THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-Çin münasibətləri: "Fukidid tələsi", yoxsa yeni perspektivlər?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
517
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 noyabr 2017 – Newtimes.az

Amerikanın dövlət başçısı Donald Trampın Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippini əhatə edən uzunmüddətli səfərinə dünya KİV-i və analitik dairələr böyük maraq göstəriblər. ABŞ Prezidentinin ASEAN sammitində iştirakı haqqında elə də geniş təhlil aparmayan ekspertlər, onun Pekin müzakirələrinə daha çox diqqət yetiriblər. Bu da təsadüfi deyil. Çünki hazırda dünyanın geosiyasi taleyində Vaşinqton-Pekin münasibətlərinin rolu daha yüksəkdir. Eyni zamanda, iki böyük güc arasında Asiya-Sakit okean hövzəsində bir sıra problemlər yaşanır. Həmin bağlılıqda Şimali Koreyanın nüvə silahlarını sınaqdan keçirməsinə həssas reaksiyalar mövcuddur. Bir sıra ekspertlər bunları nəzərə alaraq D.Trampın səfərinə bədbin qiymət verirdilər. Ancaq əldə olunan nəticələr daha maraqlı bir prosesin başladığını göstərməkdədir. Onun geosiyasi aspektləri üzərində geniş dayanmaq ehtiyacı duyulur.

Bədbin proqnozlar: analitiklərin şübhələri

ABŞ-Çin münasibətlərini sıradan biri hesab etmək doğru olmazdı. Dünyanın iki supergücü qlobal geosiyasətə ciddi təsir etmək imkanlarına sahibdirlər. Müşahidələrə görə, bu məsələ indiki mərhələdə daha kəskin xarakter almaqdadır. Bütövlükdə bəşəriyyətin gələcək taleyinə, o cümlədən yeni geosiyasi dünya nizamının formalaşmasına Vaşinqton-Pekin münasibətlərinin dinamikası öz damğasını vuracaqdır. Mütəxəssislər bu məqamı nəzərə alaraq Prezident Donald Trampın Asiya ölkələrinə səfərinə böyük maraq göstərməkdədirlər. Səfər başlamazdan öncə tanınmış analitiklər mümkün nəticələr barədə təhlili proqnozlar veriblər. Maraqlıdır ki, həmin proqnozlar bir-birindən bəzən xeyli fərqlənir.

ABŞ müdafiə nazirinin keçmiş köməkçisi, hazırda Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbi nəzdində olan "Belfer" beynəlxalq tədqiqat mərkəzinin direktoru Qrehem Allison analizində çinli strateqlər üçün müharibənin daha çox psixoloji və siyasi qarşıdurma kontekstində qəbul edildiyi tezisini irəli sürərək, belə qənaətə gəlir ki, "Çin təfəkkürünə görə, rəqibin faktı qavraması real faktlardan az əhəmiyyətli deyil" (bax: Graham Allison. China vs. America: Managing the Next Clash of Civilizations / "Foreign Affairs", Vol. 96, № 5, sentyabr/oktyabr 2017).

Siyasi-diplomatik aspektdə, həqiqətən, maraqlı və diqqət yetirilməli fikirdir. Məsələ ondan ibarətdir ki, çinlilər faktı deyil, onun şüurda necə təsəvvür edilməsini əsas götürürlər. Yəni istənilən vəziyyətdə, hətta ən kritik situasiyada belə psixoloji olaraq çıxış yolunu rəqibdə müəyyən təsəvvürlər yaramaqla tapa bilərlər. Hazırkı anda ABŞ-la olan münasibətlərə bunu tətbiq etdikdə, analitik onu demək istəyir ki, Pekinin sözdə nə deməsindən asılı olmayaraq, Tramp administrasiyası ehtiyatlı olmalıdır. Üzdə böyük miqdarda sərmayə ilə əlaqəli olan müqavilələrin arxasında Pekinin konkret diplomatik, psixoloji və siyasi məqsədləri dura bilər. ABŞ mətbuatında dərc olunan məqalələrin ümumi məzmunu Q.Allisonun bu qənaətinə haqq qazandırır (bax: məs., Richard N. Haass. Mr. Trump Goes to China / "Project Syndicate", 6 noyabr 2017). Biz məsələnin bu cəhətinə bir qədər sonra qayıdacağıq. İndi Q.Allisonun konkret olaraq ABŞ-Çin münasibətlərinin bir sıra aspektlərini fəlsəfi-nəzəri qiymətləndirməsinin məqamlarına baxaq.

