THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

BMT-nin yeni dünya nizamının formalaşmasında rolu: "postböhran" mərhələyə keçid

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4902
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 yanvar 2017 – Newtimes.az

Xülasə: Məqalədə müasir mərhələdə qlobal miqyasda müşahidə edilən geosiyasi trendlərin təhlili verilir. Bu kontekstdə yeni dünya nizamının formalaşması perspektivləri araşdırılır. Hazırda mövcud olan və qlobal düzənin transformasiyasına əngəl törədən paradoksal faktorlar nəzərdən keçirilir. Onların sırasında regional münaqişələrin yaratdığı təhdidlər və risklərin nəzəri analizi aparılır. Bütövlükdə bu proseslərin dünyada geosiyasi böhranı dərinləşdirdiyi ifadə edilir. Yaranmış vəziyyətdən çıxış yolu kimi beynəlxalq təşkilatların, ilk növbədə BMT-nin indiki dövrdə rolu və funksiyasının təkmilləşdirilməsi aspektinə diqqət yetirilir. Bu prizmadan BMT-də islahatlar aparılmasının yeni dünya nizamının formalaşmasında zəruri şərt olduğu əsaslandırılır. Bütövlükdə dünyanın "postböhran" mərhələyə uğurlu keçidinin BMT-dəki islahatlardan birbaşa asılı olduğu haqqında tezis irəli sürülür.

Siyasətçilər, alimlər, analitiklər və ekspertlər dünyanın yeni geosiyasi nizama ehtiyacının olduğunu həmişə vurğulayırlar. XXI əsrin əvvəllərindən etibarən qlobal miqyasda müşahidə edilən müxtəlif təhlükəli proseslərin fonunda bu, tamamilə təbii görünür. Qlobal problemlər adlanan və sayı getdikcə artan bir sıra neqativ trendlər bəşəriyyətin mövcudluğunu belə şübhə altına almaqdadır. Buna görə də bütün dövlətləri qane edə bilən və beynəlxalq hüquq üzərində qurulan geosiyasi düzən yaradılmalıdır. Zorakılıq, terror, ikili standartlar, yoxsulluq, aclıq, hüquq pozuntuları, heç olmasa, minimuma endirilməlidir. Bütövlükdə bəşəriyyət bu vəzifəni yerinə yetirməlidir. Ancaq, maraqlı olduğu dərəcədə həm də qəribədir ki, dünya həmin keçidi reallaşdıra bilmir. Bu prosesdə zəif cəhətlərdən birinin beynəlxalq təşkilatlara, ilk növbədə BMT-yə üstünlük verilməməsindən ibarət olduğunu düşünürük. Nəzəri olaraq BMT-nin rolu və əhəmiyyətini hər kəs qəbul edir. Lakin konkret işə gəldikdə, meydana müəyyən maneələr çıxır. Xilas yolu varmı? Tədqiqatçılar bu barədə hansı fikirdədirlər?

Beynəlxalq münasibətlər sisteminin transformasiyası: tarixin sifarişi

Beynəlxalq münasibətlər mövzusuna həsr edilmiş tədqiqatların böyük əksəriyyətində qlobal geosiyasi nizamın böhran keçirdiyi və onun yeniləşməsinə ehtiyacın yarandığı vurğulanır. Bu zaman mütəxəssislər, bir qayda olaraq, "yeni dünya nizamı" ifadəsindən istifadə edirlər. Həmin terminin konkret nəyi əks etdirdiyi haqqında da kifayət qədər tutarlı tezislər mövcuddur. Burada əsas məqamlardan birini mövcud beynəlxalq münasibətlər sisteminin müasir tələblərə daha təkmil cavab verən sistemə transformasiya olunması təşkil edir.

Həmin transformasiya konkret olaraq hansı məzmunda olmalıdır? Universal səviyyədə mütəxəssislər "liberal dünya nizamı"nın formalaşmasına vurğu edirlər. Yəni transformasiya dedikdə, söhbət faktiki olaraq liberal dəyərlərin dominantlıq etdiyi beynəlxalq münasibətlər sisteminin yaradılmasından gedir. Lakin indiyə qədər liberal dünya nizamı vardı. Deməli, əsas vəzifə XXI əsrin çağırışları və mövcud geosiyasi problemlər kontekstində yeni məzmun çalarları olan dünya düzəni formalaşdırmaqdan ibarətdir.

