THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

2014-cü ildə Azərbaycanın qonşuları: geosiyasi mənzərə

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
195223
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 dekabr 2014 – Newtimes.az

Geosiyasi cəhətdən olduqca həssas regionda yerləşən Azərbaycan Respublikası müstəqilliyinin 23-cü ilini dünyada öz siyasi əhəmiyyətini daha da artırmaqla keçirdi. Şərqlə Qərbin, Şimalla Cənubun, islam və xristian dünyasının kəsişməsində yerləşən bir ölkə üçün qonşularının ili hansı notlarla yekunlaşdırması geosiyasi vəziyyətin qiymətləndirilməsi baxımından olduqca vacibdir. Məlum olduğu kimi, ölkəmizin yerləşdiyi regionda bir-birindən tamamilə fərqli siyasi xəttə üstünlük verən 3 böyük dövlət – Rusiya, Türkiyə və İran üçün 2014-cü il sıradan bir il olmamışdır. Son günlərini yaşadığımız bu ildə hər 3 dövlətin xarici siyasətində mühüm dəyişikliklər baş vermiş, mürəkkəb proseslər yaşanmışdır. Cənub Qafqazda Azərbaycanın strateji müttəfiqi olan Gürcüstan da öz müstəqil inkişafında tarixi əhəmiyyətli  365 gün yaşayır. Regionda daim sabitliyi pozan faktor kimi çıxış edən Ermənistan üçün də yaşadığımız il xarici siyasət prioritetlərinin seçim ili olmuşdur.

Bu dövr Xəzərin Şərq sahillərindəki qonşularımız üçün nisbətən daha sakit keçmişdir. Ancaq proseslərin təhlili göstərir ki, Qazaxıstan və Türkmənistan xarici siyasətlərində yeni bir mərhələyə qədəm qoyurlar və bu mərhələnin başlanğıcı məhz 2014-cü ilə düşür. Xüsusən də Qazaxıstanda dövlətçilik tarixi və ənənələri ilə bağlı ənənəvi müttəfiq olan Rusiya ilə yaranmış gərginlik və Türkmənistanın beynəlxalq aləmdə təcrid siyasətini dəyişərək daha aktiv xarici siyasət kursu götürməsi bu ildən başlanır.

Beləliklə, dünyaya öz inkişaf modelini təqdim edən Azərbaycanın qlobal siyasi səhnədə mövqeyini qiymətləndirmək üçün 2014-cü ili qonşularımızın hansı proseslər yaşadığını xatırlamaq istərdik. Qeyd etməliyik ki, bu dövr hər üç böyük qonşumuzun həyatında mühüm hadisələr baş vermişdir.

Rusiya

Şimal qonşumuz Rusiya SSRİ dağıldıqdan sonra ən həlledici və Qərblə münasibətlərdə ən kəskin bir dövr yaşayır. Təsadüfi deyil ki, beynəlxalq münasibətlər üzrə bir çox ekspertlər yeni soyuq müharibənin başlaması və hətta bu müharibənin soyuq deyil, aktiv hərbi münaqişəyə çevrilə biləcəyi ilə bağlı fikirlər irəli sürürlər. Ümumiyyətlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ikinci hakimiyyəti dövründə Qərblə münasibətlərdə güzəştsiz mövqe sərgiləyir. Son 20 ildə neft pullarından varlanan Rusiya öz qlobal siyasi ambisiyalarının Qərb tərəfindən nəzərə alınmaması ilə artıq barışmır. Bu məsələdə isə ABŞ başda olmaqla Qərb ölkələrinin üzərinə böyük məsuliyyət daşıyır. Çünki Əfqanıstandan sonra İraqdan başlayaraq ərəb ölkələrinə Qərbin beynəlxalq hüququ nəzərə almadan müdaxiləsi dünyada "kim güclüdürsə haqlıdır” ideyasını ortaya qoymuş oldu. Belə olan halda, Rusiya da heç bir dövlətdən zəif olmadığını göstərmək istəyir. Bundan başqa dünyada qaynar nöqtələrin söndürülməməsi, münaqişələrin həll edilməməsi və donmuş vəziyyətdə uzadılması beynəlxalq hüquqa ümumiyyətlə əhəmiyyət verilməməsinə gətirib çıxarmışdır. Bir çox siyasətçilərin qənaətinə görə  Rusiyanın təsir dairəsində olan dondurulmuş münaqişələrin həll olunmaması bu cür münaqişələrin sayının artmasına səbəb oldu. Bu gün Ukraynada baş verən hadisələrin səbəbləri arasında Qərbin post-sovet məkanında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla dondurulmuş  münaqişələrə ədalətli yanaşmamasının olması da əslində acı bir həqiqətdir.

