THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Prezidentin UNESCO zəfəri: İlham Əliyev strateji məsələlərə diqqəti çəkir

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10720
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 noyabr 2015 – Newtimes.az

Məlum olduğu kimi, noyabrın 17-də Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Bu tədbirə Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva da dəvət olunmuşdular. Orada dövlət başçısı çox məzmunlu və strateji xarakterli məsələləri özündə ehtiva edən nitq söyləyib. Ölkə rəhbəri Azərbaycanın daxili siyasəti ilə yanaşı, xarici siyasətinin də bir sıra aspektlərinin konkret cəhətlərini dolğun ifadə edib. O, müasir dünya siyasətinin əhəmiyyətli faktorlarına peşəkar münasibət bildirib, xüsusi əhəmiyyət kəsb edən məqamları vurğulayıb. Onların geniş təhlilinə ehtiyac duyulsa da, biz burada yalnız bir sıra məqamlara nəzər salmağa çalışacağıq.

Qlobal təhlükəsizlik strategiyası: silah, yoxsa mədəniyyət?

Hazırda dünyanın böyük dövlətləri daha güclü silahlar ixtira etmək yarışına girişiblər. Onlar bu məsələni çox zaman özlərinin və bütövlükdə dünyanın təhlükəsizliyini təmin etməklə əlaqələndirməyə çalışırlar. Lakin reallıqda tamam fərqli mənzərə yaranıb. Belə ki, indi dünyanın elə bir regionu yoxdur ki, terror təhlükəsindən sığortalanmış olsun. Elə bir dövlət tapılmaz ki, təhlükəsizliyini sözün həqiqi mənasında tam təmin edə bilsin. Əksinə, son dövrlərdə dünyanın hətta superdövlətlərinin liderləri belə, mümkün təhdidlərdən söhbət açırlar. İndi Qərbin ən inkişaf etmiş ölkəsinin paytaxtında partlayışlar baş verir. Belçikada isə yüksək səviyyəli təhlükəli vəziyyət elan edilib. Bunlara baxmayaraq, yenə də dünyanın müxtəlif ölkələrində terror aktları baş verir.

Səbəb nədən ibarətdir? Bəlkə, təhlükəsizlik strategiyası düzgün seçilməyib? Doğrudan da, bəşəriyyətin təhlükəsizliyini heç bir silahla təmin etmək mümkün deyil.

Bunun ən dolğun təsdiqini tarix verir. Müharibələr silahla reallaşdırılır. Savaş olan yerdə isə təhlükəsizlikdən danışmağın mənası yoxdur. Bunların fonunda Azərbaycan Prezidenti İlham Əliyevin UNESCO-nun tədbirində söylədiyi bir fikir çox aktual görünür.

Ölkə rəhbəri deyib: "Tamamilə əminəm ki, UNESCO-nun təhsil, mədəniyyət və əlbəttə, elm kimi fəaliyyət sahələri bəşəriyyətin inkişafı üçün əsas istiqamətlərdir. Bu sahələrin inkişafı dünyamızı daha da təhlükəsiz edəcək" (bax: Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər / AZƏRTAC, 18 noyabr 2015). Müasir dünyanı silkələyən kataklizmlər kontekstində bu fikirlərdə ifadə olunan strateji düşüncə son dərəcə səmərəli təsir bağışlayır. Çünki silahların yaratdığı müharibə əvəzinə, elmin, təhsilin və mədəniyyətin meydana gətirdiyi qarşılıqlı anlaşma, dialoq, əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və ədalətli siyasət üstünlük təşkil edəcək. Xalqlar və ölkələr ixtilafda olmaq əvəzinə, bir-birinə hörmət, anlaşma və yardım etməyi düşünəcəklər. Yalnız belə bir mühitdə dünyanın təhlükəsizliyi üçün real şərait yarana bilər. Bu strategiyanı UNESCO kimi təşkilatın tribunasından Azərbaycan Prezidentinin səsləndirməsinin isə xüsusi bir əhəmiyyəti vardır.