Yeri gəlmişkən, onu vurğulayaq ki, geosiyasi nəzəriyyələr tarixində liberal dünyagörüşünü qəbul etməyən yanaşmalar da mövcud olub. Məsələn, konservativ siyasi nəzəriyyə nizamlılıq və anarxiyaya fərqli izah verir. Xaotik vəziyyətdən xilas olmağın başqa həllini təklif edir. Burada əsas prinsip sosial mühitin dinamikasında ənənə ilə yeniliyin realist (konservatorlara görə, "realist" – müəllif) nisbətinin gözlənməsidir. Reynhold Nibur həmin bağlılıqda yazır ki, beynəlxalq münasibətlər də daxil olmaqla sosial mühit "rasional" eksperimentlərə uyğun gəlmir, çünki o, "çox mürəkkəbdir" [1, s. 4].

Bu yanaşmada sürətli, sıçrayışlı və deməli, "rasional-inqilabi" dəyişiklik əvəzinə tədrici, sistemli, praqmatizmlə ənənənin sintezini özündə birləşdirən yeniləşməyə üstünlük verilir. Burada həmin üsulun xaosun ram edilməsində liberal yanaşmadan daha səmərəli olduğuna inam var. Bu zaman əsas metodoloji prinsip kimi hələ Hans Morgentaunun ciddi surətdə üstünlük verdiyi tarixi ənənənin yavaş və tədrici dəyişmə tezisi çıxış edir. H.Morgentau vurğulayırdı ki, sosial-siyasi institutlar kültür mühitinə bağlıdırlarsa və onları bu keyfiyyətdə sürətlə dəyişmək mümkündürsə, tarixi ənənələr əsrlərlə qala bilir. Buna elmdə "antropoloji pessimizm" də deyilir [2, s. 51-52].

Lakin müasir mərhələdə dünyanın yeni liberal düzənə keçidinin nəzəri aspektləri mütəxəssislər tərəfindən kifayət qədər geniş işlənib. Burada əsas nəzəri və metodoloji prinsiplər müəyyənləşib. Amma onlar nədənsə praktiki tətbiq olunmur. Səbəb nədir? Bir neçə arqument gətirilir. Məsələn, bəzi analitiklər realpolitiklə neokonservatizmin sintezini yaratmağın lazım gəldiyini vurğulayırlar. Başqa yanaşmada geosiyasi aspektdə universal konsensusun formalaşdırılması zərurəti irəli sürülür. Digər baxış bucağında isə "yumşaq güc", "ağıllı qüvvə" və s. bu kimi yeni nəzəri terminologiyadan istifadə etməklə universal qaydaların müəyyənləşdirilməsindən bəhs edilir.

Bu mövzuya həsr edilmiş tədqiqat işlərinin birində dünya nizamının transformasiyasının ümumi cəhətləri barədə maraqlı tezis vardır. "Beynəlxalq Məsələlər üzrə Rusiya Şurası"nın (orijinal adı – РСМД) hazırladığı analitik-elmi məruzədə vurğulanır ki, "yaranmış ziddiyyətlərin kəskinləşməsi riski dünya nizamının dinamikasının xarakteri ilə müəyyən olunur" [3, s. 5]. Müəlliflər bu ümumi tezisin daha konkret nəzəri izahını belə verirlər ki, "böhran situasiyası riski dinamika xaotik xarakter aldıqda və ya yüksək intensivliklə dəyişdikdə, əhəmiyyətli dərəcədə artır". Buna təsir edən faktorlar sırasında ehtiyatlar qıtlığının yaranmasını, resurs məhdudiyyətinin təzyiqinin artmasını göstərmək olar. Nəticədə, dinamikanın xaosu baş verir ki, bu da qeyri-müəyyənliyin artmasına aparıb çıxarır. Sonucda, bütövlükdə sistem dayanıqsız hala gəlir. Qeyri-müəyyənliyin və dayanıqsızlığın siyasi nəticəsi isə "dünyanın aparıcı güc mərkəzləri arasında münasibətlərdə təhlükəsizlik dilemmasının kəskinləşməsi" olur [3, s. 5].

