məsələyə lakonik cavab bundan ibarət deyil. Bu, sadəcə, erməni liderin problemdən qaçması əlamətidir. Belə bir vəziyyətin yaranacağını isə Azərbaycan tərəfi dəfələrlə Ermənistan rəhbərliyinə xatırladırdı. Onlara deyilir ki, işğal etdiyiniz Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlisiniz. Münaqişənin həllinin başqa variantı yoxdur!

Əslində, R.Millsin sözlərinin iki aspektdə əhəmiyyəti çoxdur. Birincisi, o, heç də həqiqəti tam ifadə etməyib. Belə ki, daha açıq və konkret deməli idi ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri bütün Azərbaycan torpaqlarından çıxmalıdır. Yalnız bundan sonra münaqişənin həllini başa çatdırmaq olar. Eyni zamanda, rəsmi İrəvanın bununla bağlı hər hansı şərt irəli sürməsi qəbuledilməzdir, çünki o, işğalçıdır! Ədalət naminə deyək ki, məsələnin bu tərəfini R.Mills erməni jurnalistə dolayısı ilə çatdırıb. O, "işğal edilmiş ərazi" ifadəsini bir neçə dəfə işlədib və bu kontekstdə erməni silahlı qüvvələrinin oradan çıxması zərurətindən bəhs edib.

İkincisi, R.Mills bu məsələdə tək deyil. Məsələn, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent Bakıdakı ABŞ səfirliyində ölkəyə olan səfərinin yekunlarına dair keçirdiyi brifinqdə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Helsinki Yekun Aktı və Madrid prinsipləri əsasında həll edilməlidir. ABŞ Madrid prinsiplərinin yerinə yetirilməsində üzərinə götürdüyü öhdəliklərə ciddi yanaşır (bax: Corc Kent: Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir / AZƏRTAC, 10 oktyabr 2018).

Ancaq Ermənistan üçün "soyuq duş" bununla bitməyib. Bu günlərdə Avropanın böyük dövlətlərindən olan Almaniyanın hökuməti ona verilən sorğuya cavab verib. Alman hökuməti bildirib ki, "AFR xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır" (bax: Almaniya hökuməti: Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir / AZƏRTAC, 10 oktyabr 2018).

Bundan başqa, sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət dəqiq və konkret cavab verib: "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" (bax: əvvəlki mənbəyə).

Yeni situasiya: geosiyasi savaşın növbəti mərhələsinin incəlikləri

Bunlar çox əhəmiyyətli geosiyasi proseslərin artıq daha da gücləndiyini təsdiq edir. Məsələ belədir ki, ABŞ və Avropanın böyük dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri uzun müddətdir rəsmi Bakının yeritdiyi səmərəli xarici siyasətin birbaşa nəticəsidir. Və bu baxımdan tamamilə normaldır, proqnozlaşdırılandır. Bu səbəbdəndir ki, ekspertlər Azərbaycan rəhbərliyinin bu informasiyaları təmkinli qarşıladığını xüsusi vurğulayıblar.

Ermənilər narahatdırlar, çünki uduzduqlarını indi daha aydın hiss edirlər. Azərbaycan isə təmkin və ardıcıllıqla münaqişənin tam həll olunacağına qədər irəliləyəcək. Bunun alternativi yoxdur. Xarici ölkələrin rəsmi şəxslərinin verdikləri son bəyanatlar həm də bu aspektdən diqqəti çəkir.

Məsələnin digər tərəfi Ermənistan rəhbərliyinin illərdir qeyri-konstruktiv mövqe tutmasına bağlıdır. İndi Nikol Paşinyanın nə deməsindən asılı olmayaraq, vəziyyət Ermənistanın əleyhinə sürətlə dəyişməkdə davam edəcək. Çünki belə görünür ki, erməni rəhbərliyi hələ də məsuliyyətini tam anlamır. O, bir sıra məqamlarda məntiqsiz və qeyri-real fikirlər irəli sürür. Onlardan biri də Dağlıq Qarabağdakı separatçı-terrorçuların danışıqlarda iştirak edib-etməməsi ilə əlaqəlidir.

