THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ-İran qarşıdurması: üç səviyyədə gərginlik yüksəlir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1554
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 fevral 2017 – Newtimes.az

Vaşinqtonun İrana qarşı ittihamçı bəyanatlarından sonra proseslər daha təhlükəli və həssas məcraya keçib. Mütəxəssislər tərəflərin qarşılıqlı ittihamlarının ardınca real addımların mümkünlüyünü istisna etmir, o cümlədən Amerika ilə İran arasındakı münaqişəyə başqa böyük dövlətlərin qoşulması ehtimalından danışırlar. Bu sırada daha çox Rusiyanın adı çəkilir, Çin və Türkiyəyə işarələr verilir. İsrail və Səudiyyə Ərəbistanı ayrıca vurğulanır. Yaranmış vəziyyətə mənfi təsir edə biləcək başqa faktor kimi regional ziddiyyətlər göstərilir. Burada əsas olaraq Yaxın Şərqin böyük dövlətləri və supergüclər arasında olan mürəkkəb münasibətlər sisteminə vurğu edilir. Nəhayət, digər səviyyədə olan ziddiyyətlər mənbəyi kimi İranın daxili vəziyyəti göstərilir. Bu zaman müxtəlif amillərə işarə edilsə də, daha çox etnik münasibətlərdən bəhs edilir. Yekun olaraq ABŞ-İran qarşıdurmasının bütün dünya üçün təhlükə yaratdığı qənaəti alınır.

"Tarixin pis sazişi": Vaşinqton gərginliyi yüksəldir

Amerika ilə İran arasında gərginlik getdikcə yüksəlir. Tərəflərin bir-birini hədələməsi və müəyyən ittihamlar irəli sürməsi ekspertlərin narahatlığına səbəb olub. Prezident Donald Trampın Tehranı terrorçuluğu dəstəkləməkdə günahlandırmasından sonra proseslər daha təhlükəli yön almaqdadır. İran rəhbərliyi də dərhal buna cavab verib. İslam inqilabının 38-ci ildönümünə həsr edilmiş təntənəli mərasim ərəfəsində anti-Vaşinqton şüarları səsləndirilib, iranlıların etirazları bildirilib (bax: Иран ответит Трампу в годовщину революции 1979 года / "РИА Новости", 7 fevral 2017).

Geosiyasi kontekstdə məsələ xeyli mürəkkəbdir. Onun bir neçə aspekti qeyd edilir (bax, məs.: Вашингтон против Тегерана: кому на руку обострение отношений / "РИА Новости", 9 fevral 2017). Maraqlıdır ki, ekspertlər ABŞ-İran münasibətlərinin üç səviyyədə gərginləşdiyini ayrıca vurğulayırlar. Birinci səviyyə qlobal miqyasda iki ölkənin maraqlarının toqquşması ilə bağlıdır.

Onun da iki aspekti qeyd edilir. Öncə, İsrail faktoru vurğulanır. Ekspertlər hesab edirlər ki, seçki kampaniyası zamanı İsrail lobbisi D.Trampa yardım göstərib, o da münasibətləri yeni səviyyəyə yüksəltməyə söz verib. Bununla bağlı MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev deyib: "Onun (D.Trampın – Newtimes.az) israillilərə verdiyi vədlər ola bilər..." (bax: Разделяй и властвуй: готова ли Москва дружить с Вашингтоном против Тегерана / "РИА Новости", 6 fevral 2017). Bu səbəbdən Vaşinqton İrana təzyiqləri artırır.

Digər aspekt İran-Rusiya, İran-Çin və Rusiya-Türkiyə münasibətləri ilə əlaqələndirilir. Bir sıra ekspert hesab edir ki, burada əsas faktor Moskva ilə Tehranın Suriyada əməkdaşlığından ibarətdir. Amerika iki ölkənin münasibətlərini pozmağa çalışır. Bu barədə ABŞ-ın "The Wall Street Journal" nəşri də yazmışdı. Rusiya EA Şərqşünaslıq institutunun əməkdaşı Boris Dolqova görə, "Amerika mətbuatının bu cür bəyanatlarına və Tramp administrasiyasının Tehranla Moskva arasına ixtilaf salmaq istəyinə ciddi yanaşmaq lazımdır" (bax: əvvəlki mənbəyə). Bununla yanaşı, Moskva İranın Amerika və İsrail üçün təhlükə olduğu fikrinin dəyişməsi üçün çalışmalıdır.

