THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Türk axını": Avropanın enerji təhlükəsizliyi və geosiyasi maraqlar kontekstində

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2487
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 iyul 2017 – Newtimes.az

Rusiyanın dövlət başçısı Vladimir Putin iyun ayının sonlarında "Türk axını" layihəsinin reallaşmasının növbəti mərhələsinin startını verdi. O, Anapada gəmidə düyməni basaraq "irəli" dedi. Bu, "Türk axını" layihəsinin dənizin dibi ilə çəkilişinin başlaması deməkdir. Mütəxəssislər hesab edirlər ki, bu proses uğurla başa çatacaq. Çünki indi texnologiya o dərəcədə inkişaf edib ki, bu kimi işləri sürətlə görmək çətin deyil. Özü də bu kəmər ekoloji olaraq tam zərərsizdir. Rusiya boru xəttini Türkiyə sahillərinə qədər çəkəcək. Sonrasını türk tərəfi həyata keçirməlidir. Ekspertlərin fikrinə görə, bu hadisənin geosiyasi əhəmiyyəti az deyil. Yəni o, yalnız enerji məsələsi ilə məhdudlaşmır. Bir tərəfdən, Yaxın Şərqdəki geosiyasi dinamikaya, digər tərəfdən isə Avropanın enerji ilə təminatına ciddi təsiri ola bilən faktordur. Burada Amerikanın mümkün reaksiyasını və cavab addımlarını da nəzərə almaq lazımdır. Bütün bunlar "Türk axını" layihəsinin Qərbin enerji təhlükəsizliyinin təminində vacib rol oynaya bilməsi ilə yanaşı, müəyyən geosiyasi riskləri də meydana çıxardığını göstərir.

"İrəli": Moskva-Ankara münasibətləri yüksələn xətdə

Rusiya-Türkiyə münasibətlərinin inkişaf tempi çoxalır. Son aylarda bu, daha çox hiss edilir. İki böyük dövlət Suriya məsələsində əməkdaşlığı genişləndirməklə yanaşı, ticarət, iqtisadiyyat və enerji sferalarında da əlaqələri dərinləşdirirlər. Bu prosesdə "Türk axını" adlanan qaz kəməri layihəsinin reallaşması xüsusi yer tutur. İyun ayında Prezident Vladimir Putin qaz kəmərinin dayaz və dərin hissələrinin birləşməsi ilə əlaqədar Rəcəb Tayyib Ərdoğana telefon edib. Bu, Rusiyanın Qara dəniz sahillərindəki gəmidə V.Putinin start düyməsini basmasından sonra olub. Prezidentlər layihənin uğurla reallaşması ilə bağlı bir-birlərini təbrik ediblər. Rusiyanın dövlət başçısı bu işdə Türkiyə Prezidentinin oynadığı xüsusi rolu ayrıca qeyd edib.

Ekspertlər bu hadisəni adi qarşılıqlı təbrik kimi təqdim etmirlər. Onlar iki dövlət arasında əməkdaşlığın məzmunca yeni səviyyəyə yüksəlməkdə olduğunu vurğulayırlar. Bu sırada Türkiyə ilə Rusiya arasında hərbi sahədəki əlaqələrin inkişaf etməsi diqqəti daha çox çəkir. Çünki Türkiyə bir NATO üzvü kimi, bu təşkilatın rəqibi sayılan Rusiyadan yeni silahlar alır.

Onların sırasında məşhur S-400 raketdənmüdafiə sistemləri də vardır. Bu barədə son olaraq Prezident V.Putinin hərbi və müdafiə məsələləri üzrə köməkçisi V.Kojin informasiya verib (bax: Putin'in yardımcısı: S-400 için Türkiye'yle anlaştık! / "Habertürk", 29 iyun 2017). O, tərəflərin prinsipial olaraq razılaşdığını, ancaq ödənişlə bağlı müzakirələrin davam etdiyini bildirib.

