THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Şərq tərəfdaşlığı" proqramı: Brüssel zirvəsində Azərbaycan imzası

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1902
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 dekabr 2017 – Newtimes.az

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində növbəti zirvə görüşü keçirilib. İki il bundan əvvəl Riqada baş tutan tədbirdə alınan qərarlar bir sıra suallar yaratmışdı. O cümlədən həmin sammitdə qəbul edilən yekun bəyannamədə Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunsa da, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir fikir bildirilməmişdi. Brüssel sammiti bu məsələdə mümkün dəyişikliklər kontekstində də maraq doğururdu. Zirvə görüşü göstərdi ki, Azərbaycan diplomatiyası böyük zəhmət hesabına uğur əldə edib. Ermənistan və ona havadarlıq edən dairələrin sammit ərəfəsi apardıqları antiazərbaycan kampaniyası diplomatiyamızın çevikliyi və səmərəliliyi sayəsində puç oldu. Brüsseldə qəbul edilən birgə bəyannamədə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmini birmənalı vurğulandı. Bundan başqa, Prezident İlham Əliyevin dərin məzmunlu nitqi Azərbaycanın həm Avropa İttifaqı, həm də ümumiyyətlə, bütün beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətləri nə dərəcədə səmərəli qurduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının sammitdə ifadə etdiyi fikirlərin geosiyasi analizi olduqca əhəmiyyətlidir.

Birgə bəyannamə: əməkdaşlıq istiqamətləri və Riqa sammitinin səhvi

Çoxları Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçiriləcək növbəti sammiti maraqla gözləyirdi. Tədbir bu il noyabrın 24-də Brüsseldə baş tutdu. Sammitə müxtəlif ölkələrin verdikləri əhəmiyyətin arxasında fərqli səbəblər dayanırdı. Məsələn, Rusiya üçün Ukrayna və Krım ilə bağlı danışıqlar və alınacaq qərarlar əhəmiyyət kəsb edirdi. Ermənistanda rəsmi İrəvanın bu proqram çərçivəsində əməkdaşlığa davam edib-etməyəcəyi ilə bağlı suallar vardı. Ukraynanın gözləntisi Krım və Donbasla əlaqəli idi. Gürcüstan və Moldovanı isə assosiativ üzvlükdən sonra nələrin olacağı maraqlandırırdı.

Azərbaycan isə daha geniş miqyasda sammitdə müzakirə ediləcək məsələlərlə maraqlanırdı. Çünki rəsmi Bakı "Şərq tərəfdaşlığı" proqramında iştirak edən yeganə ölkədir ki, onun özünün təklif etdiyi əməkdaşlıq paketi var. Və onu Brüssel müzakirə üçün qəbul edib, əhəmiyyətli olduğu barədə fikrini də bildirib. Bundan başqa, tədbir ərəfəsində Qərbin 37 qeyri-hökumət təşkilatı antiazərbaycan ruhlu bəyanat verərək, Aİ-ni Bakı əleyhinə qərar qəbul etməyə təhrik edən fikirlər irəli sürmüşdü. Bu iftiranın haradan qaynaqlandığı, təbii ki, yaxşı məlumdur. Ancaq Brüsselin buna necə reaksiya verəcəyi maraq doğururdu.

Qəbul edilən birgə bəyannamədə doğrudan da əhəmiyyətli bəndlər var. Öncə onu deyək ki, Avropa İttifaqının rəhbərləri və tərəfdaş ölkələr 2020-ci ilə qədər "Şərq tərəfdaşlığı" ölkələrində iqtisadiyyatın, ətraf mühitin, cəlbolunmanın, demokratik idarəetmənin və cəmiyyətin möhkəmlənməsinə yönəlmiş 20 konkret hədəf qəbul ediblər. Bu barədə danışan Estoniyanın Baş naziri Yuri Ratas jurnalistlərlə söhbətində deyib: "Biz "Şərq tərəfdaşlığı"nın şəxsində, şübhəsiz ki, Avropa İttifaqının qonşuluq siyasətinin əsas məqsədi – "Şərq tərəfdaşlığı" dövlətləri ilə əməkdaşlıq şəraitində və onların arzularına müvafiq olaraq əhalinin həyat səviyyəsinin hissediləcək və nəzərəçarpacaq dərəcədə yaxşılaşması məqsədi üzərində cəmləşmiş müvəffəqiyyətin tarixini görürük" (bax: Yuri Ratas: Brüssel Sammitində 2020-ci ilə qədər 20 praktiki hədəf seçilib / AZƏRTAC, 27 noyabr 2017).

