THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Alternativ qlobal sistemlər: yanaşı mövcudluq şansı varmı?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3196
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 aprel 2017 – Newtimes.az

Sirr deyil ki, müasir dünya sistemi böhran içindədir. Dövlətlərarası münasibətlərdə çətinliklər artır. Sivilizasiyalar və dinlər arasındakı dialoq real olaraq baş tutmur. Fərqli mədəniyyətlərə malik insanların ümumi dil tapması qarşısında əngəllər qalır. Bunların fonunda Yaxın Şərqdə münaqişənin getdikcə daha miqyaslı və qanlı məzmun kəsb etməsi diqqətdən yayınmır. Böyük dövlətlər sanki orada "kim daha çox qan tökə bilər" yarışına giriblər. Siyasi-diplomatik səviyyədə isə fərqli mövqelərin toqquşması aydın görünür. Onların hər birinin insan haqları, sosial inkişaf, siyasi əməkdaşlıq, təhlükəsizlik və s. məsələlər üzrə uyuşmayan prinsiplərə dayandıqları hiss edilir. Mütəxəssislər təbii olaraq bu proseslərə reaksiya verir, münasibət bildirirlər. Biz həmin bağlılıqda Böyük Britaniyanın tanınmış analitiklərindən birinin fikirləri üzərində geniş dayanmağa çalışacağıq. Təbii ki, irəli sürülən tezislərin tam həqiqəti ifadə etdiyini demək olmaz. Lakin bir peşəkar tədqiqatçının yaranmış vəziyyətə münasibəti çox maraqlıdır.

İflasın səbəbləri: daxildə yetişmiş problemlər

"Arzunun ölümü". Kral Beynəlxalq Münasibətlər İnstitutu – "Chatham House"un direktoru Robin Niblett liberal dünya nizamının indiki vəziyyətini bu cür bədbin tonda xarakterizə edib. Onun gətirdiyi arqumentlər kifayət qədər maraqlıdır. Britaniyalı mütəxəssis qlobal geosiyasi nizamın təkamülü prosesinə maraqlı kontekstdə nəzər salır. İlk fakt kimi Avropa İttifaqının fəaliyyətinin dünya nizamına vurduğu zərəri göstərir.

Belə ki, 50 ildən çox bir müddətdə Avropa İttifaqı "daha sıx əməkdaşlıq naminə ölkələrin suverenliklərini birləşdirməklə yeni liberalizmin avanqardı olub" (bax: Robin Niblett. Liberalism in Retreat. The Demise of a Dream / "Foreign Affairs", January/February 2017, Volume 96, Number 1, p.115-125). Ancaq bu gün həmin prosesə ciddi şübhələr yaranıb. Onun əsas səbəbi isə Aİ-nin daxili böhranlara düşməsindən ibarətdir. Həmin sırada liberalizm üçün ciddi zərbələrdən biri Böyük Britaniyanın təşkilatı tərk etməsindən ibarətdir.

Bu hadisənin geosiyasi nizamlılıq baxımından mənası liberal dünyagörüşünün təsir dairəsinin məhdudlaşmasıdır. Aİ-nin özü isə coğrafi məkan olaraq genişlənmək əvəzinə daha da məhdudlaşır. Bu da bütövlükdə liberal dünyagörüşünün geri çəkilməsi anlamına gəlir (bax: əvvəlki mənbəyə).

R.Niblett irəli sürdüyü bu tezisin dərin köklərini, təəssüf ki, araşdırmır, yaxud bilərəkdən təqdim etmir. Məsələ belədir ki, Qərbin Aİ-nin timsalında iflasa doğru getməsinin ilkin səbəbi təşkilatın fəaliyyətindəki qüsurlarla sıx bağlıdır. 50 il müddətində Avropa İttifaqı özünü liberal düşüncənin mahiyyətinə ziddi olaraq "xristian klubu" kimi aparıb. Sözdə demokratiya və insan haqları olsa da, əməldə fərqli davranışlar özünü göstərib. Təbii ki, bu, dünyanın başqa regionlarında daha yaxşı, demokratik və liberal proseslərin getdiyi nəticəsini çıxarmağa əsas vermir. Aİ bu kontekstdə ona görə əsas analiz hədəfidir ki, məhz Qərb liberal dünya nizamının yaradılmasının təşəbbüskarı və aparıcı kəsimi idi. İndi aydın olur ki, sistemin korlanması da birbaşa "başdakı problemlərlə", yəni Qərbin daxilində yetişmiş qeyri-obyektiv yanaşmalarla əlaqəlidir.