"Türk axını" layihəsi fonunda bu, ciddi əməkdaşlıq faktoru təsiri bağışlayır. Məsələ ondan ibarətdir ki, sözügedən qaz layihəsi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaya bilər. Bu barədə Avropa İttifaqının rəsmi qurumları da fikir bildirirlər. Onu deyək ki, "Türk axını" layihəsi məlum Rusiya qırıcısı hadisəsindən sonra bir qədər əvvəl kənara qoyulmuşdu. Ancaq iki ölkə arasında münasibətlər normallaşmağa başlayanda onu dərhal bərpa etdilər. İndi isə konkret addımlar atılır.

Aİ isə bu layihənin reallaşmasına elə də razı deyil. Onun etirazları Rusiyanın müəyyən şərtləri yerinə yetirmək istəməməsi ilə bağlıdır. Aİ tələb edir ki, "Türk axını" kəməri keçən bütün Avropa ölkələrində marşruta nəzarət tam olaraq yerli ölkədə olsun. İndi Moskva bu şərtə əməl edir. "Qazprom" hətta Türkiyədəki payını satmağa başlayıb. Belə hiss olunur ki, Rusiyanın enerji nəhəngi layihə iştirakçıları olan ölkələrin enerji infrastrukturuna nəzarət etmək arzusundan vaz keçməkdədir.

Buna qarşılıq olaraq Moskva Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə böyük miqdarda qaz satmağı planlaşdırır. Rusiya bunu məhz "Türk axını"nın ikinci xətti vasitəsilə etməlidir. Məsələ belədir ki, indi startı verilən qaz kəməri xətti ancaq Türkiyənin tələbatını ödəmək üçündür. İkinci xətt isə Avropa ölkələrinə qaz nəql etmək üçün çəkilməlidir. Əgər Rusiya bunun razılığını ala bilsə, "Türk axını" Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaya biləcək.

Geosiyasi reallıq: mübarizə meydanında yeni risklər

Türkiyə üçün də bunun müsbət tərəfləri çoxdur. Məsələ ondan ibarətdir ki, 2020-ci ilə kimi Azərbaycan, Yaxın Şərq ölkələri və Rusiyadan enerji marşrutları Türkiyədə cəmləşməlidir. Buraya Mərkəzi Asiya, İran və İsraildən daşınan enerji də daxildir. Deməli, faktiki olaraq cəmi bir neçə ilə Türkiyə dünyanın nəhəng enerji marşrutlarının keçdiyi tranzit ölkəyə çevriləcək. Təbii ki, Rusiya bu prosesdən kənarda qalmaq istəməz. Eyni zamanda, Avropa özünün enerji ilə təchizatında əlverişli rol oynayan bir dövlətlə münasibətləri pozmağı arzulamaz.

Bu kimi məqamlar avtomatik olaraq "Türk axını" da daxil olmaqla Rusiya ilə Türkiyənin birgə iştirakını nəzərdə tutan layihələrin Avropanın enerji təhlükəsizliyində rol oynaya biləcəyi qənaətini təsdiqləyir. Buradan isə Avropa-Rusiya münasibətlərinin müsbətə doğru dəyişməsi ehtimalından danışmaq olar.

Maraqlıdır ki, bu proses Rusiya-ABŞ münasibətlərinin daha da kəskinləşməsi fonunda baş verir. Görünür, Avropa İttifaqı artıq tamamilə Amerikanın nəzarətində olmaq istəmir. Bu barədə Angela Merkel Vaşinqtona səfərindən sonra fikir bildirmişdi. İndiki proseslər isə məsələnin həqiqətən ciddi olduğuna dəlalət edir.

Lakin burada Rusiya və Türkiyənin qarşısında ciddi bir əngəl vardır. Biz, Suriya məsələsini nəzərdə tuturuq. Hələlik Moskva və Ankara atəşkəsin saxlanmasında və nəzarət zonalarını müəyyənləşdirməkdə əməkdaşlıq edirlər. Müəyyən nəticələr də artıq vardır. Bununla yanaşı, iki faktoru unutmaq olmaz. Birincisi, Rusiya ilə yaxın əlaqələri olan İranın hansı məqsədlər güddüyü nəzərə alınmalıdır. İkincisi, Amerika başda olmaqla Qərb koalisiyası Rusiya ilə Türkiyənin Suriyada üstünlüyü ələ almasına loyal qala bilməz.