Bütövlükdə ekspertlərin rəyinə görə, Vaşinqton Türkiyə-Rusiya əlaqələrinə də İran məsələsi ilə bağlılıqda baxaraq, İranın regiondakı mövqeyini zəiflətmək üçün Ankara-Moskva əməkdaşlığına da zərər verməyə cəhdlər edir. Təbii ki, bu zaman İran-Çin münasibətlərini unutmaq olmaz. ABŞ iki ölkə arasında böyük maliyyəni nəzərdə tutan sazişin imzalanmasını unutmur. O cümlədən Pekinlə Tehranın Yaxın Şərqdə ortaq çalışa bilməsi ehtimalını nəzərə alır.

Bununla da birinci səviyyədə Amerika-İran münasibətlərinə mənfi təsir edə bilən faktorların az olmadığını görürük. Hər halda, ekspertlər bu qənaətdədirlər. Və burada gərginliyi yüksəltməkdə Vaşinqtonun daha çox maraqlı olduğu vurğulanır. Həmin kontekstdə D.Trampın İranın nüvə proqramı ilə bağlı əldə edilən müqaviləni "tarixdə ən pis saziş" adlandırması diqqətdən kənarda qalmamalıdır. Bu, qlobal geosiyasi səviyyədə Amerikanın İrana qarşı daha sərt mövqe tuta biləcəyinə işarədir.

İkinci səviyyə regional nüfuz uğrunda mübarizə ilə bağlıdır. ABŞ İranın regionun bir sıra dövlətlərinə – İraq, Bəhreyn, Suriya, Yəmən və Livana təsirinin artmasından narahatdır. Vaşinqton hesab edir ki, Tehran həmin dövlətlərdə terrora dəstək verir və hakimiyyəti öz xeyrinə işləməyə məcbur edir, bu zaman İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) və "Hizbullah"dan daha çox istifadə edir. Həmin səbəbə görə, ABŞ İranın fəaliyyətinə mane olmağa qərar verib. Bunun üçün Amerika MKİ başçısının keçmiş müavini Maykl Morellin bir neçə dəfə söylədiyi "İranı sərhədindən kənarda sıxışdırmaq lazımdır" tezisinə əsaslanmaq fikrindədir.

Bu, onu təsdiq edir ki, Amerika Yaxın Şərqin müxtəlif dövlətlərində Tehrana qarşı addımlar atmaqdan çəkinməyəcək. Bütövlükdə regionda gərginlik yüksələ və iki ölkənin hərbi toqquşması baş verə bilər. Burada hansı ssenarinin reallaşacağı haqqında dəqiq fikir bildirmək çətindir. Lakin ümumi əhval-ruhiyyə onu göstərir ki, ABŞ İranın regionun bir sıra ölkələrində nüfuzunu artırmasına əngəl törədəcək.

İrandaxili situasiya: həssas "nöqtələr"ə işarələr

Bunların fonunda Yaxın Şərq ölkələrinin ABŞ-İran qarşıdurmasına münasibəti maraqlıdır. İraq prezidenti Fuad Məsum "Press TV"-yə verdiyi müsahibədə xüsusi qeyd edib ki, İranla "qardaşlıq münasibətləri var" və həmin ölkə İraqa ciddi yardım edir. İraq xalqı iranlıları özlərinə çox yaxın bilir və İraq-İran münasibətlərinə xələl gətirilməsinə izn verməyəcəklər.