Bu cəhəti analitiklər əsaslı təhlil etmədikcə, əksinə, onu ört-basdır etdikcə dünyanın liberal nizamı xilas ola bilməyəcək. Təəssüf ki, bunun dərki Qərbdə mövcud olsa da, əməldə ifadəsi yox dərəcəsindədir. Nəticədə, bütövlükdə bəşəriyyət yeni-yeni risklərlə üz-üzə qalmaqdadır.

Müəllif hesab edir ki, burada ABŞ-ın dünya liderliyinə sadiqliyi məsələsi də öz rolunu oynayır. Belə ki, son zamanlar Amerika öz rolunu lazımi səviyyədə yerinə yetirmir (bax: əvvəlki mənbəyə). Buna isə təkan verən şəxslər sırasında Donald Tramp ayrıca yer tutur. R.Niblett "Amerika hər şeydən öncədir" şüarı ilə ABŞ-ın dünya liderliyi rolunu reallaşdıra bilməsinin çox çətin olduğunu vurğulayır. Bunun fonunda başqa bir maraqlı proses gedir.

R.Niblettin fikrinə görə, Barak Obamanın "Asiyaya dönüş" şüarı hələ yerində sayır. Vaşinqton addım atana kimi Pekin Avrasiyanı öz modeli üzrə birləşdirməyə başlayıb. Analitik burada Çinin regional geosiyasi təşkilatlar yaratmaq və "Yeni İpək Yolu" layihəsini həyata keçirmək istiqamətində həyata keçirdiyi proqramları nəzərdə tutur. Burada aparıcı rolun Çinə məxsus olması şübhə yaratmır.

Belə çıxır ki, britaniyalı mütəxəssis Qərb siyasi və analitik şüurunu son zamanlar narahat edən bir faktoru önə çəkir. Əslində, bu məqam, ümumiyyətlə, Qərb siyasi elitasını qayğılandırmaqdan ibarətdir. Onlar belə düşünürlər ki, Amerika dünya liderliyindən çəkildikcə, qlobal səviyyədə Çin və Rusiya Qərb dəyərlərinə uyğun gəlməyən yeni inteqrativ struktur, geosiyasi nizam sistemi yaradacaqlar. Yəni əsas problem liberal dünya nizamı deyil, Qərb dövlətlərinin maraqlarının zədələnməsi narahatlıq yaradır. Onlar dünyada aparıcı rollarını itirmək istəmirlər. Vərdiş etdikləri formada dünya işlərini idarə etməkdən çəkilməyi düşünmürlər.

Çıxış yolu: liberalizmin güzəşti

Bu incə məqamın fonunda Donald Trampın "öncə Amerika" şüarını hər şeydən əvvəl öz təhlükəsizliklərinə təhdid kimi qəbul edirlər. Diqqət etsək, görərik ki, bu özəllik Qərbin demək olar, hər bir aparıcı mütəxəssisinin gətirdiyi əsas arqumentlərdən biridir. Onlar bəzən bu narahatlığı liberalizmlə populizmin mübarizəsinin kəskinləşməsi kontekstində ifadə edirlər. Onda belə çıxır ki, R.Niblettin gəldiyi bir qənaət doğrudur. Onun fikirlərinə görə, liberal dünya sistemi özünün yaratdığı çağırışlarla üz-üzə qalıb (bax: əvvəlki mənbəyə). Belə olan halda mövcud şərtlər daxilində bir zamanlar demokratiyanı inkişaf etdirən "siyasi enerji və dinamikanı qaytarmaq" (R.Niblettin) mümkün deyildir.

