THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasının yekun bəyannaməsi və Dağlıq Qarabağ problemi

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11059
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

15 may 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 20 illik yubileyi münasibətilə təşkilata üzv olan dövlətlərin prezidentləri – Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Özbəkistan Prezidenti İslam Kərimov, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Tacikistan Prezidenti İmaməli Rəhmanov və Ermənistan Prezidenti Serj Sərkisyan Moskvada toplandılar.

SSRİ-nin dağılmasından sonra dünyanın ikinci qütbü olma xüsusiyyətini itirən, təhlükəsizlik məsələlərində, sosial-iqtisadi və siyasi həyatın bütün sahələrində ciddi problemlərlə qarşılaşan Rusiya, əvvəlki mövqeyini yenidən bərpa etmək istəyir və xüsusilə təhlükəsizlik problemlərinə daha çox əhəmiyyət verir. Rusiya ABŞ-ın İraqa və Əfqanıstana müdaxiləsindən, NATO-nun Şərqə doğru genişlənməsindən, Şərqi Avropada ABŞ-ın (NATO-nun) raket əleyhinə müdafiə sistemi qurmasından narahatdır və bütün bu təhdidlərə qarşı özünün milli təhlükəsizlik anlayışını həyata keçirməyə cəhd edir. Ancaq son zamanlarda yuxarıda bəhs edilən problemlərin həlli istiqamətində hələlik ciddi irəliləyişə nail olmayıb. Rusiyanın Müdafiə Naziri Anatoli Serdyukovun raket əleyhinə müdafiə sistemi ilə əlaqədar keçirilən görüşlərin dalana dirəndiyini bildirməsi, Rusiya və ABŞ (NATO) arasında gərginliyin uzun zaman davam edəcəyini göstərir.

ABŞ və Qərb Rusiyanın yenidən hegemon dövlət olmaması üçün vaxtilə Varşava Paktına üzv olan bütün dövlətləri ondan uzaqlaşdıra bilib və hətta bəziləri Avropa Birliyinə üzv qəbul edilib. Postsovet məkanında olan Baltikyanı dövlətlər isə digər Sovet Respublikalarından fərqli olaraq tamamilə Rusiyanın orbitindən uzaqlaşıb.

Rusiya region və beynəlxalq aləmdə təhlükəsizlik məsələlərinə özünün milli təhlükəsizliyi aspektindən yanaşır və müdaxilə edir. Rusiya eyni zamanda postsovet məkanındakı dövlətlərlə münasibətlərini qaydaya salmağa çalışır. Şərqi Avropanı itirən Rusiya bir şəkildə bununla razılaşa bilər, amma postsovet məkanını da itirmək Rusiyanın maraqları və təhlükəsizlik anlayışına tamamilə ziddir. Bu məkanda xüsusilə Gürcüstan və Ukrayna ilə qarşılaşdığı problemlər hələlik həll olunmayıb və yaxın gələcəkdə də həll olma ehtimalı olduqca zəifdir. Ukrayna ilə münasibətlərdə yaşanan problemlər daha çox iqtisadi və siyasi, Gürcüstan ilə yaşanan problemlər isə iqtisadi, siyasi və hərbi müstəvidə davam edir.

