THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqazda geosiyasət: Ermənistanın müharibə arzusu

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3540
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 14 aprel 2017 – Newtimes.az

Qlobal səviyyədə supergüclərin nüfuz uğrunda mübarizəsi müxtəlif regionlarda risk faktorunu daha da aktuallaşdırıb. O cümlədən Cənubi Qafqazda proseslərin inkişaf ssenariləri maraq doğurur. Avropanın "beyin mərkəzləri" bununla bağlı maraqlı proqnozlar verirlər. Onların mövqeləri bir sıra aspektlərdə fərqlənir. Başlıcası isə Rusiya və münaqişələr məsələsində düşündürücü tezislər irəli sürürlər. Erməni analitiklər daha çox müharibədən bəhs edirlər. Onlar hesab edirlər ki, yalnız yeni müharibə Ermənistanı müstəqil edə bilər. Bu savaş ABŞ-la Rusiya arasında olmalıdır. Kifayət qədər təhlükəli olan bu fikrin fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin gələcəyi narahatlıq doğurur. Doğrudanmı, dünya növbəti erməni təxribatına uyacaq?

Proqnoz: avropalıların arqumentləri və Cənubi Qafqaz reallıqları

Böyük dövlətlərin Cənubi Qafqaz siyasəti həmişə aktual olub. Son dövrlərdə dünya siyasətində baş verən dəyişmələr işığında isə bu məsələ ekspertlərin daha çox diqqətini çəkir. Bütövlükdə Qafqaz regionunda geosiyasi mənzərənin dinamikası maraq doğurur. Hesab edirlər ki, bu faktor ABŞ-Rusiya münasibətlərinin gələcəyinə ciddi təsir edəcək. Bu baxımdan aparılan təhlillərin sayı daha da artıb. Həmin sırada Böyük Britaniya, Fransa, Almaniya və Belçikanın "beyin mərkəzləri"nin proqnozları xüsusi olaraq qeyd edilir.

Daha çox maraq göstərənlər ingilis analitik mərkəzləridir. Qərbin Cənubi Qafqaz haqqındakı təsəvvürlərini bir qayda olaraq onlar formalaşdırırlar. Böyük Britaniyanın 10-dan çox "beyin mərkəzi"ndə Qafqazla bağlı araşdırmalar aparılır. Fransa və Almaniya da kifayət qədər bu istiqamətdə fəaldırlar. Bütövlükdə isə Avropa İttifaqı Cənubi Qafqaz məsələsində fəallığı ilə seçilir.

Burada yanaşmalar əsasən Rusiyanın regiondakı siyasəti və münaqişələrin həlli aspektlərində fərqlənir. Lakin hər iki məsələ Cənubi Qafqaz dövlətləri üçün əhəmiyyət daşıyır. Onlar faktiki olaraq suverenlik, sülh və əməkdaşlıq imkanlarını qiymətləndirməkdə əsas rol oynayırlar. Eyni zamanda, bu məsələlərdə böyük dövlətlər arasında olan ziddiyyətli məqamlar da özünü daha çox göstərir.

Öncə, Rusiyanın siyasəti ilə bağlı Qərbin qiymətləndirmələrinə nəzər salmaq gərəkdir. Moskvanın regionda ənənəvi olaraq böyük təsiri olduğu məlumdur. Bunu hamı qəbul edir. Əsas məsələ hazırda bu reallığın nə dərəcədə davam etməsi ilə əlaqəlidir. Avropa analitikləri hesab edirlər ki, Rusiya tədricən regiondan çəkilməlidir. Lakin bu, uzun sürə bilər və ona görə də Moskva ilə Cənubi Qafqaz məsələsində anlaşmağa çalışmaq daha doğru olardı. Ancaq Fransa və Almaniya bu kontekstdə Kremllə daha yumşaq davranmaq tərəfdarıdırlarsa, Böyük Britaniya bir qədər sərt mövqedədir. O, daha çox Vaşinqtonla birgə hərəkət etməyə üstünlük verir. ABŞ isə Rusiyanın Cənubi Qafqazdan tez çıxmasına üstünlük verməkdədir. Bu səbəbdən iki böyük dövlətin regionda toqquşması ehtimalından danışılır.

