THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Suriya böhranı siyasi həll mərhələsinə keçir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
572
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 noyabr 2017 – Newtimes.az

Soçi sammitinin iştirakçıları siyasi tənzimləməyə start verdilər

Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin srağagün Soçidə keçirdikləri üçtərəfli görüş Suriyada silahlı münaqişənin nizamlanması istiqamətində yeni mərhələnin başlanğıcı kimi yadda qaldı.

Üç dövlətin liderləri bu formatda ilk dəfə bir araya gəlirdilər, hərçənd "üçlük” formatının özü hələ ötən ilin axırlarında - üç ölkə Qazaxıstanın paytaxtı Astanada Suriya hökuməti ilə silahlı müxalifət arasında atəşin dayandırılması haqqında sazişin parametrlərini razılaşdırarkən işə düşmüşdür.

Sammitin iştirakçıları Suriyanın gələcəyinə yönəlik yol xəritəsinin konturlarını müəyyənləşdirdilər. Görüşün təşəbbüskarı - Rusiya Prezidenti Vladimir Putin hələ üçlü sammitdən qabaq - noyabrın 20-də Soçidə Suriya lideri Bəşşar Əsədlə görüşündə vurğulamışdı ki, bu ərəb ölkəsində terrorçu təşkilatlar əsasən darmadağın edilmiş və Moskvanın keçirdiyi hərbi əməliyyat artıq başa çatmışdır. Odur ki, yaranmış vəziyyət münaqişənin siyasi vasitələrlə nizama salınmasına yol açır. Eyni zamanda Putin Suriya münaqişəsinə birbaşa və ya dolayısı yolla cəlb olunmuş dövlətlərin - Qətər, ABŞ, Səudiyyə Ərəbistanı, Misir və İsrail rəhbərləri ilə telefon əlaqəsi saxlayaraq onları böhranın siyasi vasitələrlə həlli naminə atılacağı nəzərdə tutulan addımlar barədə məlumatlandırmışdır.

Bəs Soçi sammitinin iştirakçıları Suriyada sülhü və əmin-amanlığı bərqərar etmək üçün konkret olaraq hansı addımlar atmaq niyyətindədirlər? Hər şeydən əvvəl Rusiya, Türkiyə və İran liderləri belə bir prinsipi rəhbər tuturlar ki, siyasi tənzimləmə prosesi Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə söykənməlidir. Tənzimləmə prosesində ilk addım kimi Rusiyanın təşəbbüsü ilə yaxın vaxtlarda Soçidə Suriyanın bütün etnik, konfessial və siyasi qruplarının, daxili və xarici müxalifətin iştirakı ilə Ümumsuriya forumunun - milli dialoq konqresinin təşkil edilməsi planlaşdırılır. Üç ölkənin xarici işlər və müdafiə nazirliklərinin, həmçinin xüsusi xidmət orqanlarının səlahiyyətli nümayəndələri forumla bağlı hazırlıq işlərini birgə görəcəklər. Konqres ölkənin dövlət quruluşunun müəyyənləşdirilməsi, yeni konstitusiyasının qəbulu və BMT-nin nəzarəti altında azad və ədalətli seçkilərin keçirilməsi məsələlərini müzakirə edəcək. Forumun müsbət yekunları Cenevrə prosesi çərçivəsində Suriya münaqişəsinin həlli istiqamətində səyləri fəallaşdırmağa stimul verəcək.

Soçi sammitində Rusiya, Türkiyə və İran liderləri qəbul etdikləri birgə bəyanatda Suriya böhranının tənzimlənməsi naminə üçtərəfli əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını ifadə etmişlər. Söhbət ilk növbədə İŞİD, "Cəbhə ən-Nüsrə” və digər terrorçu təşkilatların tamamilə məhv edilməsinin vacibliyindən gedir.

Prezidentlər Suriyada gərginliyin səviyyəsinin aşağı salınması, əhaliyə humanitar yardımın çatdırılmasında çətinliklərin aradan qaldırılması, qaçqın axınının dayandırılması, qaçqınların və məcburi köçkünlərin ev-eşiklərinə qayıtması üçün təhlükəsiz şəraitin yaradılması üzərində işə başlamağın zəruriliyini vurğulamışlar. Onlar beynəlxalq birliyin üzvlərini ölkədə sabitliyin yaradılması prosesinə dəstək verməyə çağırmışlar.