Beləliklə, 2014-cü il Rusiya üçün yeni soyuq müharibənin başlanğıcı kimi tarixə düşmüşdür. Suriyada vətəndaş müharibəsinə münasibətdə Qərbin xaotik hərəkətləri Rusiyada özünəinam yaratdı və bu da Ukrayna münaqişəsində Rusiyanın prinsipial mövqeyindən geri çəkilməməsinə rəvac verdi. Ancaq Qərblə bu yeni qarşıdurmanın Rusiya üçün nə ilə nəticələnəcəyi də dumanlı görünür. Qərb Rusiyaya qarşı iqtisadi mexanizmləri işə salmışdır və bu artıq Rusiya iqtisadiyyatında öz təsirini göstərməyə başlamışdır. İqtisadiyyatı daha çox neft-qaz ixracından asılı olan Rusiyanın bu təzyiqlərə nə qədər dözə biləcəyi isə sual altındadır. Nəzərə almaq lazımdır ki, Qərbin yaxın keçmişdə Rusiyanı iqtisadi rəqabətdə çökdürməklə bağlı təcrübəsi vardır. Keçən əsrin sonlarında qlobal nüfuz mübarizəsi uğrunda SSRİ-nin daha çox iqtisadi rəqabətdə davam gətirə bilməməsi yaxşı məlumdur. Buna görə də 2014-cü ilin Rusiyanın tarixinə həlledici məqam kimi düşəcəyini güman etmək olar.

Türkiyə

Sonuncu ayını yaşadığımız il Türkiyə üçün də mürəkkəb proseslərlə dolu bir il olmuşdur. Ölkə daxilində baş verən proseslər xarici siyasətdə də öz təsirini göstərmişdir. 2014-cü ildə ölkə daxilində ən mühüm hadisə "paralel dövlət” adlandırılan şəbəkənin ifşası ilə bağlı olmuşdur. Bu hadisə nəinki mövcud iqtidar, hətta bütün Cümhuriyyətin dövlətçilik tarixində yeri olan bir tarix kimi qiymətləndirilmişdir. Hətta bəzi ekspertlər bu prosesləri Türkiyənin dünyəvi və ya dini dövlət olmaq taleyinin həll olunması kimi şərh edirlər. "Ədalət və İnkişaf Partiyası” seçkilərdə qalib gəlməklə indiki mərhələdə bu sınaqdan daha da güclənərək çıxdı.

Türkiyə daxilində digər bir proses hökumətin "açılım” adlandırdığı islahatlar paketi 2014-cü ilə öz damğasını vurdu. "Demokratik açılımlar” "kürd açılımı”, "erməni açılımı”, "ələvi açılımı” adı altında etnik-dini azlıqlarla münasibətlərin tənzimlənməsinə yönəlmişdir. Hələlik heç bir real nəticə olmasa da, bu proseslərin daha kimlərlə açılıma aparacağı da bəlli deyil. Bu siyasi xətt xüsusən də "erməni açılımı” Türkiyənin xarici siyasətində də özünü göstərir. Türkiyənin daxili auditoriya üçün nəzərdə tutduğu erməni azlıqla münasibətləri Türkiyə-Ermənistan, Türkiyə-Azərbaycan, Türkiyə-Avropa İttifaqı münasibətləri baxımından dəyərləndirilə bilər.

Bu baxımdan qeyd etməliyik ki, başda erməni diasporu və ermənilərə lobbiçilik edənlər olmaqla bir çox xarici qüvvələr "erməni açılımından” istifadə edərək Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışır, bu istiqamətdə aparılan işlərə böyük vəsaitlər ayırırlar. Təsadüfi deyil ki, təkcə 2014-cü ildə Avropa İttifaqı bununla bağlı 2 milyon dollardan çox vəsait ayırmışdır. Bundan başqa ABŞ və İsveçrə Türkiyə və Ermənistanda qeyri-hökumət təşkilatlarını heç bir şərtsiz sərhədlərin açılması istiqamətində işləməsi üçün illərdir ayırdıqları vəsaitləri daha da artırmışlar. Bu zaman iki mühüm məqam ortaya çıxır: Türkiyənin Avropa İttifaqına daxil olmaqla bağlı öhdəlikləri və Türkiyə-Azərbaycan münasibətləri.

