THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Geosiyasi dəyişiklik şəraitində Türkiyə-Rusiya böhranı

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8876
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 fevral 2016 – Newtimes.az

Dünyada geosiyasi dəyişikliyin ümumu mənzərəsi

XX əsrdə dünya üç dəfə mühüm geosiyasi dəyişikliyə məruz qalıb:

– Birinci dünya müharibəsi;

– İkinci dünya müharibəsi;

– SSRİ-nin süqut etməsindən sonrakı dövr.

XXI əsrdə ilk geosiyasi dəyişiklik isə 2001-ci il 11 sentyabrda ABŞ-a qarşı törədilən terror aktından sonra başlamış və son zamanlarda daha da geniş vüsət almışdır. Prosesin növbəti dalğasının ərəb coğrafiyasında baş vermiş ''Ərəb baharı''ndan sonra başladığını demək mümkündür. Yaxın və Orta Şərqdə ərəb dövlətləri bir-birinin ardınca süqut etdi. Son zamanlarda bu proses İran, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və regionun digər dövlətlərinə doğru sürətlə yaxınlaşır. Yaxın və Orta Şərq coğrafiyasının zəngin təbii sərvətləri və enerji resursları diqqətə alındığında ''yeni dünya düzəni'' geosiyasi dəyişikliyinin də bu coğrafiyada başlaması olduqca diqqət çəkir.

Bu prosesi araşdıran bəzi tədqiqatçılar iddia edirlər ki, yeni geosiyasi dəyişikliyin ssenarisi əhəmiyyətli dərəcədə ABŞ tərəfindən hazırlanır, NATO və Avropa İttifaqı dövlətlərinin dəstəyi ilə həyata keçirilir. Qarşı cəbhədə isə əsasən Rusiya və Çin dayanır. Ancaq görünən odur ki, ABŞ hələlik Çini əsas rəqib kimi qəbul etmir və yaxud onun maraqlarına toxunaraq qıcıqlandırmaq istəmir.

Rusiya üçün bu geosiyasi dəyişiklik əsasən Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya hücum etməsindən, Ukraynanın Avropa İttifaqı ilə siyasi və iqtisadi münasibətlərini inkişaf etdirməyə cəhd etməsindən, ABŞ və müttəfiqlərinin Suriyada Əsəd rejimini devirməyə çalışmasından sonra daha da aktuallaşdı. Rusiya Gürcüstan və Ukrayna məsələsindəki mövqeyində israr etməkdə davam edir və bəzi nəticələrə nail ola bilib. Suriyada isə geosiyasi mübarizə bütün ciddiyyəti ilə davam edir.

Dünyada baş verən geosiyasi dəyişikliyə diqqət etdikdə, Rusiya istisna olmaqla ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarda birbaşa iştirak etmədiyini görürük. Bu, ABŞ və müttəfiqləri üçün olduqca əhəmiyyətlidir. Rusiya maliyyə, iqtisadi, siyasi və hərbi potensialını nəticəsi bəlli olmayan Yaxın və Orta Şərq bataqlığında tükədərkən, (Suriyada hərbi əməliyyatlara gündə beş milyon dollar xərcləyir), ABŞ və müttəfiqləri ərəb coğrafiyasında daha əvvəllər də həyata keçirilmiş və uğurlu nəticələr əldə edilmiş məzhəb ayrılığından məharətlə istifadə edərək, geosiyasi dəyişikliklərə daha ucuz qiymətə nail olmaq istəyirlər. ABŞ və müttəfiqləri oyunun birbaşa iştirakçısı olsalar, bu, onlara olduqca baha başa gələr. Belədə isə ərəb coğrafiyasında məzhəblər üzərində ''oynayaraq'', gah bir tərəfi, gah da digər tərəfi dəstəkləməklə məzhəb ayrılığını daha da alovlandırırlar.

Türkiyə-Rusiya münasibətlərində qırılma nöqtəsi

2015-ci il noyabrın 24-nə qədər  Türkiyə bu geosiyasi dəyişiklikdə qəti olaraq hansı tərəfdə olmasına qərar verməsə də, bəzi taktiki və strateji gedişlərlə özünəməxsus siyasət həyata keçirməyə cəhd edirdi. Ancaq qeyd edilən tarixdə  Rusiyanın SU 24 döyüş təyyarəsini vurmasından sonra Türkiyənin istər-istəməz ABŞ-ın yanında olduğu məlum oldu.