Məsələ ondan ibarətdir ki, Azərbaycan ənənəvi olaraq sülhə, tolerantlığa, mədəniyyətlərin dialoquna və bərabərhüquqlu əməkdaşlığa üstünlük verən ölkə olmuşdur. Tarixə nəzər saldıqda, bunun çox gözəl nümunələrini görə bilərik. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciətində həmin məsələni çox dolğun təhlil edib. Prezident İlham Əliyev də UNESCO-nun son toplantısında vurğulayıb: "Azərbaycan qədim mədəniyyət, tarix, adət-ənənələr diyarıdır" (bax: əvvəlki mənbəyə). Müstəqil Azərbaycanın 1993-cü ildən bu yana yeritdiyi daxili və xarici siyasətdə bu məqamlar əsas yer tutmaqdadır.

Siyasətin iki mühüm əlaməti: sülh və multikulturalizm

Prezident İlham Əliyev bu kursu müasir dünyanın tələbləri səviyyəsində təkmilləşdirib və inkişaf etdirir. Onun iki əlamətini vurğulamaq istərdik. Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkə rəhbərliyi son dərəcə humanist və beynəlxalq hüquq çərçivəsində mövqe tutub. İşğalçının ərazilərimizi tərk etməsi halında onunla da əməkdaşlığa hazır olduğunu bəyan edib. Yəni problemin son nəticədə müharibə yolu ilə deyil, danışıqlar və dinc yolla həllinə tərəfdardır. Burada bir məqamı vurğulamağa ehtiyac görürük.

Dövlət başçısı UNESCO-nun forumundakı çıxışında xüsusi qeyd edib ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən çox əziyyət çəkib. 1 milyona yaxın qaçqın və məcburi köçkünü yerləşdirməli olub. Özü də bununla müstəqilliyin ilk illərində, çox kasıb və zəif olduğu bir dövrdə qarşılaşıb. Üstəlik, Sovet İttifaqının dağılması ilə regionda qarışıq geosiyasi mənzərə yaranmışdı. Prezident bu kontekstdə vurğulayıb: "Biz humanitar fəlakətlə üzləşmişdik. Biz o zaman iqtisadi cəhətdən o qədər də inkişaf etməmişdik, çox kasıb ölkə idik... 1992-ci, 1993-cü illəri xatırlayırıq. Bu illər ərzində biz Azərbaycanda bir milyona yaxın insanı yerləşdirməli idik..." (bax: əvvəlki mənbəyə).

Belə bir vəziyyətdə Azərbaycan hansı addımları atdı? O, evsiz-eşiksiz insanlara qucaq açdı. İmkanlarının məhdud olmasına baxmayaraq, onları taleyin hökmünə buraxmadı, qapı ağzında gözlətmədi. Ölkədə yaşayan erməniləri də qovmadı, onları gücü çatdığı qədər qorudu. Ruslar, yəhudilər və digər xalqlar burada qala bildilər, sonra isə onların inkişafı üçün hər cür şərait yaradıldı.

Bütün bunları Bakı Ermənistandan 250 min azərbaycanlının deportasiya olunduğu, 750 min soydaşımızın isə öz ölkəsində didərgin düşdüyü bir şəraitdə edirdi. Bu, böyük tolerantlığın, sülhsevərliyin və yüksək dövlətçilik mədəniyyətinin nəticəsidir.

Çox sevindiricidir ki, bu məqam dövlət başçısının UNESCO-nun tədbirindəki çıxışının ana xəttini təşkil edirdi. Aydın görünürdü ki, böyük və dəyərli dövlətçilik ənənəsi olan bir ölkənin rəhbəri nitq söyləyir. Onun başçılıq etdiyi ölkənin insanlarının çəkdiyi əzabları daxilində yaşayır, onlara çox üzülür, lakin qədim ənənəsi olan dövlətçilik fəlsəfəsindən qətiyyən geri çəkilmir. Həmin çıxışın müxtəlif yerlərində ifadə edilən fikirlər bu tezisi tam təsdiq edir.