Bölgədəki münaqişələrlə bağlı isə bir qədər mürəkkəb situasiya yaranıb. Belə ki, Gürcüstan-Rusiya münaqişəsində Qərb birmənalı Tbilisini müdafiə edir. Dəfələrlə Gürcüstanın işğal olunmuş torpaqlarının azad edilməsi məsələsini qoyub. Moskvadan bunu tələb ediblər və edirlər. Ukrayna ilə bərabər Gürcüstanla bağlı da Aİ konkret mövqe ortaya qoyur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində isə Avropa dövlətlərinin mövqeləri bir qədər fərqlidir. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsələr də, əməldə başqa işlər görürlər. Ermənistana maddi, maliyyə və hərbi yardımlar edirlər. Birmənalı və qəti tələb etmirlər ki, Ermənistan işğal etdiyi ərazilərdən çəkilsin. Bundan başqa, Azərbaycanın hərbi əməliyyatlar keçirməsini heç istəmirlər. Belə məlum olur ki, münaqişələrə yanaşmada Avropanın ikili standartlar siyasəti var.

Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsi həqiqi mənada çox aktuallıq kəsb edir. Erməni ekspertlər həmin bağlılıqda maraqlı bir tezis irəli sürüblər. Onlar Ermənistanın Rusiyadan tam asılı vəziyyətdə olduğunu qəbul edirlər. Vassallıqdan isə yalnız... müharibə yolu ilə xilas ola biləcəklərini yazırlar (bax: məs., Игорь Мурадян. Война как фактор независимости / "Lragir.am", 3 aprel 2017).

Savaş təxribatı: region üçün erməni riski qalır

Erməni analitiklər müharibə dedikdə, Amerika ilə Rusiya arasında Ermənistan uğrunda savaşın meydana çıxmasını nəzərdə tuturlar. Belə ki, Moskva tutduğu mövqedən çəkilməyəcək. Onun İrəvanda güclü kəşfiyyat sistemi var. Erməni ordusuna xeyli kadrlarını yerləşdirib (bax: əvvəlki mənbəyə). Siyasi hakimiyyət də tamamilə Kremlin sifarişi ilə formalaşır. ABŞ isə "Ermənistanda yeni dövlətin formalaşmasını görməyə çalışdı, ancaq bu, baş vermədi" (bax: əvvəlki mənbəyə).

İndiki vəziyyətdə "müharibə Rusiyanın Cənubi Qafqazdan çıxarılması ilə nəticələnə bilər... Müharibə regionda geosiyasi konstruksiyanı dəyişməli və Ermənistanı siyasi müstəqilliyə aparmalıdır" (bax: əvvəlki mənbəyə). Burada diqqəti çəkən bir neçə məqam vardır. Hər şeydən öncə, erməni analitiklər də etiraf edirlər ki, Ermənistan nə siyasi, nə də hərbi-iqtisadi cəhətdən müstəqil deyil. O, kənar qüvvələrin tam təsiri altındadır. Belə ölkədə suverenlik olmaz və onun siyasətindən danışmağın mənası yoxdur. Bu günə qədər rəsmi İrəvan nə daxildə, nə də Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etməyib. Deməli, erməni mütəxəssislər etiraf edirlər ki, Ermənistan Azərbaycan torpaqlarını kənardan olan ciddi siyasi, ideoloji, informasiya və hərbi dəstəklə zəbt edib.

İkinci məqam ondan ibarətdir ki, Ermənistanda dövlət formalaşmayıb. Onun siyasi institutlaşması prosesi yarımçıqdır və konkret məzmun kəsb etmir. Hakimiyyət orqanları xarici dövlətlərin kadrları ilə doludur. Buna görə də Ermənistanda real olaraq nə seçkidən danışmaq olar, nə də insan haqlarından. Vətəndaşın azadlığı kənar qüvvənin maraqlarına görə müəyyənləşir. Bu səbəbdəndir ki, milyonlarla erməni Ermənistanı tərk edir. Bu proses dayanmır.

