THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dördtərəfli əməkdaşlıq formatı: Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə məkanı kimi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1787
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 aprel 2018 – Newtimes.az

Tarixdə ilk dəfə keçirilən Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin görüşünü ekspertlər geniş müzakirə edirlər. Nazirlər regional əməkdaşlığı genişləndirmək və dərinləşdirməklə bağlı maraqlı razılıqlara gəliblər. Onlar apardıqları müzakirələrin nəticəsi olaraq bəyannamə imzalayıblar. Dörd dövlətin yeni nəqliyyat dəhlizi yaratması təşəbbüsünü Bakı irəli sürüb. İranın dəmiryolu şəbəkəsi ilə Azərbaycanın dəmiryolunun birləşdirilməsi nəticəsində Cənub-Şərqi Asiya və Hindistana qədər uzanan yeni nəqliyyat marşrutu meydana gəlir. Bununla da Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri ilə yanaşı, "Cənub-Qərb" nəqliyyat marşrutunun da mərkəzi punktuna çevrilir. Azərbaycan yeni nəqliyyat şəbəkəsinin qovşağına çevrilmiş olur. Bunun geosiyasi əhəmiyyəti üzərində dayanmaq istərdik.

Əməkdaşlıq formatı: Azərbaycanın yeni təşəbbüsü

Martın 15-də Azərbaycanın diplomatiya tarixinə növbəti bir uğur yazıldığını çəkinmədən demək olar. Bakıda dörd region dövlətinin – Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirləri dördtərəfli formatda görüş keçirdilər. Bu hadisənin konkret geosiyasi təsirlərinə keçməzdən öncə mühüm bir özəlliyi vurğulamaq gərəkdir.

Azərbaycan rəhbərliyi bir-birinin ardınca regional əməkdaşlıq formatları təşəbbüsü ilə çıxış edir. Ənənəvi olaraq ikitərəfli əməkdaşlıq formatı bütün müstəqil dövlətlər tərəfindən geniş istifadə olunur. Azərbaycan bu formata yeni məzmun çalarlarını verdi. Bunu Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə həyata keçirmək mümkün oldu.

Bu formatda yeni əməkdaşlıq çaları ondan ibarətdir ki, Azərbaycanın regionun bütün dövlətləri ilə (Ermənistan istisna olmaqla) ikitərəfli əlaqələri bir-birini tamamlamış oldu. Konkret desək, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya, Azərbaycan-İran ikitərəfli əməkdaşlığı məzmun və məqsəd baxımından qarşılıqlı uzlaşma şəklindədir. Bu ikitərəfli əlaqələrin biri digərinin inkişafına nəinki mane olmur, hətta bir-birinə təkan verir.

Obrazlı desək, Azərbaycan rəhbərliyi ikitərəfli əməkdaşlıq formatlarını incə diplomatiya vasitəsilə məzmun və məqsədə görə vahid şəbəkədə birləşdirə bilib. Cənubi Qafqazın başqa heç bir dövləti bu effektə nail ola bilməyib. Məsələn, Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrinin inkişafını Rusiyayla olan münasibətləri ilə uzlaşdıra bilmir. Ermənistan, ümumiyyətlə, "siyasi mağmın" vəziyyətindədir və onun hər hansı əməkdaşlıq təşəbbüsündən danışmaq mümkün deyildir.

Azərbaycan isə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Türkiyə, İran, Gürcüstan və Rusiya ilə münasibətlərini uzlaşdıra bilib. Bu ölkələrlə qurulan ikitərəfli əməkdaşlıq digərləri ilə əlaqələrin inkişafına təkan verir. Bakı bu nailiyyətlərlə kifayətlənmir.

Prezident İlham Əliyev üçtərəfli əməkdaşlıq modelini təklif edib və onu böyük uğurla reallaşdırmaqdadır. Belə ki, qısa müddətdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan formatları vasitəsilə əməkdaşlıq telləri yaradılıb. Bu formatların hər biri işlək olmaqla konkret töhfələrini verirlər.

Məsələn, Azərbaycan, Türkiyə və Gürcüstan enerji, nəqliyyat, təhlükəsizlik sferalarında uğurla əməkdaşlıq edir və bu prosesi daha geniş məkanda həyata keçirilən əməkdaşlıq layihələri (deyək ki, "Yeni İpək Yolu" layihəsi) ilə uğurla çulğaşdıra bilirlər). Bakı Tehran və Ankara ilə birlikdə analoji əməkdaşlıq layihələrini reallaşdırır. Moskva-Bakı-Tehran xəttində isə tarixi proseslər baş verməkdədir. Ekspertlər vurğulayırlar ki, ilk dəfə olaraq Azərbaycan paytaxtında Rusiya və İran dövlət başçıları regional və qlobal əhəmiyyətli müzakirələr aparıb, qərarlar qəbul ediblər.

Üçtərəfli əməkdaşlıq formatları Türkmənistanla bir sıra vacib sahələrdə ortaq fikrə gəlməyə münbit zəmin yaradıb və bu proses getdikcə inkişaf edir. Hazırda Bakı üçtərəfli əməkdaşlıq formatlarından maksimum dərəcədə yararlanır, onların geosiyasi təsir dairələrini genişləndirir. Əminliklə demək olar ki, Azərbaycan rəhbərliyi yeni diplomatik gedişlərlə həmin əməkdaşlıq modeli ilə beynəlxalq əməkdaşlıq qruplarının yaradılmasını eyni çərçivəyə sala bilib.