İlk növbədə belə bir təəssürat formalaşdırılmağa çalışılır ki, Türkiyə erməni məsələsi, xüsusilə qondarma "soyqırımı” ilə bağlı güzəştə getməyəcəyi halda Avropa İttifaqına üzvlük məsələsi həll olunmayacaqdır. Qeyd etməliyik ki, bu ilkin təəssürat heç bir real faktlara söykənmir və artıq ümumiyyətlə Türkiyənin xarici siyasətində Aİ-yə üzvlük məsələsi birinci plandan düşmüş kimi görünür. Avropa qapılarında hələ çox gözləyəcəyini anlayan Türkiyə rəsmiləri digər istiqamətlərdə inteqrasiya proseslərinə meyl göstərməyə başlamışdır. Türkiyənin xarici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatı, türkdilli ölkələrlə daha sıx əməkdaşlıq formatları, xüsusilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlığa üstünlük verməsi özünü göstərir.

Digər tərəfdən isə Türkiyənin Ermənistanla sərhədlərini açmaq ehtimalının hansı prinsiplərə əsaslandığına baxmaq lazımdır. Sərhədlərin bağlı saxlanılmasında 2 mühüm faktor vardır. Əvvəla Ermənistan 2 ölkə arasında sərhəd xəttini təyin edən Qars müqaviləsini rəsmən qəbul etmir və bu ölkənin Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur. Bu iddialar Ermənistan Konstitusiyasında, "Müstəqillik haqqında Bəyannamə”də də əks olunmuşdur. İkincisi isə Türkiyə Ermənistan ilə sərhədlərini 1993-cü ildə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdirilməsinə etiraz olaraq bağlamışdır. Hazırda sərhədlərin açılması siyasətini aparan müxtəlif qüvvələr bilməlidirlər ki, bu iki faktordan heç biri dəyişməyib. Nə Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkib, nə də Azərbaycan torpaqları işğaldan azad olunub. Yəni, normal məntiqlə Türkiyə nə öz ərazi bütövlüyünü şübhə altına qoyar, nə də strateji müttəfiqi olan qardaş Azərbaycanın maraqlarını güdaza verər. Türkiyə rəsmiləri bununla bağlı dəfələrlə bildiriblər ki, Azərbaycan torpaqları işğaldan azad olunmayanadək ikitərəfli münasibətlərdə hər hansı bir dəyişiklikdən söhbət gedə bilməz.

Beləliklə, fikrimizcə, Türkiyə 2014-cü ildə "qonşularla sıfır problem” adlandırılan xarici siyasət kursunda sonuncu ilini yaşayır və strateji müttəfiqlərlə münasibətlərə söykənən bir xarici siyasət kursuna keçid mərhələsindədir. Xarici siyasətdə bu yeni dövr 2015-ci ildən sonrakı dövrü əhatə edəcək. Sadəcə Türkiyə üçün yeni xarici siyasət ili yanvarda deyil, apreldən sonra başlayacaqdır.

İran

2014-cü il cənub qonşumuz İran İslam Respublikası üçün də əlamətdar olmuşdur. Məlum olduğu kimi, son dövrlər İran beynəlxalq münasibətlər sistemində təcrid vəziyyətinə düşmüşdür. İranın bir tərəfdən nüvə enerjisindən istifadə ilə bağlı Qərb ölkələri ilə münasibətləri daha da kəskinləşmişdisə, digər tərəfdən regional liderlik iddiaları ilə əlaqədar Körfəz ölkələri və daha geniş mənada islam dünyası ölkələri ilə münasibətləri arzuolunmaz səviyyədə idi.

