THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Karlov sui-qəsdi: Yaxın Şərqdə geosiyasi dönüş nöqtəsidirmi?

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3998
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 dekabr 2016 – Newtimes.az

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ciddi geosiyasi rezonans doğurub. Hadisənin qınanılması gözləniləndir. Heç bir ölkə belə faciələrin olmasını istəməz. Çünki hər bir dövlətin diplomatı var və ona qarşı terrorun baş verməsi qəbuledilməzdir. Konkret olaraq Türkiyə diplomatiyası erməni terroruna çoxlu sayda qurban verib. İndi A.Karlovun qətli səbəblərinin aydınlaşmasında hamıdan çox Ankaranın da marağı vardır. Məsələnin digər tərəfi Yaxın Şərqdə geosiyasi mübarizənin amansızlığı ilə bağlıdır. Bu terror hadisəsindən sonra Rusiyanın müdafiə naziri S.Şoyqu bəyan etdi ki, Hələbin azad edilməsində Türkiyənin böyük rolu olub. Moskvada xarici işlər nazirləri S.Lavrov, M.Çavuşoğlu və M.C.Zərif arasında danışıqların uğurlu olması bu baxımdan çox maraqlıdır. Bu, Yaxın Şərqlə bağlı Rusiyanın yeni koalisiya yaratması deməkdirmi? Və bu üçlük ABŞ-ın formalaşdırdığı beynəlxalq koalisiya ilə hansı münasibətlərdə olacaq? Axı Türkiyə həm də Amerikanın yaratdığı koalisiyanın üzvüdür! Ekspertlərin fikirləri işığında bu kimi suallara cavab axtarmaq maraqlıdır.

Səfirin qətli: rus-türk dostluğunun aktiv carçısı

Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi birmənalı olaraq Yaxın Şərqdəki geosiyasi vəziyyətlə əlaqələndirilir. Hadisəni törədən adamın Mert Altıntaş adlı polis əməkdaşının olması məsələyə xüsusi çalar verir. Sifarişçinin kim olması aspektində bir sıra versiyalardan bəhs edilir. Hətta M.Altıntaşın 2014-cü ildə Konyaya və 2015-ci ildə Bursaya səfərlərində Rəcəb Tayyib Ərdoğanın təhlükəsizliyini qoruyanlar arasında olduğu haqqında informasiyalar yayılıb (bax: Büyükelçinin katili Mert Altıntaş, Erdoğan'ın seyahatlerinde görev yaptı / "tr.sputniknews.com", 20 dekabr 2016).

Bundan başqa, onun indi FETÖ ilə ciddi əlaqəsi olduğu danışılan polis məktəbində təhsil aldığı aydınlaşıb. M.Altıntaşın son zamanlar Rusiya səfirini qorumaq tapşırığı alanlar sırasında olduğu da bildirilir. Bundan başqa, onun terroru törətdiyi zaman ərəbcə "Cəbhət-ən-Nusra"nın mövqeyinə yaxın şüar səsləndirməsi müəyyən fikirlər oyadır. Lakin M.Altıntaşın ərəbcə pis danışması bunun aldadıcı manevr olması ehtimalını saxlamaqdadır. Bütün hallarda təhqiqatlardan hadisəni törədənin tək olması, yaxud hansısa təşkilatın əmrini yerinə yetirməsi haqqında dəqiq nəticə alınmayıb.

Bütün hallarda Rusiya səfirini qətlə yetirmək əmrinin haradan və kimlər tərəfindən verildiyini aydınlaşdırmaqda Türkiyə və Rusiya hüquq-mühafizə orqanları qərarlıdırlar. Lakin indi ekspertlər daha çox həmin hadisənin geosiyasi bağlantıları və mümkün nəticələri üzərində düşünürlər. İrəli sürülən tezislər kifayət qədər maraqlıdır. Məsələ ondan ibarətdir ki, mütəxəssislər bunu qlobal geosiyasətin bəzi aspektləri ilə əlaqələndirirlər. İlk növbədə səfir A.Karlovun fəaliyyətinin bir sıra məqamlarına diqqət çəkirlər.