Mütəxəssislər problemin bu aspektini kifayət qədər ciddi hesab edirlər. Onlar Qərblə Şərq arasında əksər fundamental məsələlərdə fikir ayrılığının olmasını vurğulayırlar. Bu kontekstdə İ.İvanovun analizi çox maraqlıdır. Təcrübəli diplomat və Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor İqor İvanov yazır ki, Rusiya ilə Avropa arasındakı münasibətlər dalana dirənib. "Böyük Avropa" ideyasının iflası "kütləvi məyusluq və bədbinlik əmələ gətirib ki, bunu da cəmi bir neçə il əvvəl təsəvvür etmək belə mümkün deyildi" [4].

Fərqli yanaşmalar: müasir tələblər və ümumi problemlər

Bunun səbəbi Avro-Atlantika ilə Avrasiyanın "sərt qarşıdurma"da olmasından qaynaqlanır ki, onun da təməlində əməkdaşlıqdakı qeyri-müəyyənlik dayanır [4]. Deməli, müəllifə görə, dünyanın super geosiyasi gücləri arasında ziddiyyətlərin uzun illərdir mövcud olmasına baxmayaraq, faktiki olaraq heç nə dəyişməyib. Sərt qarşıdurma qalır, lakin XXI əsr yeni münasibətlər sisteminin yaradılmasını tələb edir. İ.İvanova görə, hazırda yeni şərtlərlə mövcud əməkdaşlıq modeli arasında uyğunsuzluq davam etməkdədir. Bu da praktiki olaraq daha uyğun dünya düzəninə transformasiyanı əngəlləməkdədir.

Beləliklə, bir daha aydın olur ki, burada ifadə edilən fikirlər prizmasından yuxarıda gətirdiyimiz fərqli yanaşmalar məhz böyük güclərin təhlükəsizlik məsələsində dilemma qarşısında qaldıqlarını göstərir. Müxtəlif üsullarla, mövcud nəzəriyyələrin sintezinə nail olmaqla yaranmış vəziyyətdən xilas olunmağa çalışılır. Burada əsas təsiredici faktor isə resurs çatışmazlığı fonunda böyük güclərin öz maraqları uğrunda savaşa girişməsindən ibarətdir.

Ancaq yenə də bir neçə suala cavab tapmaq gərəkdir: bütün bu maraqlı yanaşmaların hansı mexanizmlərlə praktiki tətbiqinə nail olmaq mümkündür? Bəlkə heç çıxış yolu yoxdur? Tarixi təcrübəyə müraciət etmək faydalı olardımı? Beynəlxalq münasibətlər sisteminin yaxın tarixinə nəzər saldıqda, görürük ki, "Avropa millətlər konserti", Millətlər Liqası və BMT-nin meydana gəlməsinin əsasında konkret ümumi ideoloji və siyasi prinsiplər dayanıb. Onların hamısını birləşdirən bir ümumi tezis olub: dünya miqyasında sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı təmin etmək üçün kollektiv təhlükəsizlik sistemi yaratmaq gərəkdir.

Məsələnin bu müstəvidə təhlili təsdiqləyir ki, kollektiv təhlükəsizlik sisteminin özünün transformasiyası qlobal səviyyədə mövcud olan əsas təhlükəsizlik prinsiplərinin məzmununun yeniləşməsindən asılıdır. Eyni zamanda, bu kontekstdə mütəxəssislər bir aktual suala da cavab tapmağa çalışırlar. Məsələ ondan ibarətdir ki, daimi kollektiv təhlükəsizlik sistemini formalaşdırmaq, əbədi və dəyişməz sabitliyi təmin etmək, mütləq təhlükəsizliyə nail olmaq imkansızdır. Çünki reallıqda dünya nizamını dəyişməz beynəlxalq hüquq və institutlar deyil, əsas geosiyasi oyunçuların güc potensiallarının nisbəti müəyyənləşdirir [5, s. 102-120].

Burada "güc" sözü geniş anlamda işlədilir. Ona hərbi, iqtisadi və insan ehtiyatı ilə yanaşı, ideyanın təsir imkanı, informasiyanın (təbliğatın) yayılması mexanizmləri də daxildir. Britaniyalı tarixçi, politoloq və diplomat Edvard Karr XX əsrin ikinci yarısından başlayaraq beynəlxalq münasibətlərdə hərbi və iqtisadi faktorlarla yanaşı, informasiyanın da aparıcı rol oynadığını xüsusi qeyd edib [5, s.102-120 və 120-130].