"Cənub-Qərb" nəqliyyat dəhlizi: Ermənistanın ölən son ümidi

Bütün bunların fonunda ekspertlər Bakının təşəbbüs etdiyi və ilk addımın Azərbaycan paytaxtında atıldığı dördtərəfli əməkdaşlıq formatına diqqət çəkirlər. İndi bu təşəbbüsün geosiyasi əhəmiyyəti və təsiri ilə bağlı analizlər aparılır, proqnozlar verilir. Məsələ ondan ibarədir ki, Azərbaycan, Türkiyə, İran, Gürcüstan münasibətləri daha da inkişaf etdirərək yeni layihələr reallaşdırmaq haqqında razılığa gəliblər.

Altıncı Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycan paytaxtına gələn sadalanan ölkələrin xarici işlər nazirləri ayrıca müzakirə apararaq bəyannamə imzalayıblar. Orada deyilir ki, dörd region ölkəsi geosiyasi, təhlükəsizlik, iqtisadi-ticarət, energetika və nəqliyyat sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Buraya infrastruktur, kənd təsərrüfatı, texnologiyalar və s. də daxildir. Belə çıxır ki, faktiki olaraq dörd dövlət bütün əsas sahələrdə əməkdaşlığı yeni səviyyəyə yüksəltməkdə qərarlıdırlar.

Bu kontekstdə nazirlər bir neçə məqamı xüsusi vurğulayıblar. Birincisi, tərəflər "Yeni İpək Yolu" çərçivəsində nəqliyyat marşrutları imkanlarını genişləndirmək niyyətindədirlər. Buraya həm yeni marşrutların yaradılması, həm təhlükəsizliyin təmini, həm də sabit işlək mexanizmlərin reallaşdırılması daxildir. İkincisi, "dördlük" dünyanın digər regionları ilə əlaqələri yeni səviyyəyə yüksəldə biləcək proqramların həyata keçirilməsinə üstünlük verirlər. Yəni onların əməkdaşlıq çərçivəsi yalnız milli sərhədlərlə məhdudlaşmır, əksinə, ən uzaq regionlarla belə əməkdaşlıq imkanlarının axtarışına köklənib. Bunun üçün "dördlük" yeni nəqliyyat dəhlizlərinin yaradılmasına xüsusi diqqət yetirir.

Həmin kontekstdə Bakının təklif etdiyi Rəşt-Astara-Bakı-Tbilisi-Qars dəmiryolu marşrutu geniş rezonans doğurub. İranın yollar və şəhərlərin inkişafı naziri Abbas Axundi isə Bakı-Tbilisi-Qars dəmiryolu xəttini Təbrizə qədər uzatmaq təklifi ilə çıxış edib.

Ümumilikdə götürdükdə, layihədə Qəzvin-Rəşt-Astara xəttinin İran-Pakistan dəmiryolu marşrutuna birləşdirilməsi, bununla da Cənub-Şərqi Asiyaya və Hindistana çıxış əldə edilməsi nəzərdə tutulub. Yaxın zamanlarda dövlət başçılarının iştirakı ilə Astara-Astara dəmiryol xəttinin açılışı və Astara-Rəşt xəttinin bünövrəsinin qoyuluşu reallaşmalıdır.

Belə görünür ki, Azərbaycan faktiki olaraq İrandan keçməklə Cənub-Şərqi Asiyaya və ayrıca Hindistana uzanan nəqliyyat dəhlizi meydana gətirir. Bu, yeni "Cənub-Qərb" nəqliyyat dəhlizidir. O, kifayət qədər geniş qollardan ibarətdir. Faktiki olaraq nəqliyyat şəbəkəsidir. Həmin şəbəkə "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri ilə bir yerdə böyük nəqliyyat sistemi yaradır. Yəni Azərbaycan qlobal bir nəqliyyat sisteminin mərkəzi punktu statusunu alır.

Bu, böyük nailiyyətdir və ekspertlər ona yüksək qiymət verirlər. Onlar Azərbaycanın faktiki surətdə Ermənistanın əlindən bütün potensial "kozırlarını" aldığını qeyd edirlər. Erməni ekspertlər yazırlar ki, Ermənistanın regional əməkdaşlıqla bağlı bütün arzuları suya düşdü. Bakı sözün əsl mənasında İrəvanın kürəyini yerə vurdu. Hətta İran belə Ermənistanla bağlı ciddi layihə həyata keçirmək istəmir. Bu o deməkdir ki, Ermənistan hələ uzun müddət Rusiyanın forpostu, əlaltısı, onun bir əyaləti kimi qalacaqdır. Müstəqil erməni dövlətindən yalnız kağız üzərində danışa bilərlər.

Ermənilər üçün "dördlüy"ün qəbul etdiyi bəyannamədə regional təhlükəsizlik və ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinin ayrıca vurğulanması əlavə zərbə olub. Erməni KİV-ləri yazır ki, artıq Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü daha açıq və qətiyyətlə dəstəkləmək xəttini seçib. Maraqlıdır ki, bununla bağlı erməni jurnalistlər bəzi gürcü ekspertlərdən fərqli fikir almağa çalışıblar. Lakin çox məyus olublar. Gürcülər birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyin tərəfdarı olduqlarını ifadə ediblər. Hətta bunu aksiom kimi qəbul etməyi məsləhət görüblər. Bununla aydın olur ki, Ermənistan Dağlıq Qarabağ məsələsində çox yalnızlaşıb. Çünki təcavüzkar və haqsızdır!

Azərbaycan isə yeni təşəbbüsü ilə geosiyasi nüfuzunu daha da artırmış oldu. Üç böyük nəqliyyat marşrutunun əsas birləşdirici məkanı olan ölkə, şübhəsiz ki, başqa sahələrdə də uğurlara imza atmaqda davam edəcəkdir. İndi bütün dünya Azərbaycanı ciddi beynəlxalq layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən qüdrətli dövlət olaraq qəbul edir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...