Azərbaycan Prezidenti oktyabr ayındakı çıxışlarının birində təkrar vurğulayıb ki, danışıqlar yalnız Ermənistanla Azərbaycan arasında olacaq. "DQR" adlanan qondarma qurumun bu prosesdə iştirakı mümkün deyildir. Əslində, erməniləri daha çox narahat edən Azərbaycan Prezidentinin bu sözləri olub. Çünki N.Paşinyan vəziyyətin Ermənistanın xeyrinə dəyişdiyi ilə bağlı sərsəm fikir səsləndirmişdi. İndi isə aydın olur ki, rəsmi Bakının mövqeyində heç bir dəyişiklik yoxdur və olacağı da gözlənilmir. Bu mövqe isə sadə, aydın, ədalətli və beynəlxalq hüququn normalarına tam uyğundur: Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir və ölkənin dünya tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır!

ABŞ və Avropa ölkələrinin niyə məhz indi bu məsələni qabartması isə artıq ayrıca izah tələb edən və bizcə, geosiyasi kontekstə malik məqamdır. Cənubi Qafqazda böyük güclərin geosiyasi mübarizəsi yeni səviyyəyə yüksəlib. ABŞ, Avropa İttifaqı, Rusiya, Çin, İran və Türkiyə nüfuz uğrunda ciddi mübarizə aparırlar. Bu, daha çox ABŞ-Rusiya-İran "üçbucağı"ndakı gərginliklərlə müşayiət olunur. Amerika Tehrana qarşı sanksiyaları daha da sərtləşdirir. Moskva isə onlardan yan keçərək İrana dəstək verməyə çalışır.

Bu bağlılıqda Ermənistan, Azərbaycan və Gürcüstan şirkətlərinin İranla əməkdaşlığı məsələsini də Vaşinqton qaldırmağa çalışır. Ən həssas punkt bu məsələdə Ermənistandır. Çünki o, tamamilə Rusiyadan asılıdır və həm də Moskva İran-Ermənistan əlaqələrinin müəyyən həddi keçməməsində maraqlıdır. ABŞ-ın sanksiya siyasəti fonunda Kreml arzulardı ki, Ermənistan İranla daha sıx əlaqələr qursun.

Bu iki məqam Ermənistanı geosiyasi və siyasi olaraq əzir. Bir sıra erməni ekspertləri N.Paşinyanın iki supergüc arasında manevr etməyə çalışdığından bəhs edirlər. Onlar yazırlar ki, N.Paşinyan hər iki istiqamətdə "qırmızı xətti" keçməyə məhkumdur (bax: məs., США-РФ: куда понесет Пашиняна ядерная буря / Lragir.am, 22 oktyabr 2018). Reallıqda "inqilab" rəhbəri bu cəsarəti edə bilməz. Çünki Ermənistanın "qırmızı xətləri"ni özü deyil, Moskva və Vaşinqton müəyyənləşdirir. N.Paşinyanın isə onları keçməyə sadəcə nə ixtiyarı var, nə də ki, imkanları. Bu səbəbdən məsələnin həmin tərəfini bir kənara qoyuruq. Əsas odur ki, ermənilər də etiraf edirlər: Cənubi Qafqaz uğrunda böyük güclərin savaşı genişlənib. Bu mərhələdə Ermənistan çox pis vəziyyətə düşür və ona görə də N.Paşinyan ora-bura vurnuxur.

Deyilənlərdən belə nəticə çıxara bilərik ki, havadarları rəsmi İrəvanı yeni imtahan qarşısına çıxarırlar. Onlar Azərbaycanın real imkanlarını artıq inkar edə bilmirlər. Bu səbəbdən həqiqəti addım-addım etiraf edirlər. Ermənistan rəhbərlərini və erməni cəmiyyətini də məhz buna hazırlamağa çalışırlar. Bu isə məntiqidir, çünki erməniləri şıltaq edənlər onu haqq yoluna gətirməlidirlər. Başqa yolları qalmayıb.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...