İlham Əliyev Azərbaycanın dini tolerantlığından, mədəniyyətlərin qovşağı olmasından, əsrlərlə burada xalqların dinc yanaşı yaşamasından danışır, faktlar gətirir. Eyni zamanda, terrora məruz qalan dövlət kimi beynəlxalq terrorizmə qarşı mübarizədə ön sırada dayanmağa hazır olduğunu bəyan edir. Erməni terroru nə qədər acı versə də, buna münasibətdə Qərb nə qədər ikili standartlar siyasəti yürütsə də, Azərbaycan rəhbəri dünyanın istənilən ölkəsində baş verən qətliama sərt münasibətini açıq ifadə edəcəkdir.

Təsadüfi deyil ki, UNESCO-dakı çıxışında Prezident Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Fransa rəhbərliyinə başsağlığı verib, fransız xalqının yanında olduğunu vurğulayıb. Fransanın himayə etdiyi erməni liderlər isə, nədənsə, əvvəlki kimi fəal deyillər. Görünür, terroru dəstəkləmək onların canında və ruhundadır. Məsələnin başqa tərəfi də məhz bu məqamla əlaqəlidir. Belə ki, bütün bunlara baxmayaraq, Qərbin böyük dövlətləri ikili standartlar siyasətini yeridirlər. Onlar erməni təcavüzünə qarşı konkret addımlar atmırlar.

Birləşmiş Millətlər Təşkilatı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq onların heç biri yerinə yetirilməyib. Prezident İlham Əliyev həmin faktı bir daha UNESCO-nun yüksək tribunasından söyləməkdə tam haqlıdır. Çünki bir tərəfdən, Azərbaycan bütün ağrı-acılara baxmayaraq, terrorun istənilən formasına qarşı mübarizədə aktiv iştirak edir, fərqli din və mədəniyyətlərə yüksək tolerant münasibət nümayiş etdirir, digər tərəfdən isə Qərbin ikili standartlar prinsipi ilə qarşılaşır. Dövlət başçısının aşağıdakı sözləri bu baxımdan çox ibrətamizdir: "BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, o dövrdən iyirmi ildən artıq vaxt ötmüşdür və bu qətnamələr icra olunmur. Burada biz beynəlxalq arenada qlobal təhlükəsizlik və qlobal konfiqurasiya ilə bağlı çox vacib məsələ ilə üzləşirik. Söhbət aparıcı beynəlxalq təşkilatların qərarları və qətnamələrinə məhəl qoyulmamasından və buna görə heç bir cəzanın tətbiq edilməməsindən gedir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir və bu hərəkətinə görə heç bir təzyiqlə qarşılaşmır" (bax: əvvəlki mənbəyə).

Bu gün dünyanın müxtəlif regionlarında baş verən proseslər Azərbaycan Prezidentinin qlobal təhlükəsizlik və qlobal konfiqurasiya ilə bağlı söylədiklərinin nə dərəcədə aktual olduğunu göstərir. Məsələn, Yaxın Şərqdə böyük dövlətlər müharibənin bir addımlığındadırlar. Vəziyyətin bu həddə çatmasının təməlində duran amillərdən biri, bəlkə də birincisi, ikili standartlar siyasətidir. Əgər vaxtında Ermənistanın təcavüzünə beynəlxalq aləm obyektiv və ədalətli reaksiya versəydi, indi bəşəriyyət çətinliklərlə qarşılaşmazdı. Təcavüzkar cəzasız qalırsa, başqaları da təcavüz siyasətinə cəhd göstərirlər. Tarix bunu dəfələrlə sübut edib.

İkinci maraqlı məqam dövlət başçısının Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrə verdiyi töhfələrə diqqət çəkməsindən ibarətdir. Bu, kifayət qədər sanballı mövzudur. Çünki XXI əsri Qərb alimləri mədəniyyət əsri elan ediblər. Həmin keyfiyyətə ən çox uyğun gələn ölkələrdən birinin Azərbaycan olması, təbii ki, danılmazdır. Eyni zamanda, xaricdəki insanların bunu Prezident İlham Əliyevin dilindən eşitməsi, ölkə rəhbərinin məsələni konseptual şəkildə qoyması vacib məqamlardandır.