Fikirlərinə davam edərək o, vurğulayır ki, "bir çox amerikalılar ABŞ-la hər bir sahədə rəqabət aparan Çinin necə gücləndiyini dərk edərək, özlərinə belə bir fikir təlqin edirlər ki, Çin daha zəngin və güclü olanda Almaniya, Yaponiya və başqa ölkələrin izi ilə gedəcək..." (bax: Graham Allison. Göstərilən məqaləsi). Yəni həmin ölkələr kimi dərin daxili dəyişiklər etməklə liberal demokratiya ölkəsinə çevriləcək.

Bu bağlılıqda ABŞ dövlət katibinin keçmiş müavini Robert Zellikin ifadə etdiyi fikirlər maraqlıdır. O deyib ki, müəyyən qaydalara əsaslanan qloballaşmanın heyrətamiz mənzərəsi, bazar ehtiyacları və dünya nizamına inteqrasiya zərurəti "sonda Çini ölkə daxilində demokratiyaya aparıb çıxaracaq və onu "dünya siyasətinin məsuliyyətli səhmdarı"na çevirəcək" (bax: əvvəlki mənbəyə).

Lakin maraqlıdır ki, Q.Allison bu nikbinliklə razılaşmaqda çətinlik çəkir. O, daha çox Səmyuel Hantinqtonun Çinlə bağlı dediyi tezislərə üstünlük verir. Konkret olaraq, S.Hantinqtonun "Sivilizasiyaların toqquşması" əsərində irəli sürdüyü mədəni fərqliliyin liberal dünyada "əriməyəcəyi", əksinə, "soyuq müharibə"dən sonra dünya nizamının müəyyənedici cəhəti olacağı fikrini müdafiə edir. Sübut kimi hazırda "Qərb və müsəlman sivilizasiyaları arasındakı parçalanma"nı göstərir. Eyni qayda ilə o, S.Hantinqtonun Qərblə Çin arasındakı uçurumun dərin, uzunmüddətli və ciddi nəticələri olacaq prosesə çevriləcəyi ilə bağlı proqnozuna inandığını ifadə edir (bax: əvvəlki mənbəyə). Çünki "ümumbəşəri sivilizasiya" anlayışı Qərbdən gəlir, asiyalılarr isə bir xalqı digərindən daim fərqləndiriblər.

Təbii ki, müəllifin sonuncu fikri ilə razılaşmaq olduqca çətindir, çünki insanın və bəşəriyyətin bütövlüyü haqqındakı təsəvvürlər ilk olaraq Şərqdə yaranıb. Ancaq Qərb (Yunanıstandan başlayaraq) həm insanın mənəvi-əxlaqi bütövlüyünü pozdu, həm də dünyanı "sivil", "qeyri-sivil", "mədəni və qeyri-mədəni" kimi hissələrə böldü. Qərb və Rusiyanın siyasi, fəlsəfi və filoloji terminologiyasında "biz və özgəsi", "mədənilər və yadlar" (məsələn, "туземцы"), Qərbi nəzərdə tutmaqla "dünya və qalan hissə" kimi ifadələr hələ də mövcuddur. Buna görə də asiyalıları dünyanı bölməkdə, xalqları bir-birindən kəskin fərqləndirməkdə ittiham etməyin elmi əsası yoxdur.

Ancaq Qərbdə buna inanırlar və S.Hantinqtonun izi ilə gedərək Q.Allison yazır ki, qarşıdan gələn onilliklər Hantinqtonun haqlı olduğunu sübut edəcək. Konkret olaraq, "amerikan və çin dəyərləri, ənənələri və fəlsəfəsi arasındakı ziddiyyətlər fundamental struktur gərginliyi dərinləşdirəcək..." (bax: əvvəlki mənbəyə). Özü də bu, Çin kimi yüksələn bir gücün artıq oturuşmuş ABŞ-ı sıxışdırmaq istəyi ilə bağlıdır ki, bu da özlüyündə Qərb üçün təhlükədir.