Qarşıda duran növbəti üç il ərzində isə əməkdaşlığın prioritet istiqamətləri sırasında Y.Ratas mobil şəbəkələrdə rouminq ödəmələrini tənzimləməyi və daha da ucuzlaşdırmağı, Baltik və Qara dənizləri birləşdirən rəqəmsal nəqliyyat dəhlizinin pilot layihəsini, kibercinayətkarlığa qarşı mübarizə aparmaq üçün polis bölmələrinin yaradılmasını, yollarda ölüm hallarının sayının azaldılmasını, tərəfdaş ölkələrdəki gənclərin və gənclərlə iş üzrə mütəxəssislərin 80 mindən çox nümayəndəsinin "Erasmus+" proqramında iştirakını ayrıca qeyd edib (bax: əvvəlki mənbəyə).

Sammitdə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində konkret bəndlər üzrə əməkdaşlıq istiqamətlərinin qəbul edilməsi, təbii ki, müsbət hadisədir. Bununla yanaşı, zirvə görüşündə qəbul edilən birgə bəyannamənin bir sıra müddəalarına ekspertlər daha çox diqqət yetirirlər. Onlar proqram iştirakçılarının ərazi bütövlüyü və suverenliyi ilə bağlıdır. Birgə bəyannamədə "Şərq tərəfdaşlığı"nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına istinadlar vardır. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi ayrıca vurğulanıb. Ərazi bütövlüyünün dəstəklənməsi vacib prinsip kimi qeyd edilib. Özü də bu, Ermənistanın çoxsaylı cəhdlərinə rəğmən edilib.

Ekspertlər bu məqamın geosiyasi əhəmiyyətini yüksək qiymətləndirirlər. Belə ki, iki il əvvəl keçirilmiş Riqa sammitində həmin məsələ sənəddə bir qədər qeyri-müəyyən tərzdə əks olunmuşdu. Orada hətta "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında ayrı-seçkilik vardı. Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün təmini ayrıca vurğulanırdısa, Azərbaycanla bağlı bənd yox idi. Rəsmi Bakının haqlı etirazları nəticəsində Brüssel sammitində həmin qüsur aradan qaldırıldı. Birgə bəyannamədə xüsusi qeyd olmadan "Şərq tərəfdaşlığı" proqramı iştirakçılarının ərazi bütövlüyünün təmin edilməsi ümdə vəzifə kimi qeyd olunub. Bununla da Azərbaycan diplomatiyasının gərgin əməyi öz bəhrəsini verdi.

Təbii ki, bundan Ermənistan və havadarları çox narahatdırlar. Onlar artıq heç bir bəhanə ilə təcavüzkar ordunun işğal etdiyi torpaqlardan çəkilməməsinə hüquqi don geydirə bilməzlər. O baxımdan BMT-nin dörd məlum qətnaməsinin də reallaşması üçün əlavə imkan meydana gəlib. Əgər böyük dövlətlər birmənalı mövqe tutsalar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından əsgərlərini dərhal çəkməsi çətin problem olmaz. Doğrudur, bunun tez reallaşacağını gözləmək bir qədər çətindir. Bunun çox müxtəlif səbəbləri barədə Azərbaycan rəsmiləri dəfələrlə dəqiq fikirlər ifadə ediblər.

