THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqı: geosiyasi iddialar və xarici siyasətin problemləri (I yazı)

Siz buradasınız: Əsas səhifə »» BEYNƏLXALQ TƏŞKİLATLAR »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
254083
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 may 2014 – Newtimes.az

Qlobal miqyasda mürəkkəb geosiyasi proseslərin intensivləşdiyi bir dövrdə Avropa İttifaqı kimi bir təşkilatın taleyi maraq doğurur. Xüsusilə, son illər onun dərin böhranla üzləşməsi məsələni daha da aktuallaşdırır. Hazırda bir sıra regionlarda gərginlik mövcuddur, silahlı toqquşmalar baş verir. Hətta bəzi ölkələrin ərazi bütövlüyünə qəsdlər olur. Belə bir şəraitdə Aİ-nin hansı xarici siyasət kursunu seçməsindən çox şey asılıdır. Analitiklər bununla bağlı öz proqnozlarını verirlər. Müxtəlif yanaşmalar mövcuddur. Onların sırasında iki strateji xətt ayrıca vurğulanır. Belə görünür ki, Avropa hələlik konkret çıxış yolu tapmayıb.

Köhnə paradiqmanın yaratdığı çətinliklər

Avropa İttifaqının (Aİ) qlobal geosiyasətdə oynadığı rol danılmazdır. Dünyanın inkişaf etmiş məkanı hesab edilən Avropada inteqrasiya prosesinin mərkəzi olan bu qurum bir neçə onilliklərdir ki, beynəlxalq miqyasda ciddi təsir gücünə malik olduğunu nümayiş etdirir. XX əsrin sonlarından başlayaraq isə (əsasən təşkilatın Lissabon sammitindən sonra) Aİ əsas geosiyasi güc mərkəzlərindən biri olmaq xəttini seçib. Təşkilatla bağlı bir sıra proseslər də məhz bu məqamdan sonra daha çox özünü büruzə verməyə başlayıb. Ziddiyyətli xarakterli bu proseslərin təhlilə ehtiyacı var.

Əvvəlcə onu qeyd edək ki, Aİ geosiyasi aspektdə olduqca iddialı davranır. Bu keyfiyyətdə onun qarşısına qoyduğu məqsədlər avtomatik olaraq dünyanın digər böyük güclərini – ABŞ-ı, Rusiyanı və Çini rəqibə çevirir. Amerika Avropanın təbii müttəfiqi olsa da, onun özünün konkret geosiyasi maraqları vardır. Vaşinqton geosiyasi maraqları məsələsində kimsəyə güzəşt etmək fikrində deyil. Rusiya və Çinin Aİ-nin iddialarına münasibəti də, zənnimizcə, tam aydındır.

Ancaq Moskva və Pekini Aİ-yə münasibətdə birləşdirən ortaq geosiyasi məqam mövcuddur. Bu məqam Rusiya və Çinin Avropanı "arxa bağça" keyfiyyətində görməsindədir (bax: Тимофей Бордачёв, Татьяна Романова. Как сделать Европу надежным тылом: Будущее ЕС и стратегия России / "Россия в глобальной политике", 2013, №6, s. 72-85). Konkret olaraq, onlar Avropanın yeni texnologiyaların yaradılmasında, yüksək səviyyəli kadr hazırlığında və yeni infrastrukturların formalaşdırılmasında təmənnasız yardım göstərməsini arzulayırlar. Şübhəsiz ki, bu keyfiyyətdə Aİ müstəqil qlobal geosiyasi gücdən çox, başqalarının inkişafına təkan verən "ehtiyat məkan" rolunu oynamalı olur. Brüsselin bu rolu qəbul edəcəyini düşünmək çətindir.

Amerikaya gəldikdə isə, onun Aİ ilə ortaq maraqları az deyil. Son olaraq, transatlantik azad ticarət zonası yaratmaq ideyası da məhz okeanın o tayından gəlib. Bu proses baş tutsa, böyük bir geosiyasi güc meydana gələr ki, bu da dünyada kimsənin ona qarşı dura bilməsi məsələsini xeyli dərəcədə mürəkkəbləşdirər. İnkişaf edən ölkələr həmin ideyadan narahatdırlar. İqtisadi, siyasi, demoqrafik və hərbi aspektlərdə ABŞ-Avropa birliyi böyük potensiala malikdir. Bununla yanaşı, Aİ dünya siyasətində müstəqil rol oynamağa çalışır. Vaşinqtonun bundan razı qaldığını demək çətindir. Çünki Amerika heç bir halda təkbaşına lider olmaq iddiasından əl çəkmir. Bu səbəbdən, Avropa onun üçün Avrasiya məkanında amerikan maraqlarını aktiv müdafiə edə biləcək qədər güclü olmalıdır.

Qlobal güc iddiası: potensial varmı?

Avropalı siyasətçilərin isə öz planları var. Onlar əmindirlər ki, Aİ-nin qlobal güc olmaq potensialı kifayət qədərdir (bax: A Secure Europe in a Better World: European Security Strategy. Adopted at the European Council meeting in Brussels, December 12, 2003. P.1). Ekspertlər də Aİ-nin aşağıdakı üç sahədə liderlik imkanlarının olduğunu vurğulayırlar. Birincisi, təşkilatın iqtisadi potensialı yüksəkdir (bax: məs., Leading exporters and importers in world merchandise trade, 2002. (WTO Data)).