İran 2014-cü ilə yeni seçilmiş Prezident Həsən Ruhaninin yanvar ayında Davos səfəri ilə başladı və bu səfər İran xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu. Qeyd etməliyik ki, Dünya İqtisadi Forumunun 2014-cü il tədbirində ən çox diqqət çəkən ölkələrdən biri İran oldu və məhz Davosda İranın yeni xarici siyasət kursuna start verildi. İl ərzində İran Qərb ölkələri ilə münasibətləri tənzimləməyə başladı. Hətta illərdir rəsmi təmasların olmadığı ABŞ və Birləşmiş Krallıqla danışıqlara başlandı. Nəticədə sanksiyaların nisbətən yumşaldılmasına nail olundu və bu ölkə iqtisadiyyatına mənfi təsirləri nisbətən azaltdı. Doğrudur, nüvə enerjisindən istifadə ilə bağlı həlledici nəticə hələlik əldə olunmasa da, artıq gələcəklə bağlı nikbin proqnozlar səslənir.

Digər tərəfdən son illər Körfəz ölkələrinin, eləcə də Afrikada Keniya, Seneqal, Sudan və bir sıra digər ölkələrin İranla münasibətləri olduqca kəskinləşmişdir. Hətta Keniyada İran vətəndaşları terrorizmdə şübhəli bilinərək həbs olunmuş, Sudanda İran mədəniyyət mərkəzi bağlanmış, mərkəzin işçiləri ölkədən çıxarılmışdı. Həsən Ruhani Prezident seçiləndən sonra isə Körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri, Küveyt ilə hətta Səudiyyə Ərəbistanı ilə münasibətlərin istiləşməsi istiqamətində bir sıra addımlar atıldı, qarşılıqlı səfərlər həyata keçirildi. Beləliklə, 2014-cü il İran xarici siyasətinə izolyasiyadan tədricən çıxma ili kimi düşmüşdür.

Gürcüstan

Cənub Qafqazda qonşumuz Gürcüstan üçün də 2014-cü il taleyüklü olmuşdur. İlk növbədə Mixael Saakaşvilidən sonra Gürcüstan öz xarici siyasət kursunu müəyyən etməli idi. Gürcüstanın qarşısında 2 mühüm istiqamət dayanırdı: Qərbyönlü siyasətin davamı və Rusiya ilə münasibətlərin yenidən qurulması. Xüsusilə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı işğalından sonra Gürcüstanın bu ölkə ilə münasibətlər qura bilməsi dumanlı görünür. Seçkilərdə qalib gəlmiş "Gürcü arzusu” koalisiyası daxilində belə xarici siyasətin təməl istiqamətləri ilə bağlı vahid mövqe yoxdur. Təsadüfi deyil ki, keçmiş müdafiə naziri İrakli Alasaniyanın rəhbərlik etdiyi qatı Qərbpərəst qrupun fərqli siyasəti koalisiyanın parçalanması ilə yekunlaşdı. Gürcüstan 2015-ci ilə ölkədə sabitlik üçün böyük təhdidlərlə və qeyri-müəyyənliklərlə gedir. Xarici siyasətdə yeganə tam qəti mövqe Azərbaycan-Gürcüstan-Türkiyə strateji müttəfiqliyi və bu formatda birgə layihələrin davamlı olmasıdır. Çünki bu münasibətlər etibarlı tərəfdaşlıq üzərində qurulub. 2014-cü il ərzində bu istiqamətdə əməkdaşlıq daha da dərinləşmiş, üçtərəfli formatda Prezidentlər Sammiti başda olmaqla, xarici işlər, enerji, nəqliyyat nazirlikləri arasında görüşlər keçirilmişdir.

Ermənistan

2014-cü il regionda ən etibarsız ölkə olan Ermənistanın bu xüsusiyyətini bir daha bütün dünyaya göstərmiş oldu. Bu il Ermənistan üçün 2 həyati əhəmiyyətli hadisə ilə yadda qalmışdır. Birincisi, bu ölkənin gələcək mövcudiyyətini şübhə altına alan demoqrafik struktura həlledici təsir edə biləcək miqrasiyanı qeyd etmək olar. Artıq neçə illərdir ki, Ermənistanda əhalinin ölkədən qaçması davam edir. Son illər ildə 70-100 min nəfər əhali ölkəni tərk edir. 2014-cü ildə də bu tendensiya davam etmiş, 100 minə yaxın əhali xaricə miqrasiya etmişdir. Ölkədə təbii artım yoxdur. Digər tərəfdən isə işçi miqrantların əsasən gənc və ortayaşlı kişilər olması ölkədə gender disbalansına da ciddi təsir edir. Yeni ailələrdə erməni qadınlarla əcnəbi kişilərin birliyi bir neçə də çoxalmışdır. Hətta erməni ekspertlər belə bununla bağlı həyəcan təbili çalırlar. Bu isə Ermənistanı bir dövlət kimi var olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyur.