Belə görünür ki, Qərb siyasi-analitik şüurunda iki tezis möhkəm yer alıb. Birincisi, Qərb və Çin dəyərləri, ənənəsi və fəlsəfi təfəkkürü arasında dərin uçurum vardır. İkincisi, bu uçurum dərin fundamental struktur gərginliyi yaradır. Sonuncu fikir, faktiki olaraq, iki böyük gücün ortaq fəaliyyət göstərməsinin praktiki mümkünsüzlüyünə işarədir. Təsadüfi deyil ki, müəllif bütün bunların gözlənilən nəticələrini daha konseptual müstəvidə təqdim edir. Bunun üzərində qısaca dayanaq.

Qədim yunan tarixçisi Fukidid yüksələn Afina ilə o mərhələdə artıq oturuşmuş olan və dominantlıq edən Sparta arasında təhlükəli qarşıdurmanı izləyərək belə bir qənaətə gəlmişdi: "Məhz Afinanın yüksəlişi Spartada qorxu yaradaraq müharibəni qaçılmaz etdi" (bax: əvvəlki mənbəyə). Məsələnin psixoloji tərəfi belə izah olunur ki, artıq oturuşmuş olan dominant güc sürətlə inkişaf edən gücdən çəkinir, yerini itirməkdən qorxur, özünə inamsız yanaşır və bütün bunların nəticəsi olaraq da müdafiə mövqeyi seçir. Belə şəraitdə anlaşılmazlıqlar çoxalır və hətta şişirdilir, bir-birini duymaq hissi zəifləyir. Üstəlik, üçüncü tərəfin təxribatçı hərəkətləri, o cümlədən kiçik davranışı belə böyük güclərin toqquşmasına rəvac verə bilər.

Belə çıxır ki, Amerikada bir sıra analitik dairələr hesab edirlər ki, ABŞ-la Çin arasında mövcud olan fərqlərdən üçüncü tərəf istifadə edə bilər. Bəs bunu kim həyata keçirmək iqtidarına malikdir? Çox güman ki, amerikalılar ilk növbədə Rusiyanı nəzərdə tuturlar. Bununla yanaşı, onlar Şimali Koreya faktorunu indi daha çox qabartmaqdadırlar. "Fukidid tələsi" də hər şeydən öncə məhz həmin bağlılıqda xatırlanır. İndi dünya KİV-də belə bir informasiya yayılır ki, Pxenyan ABŞ-ı vurmağa hazır imiş. Onu kimsə saxlayıb. Kim? Bu suala cavab ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinə ciddi təsir edə bilər.

Həmin bağlılıqda Vyetnamda Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı Təşkilatının (APEC) sammitində kimlərinsə V.Putin-D.Tramp görüşünü əngəllədiyi barədə informasiyalar yayılır. Hətta V.Putin söz verib ki, "günahkarları cəzalandıracaq". Burada Q.Allisonun bəhs etdiyi və "Fukidid tələsi"nə aparan "üçüncü tərəf" ifadəsinin əsassız olmadığı təəssüratı yaranır. Həm də maraqlıdır ki, Q.Allison bu ehtiyatlılıq və şübhələrində yalnız deyil.

ABŞ-Şimali Koreya-Çin: yeni gərginlik üçbucağı

Amerika Beynəlxalq Münasibətlər Şurasının prezidenti, ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin keçmiş direktoru, Corc Buşun Şimali İrlandiyada xüsusi nümayəndəsi və Əfqanıstanda koordinatoru olmuş Riçard Haas da Şimali Koreya məsələsinə ayrıca diqqət yetirir. R.Haas həm də "Dünya nizamsızlıqda: amerikan xarici siyasəti və köhnə nizamın böhranı" adlı məşhur kitabın müəllifi kimi maraq doğurur. O, "Project Syndicate" nəşrindəki məqaləsində D.Trampın Asiyanın beş ölkəsinə olan iki həftəlik səfərinin geosiyasi analizini verib (bax: Richard N. Haass. Mr. Trump Goes to China / "Project Syndicate", 6 noyabr 2017).

Müəllif Amerika Prezidentinin Çin məsələsini ümumiyyətlə səfərin mərkəzi punktu kimi təqdim etməsini doğru sayır və bunun strateji-iqtisadi səbəblərinin olduğunu vurğulayır. Ancaq müzakirələrdə "əsas yeri Şimali Koreya tutacaq" (bax: əvvəlki mənbəyə). Səbəb isə ondan ibarətdir ki, D.Tramp inanır ki, Çində liderlər ABŞ üçün Şimali Koreya məsələsini həll edəcək. Fikrinə davam edən R.Haas vurğulayır: "Bu yanaşma başa düşüləndir, çünki Şimali Koreyanın ticarətinin əksər hissəsi Çin ərazisindən keçir və Çin istəsə Pxenyana böyük təzyiq göstərə bilər" (bax: əvvəlki mənbəyə).