Rusiyanın Ankaradakı səfiri A.Karlovun aktiv surətdə iki ölkə arasında münasibətlərin inkişafına çalışdığını deyirlər. O, məlum təyyarə böhranında Moskvaya həqiqətləri anladan əsas fiqurlardan biri olub. Son dövrlərdə isə suriyalı müxaliflərlə əlaqələr yaratmağa çalışırmış. A.Karlov bunu dialoq və barış naminə edirmiş. Bu fəaliyyətinə görə, A.Karlovun türk diplomatlar arasında hörməti çoxmuş. Prezident Vladimir Putinin də ona ən əhəmiyyətli vəzifələr tapşırdığı haqqında da yazırlar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, Rusiya səfirinin fəaliyyəti kimlərisə qane etmirmiş. Özü də A.Karlovun işlərinə bir neçə aspektdə mane olmağa qərar verə bilərdilər.

Birincisi, A.Karlov Yaxın Şərqin açar ölkəsi olan Türkiyə ilə Rusiyanın əməkdaşlığını strateji səviyyəyə yüksəltmək üçün əlindən gələni edirmiş. O bilirdi ki, Türkiyəsiz həmin regionda uğur qazanmaq mümkün deyildir. Hələb məsələsi bunu konkret faktlarla təsdiq etdi. İndi Rusiyanın müdafiə naziri Sergey Şoyqu etiraf edir ki, Hələbdən Türkiyəyə yaxın müxalif qüvvələrin İdlibə çıxarılması öz rolunu oynayıb. Məhz türklərin dəstəyi ilə regionda terror qrupları ilə əsl müxalif qüvvələri bir-birindən ayırmaq mümkün olub. Bu işi illərdir ki, Rusiya ABŞ-la görə bilmirdi (bax: "Есть план по разделу Сирии" / "gazeta.ru", 20 dekabr 2016).

Suriya böhranı: alternativ koalisiya, yoxsa yeni regional geosiyasi konfiqurasiya?

İkincisi, A.Karlov Yaxın Şərqdə Rusiyanın dövlət maraqlarının təmin edilməsi üçün vacib addımlar atırmış. Konkret olaraq Suriyada Moskvanın geosiyasi maraqlarının təmin edilməsi üçün fəallıq göstərirdi. Həmin sırada səfirin müxaliflərlə əlaqə qurması ciddi siqnal idi. Çünki danışıqlar alınsaydı, maraqları nəzərə almaqla ortaq mövqeyə gəlmək mümkün olardı. Bunu isə məlum dairələr təbii ki, arzulamırdılar. Onlar təşəbbüsün Rusiyanın əlinə keçməsinə razı olmaq istəməzdilər. Həmin bağlılıqda regionda Rusiya və Türkiyənin mərkəzində dayandığı yeni əməkdaşlıq formatının yaranmasından narahatlıq keçirənlər ola bilərdi. Bu, faktiki olaraq Yaxın Şərqdə yeni geosiyasi konfiqurasiyanın meydana gəlməsi deməkdir.

Üçüncüsü, Moskvada Suriya məsələsi ilə bağlı Ankara-Moskva-Tehran görüşü planlaşdırılırdı. Bu müzakirələrin regionda geosiyasi qüvvələr nisbətini ciddi dəyişə biləcəyindən ehtiyatlanırlar. Konkret olaraq bir sıra dairələr müharibə meydanında olduğu kimi, diplomatik sahədə də təşəbbüsün Rusiyanın əlinə keçməsindən narahatdırlar. Bu, onların illərdir Yaxın Şərqdə qurduğu oyunlara ciddi zərbə olardı. Bunu Kreml tam anlayır və çalışırdı ki, Türkiyə kimi güclü və nüfuzlu bir dövləti öz tərəfinə çəksin. A.Karlovun Müasir Sənətlər Mərkəzində bir mədəniyyət tədbirində qətlə yetirilməsi Ankara ilə Moskva arasında etimadsızlıq yaratmağa xidmət edə bilərdi. Lakin bu işi görənlər xeyli sadəlövh davranıblar. Bəlkə də müəyyən qədər gecikiblər.

Çünki, əvvəla, artıq təyyarə böhranı ilə bağlı anlaşılmazlıqdan yaranan təcrübə vardı və Türkiyə ilə Rusiya ikinci dəfə tora düşməzdilər, ikincisi, terror hadisəsini Moskvada Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif arasında görüşün başlamasına cəmi bir gün qalmış həyata keçirdilər. Adi düşüncə belə, bunun bir təxribat olduğunu dərk edə bilərdi. Buna görə də həm Rusiya, həm də Türkiyə tərəfdən münasibətlərin pozulmasına imkan verilməyəcəyi ilə bağlı bəyanatların yayılması tam gözlənilən idi. Lakin hadisənin olması faktının özü tərəfləri bir daha ehtiyatlı olmağa dəvət edir.