Bu şərtlər daxilində dünya nizamında daimi sabitliyi təmin etmək absurddur, burada yalnız qüvvələrin nisbi balansından söhbət gedə bilər. Daha konkret ifadə etsək, qlobal düzəni və təhlükəsizliyi saxlamağın başlıca üsulu dünyaya ağalıq etmək istəyənlərin qarşısını almaqdan, onların fəaliyyətlərini qəbul edilmiş hüquqi, siyasi və ideoloji-informativ çərçivəyə salmaqdan ibarət ola bilər. H.Morgentau yazır ki, "...realist cərəyan üçün beynəlxalq siyasətin vacib suallarından biri müasir dünyanın necə transformasiya ola bilməsindən ibarətdir. Realistlər əmindirlər ki, belə bir transformasiya siyasətə təsir edə bilən qüvvələrin ustalıqla tənzimlənməsi yolu ilə mümkündür" [6, s. 79].

Ancaq burada bir məqam da vardır. Beynəlxalq münasibətlərdə əksər hallarda dövlətlər başqaları tərəfdən olan qorxu hissinə görə hərəkət edirlər. Onlar arasında əməkdaşlıq üçün daha çox əsas olduğu halda, bu qorxu, yaxud, yumşaq desək, çəkincəklik intriqalara yol açır. Buna nəzəriyyədə "Hobbs qorxusu" deyirlər ki, bu da ingilis filosofu Tomas Hobbsun "insan insana təbiətən canavardır" tezisindən irəli gəlir Bir sıra müasir tədqiqatçıların işlədiyi "təhlükəsizlik dilemması konsepsiyası" həmin tezisə əsaslanır [7, s. 1-18].

Nəhayət, qlobal geosiyasi nizamlılıq baxımından daha bir maraqlı elmi-nəzəri yanaşmanı vurğulamaq istərdik. Biz, Kennet Uoltsun neorealizmini nəzərdə tuturuq. Onun yanaşmasında konservatizm və realizmin normativ prinsipləri sistem-struktur əsasa gətirilib. Bu müstəvidən çıxış edərək K.Uolts müasir empirik politologiyanın tələblərinə cavab verən nəzəriyyə formalaşdırıb. Nəticədə, "sistem-analiz" anlayışından istifadə edən və yeni izah aparatına malik konsepsiya meydana gəlib.

Bizi maraqlandıran problem baxımından K.Uoltsun yanaşmasında mühüm məqam beynəlxalq münasibətlər sisteminin konkret ölkənin xarici siyasətinə təsiridir. Onun mövqeyincə, həmin təsir hətta ölkənin daxili siyasətindən belə üstündür. Onda belə çıxır ki, beynəlxalq münasibətlər sistemində baş verə biləcək ciddi dəyişikliklər bu və ya digər dərəcədə böyük dövlətlərin də xarici siyasətinə təsir etməlidir. Buradan yeni dünya nizamının formalaşması şansının az olmadığı qənaəti alınır. Yəni, yeni dünya düzəni əsas geosiyasi güclərin qüvvələr nisbətindən asılı olduğu kimi, əks-əlaqə də mövcuddur. Bu çərçivədə beynəlxalq təşkilatların həmin prosesdə əhəmiyyətli rol oynadığı aydın görünməkdədir [8, s. 17-40].

Yuxarıda vurğulanan məqamları da nəzərə aldıqda, aşağıdakı tezis kifayət qədər maraqlı və aktual görünür. Belə ki, "Valday" klubunun tədqiqatçıları yazırlar: "Qərbmərkəzli dünya nizamı mütləq deyil, islahatlar üçün şans saxlanılır" [9, s. 2].

İdeoloji fərqlər və reallıq: yeni balans axtarışları müstəvisində

Bunun üçün böyük güclər arasında yeni qüvvələr balansı yaradılmalıdır. Onun əsas əlamətlərindən biri isə "qeyri-universal dünya qaydalarının müəyyənləşdirilməsidir" [9, s. 2]. Problemin digər tərəfi isə ideoloji məqama bağlıdır. Belə ki, dünya miqyasında iki əsas anlayışa fərqli yanaşma vardır. Onlardan biri "azadlıq", digəri isə "ədalət"dir. Hesabat müəllifləri vurğulayırlar ki, "qlobal səhnədə "azadlıq" və "ədalət" anlayışları arasında getdikcə daha çox fərqlər gözə çarpır: bunlardan birincisi Qərb cəmiyyətinin əldə etdiyi bayraqdır, ikincisi isə yüksəlməkdə olan qeyri-Qərb dövlətlərin şüarıdır" [9, s. 4].