Qeyd edək ki, Rusiya-Türkiyə arasında böhran başladığı andan etibarən ABŞ və NATO Türkiyəyə yetərli siyasi dəstəyi vermədi.

Türkiyə Rusiyanın ona qarşı həyata keçirdiyi iqtisadi və siyasi sanksiyaları əvvəlcə sakit qarşıladı, amma Rusiyanın ritorikası sərtləşdikcə, Türkiyə də müəyyən tədbirlər görməyə başladı.

Türkiyədə PKK terror təşkilatının siyasi qanadı olan Halkların Demokrasi Partiyasının lideri Səlahəddin Dəmirtaşın Moskvaya dəvət edilməsi və XİN rəhbəri Serqey Lavrov ilə görüşməsi rəsmi Ankara tərəfindən hiddətlə qarşılandı. Görüşdən bir neçə gün sonra isə Dəmirtaşın Rusiyadan silah istəməsi haqqında informasiyalar yayıldı.

Bununla belə, hələlik Türkiyə hökuməti Rusiyaya qarşı ritorikasını çox sərtləşdirməyib. Böhranın ilk günlərində belə hal müşahidə edilsə də, son zamanlarda Türkiyə daha səbirli davranmağa çalışır. Amma bu o demək deyil ki, Türkiyə Rusiya qarşısında geri çəkiləcək.

Türkiyənin də Rusiyaya qarşı təzyiq mexanizmləri var və bunlardan istifadə etmə imkanına malikdir:

– Ukrayna ilə siyasi və hərbi əməkdaşlığı inkişaf etdirə, beynəlxalq təşkilatlarda Krım və Şərqi Ukrayna məsələsində Ukraynanı dəstəkləyə bilər;

– Tatarıstan və digər türk coğrafiyasında Rusiya üçün müəyyən ciddi problemlər yarada bilər;

– Çeçenistan və ümumən Şimali Qafqazda Rusiya üçün problemlər yarada bilər.

Rusiya isə ölkə daxilində Türkiyəyə qarşı edə biləcəyi bütün məhdudiyyətləri edib, Türk şirkətləri və iş yerləri bağlanıb, Türkiyə vətəndaşları (əsasən etnik türk olanlar) ölkədən çıxarılıb, müəyyən strateji mallar və xammallar istisna olmaqla, ticarət əlaqələri demək olar ki, dayandırılıb. Rusiya erməni kartından da məharətlə istifadə edir, böhrandan dərhal sonra qondarma erməni "soyqırımı''nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsini gündəmə gətirdi, Yunanıstan-Türkiyə arasında yaşanan gərginlikdən yararlanmağa çalışır.

Böhranın başladığı gündən bu günə qədər olan dövrdə Rusiya dövlət rəsmilərinin Türkiyəyə qarşı bəyanatlarına diqqət etdikdə, iqtisadi və siyasi sanksiyaları qaneedici hesab etmədiklərini, Türkiyəyə qarşı daha ciddi və hiss edilə bilən zərbə vurmağı planlaşdırdıqlarını ehtimal etmək olar. PKK və HDP ilə əməkdaşlıq belə Rusiyanın siyasi və hərbi elitasını qane etmir. Belə ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Türkiyə ilə yaşanan böhran məsələsinə toxunaraq olduqca açıq və sərt bir dildə NATO-nun Rusiyanın Türkiyəyə qarşı qanadlı raketlərdən mümkün istifadəsinə cavab verəcəyi təqdirdə, Baltikyanı dövlətləri ələ keçirəcəklərini vurğulayıb[i].

Belə bir vəziyyətin yaranacağı təqdirdə ABŞ və NATO-nun mövqeyi necə ola bilər? ABŞ və NATO Baltikyanı dövlətləri itirmək bahasına Türkiyəyə real dəstək verməyə cürət edərmi? Maraqlısı budur ki, Patruşevin bu təhdidinə ABŞ və NATO rəsmilərindən hələ ki, cavab gəlməyib və bu, olduqca düşündürücüdür. ABŞ və Almaniyanın Türkiyədən "Patriot'' zenit raket kompleksinin çıxardığı bir dövrdə Patruşevin bu bəyanatı gələcəkdə böhranın daha da dərinləşəcəyi, hətta hərbi müstəviyə keçəcəyi ehtimalını istisna etmir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Кремль: если НАТО поддержит Турцию, мы захватим… Прибалтику http://pressafoto.ru/nato-turki-litva январь 4, 2016.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...