2014-cü ildə Ermənistan xarici siyasətində ən mühüm hadisə isə bu ölkənin Avrasiya İqtisadi Birliyinə üzv olmaqla bağlı qəbul etdiyi qərar olmuşdur. Bu addımı atmaqla Ermənistan beynəlxalq aləmdə heç bir halda etibar ediləsi tərəfdaş olmadığını bir daha göstərdi. Belə ki, ən azı 5 ildir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində və hətta bundan əvvəl də Ermənistan Avropaya inteqrasiya istiqamətində addımlar atırdı. 2014-cü ildə isə birdən-birə Rusiya yönlü bir iqtisadi birliyə qoşulmaqla illərdir bütün tərəfləri aldatmış olduğunu göstərdi. Ən maraqlısı isə odur ki, Ermənistanın bu addımına Qərb dövlətləri heç bir halda ciddi reaksiya vermədilər. Beləliklə, 2014-cü il Ermənistanın xarici siyasətində etibarsız tərəfdaş olmasının bir daha təsdiq olunduğu il kimi tarixə düşdü.

Azərbaycan

Nəhayət, 2014-cü il Azərbaycanın xarici siyasəti üçün də yadda qalan olmuşdur. Ətraf ölkələrdə qeyri-sabit, dəyişkən, mürəkkəb siyasi proseslərin baş verdiyi bir mühitdə Azərbaycan sabit xarici siyasət kursuna əsaslanan öz inkişaf modelini ortaya qoymuşdur. Xarici siyasətdə Azərbaycan modeli milli maraqlara, bərabərhüquqlu tərəfdaşlığa, etibarlı tərəfdaşlığa söykənir. 2014-cü ildə də Azərbaycan bu inkişaf yoluna sadiq olduğunu göstərmiş, xüsusən də beynəlxalq aləmdə ən yüksək səviyyələrdə öz etibarlılığını sübut etmişdir. Belə ki, 2014-cü ilin may ayında Praqada Şərq Tərəfdaşlığı sammitində Ermənistan Prezidenti Türkiyə rəsmilərinin bu tədbirdə olmamasından istifadə edərək Türkiyə əleyhinə danışdığında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin buna imkan verməyərək "Türkiyə burda deyil, amma mən burdayam” deməsi Azərbaycanın öz tərəfdaşlarına nə qədər etibarlı olduğunu göstərdi və 2014-cü ilə öz damğasını vurdu. Azərbaycan digər qonşuları ilə münasibətdə də etibarlı mövqeyini ortaya qoymuşdur. 2014-cü ildə Azərbaycan və İran Prezidentinin qarşılıqlı səfərləri çərçivəsində görüşlər zamanı Prezident İlham Əliyev Azərbaycan-İran münasibətlərində üçüncü bir dövlətin müdaxiləsinə imkan verilməyəcəyini bildirmişdir.

Gürcüstana münasibətdə də Azərbaycan əvvəlki öhdəliklərinə sadiq qaldığını göstərmişdir. 2014-cü ildə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli layihələri prioritet olaraq qalmışdır. Son ildə Azərbaycan həm Türkiyə, həm də Gürcüstanda əsas investorlardan olmuşdur. Gələn il üçtərəfli əməkdaşlığın növbəti nəhəng layihəsi – Bakı-Tbilisi-Qars dəmir yol xətti istifadəyə veriləcəkdir və bu da üçtərəfli formatda əməkdaşlığın uğurlarının göstəricisidir.

Azərbaycan 2011-2012-ci illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olmaqla öz xarici siyasət tarixində indiyədək ən yüksək mərhələni yaşamışdır və buna görə də sonrakı illər daha məsuliyyətlidir. Azərbaycan gələn ilə ilk Avropa oyunlarının ev sahibi kimi hazırlaşır və bu beynəlxalq birlik tərəfindən Azərbaycana etibar edilməsini bir daha təsdiq edir.

Beləliklə sabit və davamlı inkişaf yolu tutan Azərbaycan 2014-cü ildə də dünya birliyinin diqqətində olan bir ölkə kimi milli maraqlara söykənən etibarlı və bərabərhüquqlu tərəfdaş kimi özünü təsdiq etmişdir.

Ərəstü Həbibbəyli,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...