Belə çıxır ki, ideoloji müstəvidə ciddi fikir ayrılığı mövcuddur. Bir tərəfdən, dünyada liberal nizamın bərqərar olmasını sanki bütün rəqib tərəflər qəbul edir. Digər yandan isə, buna praktiki nail olmaq üçün ortaq ideoloji sahə müəyyənləşdirmək mümkün olmur. Qərb dövlətləri "azadlıq" anlayışından, aparıcı qeyri-Qərb ölkələri isə "ədalət" anlayışından çıxış etməyə üstünlük verirlər. Məsələ də bu prinsipial ideoloji konsept ətrafında fikir ayrılıqlarının dərinləşməsindədir.

Buna baxmayaraq, mütəxəssislər əmindirlər ki, beynəlxalq münasibətlərdə xaosun artması və idarəsizliyin güclənməsi sonsuza qədər davam edə bilməz. Böyük dövlətlər qrupunun yeni balansına əsaslanan dünya strukturu formalaşmalıdır. Yeni balans isə "soyuq müharibə" illərindən fərqli meyarlara söykənməlidir. Burada əsas yenilik bütün dövlətlərin "qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyətində olmasını" qəbul etməkdən ibarət olmalıdır [9, s. 8-9].

Maraqlı və düşündürücüdür ki, bütün bunları həm Qərbdə, həm də Şərqdə çox yaxşı anlayırlar. Yeni dünya nizamından, qaydalardan, yanaşmalardan bəhs edilir, lakin onları konkret reallaşdırmağın əlamətləri görünmür. Əksinə, indiki vəziyyəti mütəxəssislər "yeni qaydalar, yaxud qaydasız oyunlar" kimi qeyri-müəyyən ifadələrlə xarakterizə edirlər [10].

Bütün bunlara baxmayaraq, yeni dünya nizamını formalaşdıra biləcək prinsiplərin axtarışı davam edir. Bunu obrazlı olaraq, "qlobal yenidənqurma", yaxud "yeni postböhran normallığı" axtarışı da adlandırmaq olar [11]. Hər bir halda çoxqütblü dünyada universal qaydaları formalaşdırmaq mümkün deyilsə, qarşılıqlı əlaqəni və asılılığı təmin edə biləcək əməkdaşlıq formatı müəyyənləşdirmək qaçılmazdır. Dəqiq desək, müxtəlifliyi, dövlətlərin müstəqilliyi və suverenliyini saxlamaqla onların ortaq fəaliyyətini təmin edən beynəlxalq mexanizm işlənməlidir. Bunun əsas qarantı isə BMT başda olmaqla beynəlxalq təşkilatlar ola bilər. Mütəxəssislər bu fikri qəbul edirlər. "Valday" diskussiya klubu analitikləri yazırlar: "Çoxqütblü dünyanın formalaşması BMT-yə yeni nəfəs verə bilər, çünki legitimlik və təmsilçilik səviyyəsinə görə başqa beynəlxalq təşkilat yoxdur, ola da bilməz" [10, s. 14].

Bu kontekstdə onu da vurğulayaq ki, BMT-dən əvvəlki iki beynəlxalq təşkilatda kollektiv təhlükəsizlik məsələsi yalnız ideya formasında mövcud idi, onun konkret reallaşma mexanizmi yox idi. Məsələ yalnız BMT-də konkret orqanın timsalında öz ifadəsini tapdı. Bu, Birləşmiş Millətlərin Təhlükəsizlik Şurası idi. BMT-nin kollektiv təhlükəsizlik məsələləri ilə məşğul olan digər yardımçı orqanları faktiki olaraq bu başlıca struktur elementinə əlavələrdir.

Bütün bunların fonunda aşağıdakı sualların aktuallığını inkar etmək doğru olmazdı: Yeni dünya nizamının formalaşmasında bu mexanizmdən imtina etmək lazımdırmı? Konkret desək, BMT-də işlənmiş qaydalardan kənarda əlavə tənzimləmə mexanizmlərinə ehtiyac varmı? Yoxsa BMT TŞ-nin işini daha təkmil etmək yetərli ola bilər?