İkincisi, Avropa mədəni və mədəni-siyasi təsir sahəsində böyük imkanlara malikdir. Bu mənada, təşkilatın fəaliyyətində "Avropa dəyərləri" anlayışının mərkəzi yer tutması təsadüfi deyil. Bu termin geniş mənada işlədilir. Əslində, onun kökündə Kantın beynəlxalq əlaqələr paradiqması durur. Böyük alman filosofu həmin aspektdə ifrat liberal dəyərlərə üstünlük verirdi. Aİ bu mövqeni götürərək "Avropa dəyərləri"nə geniş məna çalarları verib. O cümlədən, mübahisəli məsələlərin sülh yolu ilə həll edilməsi, siyasi və vətəndaş hüquqlarına əməl olunması, insan azadlıqlarının təmini, etnik azlığın haqlarının gözlənilməsi burada mühüm yer tutur. "Avropa dəyərləri"nə ictimai həmrəylik əsasında iqtisadi və siyasi sabitliyin təmin edilməsi, təhlükəsiz və dostluq şəraitinə əsaslanan xarici mühitin formalaşdırılması kimi amillər də daxildir (bax: Михаил Троицкий. Европейский Союз в мировой политике / "Международные процессы", 2004, №2(5), s.43-58).

İngilis tədqiqatçısı C.Lindli-Frenç Avropanın mahiyyətini lakonik ifadə edib. O, "Avropa dəyərləri"ni nəzərdə tutaraq yazıb: "Avropa İttifaqının timsalında Avropanın güc mərkəzi kimi mahiyyəti onun fundamental əxlaqiliyindən ibarətdir" (bax: Lindley-French, J. The ties that bind / "NATO Review", 2003, №3). Maraqlıdır ki, həmin özəllik təşkilatın xarici siyasət kursunda da mərkəzi yer tutur. Ekspertlər bu məqamı Aİ-nin geosiyasi konsepsiyasının həm güclü, həm də zəif tərəfi hesab edirlər. Yaxın Şərq və Ukrayna böhranı bunu daha qabarıq surətdə ortaya çıxardı (bax: məs., Mustafa Kutlay. AB-nin Arap Baharı Perspektifi: Eski Paradigmanın Devamı / USAK, "Analist", Sayı: 28, avqust, 2013).

Üçüncüsü, hərbi-siyasi təsir imkanlarının geniş olması. Ekspertlər Aİ-yə üzv olan dövlətlər sırasında güclü orduya malik ölkələrin də yer aldığını vurğulayırlar. Onlardan Fransa və İngiltərənin nüvə silahları vardır. Almaniya isə ənənəvi olaraq güclü hərbi sistemi olan dövlətdir. Hazırda təşkilatda 28 ölkənin birləşməsi onun bu aspektdə imkanlarını daha da artırmış olur. Prinsipcə, bu cür hərbi-siyasi potensialla Aİ qlobal geosiyasi güc rolunu oynaya bilər (bax: Михаил Троицкий. Göstərilən məqaləsinə).

Bütün bunların fonunda son illər Qərb analitik və ekspertləri tərəfindən Avropa İttifaqının xarici siyasətinin ciddi tənqid atəşinə tutulması tamamilə məntiqli görünür. Onlar Avropanın "yumşaq güc" adlanan və ifrat liberallığı nəzərdə tutan ənənəvi siyasi kursunu dəyişməyin zamanı çatdığını deyirlər. Məsələ bundadır ki, "çim savaşı" (turf wars) adlanan (suverenlik, güc, insan haqları və nəzarət uğrunda aparılan çətin mübarizə) xətt müasir geosiyasətdə özünü doğrultmur (bax: Karen E.Smith. AB Dış Politikası: Sorunlar ve Öncelikler / USAK, "Analist", yanvar, 2014). Əvəzində, təşkilat "daha realist" xarici siyasət kursu işləyib hazırlamalıdır. Bunun üçün isə o, həm öz daxilində, həm də strateji tərəfdaşları ilə münasibətlərdə islahatlar aparmalıdır (bax: əvvəlki mənbəyə).

Həmin aspektdə ekspertlər Aİ-nin Yaxın Şərq, Şimali Afrika və Ukrayna siyasətini kəskin tənqid edirlər. Xüsusilə, Misir, İran və Suriya məsələsində Brüsselin "yumşaq mövqe" tutmasını"dişsiz siyasətin" nümunəsi kimi qiymətləndirirlər. Doğrudur, Aİ-nin rəsmi təmsilçisi Misir və İranda danışıqlar apardı. Lakin onların elə bir nəticəsi olmadı. Misirdə Mursini ittiham etdilər, İran məsələsində isə Avropanın təklif etdiyi çərçivədə hələlik elə bir ciddi irəliləyiş yoxdur (bax: əvvəlki mənbəyə).

Bunlarla yanaşı, Aİ-nin xarici siyasətinin kifayət qədər səmərəli olmaması Suriya nümunəsi ilə izah edilir. Bu məsələdə Brüssel demək olar ki, elə bir ciddi rol oynamır. O, ABŞ, Rusiya, İran və qismən Çinin apardığı oyunları daha çox seyr edir. Tənqidçilər hətta İranın Suriyada söz sahibi olduğu halda Aİ-nin passiv mövqe tutmasının səbəblərini anlaya bilmədiklərini də vurğulayırlar. Əslində, bunun səbəbinin "yumşaq güc" anlayışına söykənən və "Normativ Avropa gücü"kimi adlanan xarici siyasət kursundan qaynaqlandığını yazırlar (bax: məs., Cengiz Dinç. Sivil Güç-Realist Oyuncu İkileminde Avrupa Birliği’nin Küresel Konumu Üzerine Tartışmalar / USAK, Uluslararası Hukuk ve Politika, Cild 7, Sayı: 28 ss. 89-124, 2011).

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...