Çıxış yolu nədə ola bilər? Bu bağlılıqda həqiqətən də britaniyalı mütəxəssis maraqlı və düşündürücü tezis irəli sürür. Müəllifin fikrinə görə, qlobal miqyas üçün nəzərdə tutulan liberal nizam daha "təvazökar" bir layihəyə transformasiya edə bilər. Bu, "fərqli siyasi sistemləri əhatə edən liberal dünya iqtisadi nizamı ola bilər" (bax: əvvəlki mənbəyə). Yəni Qərb siyasi-ideoloji və mədəni inteqrasiya iddialarından əl çəkməlidir. Əvvəlki miqyasda və intensivlikdə öz dəyərlərini (əsasən siyasi mahiyyətli) dünyaya yaymaqdan imtina etməlidir. Başlıca olaraq diqqəti iqtisadi faktora yönəltməlidir.

Burada da iki mərhələni ayırmaq lazımdır. Onların biri yaxın perspektivdə reallaşa biləcək məqsədlərdir. Buraya demokratlarla onların qeyri-liberal tərəfdaşları arasında yanaşı yaşaya bilmək üsulunun tapılması daxildir. Uzaq perspektivdə isə liberal demokratiya dünyada dominant vəziyyətini bərpa edə bilər (bax: əvvəlki mənbəyə).

Nəzəri baxımdan son dərəcə düşündürücü, praktiki olaraq isə maraqlı qənaətlərdir. Çünki onlarda faktiki olaraq dünyanın bundan sonra hansı mexanizm əsasında geosiyasi bütövləşməsi imkanları qaldırılıb. R.Niblett, əslində, ehtiyatlı bir formul irəli sürür. Birincisi, o, görür ki, indiki şəraitdə liberalizm, yaxud qeyri-liberal dünyagörüşünün qəti qələbəsi mümkün deyil. Buna çoxlu sayda maneələr vardır. Ayrı-ayrı dövlətlərin maraqlarından tutmuş, siyasi institutların zəifliyinə qədər geniş spektrdə çətinliklər mövcuddur.

Eyni zamanda, bir sıra ölkələr sürətlə inkişaf edir, qlobal siyasətdə söz sahibi olurlar. Bütövlükdə dünya siyasi səhnəsində böyük oyunçuların sayı artır. Lakin onların hamısı beynəlxalq münasibətlərə Qərbin gözü ilə baxmaq istəmirlər. Buraya dinlər və sivilizasiyalar arasında olan ixtilafları da əlavə etmək gərəkdir. Nə qədər dialoqa can atılsa da, intriqalar hələlik üstünlük təşkil edir.

İkincisi, ixtilafların daha da dərinləşib, liberalizmin tamamilə şansını itirməməsi üçün R.Niblett qeyri-liberalizmə müvəqqəti güzəşt etməyi təklif edir. Bu da ifadəsini qeyri-liberal siyasi sistemə malik dövlətlərin də liberal iqtisadi inteqrasiya prosesində iştirakını təmin etməklə bağlıdır. Görünür, bunda da mütəxəssis zaman keçdikcə əyani olaraq insanların liberal düşüncənin üstünlüyünü anlayacaqlarına stavka edir. Çünki o əmindir ki, uzaq perspektivdə məhz liberal dünya nizamı qalib gələcək.

Təbii ki, R.Niblettin bu qənaətində nə dərəcədə haqlı olduğunu zaman göstərəcək. Ancaq indiki halda aydın olur ki, Qərbin siyasi və ideoloji dairələri liberal dünya nizamının laxladığını qəti olaraq qəbul ediblər. Onlar alternativi istisna etmirlər. Bu cür vəziyyətdə manevr etmək daha uyğun görünür. Alternativ siyasi-ideoloji sistemləri inkar etməməkdə liberalizmin də mövcudluğunu legitimləşdirmək istəyi durur.

Həm də bu manevr iki fərqli sistemin yanaşı yaşamasını təmin edir, ancaq mübarizə də dayanmır. Deməli, əslində, mütəxəssis savaşın məzmununu və formasını dəyişməyə üstünlük verir. Belə bir mövqenin dünyanı hansı situasiyaya apara biləcəyini indidən demək çətindir. Bununla yanaşı, artıq analitik təfəkkürün qlobal problemlərdən çıxış yolu aradığı aydın görünür. Bu da müsbət haldır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...