O da düşündürücüdür ki, R.Haas D.Trampın "məyus olacağını" proqnozlaşdırmışdı. Belə ki, Çinin bütün təsir gücündən yararlanmayacağını və Şimali Koreyada sabitliyi pozmayacağını arqument kimi göstərir. Analitik hesab edir ki, Çinin mövqeyinin özünəməxsus "istehzası və faciəviliyi" vardır. Bu da ondan ibarətdir ki, Pekin Pxenyana özünün nüvə və raket ehtiyatlarını inkişaf etdirməyə imkan yaratmaqla müharibəyə yol açdığını və ya regionun başqa ölkələrinin də eyni hərəkəti etməyə təhrik olunduğunu anlamaq istəmir (bax: əvvəlki mənbəyə). Lakin bu proses Çinin özünün strateji maraqlarına cavab vermir. Buna görə də Çindən Şimali Koreyaya qarşı kəskin və qəti addımlar atılacağını gözləmək əbəsdir. Hər halda yaxın perspektiv üçün bu, belə ola bilər.

Deməli, ABŞ analitik-siyasi təfəkkürü üçün Amerika-Şimali Koreya-Çin üçbucağı potensial olaraq gərginlik mənbəyi kimi qalmaqdadır. D.Trampın səfəri də böyük ölçüdə bu vəziyyətdə heç nəyi dəyişməyəcək. Yəni, faktiki olaraq, Şimali Koreya üçüncü tərəf kimi ABŞ-Çin münasibətlərində gərginlik yaratmaqda davam edəcək.

Bu fikri birmənalı qəbul etmək risklidir, lakin məsələnin başqa bir aspekti düşündürücü təsir bağışlayır. Hətta ABŞ-ın özündə Amerika ilə Çin münasibətlərinin normallaşmasına əngəl olmağa meylli dairələrin mövcudluğu hiss edilir. Bəlkə də bu, ümumiyyətlə, D.Trampın uğur qazanmasını istəməyən qüvvələrdən qaynaqlanır. Çünki ABŞ Prezidenti son zamanlar ölkə daxilində olan müəyyən dairələrə qarşı həmlələr edir, müəyyən yeniliklər həyata keçirməyə çalışır. O, siyasi sistemdə dərin kök salmış neqativ halları aradan qaldırmağa cəhd edir. Həmin dairələr də təbii ki, öz taleyindən qorxaraq buna əngəl törətməyə meyl göstərirlər. Burada onu da nəzərə almaq lazımdır ki, uzun illərdir ABŞ-Çin qarşıdurmasından milyardlar əldə edən biznes dairələri də vəziyyətə laqeyd deyillər.

Bütün bunlar D.Trampın Çin tərəfi ilə əldə etdiyi razılaşmalar fonunda daha inandırıcı görünür. Dünya KİV-i bunu hətta müəyyən dərəcədə "şok yaradan nəticələr" kimi təqdim edir. Doğrudan da birdəfəyə tərəflər arasında bu dərəcədə razılaşmaların olması az ehtimal edilirdi. Xüsusilə Şimali Koreya probleminin daha da kəskinləşdiyi bir mərhələdə. Lakin D.Tramp və S.Szinpin dünyanı təəccübləndirə bildilər.

15 istiqamət: supergüclərin geniş "əməkdaşlıq dəhlizi"

Ekspertlər Pekində Donald Trampın uğur əldə etdiyini vurğulayırlar. O, gözlənilmədən həmişə tənqid etdiyi Çin rəhbərliyi ilə bir çox sferalarda ortaq fəaliyyət göstərməklə bağlı razılığa nail oldu. Bu məhz D.Trampın nailiyyəti olaraq təqdim edilir, çünki situasiyadan narazı qalan məhz o idi. Amerika Prezidenti Pekində çoxlarının gözləmədiyi bir fikir də bildirib. O deyib ki, indiyə qədər Çinlə münasibətlərin yüksək olmamasının günahkarı çinlilər deyil, ABŞ-ın keçmiş rəhbərliyidir. Diplomatik dildə bu, Vaşinqtonun Çin siyasətinin tənqidi deməkdir. Konkret olaraq, D.Tramp Amerikaya rəhbərlik edən adamların Çin strategiyasını düzgün müəyyənlşədirmədiklərini ifadə edib. Ona qarşı dominant olmaq mövqeyindən çıxış etmək səmərəsizdir. Deməli, Çinlə dil tapmaq, onunla real əməkdaşlıq kursu seçilməlidir. Başqa sözlə, D.Tramp "G2" əməkdaşlıq formatına start verməyə başlayır. Nəticəsi nələr oldu?