Ziddiyyətlər və ümidlər: qlobal düzən BMT-nin potensialı fonunda

Bu suallara birmənalı cavab vermək çətin olsa da, mütəxəssislərin böyük qismi BMT-də islahatların aparılmasının vacib olduğunu vurğulayırlar [12]. Səbəb isə ondadır ki, BMT-nin Nizamnaməsində kollektiv təhlükəsizliyin universal sistemi təsbit edilib. İkinci dünya müharibəsindən sonra – 1991-ci ilə qədər məhz bu sistem vasitəsilə dünyada bir çox münaqişələrin qarşısını almaq mümkün olub.

O da həqiqətdir ki, həmin dövrdə BMT bir sıra hallarda problemlərin həllinin öhdəsindən gələ bilməyib. Məsələn, İsrail-Ərəb qarşıdurması hələ də davam edir [bax: bu problemin elmi tədqiqi – [13]]. Üstəlik, başqa regionlarda da münaqişələr meydana gəlib ki, onların da həllinə hələ nail olunmayıb. Bu sırada Cənubi Qafqaz münaqişələrinin aradan qaldırılmasında BMT-nin göstərdiyi qətiyyətsizliyi xüsusi vurğulamaq istərdik. Çünki məhz Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə BMT lazımi təpkini göstərib, təcavüzkarı yerində oturtmur. Halbuki onun Nizamnaməsində həmin vəzifəni yerinə yetirmək üçün bütün imkanlar göstərilib.

Ancaq BMT-nin kollektiv təhlükəsizlik sisteminə alternativ model də mövcud deyil. Xüsusilə söhbət liberal dünya nizamından, zorakılığın, terrorun, narkoticarətin və dövlət səviyyəsində təcavüzkarlığın olmadığı bir beynəlxalq mühitdən gedirsə, BMT TŞ-nin kollektiv təhlükəsizlik sistemi daha uyğun görünür. Təbii ki, bir şərtlə – orada müasir tələblərə uyğun yeniliklər aparılsın!

Analitiklər və alimlər yeni dünya nizamının formalaşmasında BMT-nin həlledici və aparıcı rol oynamalı olduğunu şərtləndirən faktorları müəyyənləşdirirlər. Maraqlıdır ki, bu kontekstdə BMT-nin beynəlxalq münasibətlərin idarə edilməsinin və tənzimlənməsinin universal aləti kimi yaradıldığı xüsusi vurğulanır.

Rusiyalı mütəxəssis V.L. Oleandrov həmin aspektdə yazır: "BMT ideologiyası ümumdünyəvi idi. Hesab edilirdi ki, dünya artıq ayrı-ayrı regionların cəmi deyil, vahid bir tamdır. Hərçənd, nəzərdə tutulurdu ki, hər bir regionun öz maraqları və özəllikləri mövcuddur. Dünyanın bütün dövlətləri sülh şəraitində cərəyan etməli olan ortaq inkişaf taleyi olan və ümumi beynəlxalq hüquq qaydaları ətrafında birləşmiş xalqların ailəsi kimi nəzərdən keçirilirdi" [14, s. 67-68].

O fikirlərini inkişaf etdirərək onu da vurğulayır ki, BMT XXI əsrin astanasında dövlətlərarası münasibətlərdə dünya mədəniyyətinin ən yüksək nailiyyətidir və "beynəlxalq münasibətlərin bəşəriyyətin bütün xalqlarını və dövlətlərini birləşdirən ən səmərəli idarəetmə mexanizmlərinə malikdir" [14, s. 69-70].

Deməli, BMT-nin yeni dünya nizamının formalaşdırılmasında aparıcı rol oynaması üçün bütün hüquqi, siyasi və idarəetmə imkanları mövcuddur. Ancaq onun bu funksiyanı yerinə yetirməsi üçün qarşısında duran müəyyən əngəllər də vardır. Bu sırada daha çox BMT TŞ-nin daimi üzvlərinin fəaliyyət prinsipi qeyd olunur. Məsələn, Andrey Kortunov bununla bağlı yazır: "BMT TŞ-nin rolu onun daimi üzvlərinin ən vacib məsələlər üzrə xroniki olaraq razılaşa bilməməsi şəraitində çətin ki, artsın" [15].

Vurğulananlar yeni dünya nizamının formalaşmasında paradoksal situasiyanı ortaya qoyur. Bir tərəfdən, bütün dövlətlər anlayırlar ki, mövcud qlobal düzən yeniləşməli və dünyanı bürüyən müxtəlif xarakterli təhlükələrin qarşısı alınmalıdır. Digər tərəfdən, bunu həyata keçirmək üçün BMT kimi beynəlxalq təşkilatların fəaliyyətinin yeni səviyyəyə yüksəldilməsi zərurətini görməmək mümkün deyildir. Ancaq məhz BMT-nin bu prosesdə aparıcı rol oynamasının qarşısı kəsilir. Özü də bu, daha çox bu təşkilatda həlledici rol oynayan böyük dövlətlər tərəfindən edilir.

