THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Terrora qarşı milli səfərbərlik: Ankaranın yeni geosiyasi həmləsi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3169
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 fevral 2017 – Newtimes.az

Türkiyə Prezidenti terrorla mübarizədə yeni strategiyaya keçdiklərini bəyan edib. Artıq bu bəlaya qarşı bütün cəmiyyət mübarizə aparacaq. Güc strukturları bütün səlahiyyətlərindən istifadə edə biləcək. Yerli hakimiyyət orqanları isə hər evdə kimlərin yaşadığı və hansı işlərlə məşğul olması barədə məlumatlı olacaq. Siyasi qüvvələr də terror məsələsində birgə fəaliyyət göstərəcəklərini bəyan ediblər. Ekspertlər bu proseslərin regional və qlobal geosiyasətə necə təsir edə biləcəyi ilə bağlı təhlillər aparırlar. Burada Türkiyənin Yaxın Şərqdəki münaqişələrin həllində aktivliyini artırmasına xüsusi diqqət yetirirlər. Yekun qənaət olaraq, Ankaranın qərarlılıqla Suriya və İraq da daxil olmaqla geniş bir sahədə terrorla kəskin mübarizə aparacağından danışırlar. Bütün bunlar Türkiyə üçün hansı nəticələri doğura bilər? Bu məsələ ilə bağlı müəyyən proqnozlar vermək mümkündürmü?

Savaş strategiyası dəyişir: hər yerdə, hər zaman amansız mübarizə

İstanbulda qanlı terror hadisəsinin törədilməsindən sonra rəsmi Ankaranın bu bəla ilə mübarizəsi daha da güclənib. Bir tərəfdən həmin olaya bağlılığı ola biləcək insanlar məsuliyyətə cəlb edilir, digər tərəfdən isə terrorun kökünün kəsilməsi istiqamətində addımlar atılır. Maraqlıdır ki, bu proseslərdə artıq bütün Türkiyə cəmiyyəti aktiv iştirak etməyə başlayıb. Adi vətəndaşlardan tutmuş müxtəlif təşkilatlara qədər hamı sayıqlığını artırıb. Üstəlik, hakimiyyət terrorla mübarizədə keyfiyyətcə yeni bir mərhələyə keçdiyini bəyan edib. Bu, bütövlükdə Yaxın Şərq və ona qonşu olan regionlar üçün ciddi geosiyasi əhəmiyyəti ola biləcək faktordur. Qlobal səviyyədə də böyük dövlətlərin siyasi mövqeyinə təsir edə biləcək məqamdır. Bəs Türkiyə terrorla mübarizədə hansı strateji yenilik etməyə hazırlaşır?

Prezident Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Beştəpə köşkündə bölgə nümayəndələri ilə görüşdə bildirib ki, terrora qarşı milli səfərbərlik elan edir. O güc strukturlarına üz tutaraq "səlahiyyətlərinizdən sona qədər istifadə edin" deyib. Fəaliyyət taktikası da dəyişir – artıq Türkiyə terrorla mübarizədə müdafiə mövqeyindən hücuma keçir. Bu o deməkdir ki, harada olmasından asılı olmayaraq dövlətə təhlükə olacaqsa, oraya müdaxilə ediləcək. Onu vurğulayaq ki, bu cür fəaliyyətə əsasən böyük dövlətlərin imkanları olur. Məsələn, ABŞ və Rusiya xeyli vaxtdır ki, terrorla mübarizədə həmin taktikadan istifadə edirlər.