Bunun səbəbi ondan ibarətdir ki, bu gün demək olar, hamı ümumi səviyyədə sivilizasiyaların və fərqli mədəniyyətlərin dialoqundan danışır. Lakin konkret addımlara gəldikdə, başqa mənzərə yaranır. Məlum olur ki, dövlətlərin heç də hamısı (onların sırasında supergüclər də vardır) bu istiqamətdə praktiki addımlar atmır, əksinə, müxtəlif regionlarda ixtilaflar törədir, siyasi qüvvələri qarşı-qarşıya qoyur, ölümsaçan silahlarla hədə-qorxu gəlirlər. Belə bir şəraitdə sivilizasiyaların və mədəniyyətlərin real dialoqundan danışmaq mümkün deyildir.

Mədəniyyətlərarası dialoq: "Bakı prosesi"ndən başlanan yol...

Azərbaycanın bu istiqamətdə fəaliyyəti kifayət qədər səmərəlidir. İlham Əliyev UNESCO-nun tədbirində bu bağlılıqda qeyd edib ki, Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynayır. Ölkə başçısı vurğulayıb: "Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq" (bax: əvvəlki mənbəyə).

Azərbaycan Prezidentinin bu sözlərinin arxasında konkret fəaliyyət dayanır. Hələ 2008-ci ildə Prezident İlham Əliyev "Bakı prosesi" adlı forumun təşkil edilməsi təşəbbüsünü irəli sürüb. Özü də bu, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirləri ilə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirləri arasında keçirilən görüşdə səsləndirilib. Yəni, bununla, faktiki olaraq, Azərbaycan rəhbərliyi sivilizasiyaların ortaq dil tapması, mədəniyyətlərarası əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi və tolerantlığın bərqərar olmasına töhfə verib.

Həmin istiqamətdə tədbirlər təşkil edildi. Bakıda dünyanın müxtəlif regionlarından gələn tanınmış siyasət adamları, mədəniyyət və elm xadimləri, Nobel mükafatı laureatları, siyasətşünaslar və digər kateqoriyadan olan mütəxəssislər toplaşdı. İndi hər kəsə məlum olan məşhur "Bakı prosesi" konkret səmərə verməkdədir.

Bu kontekstdə ölkə rəhbərinin UNESCO-nun tribunasından ifadə etdiyi aşağıdakı fikirləri mütləq vurğulamaq lazım gəlir: "Bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var. "Bakı prosesi" təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir" (bax: əvvəlki mənbəyə).

Doğrudan da, keçən müddət ərzində müəyyən qüvvələr dünyanın bir sıra regionlarında ixtilafları qızışdırıb. Bunun əsas səbəbi kimi də, çox təəssüf ki, dini fərqlilik göstərilir. O cümlədən terror az qala İslam dini ilə eyniləşdirilir. Avropada isə islamofobiya getdikcə güclənir. Hətta özünü "demokratiyanın beşiyi" sayan Qərb dövlətlərində insanların geyim tərzlərinə dözümsüzlük nümayiş etdirən qüvvələr meydana çıxır. Onların cəmiyyətdəki nüfuzu artır. Bu, tolerantlığa qarşı qəsddir. İnsan haqlarının kobud surətdə pozulmasıdır.

İndi dünyanın bir sıra xristian dövlətlərindən İslama qarşı səyləri birləşdirmək kimi çağırışlar eşidilir. Onlar bir tərəfdən, İslam adı altında müxtəlif radikal qruplar yaradır, onları müxtəlif oyunlara cəlb edir, digər tərəfdən isə müsəlman ölkələrinə qarşı həmin qruplardan istifadə etməyə çalışırlar. Bunu təsdiq edən faktlar kifayət qədərdir və bir sıra müsəlman dövlətlərinin başçıları həmin məqamı açıq şəkildə vurğulayıb. O cümlədən Azərbaycan Prezidenti islamofobiyanın bəşəriyyətə vurduğu zərər barədə dəfələrlə xəbərdarlıq edib. Həmin fikrin beynəlxalq təşkilatların yüksək tribunasından təkrar-təkrar vurğulanmasına ciddi ehtiyac qalmaqdadır.