F.Məsum açıq ifadə edib ki, bir sıra Qərb dövlətləri – ABŞ, Böyük Britaniya, Fransa və s. İraqda hərbi məsləhətçi saxlaya bilirsə, İranın da buna haqqı var. Hətta İran İraqa daha yaxın olmalıdır. Beləliklə, Bağdad Vaşinqtonun təhriki ilə ölkədə İranın təsirini azaltmaq fikrində deyil (bax: Iraq not to let US harm Iran ties: President, www.presstv.ir, 12 fevral 2017).

"Hizbullah" rəhbərinin müavini Naim Qassem isə daha qabağa gedərək, Fars körfəzi ölkələrini Tehranı dəstəkləməyə çağırıb. O, bunun regionda sabitlik naminə zəruri olduğunu bildirib. N.Qassem bəyan edib: "Əgər Fars körfəzi ölkələri çiçəklənmək və öz kökləri üzərində yaşamaq istəyirlərsə, onlar İranla əməkdaşlıq etməlidirlər" (bax: Cooperation with Iran benefits Persian Gulf states: Hezbollah / www.presstv.ir, 12 fevral 2017). Onun sözlərinə görə, İran regionun bütün dövlətlərinə, o cümlədən Səudiyyə Ərəbistanına yardım əlini uzadıb, lakin ABŞ və İsrail həmişə buna mane olublar.

Göründüyü kimi, İran və ona yaxın olan qüvvələr Vaşinqtonun xəbərdarlıqlarını ciddiyə alıblar. Onlar əks-həmlə etməyə hazır olduqlarını ifadə etməyə çalışırlar. Lakin ekspertlər İranla bağlı başqa bir faktoru da vurğulayırlar. Üçüncü səviyyəyə aid olan bu amil İranın daxili vəziyyəti ilə bağlıdır. İran mövzusunda maraqlı yazıları ilə tanınan ekspert Aviqdor Eskin qeyd edir ki, Amerika İranın tarixən daxili ziddiyyətləri olan bir sıra faktordan yararlana bilər. Keçmiş MKİ əməkdaşı olmuş Robert Ber müsahibələrinin birində vurğulayıb ki, "əgər siz iranlını yaxşı silkələsəniz, onda tezliklə fars millətçisini tapa bilərsiniz" (bax: Вашингтон против Тегерана: кому на руку обострение отношений / "РИА Новости", 9 fevral 2017).

Ekspert İranda "farslarla azərbaycanlılar, farslarla kürdlər arasında ixtilaflar"ın olduğunu yazır və bunu Vaşinqtonun çox yaxşı bildiyini ifadə edir (bax: əvvəlki mənbəyə).

Nəhayət, ekspertlər İranın siyasi dairələrində də ziddiyyətlərin dərinləşdiyindən bəhs edirlər. Vladimir Yevseyev qeyd edir ki, bugünkü situasiyada Vaşinqtonla Tehran arasında gərginliyin artması çox həyəcanlıdır. Çünki İranda yazda prezident seçkisi olmalıdır. İslahatçı prezident Həsən Ruhani Əli Əkbər Haşimi Rəfsəncaninin ölümündən sonra xeyli zəifləyib. Əvəzində, İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) mövqeyi güclənib. Buna görə də "Həsən Ruhani yenidən seçilsə, daha mühafizəkar siyasət yeritməyə məcbur olacağı istisna deyil" (bax: Разделяй и властвуй: готова ли Москва дружить с Вашингтоном против Тегерана / "РИА Новости", 6 fevral 2017). Belə gedişat İranı ABŞ-la açıq konfrontasiyaya apara bilər.

Beləliklə, Amerika-İran qarşıdurması kifayət qədər təhlükəli faktorları aktuallaşdıra bilər. Yaxın Şərq və ətraf geosiyasi məkanlarda yeni gərginlik mənbələri meydana gələ bilər. O cümlədən lokal münaqişələrin alovlanması istisna deyil. Ancaq iki ölkə arasında normal münasibətləri formalaşdıra biləcək tendensiyalar da gözə dəymir. Deməli, dünya növbəti ixtilafa şahid ola bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...