Türkiyə Prezidenti bu qərarını ölkənin böyük təhlükə ilə qarşı-qarşıya olması ilə əlaqələndirib. Rəcəb Tayyib Ərdoğanın fikrinə görə, hazırda vəziyyət İstiqlal Savaşı dönəmində olduğu qədər kritikdir. Yəni faktiki olaraq indi də böyük güclərlə savaş baş verir. Onlar Türkiyənin ərazi bütövlüyünü hədəf alıb, ölkə vətəndaşları arasında ayrı-seçkilik etməklə ölkəni parçalamağa çalışırlar. Bu mənada əsas düşmən PKK, İŞİD, FETÖ və digər terror qrupları deyil, onları Türkiyəyə qarşı istiqamətləndirənlərdir. Bununla Ankara rəsmi olaraq terrorla mübarizədə radikal qruplara himayə edənlərlə savaş mərhələsinə keçdiyini bəyan etmiş olur. Məhz həmin səbəbdən də bütün millətin terrorla mübarizəyə hazır olmasını istəyir. O cümlədən yerli hakimiyyət orqanları hər evdə kimlərin yaşadığını və hansı işlərlə məşğul olduğunu bilməlidir.

Artıq cəmiyyət R.T.Ərdoğanın bu bəyanatına reaksiya verib. Çankaya köşkündə Baş nazir Binəli Yıldırım müxalif liderlər Kamal Klıçdaroğlu və Dövlət Baxçalı ilə görüşüb. Siyasi liderlər terrora qarşı birləşmək barədə ortaq qərara gəliblər. Onlar mətbuat konfransı keçirərək, bu bəladan xilas olmaq üçün bütün imkanlardan istifadə edəcəklərini söyləyiblər. Türkiyə siyasi dairələrinin bu birlik mesajı ölkənin tək yumruq olaraq terrorla mübarizəyə hazır olması anlamına gəlir. Ekspertlər hesab edirlər ki, Türkiyə hakimiyyəti ilə cəmiyyəti vəhdət halında savaşmağa qadirdir.

Ekspertlərin diqqətini çəkən başqa əhəmiyyətli məqam Türkiyənin Suriya və İraqda da terrorla mübarizədə yeni addımlar atmağa başlamasından ibarətdir. Xüsusilə Hələb məsələsində Ankara təsirli tədbirlər görür. Rusiya və Türkiyə KİV-in yaydığı məlumata görə, Kreml bu məsələdə Türkiyə ilə razılaşmağın daha asan olduğunu düşünür. Bu barədə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin telefon danışığı olub. Xarici işlər naziri Mövlud Çavuşoğlu da rusiyalı və iranlı həmkarları ilə həmin məsələləri müzakirə edib. Artıq Hələbdən dinc əhalinin çıxarılması prosesi başlayıb, atəşkəs elan edilib.

Bundan başqa, bu ayın sonuna yaxın Hələb məsələsini Rusiya, Türkiyə və İranın müzakirə etməsi ilə bağlı razılıq əldə edilib. Ekspertlərin rəyinə görə, bunlar Türkiyənin Yaxın Şərqdə geosiyasi nüfuzunun yüksəlməsini ifadə edir. Özü də Qərbin böyük dövlətlərinin edə bilmədiyini reallaşdırmaq iqtidarında olan Ankaranın terrorla savaşda yeni uğurlar əldə edə bilməsinə yeni imkanlar yaradan bir fəaliyyətdən söhbət gedir.

Müstəqil geosiyasi güc: Ankara mövqeyini ortaya qoyur

Bəs Türkiyənin terrorla mübarizədə milli səfərbərlik elan etməsinin qlobal geosiyasi dinamikaya hansı təsirləri ola bilər? İndi analitiklər məsələnin bu tərəfini təhlil etməyə çalışırlar. Yanaşmalar müxtəlifdir. Bir sıra ekspertlər Türkiyənin Qərblə daha kəskin şəkildə qarşı-qarşıya gələcəyini və bundan ziyan görəcəyini proqnozlaşdırırlar. Onlar hesab edirlər ki, ölkənin müdafiə və təhlükəsizliklə bağlı problemləri daha çox ABŞ və Avropa ilə əlaqəlidir. NATO-nun üzvü kimi Türkiyə onlardan həm silah alır, həm də təhlükəsizliyin strateji aspektlərində əməkdaşlıq edir.