Burada biz onu vurğulamaq istəyirik ki, tədricən beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsindən başqa çıxış yolu olmadığını anlayırlar. Gec, yaxud tez həqiqət öz yerini tutmalıdır. Xüsusilə Aİ "Şərq tərəfdaşlığı" proqramında real nəticə almaq niyyətindədirsə, ikili standartları kənara qoyub, ədalətli mövqe tutmalıdır. Başqa variant qəbul edilən deyil. Bütün bu məqamlara görə, Brüssel sammitində qəbul edilən birgə bəyannamənin əhəmiyyətini etiraf etmək gərəkdir. Tədbirdə Azərbaycan Prezidentinin söylədiyi nitq də bir çox aspektlərdə mütəxəssislərin diqqətini cəlb edib (bax: Prezident İlham Əliyev: Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir / AZƏRTAC, 25 noyabr 2017).

Bir sıra dairələrin iftira dolu informasiyalar yayması, müəyyən müraciətlər etməsinə baxmayaraq, İlham Əliyevin yüksək səviyyəli nitqi iştirakçıların böyük marağına səbəb olub. Başqa amillərlə yanaşı, burada Azərbaycanın faktiki olaraq "Şərq tərəfdaşlığı" proqramına yeni məzmun verməsi xüsusi rol oynayıb. Tərəflərin bərabərhüquqlu strateji əməkdaşlığını nəzərdə tutan təkliflər paketi bu istiqamətdə yeni səhifə açır.

Tərəfdaşlıq strategiyası: Azərbaycanın təşəbbüsü səmərə verir

Məlumdur ki, Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə bu ilin fevralında Aİ-Azərbaycan əməkdaşlığının yeni məzmunda olmasını təmin edən sənədin müzakirələrinə başlanıb. İlham Əliyev bununla bağlı Brüsseldəki çıxışında vurğulayıb: "Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq" (bax: əvvəlki mənbəyə). Azərbaycan Prezidenti irəli sürdüyü təklifdə Avropa İttifaqı ilə əməkdaşlığın xarici siyasətin əsas prioritetlərindən biri olmasını ifadə edib.

Bu fikrin geosiyasi mənası böyükdür. Çünki dövlət başçısı Azərbaycanın strateji tərəfdaş kimi Aİ-yə xüsusi yer verdiyini konkret ifadə edib. Bu, bir sıra dairələrin iftiralarına baxmayaraq, ölkənin başlıca inkişaf istiqamətinin Avropa ilə əməkdaşlıqla sıx bağlı olduğu deməkdir. Yəni rəsmi Bakı üçün azad ticarət, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti və insan haqları kimi dəyərlərin əhəmiyyəti böyükdür.

Dövlət başçısı burada iqtisadi-ticari, energetika və nəqliyyat əlaqələrinin xüsusi önəm kəsb etdiyini konkret fikirləri ilə vurğulayıb. İlham Əliyev ifadə edib: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır" (bax: əvvəlki mənbəyə).

Deməli, Aİ Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Özü də təşkilat bütün sferalarda Bakı ilə əlaqələrə strateji məzmun verməkdədir. Bununla yanaşı, Azərbaycan Aİ-yə üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaş olduğu deməkdir. "Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik" (bax: əvvəlki mənbəyə).

Bütün bunlara nail olmanın başlıca səbəbləri sırasında Azərbaycanın siyasi və iqtisadi islahatlara daha çox diqqət yetirməsi xüsusi yer tutur. Ulu öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan davamlı, düşünülmüş və sistemli surətdə islahatlar həyata keçirir və bu mövqeyindən zərrə qədər də kənara çəkilməyib. Siyasi və iqtisadi islahatlar bir-biri ilə sıx əlaqədə aparılır. Əsası Heydər Əliyev tərəfindən qoyulan prinsiplər üzrə yeni islahatlar proqramı müntəzəm qaydada reallaşır. İndi demokratiyanın inkişafı və insan haqlarının qorunması tam təmin edilib və bu istiqamətdə yeni-yeni addımlar atılır. Rəsmi Bakı dəfələrlə sübut edib ki, həmin prinsiplərə sadiqdir.