Bütün bunlarla yanaşı, milli dialoq konqresinin təşkili və forumun qarşısında duran vəzifələrin həyata keçirilməsi Suriya münaqişəsinin siyasi yolla tənzimlənməsində ilk mərhələ olmaqla yanaşı, prosesə güclü təkan verən addım kimi nəzərə çarpır. Bununla belə, təşəbbüsün reallaşdırılması və onun uğurla nəticələnməsi elə də asan görünmür. Söhbət ilk növbədə konqres iştirakçılarının tərkibinin müəyyənləşdirilməsindən gedir. Soçi sammiti forumda yalnız Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qrupların qatılmasını nəzərdə tutur. Bu baxımdan ilk növbədə Suriya kürdlərinin konqresdə iştirakı problemli görünür. Belə ki, Türkiyə həmişə, elə Soçi sammiti zamanı terrorçu ünsürlərin, daha doğrusu, PYD terrorçu təşkilatının Suriya münaqişəsinin tənzimlənməsi işinə qatılmasını məqbul saymır. Bu qruplaşma Suriya kürdlərinin təmsilçisi kimi özünü təqdim edir, əslində isə ölkə ərazisində ABŞ və onun başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə terrorçuluq fəaliyyəti göstərir, işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə görüşünün yekunlarına dair keçirilmiş mətbuat konfransında bir daha vurğulamışdır ki, "ölkəmizin milli təhlükəsizliyini hədəfə alan bir terrorçu təşkilatı ilə eyni platformada yer almamızı bizdən kimsə gözləməməlidir”. O əlavə etmişdir ki, rəsmi Ankaranın Suriyanı parçalamağa çalışan əliqanlı bandanı qanuni aktor kimi görməsi mümkün deyil.

Suriyada siyasi tənzimləmə prosesinə başqa bir əngəl ABŞ-ın məsələyə münasibətidir. Ağ evin əvvəllər Suriyada qarşıya qoyduğu məqsəd İŞİD terrorçu təşkilatını məhv etmək idi. İndisə məqsəd dəyişmişdir. Bu ayın ortalarında ABŞ-ın müdafiə naziri Cim Mettis bəyan etmişdi ki, amerikalılar Bəşşar Əsəd rejimi ilə müxalifət arasında siyasi saziş bağlamayanadək Suriyadan çıxmayacaqlar. "The Washington Post” qəzetinin xəbərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası nəinki Suriyada terrorçuların tamamilə məhvinə nail olmaq, hətta ölkədə siyasi tənzimləməyə təsir göstərmək niyyətindədir. ABŞ ölkənin şimalında yerləşdirdiyi hərbi kontingentdən istifadə edərək özəyi PYD terrorçularından ibarət olan "Suriya demokratik qüvvələri”nə (SDQ) dəstək verməyi planlaşdırır. Qəzet qeyd edir ki, amerikalılar SDQ silahlılarının qaldığı rayonlarda yerli özünüidarə yaratmağa kömək edib Suriya Prezidenti Bəşşar Əsədə təzyiq göstərmək niyyətindədirlər. Yeri gəlmişkən, Suriyada İŞİD-in bütün dayaq nöqtələri artıq məhv edilsə də, ABŞ SDQ-ni hələ də silahla təchiz edir. Bu isə başqa mətləblərdən xəbər verir. Artıq heç kimə sirr deyil ki, ABŞ Suriyada hələ uzun müddət qalmaq fikrindədir və onun terrorizmlə mübarizəsi suveren ölkənin ərazisini işğal etməkdən başqa bir şey deyil.Şübhəsiz, Soçi sammitinin iştirakçıları Suriyada sabitliyin və əmin-amanlığın bərqərar edilməsi yolunda qarşıya çıxacaq çətinlikləri nəzərə alırlar. Buna baxmayaraq, Soçidə Suriya milli dialoq konqresinin, hansı tərkibdə olursa-olsun, baş tutacağı şübhə doğurmur. Başlıcası ilk addımı atmaqdır.

Allahverdi Mehdiyev

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...