Digər yanaşmaya görə isə, məsələni bu cür bəsit təqdim etmək doğru deyil. Burada əsas arqument ondan ibarətdir ki, birincisi, bütövlükdə dünya sürətlə dəyişir. Cəmi 1-2 il bundan əvvəl olan şərait yeniləşib. İndi fərqli qlobal dinamika vardır. Rusiyanın yeni xarici siyasət strategiyasını müəyyənləşdirməsi deyilənlərin əyani sübutudur. Moskva 2013-cü ildə qəbul edilmiş strategiyanı çevik dəyişdiyinin səbəblərini açıqlayıb.

İkincisi, Qərbin Türkiyəyə olan münasibətində bir sıra ciddi problemlərin olduğu ortaya çıxdı. Aydın oldu ki, sözdə dostluqdan danışanlar gizli olaraq terror qruplarını Türkiyəyə qarşı hazırlayırmış, bu ölkəni parçalamaq və özündən tam asılı vəziyyətə salmaq üçün müxtəlif planlar qururmuş. Bu ilin yayında dövlət çevrilişinə olan cəhd bu prosesin son nöqtəsi oldu.

Üçüncüsü, Türkiyə son illər sürətli inkişaf edərək, əsas sahələrdə kənardan olan asılılığını xeyli azalda bilib. Xüsusilə müdafiə sahəsində uğurlar əldə edib. Paralel olaraq, ölkənin iqtisadi sistemi dayanıqlığını göstərib. Türkiyənin sosial-iqtisadi inkişafı sabit templə davam edir. Kənar təsirlərə baxmayaraq, türk iqtisadi-maliyyə infrastrukturu müstəqil inkişaf etmək qabiliyyətini nümayiş etdirir. Bu o deməkdir ki, Türkiyə iqtisadiyyatı böhran və ekstremal vəziyyətlərdə belə öz yaşarılığını saxlaya bilir. Bu dövlət özünü tam təmin edə bilən infrastruktura malikdir. Həmin keyfiyyətdə də dünyanın böyük dövlətləri arasında öz layiqli yerini tutmaqdadır. Deməli, söhbət qlobal geosiyasətdə öz sözünü deyə bilən Türkiyədən gedir. Bu ölkənin inkişaf dinamikası onun dünyada müstəqil güc olmaq iqtidarını göstərməkdədir.

Bütün bunlar birinci versiya müəlliflərinin reallığı görə bilmədiyini, yaxud Türkiyəyə qarşı qərəzli mövqedən çıxış etdiklərini təsdiqləməkdədir. Türkiyə Yaxın Şərqdə öz müstəqil sözünü deyən və onu həyata keçirə bilən dövlətdir. Deməli, Rusiya və İran onunla yalnız bərabərhüquqlu tərəfdaş kimi razılıq əldə edə bilərlər. Burada Ankaraya kiminsə nəyi isə diqtə etməsi mümkün deyildir. Bu aspektdə də Qərbdə qaldırılan hay-küyün heç bir əsası yoxdur – Türkiyə heç bir tərəfə meyl etməyib, sadəcə, öz maraqlarına uyğun müstəqil addımlar atır.

Beləliklə, Türkiyənin beynəlxalq terrora qarşı milli səfərbərlik elan etməsi geniş geosiyasi təsiri ola biləcək bir hadisədir. Artıq Yaxın Şərqdə daha ciddi gücə malik bir böyük dövlətin meydanda olduğunun fərqinə varılmalıdır. O, tək deyil, yanında dost və qardaş ölkələr də yer alıb. Və əsas məqsəd çoxdandır böyük dövlətlərin itirdiyi ədalət hissini bərpa etməkdən ibarətdir. Şübhə yoxdur ki, Türkiyə və dostları bu vəzifənin öhdəsindən gələcəklər.

Həm də ona görə ki, dünyada haqqı tapdamaq heç zaman qalib olmaq anlamına gəlmir. Yalnız haqq-ədalət tərəfdarları son nəticədə qalib olurlar. Dünyanın varlığı bu prinsip üzərində qurulub. Məhz həmin səbəbdən də qaliblər sırasında mütləq Azərbaycan da yer alacaq. Azərbaycan Cənubi Qafqazda haqqın, ədalətin, sivil inkişafa xidmət edən əməkdaşlıq formatlarının carçısıdır.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...