Mümkündür ki, terroru törədənlərin əsas məqsədi Moskva görüşünü pozmaq olmayıb. Onlar daha qabağa getdikləri təqdirdə daha nələrin ola biləcəyi barədə xəbərdarlıq edirlər ki, "hər yerdə və hər zaman gözləmədiyiniz zərbəni ala bilərsiniz". Maraqlıdır ki, bunlara baxmayaraq, Rusiya və Türkiyə qətiyyətlə əməkdaşlığı inkişaf etdirməkdədirlər. Moskva danışıqları bunun bariz nümunəsi olub.

Rusiya, Türkiyə və İran Suriya ilə bağlı birgə bəyanat veriblər. Onlar bu ölkədə dinc yolla münaqişənin həllində əməkdaşlıq edəcəklərini bildiriblər. Rusiyalı ekspertlər hesab edirlər ki, bu, Suriyada Türkiyə və Rusiyanın maraqlarının tam üst-üstə düşməsi əlaməti sayıla bilməz. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi İrina Zvyaqelskaya deyib ki, "Əlbəttə, Suriyada Moskva və Ankaranın maraqları üst-üstə düşmür" (bax: əvvəlki mənbəyə). Lakin bu iki dövlət qarşılıqlı maraqlarını gözləməklə dinc yolla problemi aradan qaldırmaq üçün çalışa bilərlər. Aparılan danışıqlarda Suriyanı nüfuz dairəsinə bölməklə bağlı razılığın olduğunu vurğulayırlar (bax: əvvəlki mənbəyə).

Suriyanın şimalında Türkiyənin, hərbi infrastrukturlara nəzarətdə Rusiyanın və hakimiyyətdə şiələrə loyallığın olmasında, "Hizbullah"a İran tərəfdən çıxışın təmin edilməsində İranın maraqları gözləniləcək. Müasir Yaxın Şərqi öyrənən Sankt-Peterburq Mərkəzinin rəhbəri Qumer İsayev bu qənaətdədir ki, Rusiya, Türkiyə və İran həmin məsələlərdə ortaq mövqeyə gəliblər (bax: əvvəlki mənbəyə).

Lakin ekspertlər onu da vurğulayırlar ki, bütün bunlar Suriya böhranının tam olaraq Moskva, Ankara və Tehran xəttində həll olunacağını gözləmək anlamına gəlməməlidir. Çünki meydanda böyük geosiyasi oyunçular vardır. O cümlədən ABŞ, Avropa ölkələri, Səudiyyə Ərəbistanı, Qətər və digərlərinin maraqları təmin edilməlidir. Bunun necə olacağı məlum deyil. Həmin səbəblərdən ekspertlər daha çox konkret nəticələrdən danışmağa üstünlük verirlər.

Onların sırasında isə geosiyasi aspektdə ən maraqlısı ondan ibarətdir ki, Moskva danışıqlarının Yaxın Şərqdə qüvvələr nisbətini yeni şərtlər daxilində formalaşdırmağa imkan yaradıb-yaratmaması xüsusi yer tutur. Bu suala cavab vermək hələ tezdir, ancaq artıq məlumdur ki, Rusiya Yaxın Şərqdə ciddi diplomatik addım atdı. Bir qədər əvvəl onun yanında yalnız İran vardı. İndi isə Türkiyə də daxil olmaqla 3 dövlət taktiki və strateji əhəmiyyətli sənəd imzalayırlar. Deməli, irəliyə doğru addım atılıb. Bu məqam Qərbin aparıcı analitiklərinin vurğuladığı yeni geosiyasi qüvvələr nisbətinin formalaşması deməkdirmi? Bu sualın cavabı xeyli dərəcədə Qərbin cavab reaksiyasından aydın olacaq. Bununla yanaşı, istisna etmək olmaz ki, regionda proseslər gərginliyə doğru da gedə bilər. Hansı ssenarinin reallaşacağını zaman göstərəcək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...