Yaranmış bu ziddiyyətli durumdan xilas yolu hələ məlum deyil. Çünki BMT TŞ-nin daimi üzvlərinin başı dünya liderliyi uğrunda amansız mübarizəyə qarışıb. Bir sıra hallarda bu yarış beynəlxalq hüququn bütün çərçivələrini aşaraq, əsl savaş məzmunu kəsb edir. ABŞ, Böyük Britaniya, Rusiya, Çin və Fransa hüquqa əməl etməkdə başqalarına nümunə olmaq əvəzinə özləri onu pozurlar. Nəticədə, BMT-nin missiyasına şübhələr yaranır, onun səmərəsiz təşkilat olması barədə fikirlər ortaya çıxarılır. Bəşəriyyət sanki özünün oturduğu sabitlik və inkişaf "budağını baltalayır". Lakin paradoksdur ki, mütəxəssislər xilas yolunu başlıca olaraq BMT-də islahatların aparılmasında görürlər. Rusiyalı alim T.V. Qoverdovskaya bu mənada vurğulayır: "Təşkilat sürətlə dəyişən dünyadan geridə qalmamalıdır. Təhlükəsizlik Şurası isə XXI əsrdə BMT-nin ürəyi olmaqda davam etməlidir" [12, s. 5]. Bununla yanaşı, tədqiqatçı onu da diqqətə çatdırır ki, indiyə qədər elə hallar olub ki, BMT TŞ "münaqişələrin həllindən özünü kənarlaşdırıb" [12, s. 5]. Deməli, bu qüsura baxmayaraq, o, yeni dünya nizamının formalaşmasında aparıcı rolu BMT-nin oynaya biləcəyinə inanır.

Buna görə də tədqiqatçı alim belə fikir irəli sürür ki, "BMT TŞ-də islahatlar kollektiv təhlükəsizlik sisteminin dirçəldilməsinin zəruri şərtidir" [12, s. 9]. Bizcə, fikir aydındır: dünyanın yeni düzənində kollektiv təhlükəsizlik sistemi mərkəzi rol oynamalıdır və onun təmin edilməsinin yolu BMT TŞ-dəki islahatlardan keçir. Etiraf edək ki, maraqlı və düşünməyə təhrik edən tezisdir. Siyasətçilərin bu nəzəri müddəanın reallaşması istiqamətində fəaliyyət göstərmələri dünya üçün faydalı olardı.

Onu xüsusi qeyd edək ki, BMT TŞ-də islahatlar kollektiv təhlükəsizliyi təmin etmə mexanizmi kimi kompleks formada struktur-funksional çərçivədə aparılır. Bunun üçün tədqiqatçılar müasir kollektiv təhlükəsizlik sistemi konsepsiyalarının əsas istiqamətlərini müəyyənləşdirir və həmin istiqamətdəki yanaşmaları araşdırırlar. Həmin kontekstdə BMT TŞ-nin regional təhlükəsizlik sistemləri ilə səmərəli qarşılıqlı təsirləri təhlil olunur [16]. Maraqlıdır ki, tədqiqatçılar Təhlükəsizlik Şurasının silahlı münaqişələri hələlik hərtərəfli, kompleks şəkildə qiymətləndirə  bilmədiyini ayrıca vurğulayır, bunu "vahid qəbul edilmiş anlayışlar aparatının olmaması" ilə izah edirlər [16, s. 13].

BMT-də islahatlar kontekstində tədqiqatçıların önə çəkdiyi digər maraqlı məqam bu təşkilatın universal tənzimləmə mexanizmlərini işləməli olmasından və ona hüquqi məzmun verməsindən ibarətdir. Çünki hazırda mövcud olan qaydalar bir sıra problemlər meydana gətirir [17, s. 2-3]. Deməli, yeni elə mexanizm işlənməlidir ki, bütün üzv dövlətlər onu qəbul edib əməl etsinlər.