Bu iki istiqamətdən mənfi təsirlər olacaqdır. O cümlədən İran və Amerika Suriyadan keçməklə əməkdaşlıq marşrutları formalaşdırmaqda qərarlıdırlar. Bu da enerji layihələrində vəziyyətin dəyişə biləcəyini göstərir. İndi faktiki olaraq İŞİD-in nəzarət etdiyi enerji qaynaqları əlindən çıxıb. Yaranmış boşluğu kimin dolduracağı məsələsi açıqdır.

Prezident Rəcəb Tayyib Ərdoğanın Rakka və Münbicə daxil olmağa hazır olmaları ilə bağlı verdiyi bəyanata bu kontekstdə baxdıqda vəziyyətin xeyli mürəkkəb olduğu qənaətini əldə edə bilərik. Türkiyə yeni hərbi əməliyyatlar keçirməklə rəqiblərini Suriyada geniş manevr imkanlarından məhrum etmiş olur. Ankaranın daha geniş məkanlarda varlığını göstərməsi şübhəsiz ki, ciddi geosiyasi nəticələri olan hadisədir.

Bunlar onu göstərir ki, "Türk axını" yalnız enerji faktoru ilə məhdudlaşmayan layihədir. Onun geosiyasi və hərbi təsirləri də mövcuddur. Bu layihənin təhlükəsizliyi üçün Rusiya Türkiyəyə silah satışını gücləndirə bilər. Eyni zamanda, Ankaranın Suriyadakı maraqlarına əngəl törətmək istəməz. Türkiyə də öz növbəsində Rusiyanın Yaxın Şərqdə nüfuzunu artırması qarşısında dayanmaz.

Yuxarıda vurğulanan məqamlar bir sıra maraqlı nəticələr əldə etməyə imkan yaradır. Hər şeydən əvvəl, gözləmək olar ki, Rusiya-Türkiyə yaxınlaşması davam edəcək. Bu iki ölkə geniş bir geosiyasi məkanda birgə addımlamaqla xeyli uğurlar əldə edə bilərlər. Şübhəsiz ki, hər iki ölkə başçıları bu istiqamətdə səylərini artıra bilərlər.

Bununla yanaşı, Qərb Yaxın Şərqdə gərginliyi daha da artıra bilər. Çünki Rusiya-Türkiyə yaxınlaşması onlar üçün ciddi geosiyasi nəticələr verər. Artıq Vaşinqtonda kürd qrupları ilə əməkdaşlığı məcburiyyətdən etdikləri barədə danışırlar və bunu keçici sayırlar. Bu barədə ABŞ-ın müdafiə naziri türkiyəli həmkarına bildirib. Eyni zamanda, Amerikanın dövlət katibi Türkiyə ilə Rusiyanın əməkdaşlığı inkişaf etdirmələrini özləri üçün təhlükə hesab etdiyindən danışıb.

Deməli, artıq siyasi səviyyədə reaksiya vardır. Ekspertlər hesab edirlər ki, rəsmi Vaşinqton hazırda açıq mətnlə əvvəllər gizli etdiklərini bəyan edir. Yəni bu o deməkdir ki, amerikalılar Ankara ilə Moskvanın arasını vurmaq planlarından imtina etməyə bilərlər.

Beləliklə, bir tərəfdə Avropanın enerji təhlükəsizliyi üçün faydalı ola bilən nəhəng layihə mövcuddur, digər tərəfdə isə öz geosiyasi maraqları üçün istənilən addımı atmağa hazır olan Qərbin böyük dövlətlərinin planları vardır. Bunların fonunda "Türk axını" layihəsinin reallaşması ciddi hadisədir. Yuxarıda qeyd edilən tendensiyalardan hansının üstün gələcəyini zaman göstərəcək. Ancaq reallıq ondan ibarətdir ki, Rusiya daha təmkinli və təsirli addımlar atır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...