SSRİ-nin dağılmasından sonra qurulan KTMT əlbəttə Varşava Paktını əvəz edə bilməz. Ancaq Rusiya heç olmasa postsovet məkanında hərbi gücünü və nüfuzunu müəyyən qədər qorumaq üçün bu təşkilatın fəaliyyətinə xüsusi əhəmiyyət verir. Son illərdə quruma üzv olan dövlətlərin bu quruma münasibətdə müsbət yöndə dəyişiklik olmayıb. KTMT son 20 ildə postsovet məkanında hər hansı bir münaqişə ocağının aradan qaldırılmasında iştirak etməyib. Qurumun Operativ Reaksiya Kollektiv Gücü adlı hərbi birləşməsi olsa da, bundan praktikada istifadə edilməmişdir. Bir digər məsələ də postsovet məkanında yaşanacaq problemlərin həll edilməsində KTMT-nin Operativ Reaksiya Kollektiv Gücündən necə istifadə ediləcəyidir. Belə ki, KTMT-nin Baş Katibi Nikolay Bordyuja cari ilin 21 fevralında verdiyi bəyanatda Qarabağ konfliktində hərbi əməliyyatlar başlayacağı təqdirdə, Ermənistanın KTMT-nin təmhüquqlu üzvü kimi müttəfiqlərindən lazım olan bütün dəstəyi alacağını bildirməsi region mətbuatında geniş müzakirə edildi. Bununla bağlı KTMT-yə üzv olan dövlətlərdən Bordyujanın fikrini birmənalı olaraq dəstəkləyən fikirlər səslənmədi.

KTMT-nin 20 illik yubiley sessiyasında üzv ölkələrin dövlət başçıları beynəlxalq və regional təhlükəsizlik məsələlərini, quruma üzv olan dövlətlərin təhlükəsizliyini təhdid edən problemləri, gələcəkdəki əməkdaşlıq imkanlarını və son on ilin yekunlarını müzakirə etmişdir. Sessiyanın sonunda  beynəlxalq aləmin tendensiyaları və qurumun fəaliyyəti ilə bağlı ortaq bəyannamə imzalanmışdır.

Bəyannamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi də əks olunub. Bəyannamədə problemin həllinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun vasitəçiliyi ilə, beynəlxalq hüquq prinsip və normaları ilə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun şəkildə sülh yoluyla həll edilməsinin vacibliyi vurğulanıb.

1990-cı illərdən sonra beynəlxalq hüquq prinsip və normaları deyil, siyasi və hərbi güc ön plana çıxmışdır. Böyük dövlətlərin İraq, Əfqanıstan, Liviya, Suriya, İran və Şimali Koreya ilə olan problemlərini beynəlxalq hüquq prinsip və normalarına uyğun deyil, hərbi yollarla həll etməyə çalışdığı bir zamanda Azərbaycan torpaqlarının 20 ildir Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi üçün nə beynəlxalq hüquq prinsip və normaları tətbiq edilir, nə də Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün imkan yaradılır. BMT-nin bu məsələ ilə qəbul etdiyi dörd qətnamənin heç biri yerinə yetirilməmişdir. Böyük dövlətlər praktikada işğalçı, region və beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı iqtisadi sanksiyalar, maliyyə vəsaitlərinin dondurulması, hərbi əməliyyatlara başlamaq da daxil olmaqla müxtəlif təzyiq göstərməkdədir. Amma nədənsə bu zaman Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, İran ilə siyasi və iqtisadi əməkdaşlığını genişləndirməsi, neft boru xətti çəkməyi planlaşdırılması, İranın nüvə silahı əldə etməsi üçün Ermənistanın bu ölkəyə müxtəlif komponentləri ötürməsi, terrorçuların Ermənistan pasportu ilə ABŞ-a getməsi region və beynəlxalq təhlükəsizliyi təhdid edən məsələ kimi dəyərləndirilmir. Əksinə, işğalçı və terroru dəstəkləyən Ermənistana, silah və narkotik qaçaqmalçılığın mərkəzi olan qondarma Dağlıq Qarabağ rejiminə müxtəlif dövlətlər maliyyə vəsaiti ayırır və sosial-iqtisadi problemlərinin həll edilməsinə hər cür köməklik göstərirlər.

Bu region və beynəlxalq təhlükəsizliyin təmin edilməsi qarşısında ciddi bir problemdir. Hər fürsətdə beynəlxalq hüquq və normalarından, BMT-nin nizamnaməsindən danışan dövlətlər əməli fəaliyyətə gəlincə ədalətin deyil, istibdadın yanında olurlar.

Dr.Hatəm Cabbarlı,

Avrasiya Təhlükəsizlik və Strateji Tədqiqatlar Mərkəzinin sədri

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...