Üçüncüsü, Ermənistan rəhbərliyinin və ekspert dairələrinin şüurunda demokratik islahatlara inam yoxdur. Onlar daxili və regional problemləri yalnız müharibə yolu ilə həll etməkdən kənara çıxa bilmirlər. Deməli, indiki erməni hökumətinin islahatlar planı əsassızdır, reallığa söykənmir. O, daha çox təbliğat xarakteri daşıyır. Çünki Ermənistan cəmiyyəti islahatlara hazır deyil. Burada münbit şərait yoxdur. Ermənilərdə müharibə paradiqmasından başqa təsəvvür hələ formalaşmayıb.

Bu, kiçik bir ölkə üçün olduqca təhlükəlidir. Çünki nə vaxtsa, bu absurd istək öz başlarında çatlayacaq. Bununla yanaşı, ABŞ-la Rusiyanı regionda toqquşdurmaq xətti çox təhlükəlidir. Bu iki dövlət böyük hərbi potensiala malikdir. Onların savaşı regionu alt-üst edə bilər. Hətta Ermənistan adlı bir yer də qalmaz. Həm də ona görə ki, Ermənistan Rusiyanın qondardığı süni ölkədir. Moskva oranı yerlə-yeksan etməyə haqqı çatdığını düşünür. Rusiya dəfələrlə bu barədə rəsmi səviyyədə fikir bildirib. Məsələn, "Regnum" agentliyinin keçmiş rəhbəri Modest Kolerov açıq yazmışdı ki, Ermənistan Rusiyasız bir heçdir.

Deməli, ermənilər əslində Amerikanı regionda ciddi hərbi təxribata çəkmək istəyirlər. Bunda başlıca məqsədləri isə Dağlıq Qarabağda qeyri-müəyyənliyi saxlamaq və süni üsullarla orada qalmaqdan ibarətdir. ABŞ kimi güclü bir dövlətin belə cılız təxribatlara gedəcəyi heç gözlənilən deyil.

Beləliklə, uzun müddətdir ki, əksər analitik və ekspertlərin ifadə etdiyi Ermənistanın region üçün əsas təhlükə mənbəyi olması tezisini Avropa və erməni ekspertlər də etiraf etməyə başlayıblar. Rəsmi İrəvan o dərəcədə qeyri-müəyyən və asılı siyasət yeridib ki, mövcud vəziyyəti pozitiv istiqamətdə sivil yolla, islahatlarla dəyişmək imkansızdır. Faktiki olaraq, Ermənistan regionun barıt çəlləyinə çevrilib. Bir qığılcım hər şeyi məhv edə bilər.

Buradan belə bir nəticə də çıxır ki, məhz Azərbaycan regionda geosiyasi sabitliyi qoruyan əsas dövlətdir. Çünki Gürcüstanın ifrat Qərb meylliliyi və Ermənistanın Rusiyadan tam asılılığı fonunda Bakı müstəqil, tarazlaşdırıcı siyasəti ilə vəziyyəti balanslaşdırır. Azərbaycan hansısa böyük dövlətin regiondan getməsində maraqlı deyil, çünki bu, qeyri-təbii olur. Dünya qloballaşmaya doğru gedir, inteqrasiya güclənirsə, böyük və qonşu ölkənin Cənubi Qafqazdan çəkilməsi yaxşı nəticələr verməz. Bunun əksi olaraq isə, regionda normal əməkdaşlıq şəraitinin yaradılması daha doğru olardı.

Yuxarıda vurğulanan məqamlar göstərir ki, Cənubi Qafqaz uğrunda böyük dövlətlərin mübarizəsinin güclənməsi müəyyən dərəcədə geosiyasi qeyri-müəyyənliyi artırır. Burada müharibə arzusunda olan Ermənistan dağıdıcı mövqe tutursa, Gürcüstan bitərəf qalmağa çalışır, Azərbaycan isə sülh və sabitliyi təmin etməkdə fəaldır. Bunlar cəm halında regionda gərgin mübarizə şəraitinin olmasını təsdiq edir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...