Nəticə

Beləliklə, yeni dünya nizamının formalaşması perspektivi kifayət qədər mürəkkəb geosiyasi nəzəri və praktiki-diplomatik məqamlarla sıx bağlıdır. Hazırda mövcud olan nəzəri yanaşmalar prizmasından yeni düzənin meydana gəlməsi bir zərurət kimi görünür. Hərçənd, onun konkret mexanizmləri ilə bağlı təsəvvür fərqlidir. XX əsrdə meydana gəlmiş nəzəri konstruktlar artıq müasir tələblərə tam cavab verə bilmir. Bu səbəbdən geosiyasətdə ideya transformasiyasına ciddi ehtiyac duyulmaqdadır. Həmin müstəvidə mütəxəssislər bu prosesi səmərəli təmin etmə mexanizmi kimi daha çox beynəlxalq təşkilatlara üstünlük verirlər.

Bu baxımdan ilk növbədə BMT-nin potensialının yüksək olduğu vurğulanır. Ancaq o da həqiqətdir ki, hazırda BMT-nin ciddi islahatlara ehtiyacı vardır. Bu mənada yeni dünya nizamının taleyi müəyyən aspektlərdə BMT-də aparılacaq islahatlardan asılıdır.

Hazırda başlıca məqsədlərdən biri bu kontekstdə BMT-qlobal düzən bağlılığına konkret məzmun verilməsidir. Burada, təbii ki, əsas vəzifə böyük dövlətlərin üzərinə düşür. Bunun dərkini yeni qlobal nizamın formalaşmasında mühüm məqam hesab edirik.

Leyla Məmmədəliyeva,

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı

Ədəbiyyat

1) Niebuhr R. The Irony of American History. Chicago: The University of Chicago Press, 2008, 198 p.

2) Morganthau H. Scientific Man vs Power Politics. Chicago: University of Chicago Press, 1946, 245 p.

3) Тимофеев И.Н. Мировой порядок или мировая анархия? Взгляд на современную систему международных отношений: рабочая тетр. № 18 / 2014 / [гл. ред. Иванов И.С.]; Российский совет по международным делам (РСМД). М.: Спец книга, 2014, 48 с.

4) Иванов И.С. Континентальный разлом: какая роль достанется России в новом миропорядке. "Ежедневная деловая газета РБК", Москва, 2015, 29 сентября

5) Carr E. The Twenty Years' Crisis, 1919-1939: An Introduction to the Study of International Relations. London: Palgrave, 2001, 244 p.

6) Моргентау Г. Политические отношения между нациями: борьба за власть и мир // Теория международных отношений: Хрестоматия / Сост., науч. ред. и коммент. П.А. Цыганкова. М.: Гардарики, 2002. c. 72-88.

7) Booth K. Wheeler N. The Security Dilemma: Fear, Cooperation and Trust in World Politics. New York, NY: Palgrave Macmillan, 2008, 272 p.

8) Waltz K. Theory of International Politics. Long Grove, Ill: Waveland Press, 2010, 256 p.

9) Война и мир XXI века. Международная стабильность и баланс нового типа. Доклад международного дискуссионного клуба "Валдай", 2015 г., 12 с.

10) Новые правила или игра без правил? / Доклад участников XI ежегодного заседания международного дискуссионного клуба "Валдай", 2015 г., 32 с.

11) Global "Perestroika". Transformations of the World Order. Edited by Alexander A. Dynkin, Natalya I. Ivanova. М.: Издательство «Весь Мир», 2015, 546 с.

12) Говердовская Т.В. Значение реформирования Совета Безопасности ООН для поддержания международного мира и безопасности: диссертация... кандидата юридических наук: Москва, 2010, 170 с.

13) Хайри Наджи Абдель Фаттах аль-Ориди. Ближневосточный мирный процесс: Палестинское направление: автореферат дис. ... кандидата политических наук: 23.00.04. Москва, 2000, 22 с.

14) Олеандров В.Л. ООН и идеология мирового сообщества // Вестник МГИМО-Университета, 2012, № 3, с. 66-70.

15) Кортунов А.В. Неизбежность странного мира / РСМД, 15 июля 2016

16) Голованов Е.В. Проблема соотношения универсальной и региональных систем безопасности и реформа Совета Безопасности ООН / Автореферат диссертации на соискание ученой степени кандидата политических наук. Санкт-Петербург, 2013, 26 c.

17) Войтова Т.Н. Нормотворческие полномочия Совета Безопасности ООН. Автореферат диссертации доктора юридических наук. Москва, 2010, 235 с.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...