Bu islahatlarda Azərbaycan iqtisadiyyatının yeniləşməsi ayrıca yer tutur. İqtisadi inkişaf həm də ölkənin müstəqilliyi üçün ciddi təməldir. Tarix sübut edir ki, güclü iqtisadiyyatı olmayan ölkədə dövlət də güclü olmaz. Güclü dövlətin olmadığı yerdə isə demokratiyanın və suverenliyin təmin edilməsi istisnadır. Ulu öndər Heydər Əliyev dövlət quruculuğu konsepsiyasında bu məqamları çox gözəl nəzərə alıb və onlar arasında harmoniyanın təmin olunması şərtlərini konkret ifadə edib. Bütün bunları nəzərdə tutaraq dövlət başçısı Brüsseldəki nitqində xüsusi vurğulayıb: "Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı həm də bizim müstəqilliyimiz üçün güclü təməldir. İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir. Bizim yaxşı kredit reytinqlərimiz var. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb" (bax: əvvəlki mənbəyə).

Enerji, nəqliyyat təhlükəsizliyi və iqtisadi inkişaf: üç vacib aspektin sintezi

Bu fikirlərdən iki maraqlı nəticə çıxarmaq olar. Birincisi, müstəqil iqtisadiyyat müstəqil siyasət yeritməyə əsas yaradır. İkincisi, ölkənin sosial-iqtisadi və mədəni həyatında ciddi uğurlar əldə edilir. Bu iki məqamın harmoniyası isə geosiyasi aspektdə bəhrə verir – konkret olaraq ölkənin beynəlxalq aləmdə nüfuzu yüksəlir, geosiyasi çəkisi artır. Mötəbər bir beynəlxalq tədbirdə dövlət başçısı bu məqamlardan tam əminlik və qətiyyətlə danışa bilirsə, deməli, bunun arxasında çox ciddi faktorlar dayanır. Əks halda, bu cür tədbirlərdə ciddi dövlət imici qazanmaq imkansızdır. Nümunə Ermənistandır.

İndiyə qədər Ermənistanın prezidenti Serj Sarkisyan yüksək tribunalardan rəhbərlik etdiyi ölkənin hansısa ciddi geosiyasi, iqtisadi, yaxud siyasi-diplomatik addımından danışa bilməyib. Çünki söylədiklərini təsdiq edə biləcək faktları yoxdur. Buna görə də onun çıxışı həmişə başqasına qarşı mücərrəd ittihamlar irəli sürməklə dolu olur. Ciddi siyasətçilər bunu başa düşür və S.Sarkisyanı lider kimi qəbul etmirlər. Onlar beynəlxalq aləm üçün əhəmiyyətli olmayan fikirlər eşitmədikdə qətiyyən natiqə maraq göstərmirlər. Şübhə yoxdur ki, Brüssel sammiti ərəfəsi erməni diplomatiyasının antiazərbaycan ritorikasında dəridən-qabıqdan çıxmasının nəticəsiz qalmasının başlıca səbəbi onların faktsızlığı ilə bağlıdır.

Bunun fonunda Azərbaycan Prezidentinin faktlar və ideyalarla zəngin nitqi, təbii ki, böyük marağa səbəb olur. Yuxarıdakı qısa analizdən də göründüyü kimi, cəmi üç cümlədə vacib geosiyasi tezis ifadə edilib. Bunun fonunda İlham Əliyevin Azərbaycanın enerji və nəqliyyat layihələri barədə ifadə etdiyi fikirlər çox aktual və cəlbedici görünür.

Dövlət başçısı nitqində həmin kontekstdə vurğulayıb: "Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır. Genişmiqyaslı enerji layihəsi olan Cənub Qaz Dəhlizi uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək" (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdən aydın görünür ki, Azərbaycan həm həcminə, həm də əhatə məkanına görə böyük bir layihənin təşəbbüskarıdır. Bakı 40 milyard ABŞ dolları civarında maliyyəsi olan enerji layihəsini reallaşdırır! Özü də Cənub Qaz Dəhlizi adlanan bu layihədə bir neçə ölkə, ö cümlədən Aİ üzvləri iştirak edirlər! Baxın, cəmi bir layihədə maliyyə Ermənistanın illik büdcəsindən bir neçə dəfə çoxdur. Onun əhatə etdiyi coğrafi məkan isə Ermənistan ərazisindən on dəfələrlə böyükdür. Deməli, Azərbaycanın həyata keçirdiyi enerji layihələri fonunda Ermənistanın iqtisadi, ticari, maliyyə və coğrafi varlığı yox dərəcəsindədir. Bunları dünyanın ağıllı siyasətçiləri çox yaxşı görürlər.