Bu cür hallara qarşı mövqe birliyi olmasa, Prezident İlham Əliyevin qeyd etdiyi etimadsızlıq sindromu dərinləşə bilər. Həmin həqiqətin hamı tərəfindən dərk olunması üçün zaman yetişmişdir. Azərbaycan Prezidentinin bu çağırışı qəti şəkildə qəbul edilməli və dünya liderləri onun üzərində düşünməlidirlər. Sonra gec ola bilər.

Prezident İlham Əliyev UNESCO-dakı nitqində yaranmış vəziyyətdən çıxış yolları haqqında da fikir bildirib. Həmin istiqamətdə həyata keçirilməli olan tədbirlərin mərkəzində multikultural düşüncə tərzinin hakim olması, multikulturalizmin dövlət siyasətinin mahiyyətinə gətirilməsi dayanır. Azərbaycan rəhbəri inamla vurğulayır ki, "Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. Qafqaz regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim Şəki şəhərinin yaxınlığında yerləşməsindən fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı şəhərində yerləşməsindən qürur hissi keçiririk" (bax: əvvəlki mənbəyə).

Bəli, bu dövlət məscidləri, kilsələri, sinaqoqları və ümumiyyətlə, bütün ibadət yerlərini eyni səmimiyyət və qətiyyətlə qoruyur. Ona görədir ki, Azərbaycanda insanlar müxtəlif dini bayramları bir masa arxasında keçirirlər. Həmin səbəbdəndir ki, bütün ciddi-cəhdlərə baxmayaraq, Azərbaycanda dini radikalizmi yaymaq cəhdləri baş tutmur. Burada yaşayan insanlar həm titul millətdən, həm də dövlətdən o qədər xeyirxahlıq, səbir, xoş münasibət görüb ki, hansısa radikal təxribata uymurlar. Məsələnin bu tərəfini dünyanın bütün ölkələri nəzərə almalıdırlar – onlar üçün nümunə Azərbaycandadır!

Prezident İlham Əliyevin nitqində belə bir fikri ifadə etməsi tamamilə əsaslıdır və konkret faktlardan qaynaqlanır. Prezident deyib: "...multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir. Bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bu, mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var" (bax: əvvəlki mənbəyə).

Bu fikrilərdə ifadə edilən məntiqdən aydın olur ki, Azərbaycanda multikulturalizm həm ənənə, həm də dövlət siyasətidir. Onun uğurlu olmasının digər səbəbi cəmiyyətdə ənənə formasında mövcudluğudur. Yəni azərbaycanlılar tarixən multikultural şüur sahibi olublar, fərqli mədəniyyətlərə münasibətdə çox dözümlü davranıblar. Təsadüfi deyil ki, bizim leksikonda "qonaq-müsafir" anlayışının xüsusi hörmətli yeri var!

İndi isə müstəqil dövlətimiz vardır. Onun yeritdiyi siyasət mahiyyətcə multikultural siyasətdir. Deyilənlərə çox nümunələr gətirmək olar. Onlardan biri kimi, Prezident İlham Əliyev tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsini göstərir. Gözəl misaldır. Başqa cəhətləri ilə yanaşı, həm də ona görə ki, Avropanın bir sıra dairələri bu tədbiri təşkil etdiyinə görə Azərbaycana qarşı qara piar kampaniyası aparmağa cəhdlər göstərdi. Bakı ona da sinə gərdi və dünyaya əsl tolerantlar məkanı olduğunu sübut etdi.

Azərbaycan yerində dayanmır, əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Dövlət başçısının UNESCO-da vurğuladığı kimi, ölkəmiz gələn il BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumuna ev sahibliyi edəcək. Ulu öndərin söylədiyi kimi, "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Prezident İlham Əliyevin UNESCO-nun Liderlər Forumundakı nitqinin hər cümləsindən bu məqam aydın hiss olunurdu.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...