Donald Tramp və Si Szinpin bəyan etdilər ki, iki ölkə üçün düzgün seçim əməkdaşlıqdır. Qarşılıqlı fayda daha yaxşı gələcəyə xidmət edəcək (bax: Результаты встречи Си Цзиньпина и Дональда Трампа / "russian.people.cn", 10 noyabr 2017). Bunu tərəflərin strateji aspektdə bir-birinə münasibətlərini dəyişməsi kimi qəbul etmək olar. Mümkündür ki, bu dəyişikliyə Rusiya qısqanclıq göstərsin. Ancaq ABŞ və Çin hər şeydən öncə öz maraqlarını gözləyirlər. Daha maraqlısı odur ki, liderlərin bəyanatları özünü doğrultsa, Vaşinqton ciddi bir psixoloji rahatlıq əldə etmiş olacaq.

Dövlət başçılarının gəldikləri ümumi əməkdaşlıq razılığı kontekstində iki ölkənin müxtəlif qurumları arasında yüksək səviyyədə təmasları möhkəmləndirmək qərara alınıb. Bura ilk növbədə dörd istiqamətdə – ticari-iqtisadi, hərbi, hüquq mühafizə və humanitar sferalarda dialoq mexanizmlərini sınaqdan keçirmək, vacib beynəlxalq və regional məsələlər üzrə koordinasiya və qarşılıqlı əlaqələri gücləndirmək daxildir (bax: əvvəlki mənbəyə).

Sadalanan faktorlar çox ciddi məqsədlərdən xəbər verir. Tərəflər sadəcə xeyirxah bəyanatlarla kifayətlənmirlər. Onlar konkret dialoq mexanizmləri ilə əməkdaşlığı genişləndirmək və onu yeni səviyyəyə çıxarmaq arzusundadırlar. Bunun üçün də geniş dairələrdə müzakirələrə start verirlər.

Ekspertlər üçün daha maraqlı olan tərəflərin üçüncü istiqamətdə razılığa gəlməsi olub. Orada ABŞ Prezidenti Si Szinpinə dəqiq söz verib ki, Amerika "vahid Çin" siyasəti yeridəcək. Məsələ Tayvanla bağlıdır. Vaşinqton daim bu faktordan istifadə edib, Çinin parçalanması istiqamətində addımlar atırdı. İndi isə Si Szinpinin sualına cavab olaraq, D.Tramp konkret Çinin ərazi bütövlüyünü dəstəklədiyini ifadə edib.

Bunun fonunda tərəflərin 250 milyard ABŞ dolları həcmində ticarət və qarşılıqlı sərmayə sferalarında müqavilə imzalaması yüksək nəticə hesab olunur. Bunu ekspertlər qlobal ticarət-iqtisadi qarşılıqlı əlaqələr sahəsində rekord göstərici hesab edirlər. O cümlədən ABŞ-la Çinin əməkdaşlıq tarixində ən yüksək zirvə hesab olunur.

Maraqlıdır, bir-birinə qarşı ehtiyatlı davranan və liderlik uğrunda mübarizə aparan iki böyük güc hansı səbəblərdən indi bir-birinə dəstək olurlar? Görünür, mütəxəssislər bu sualın cavabı üzərində ciddi düşünməli olacaqlar. Çünki söhbət bütövlükdə dünya siyasətinin dinamikasını dəyişə biləcək bir hadisədən gedir. Təsəvvür edin ki, iki ölkə ticarət, energetika, ekologiya, mədəniyyət, tibb, infrastruktur sferalarında, həmçinin "Bir qurşaq, bir yol" layihəsi üzrə geniş əməkdaşlıq edirlər! Bu, dünyanın geosiyasi-iqtisadi xəritəsini yenidən çəkmək deməkdir. Həm də bu cür gedişata alternativ yarada biləcək qüvvə dünyada yoxdur. Ona görə də böyük ölçüdə Amerika ilə Çinə qarşı durmaq ağılsızlıq olardı. Deməli, digərləri də həmin prosesə qoşulmağı daha çox düşünəcəklər. Bu isə qloballaşmaya yeni məzmun, nəfəs və temp vermək deməkdir.