Çünki, əvvəla, bu cür imkanlara malik olan Azərbaycan, Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm rol oynayır, ikincisi, Bakı enerji şaxələndirilməsində böyük əhəmiyyət daşıyır. Bütün bunların xarici siyasət və geosiyasət aspektində dolğun ifadəsini dövlət başçısı nitqində verib. Prezident deyib: "...Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq" (bax: əvvəlki mənbəyə).

Təsadüfi deyil ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürən Azərbaycan Avropa Komissiyasının da davamlı dəstəyini əldə edib. Bu dəstək onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmin bağlılıqda dövlət başçısı İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasını ayrıca vurğulaması çox əhəmiyyətlidir. Çünki bu layihə beynəlxalq yükdaşımaları sahəsində ciddi bir addımdır. O cümlədən "Yeni İpək Yolu" proqramı çərçivəsində onun əhəmiyyəti müqayisəedilməzdir. Aİ üçün də bu hadisənin strateji vacibliyini etiraf etmək lazımdır. Həmin səbəbdən Azərbaycanın nəqliyyat sahəsində atdığı bu imzanın qlobal səviyyədə böyük nəticələri olacaq. "Azərbaycan Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf – bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir" (bax: əvvəlki mənbəyə).

Prezident İlham Əliyevin milli təhlükəsizliyin üç vacib aspektini bir lakonik tezisdə sintez etməsi nəzəri və praktiki əhəmiyyətli hadisədir. Çünki enerji və nəqliyyat təhlükəsizliyi ilə iqtisadi inkişafın daxili bağlılığını təmin etmək dərin, əsaslı və obyektiv yanaşma tələb edir. Əslində, burada Azərbaycanın regional və qlobal miqyasda oynadığı rol və tutduğu yerlə bağlı dərin nəzəri təhlil aparmaq zəruridir. Bu, ölkə rəhbərliyinin həyata keçirdiyi xarici siyasətin məzmunu və strateji hədəfləri ilə əlaqəli vacib qənaətlər əldə etməyə imkan verərdi.

Dövlət başçısının Brüssel sammitində söylədiyi nitqin yuxarıda vurğulanan bir sıra aspektləri humanitar sahədə Azərbaycanın atdığı addımları dərk etmək üçün yaxşı əsasdır. İlham Əliyev çıxışında vurğulayıb ki, "...Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb. Savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır" (bax: əvvəlki mənbəyə). Məsələnin bu tərəfi həm Azərbaycanın strateji inkişafında insan kapitalına verilən önəmin xüsusi qeyd edilməsi, həm də indi bütün dünya üçün aktual olan radikalizm və dini ekstremizmlə səmərəli mübarizə üsullarının axtarışı kontekstində olduqca böyük əhəmiyyəti olan məqamla bağlıdır.

Nəhayət, Azərbaycan dünyaya bir töhfə də verməkdədir. Bu, multikulturalizmin Azərbaycan modelidir. Həmin məqamı "Şərq tərəfdaşlığı" sammitinin iştirakçılarına dəqiqliklə çatdıran İlham Əliyev qeyd edib: "Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir" (bax: əvvəlki mənbəyə).

Bu, həqiqətdir, çünki konkret faktlarla təsdiq olunur. Hazırda Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, multikulturalizm burada dövlət siyasətidir və fərqli mədəniyyətlərin real harmoniyasını təmin edən ölkədir. Onun qarşısında bir problem var: Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla ərazi bütövlüyünü təmin etmək! "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın perspektivləri də bu məsələ ilə sıx bağlıdır. Rəsmi Bakı artıq bu fikrini qətiyyətlə Brüsselə ifadə edib. Seçim onlarındır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...