Belə bir əməkdaşlığın işığında Amerika ilə Çinin hərbi və kibertəhlükəsizlik sahələrində də əlaqələrə diqqət yetirməsini başa düşmək olar. Hər iki sahə onlar üçün ciddi əhəmiyyətə malikdir. Xüsusilə kibertəhlükəsizlik olduqca aktual problemə çevrilib. Bu təhlükədən heç kəs sığorta olunmayıb. Buna görə də Vaşinqton və Pekinin qüvvələri birləşdirməsi əhəmiyyətli nəticələr verə bilər. O cümlədən kiberterrorizm, uşaq pornoqrafiyası, elektron məktublar vasitəsilə dələduzluq, intellektual mülkiyyətin oğurlanması kimi hallarla mübarizədə dünyanın iki güclü ölkəsi birgə çalışa bilər.

D.Tramp və S.Szinpin razılığa gəliblər ki, təhsil, elm və texniki sahələrdə də əlaqələri gücləndirsinlər. Onlar "Elmi-texniki əməkdaşlıq haqqında" sazişin vaxtını uzadıblar. Gənc mütəxəssislərin mübadiləsini genişləndirmək qərarına gəliblər. Mədəni əlaqələrin inkişafına diqqət artırılacaq. ABŞ və Çin səhiyyə üzrə də birgə proqramlar həyata keçirməkdə qərarlıdırlar.

Bütün bunların fonunda ekspertlər geosiyasət, beynəlxalq və regional təhlükəsizlik sahələrində D.Trampla S.Szinpinin əldə etdikləri razılaşmaları ayrıca qiymətləndirirlər. Bu sırada Asiya-Sakit okean hövzəsində, o cümlədən Cənubi Çin dənizi akvatoriyasında təhlükəsizliyin təmin edilməsində birgə fəaliyyət göstərməklə bağlı gəlinən qənaət yüksək dəyərləndirilir. Həmin məsələlər üzrə bütün mübahisəli məqamların yalnız dialoq yolu ilə həll edilməsi haqqında ümumi mövqe ifadə edilib. Liderlər həmin məsələlər üzrə iki dövlət arasındakı qarşılıqlı əlaqələrin inkişafı imkanlarını daha dərindən öyrənmək barədə ortaq fikrə gəliblər.

Təbii ki, hər iki ölkə üçün terrorla mübarizənin önəmi böyükdür. Liderlər bu məsələni də müzakirə edərək, Suriya və İraqda əməkdaşlığın vacibliyini vurğulayıblar. O cümlədən qaçqınlar məsələsində humanitar addımlar atmaqla bağlı razılığa gəlinib.

Nəhayət, dünyanın maraqla gözlədiyi Şimali Koreya problemini sülh yolu ilə həll etmək haqqında tərəflərin razılığı olub. S.Szinpin bu istiqamətdə Amerika ilə əlaqələri inkişaf etdirə biləcəklərini ifadə edib. Vaşinqtonla Pekin Koreya yarımadasında sülhün olması üçün bir yerdə çalışacaqlar. Onlar Şimali Koreyanın nüvə ölkəsi statusunu qəbul etməyəcəklərini bəyan ediblər. Bununla da bir sıra analitiklərin proqnozlarını alt-üst ediblər (bax: əvvəlki mənbəyə).

Beləliklə, Donald Trampın Çində apardığı müzakirələr tarixi məzmuna malikdir. İki böyük ölkə əvvəllər müşahidə edilməyən əhatə və dərinlikdə əməkdaşlıqla bağlı razılığa gəliblər. Bu prosesdə kim daha çox qazanıb? Bunu indidən demək çətindir. Ancaq nəzərə alaq ki, Çin təxminən eyni səviyyədə müqavilələri Rusiya, İran və Avropanın böyük dövlətləri ilə bağlayıb. Belə görünür ki, əsasən Çinin bütün dünya ilə müqaviləsi var. O, hər bir güclü dövlətlə münasibətləri inkişaf etdirən yeganə supergüc təsiri bağışlayır. Ancaq əsas sözü zaman deyir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...